Məhkəmə qərarları › İş №2(105)-80/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-80/2021

18.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-80/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-190/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-190/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Azər İsmayılov)). Qətnamədən narazı qalan iddiaçı Sumqayıt Bələdiyyəsi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-190/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək Cavabdeh1 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində bələdiyyə mülkiyyətində olan 600 kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri X2 və X3 apellyasiya şikayətini müdafiə edərək göstərmişlər ki, məhkəmə Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə düzgün hüquqi qiymət verməmiş, mülkiyyət hüququna dair məsələyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. Məhkəmə formal mülahizələr əsasında, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə qanunazidd qərar çıxarmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 21 iyun 2001-ci il tarixli torpaqayırma sənədləri əsasında Sumqayıt şəhəri ərazisində bələdiyyə torpaqları müəyyən edilməklə Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu bələdiyyə torpaqları üzərində faktiki sahiblik və istifadə hüququ həmin dövrdən etibarən Sumqayıt Bələdiyyəsinə keçmişdir. Belə olan halda məhkəmənin, bələdiyyənin faktiki sahibliyinə verilmiş torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin, ən azından sahiblik hüququnun müdafiəsindən imtinasını anlamaq mümkün deyildir. Belə ki, Sumqayıt Bələdiyyəsi öz sahibliyində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını və orada inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsini məhkəmədən xahiş etmişdir. Məhz bu səbəbdən Sumqayıt Bələdiyyəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və yol verilmiş qanunsuzluğun məhkəmə qaydasında aradan qaldırılmasını məqsədəuyğun saymışdır. Belə ki, cavabdehin qeyd edilən hərəkətləri torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Təəssüf ki, məhkəmə tərəflərin izahatlarına, iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verməyərək ədalətsiz bir nəticəyə gəlmişdir. Cavabdehin özünün də bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyini etiraf etdiyi halda, məhkəmənin hansı məntiqə və hüquqi düşüncəyə əsaslanaraq bu cür əsassız nəticəyə gəldiyini anlamaq olmur. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçirilmədiyini göstərir. Belə bir şəraitdə isə ədalət mühakiməsinin düzgün aparılmasından və qanuni məhkəmə qətnaməsinin çıxarılmasından danışmağa dəyməz. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin Sumqayıt Bələdiyyəsinin hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir ki, bu halda həmin qərarın apelyasiya qaydasında ləğvi qaçılmaz olur. Göründüyü kimi, məhkəmə sadalanan qanun normalarını tətbiq edərək Sumqayıt Bələdiyyəsinin iddia ərizəsinə lazımi hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Məhkəmə bu və digər hallara, o cümlədən torpaq sahəsinin hər hansı orqan tərəfindən cavabdehin istifadəsinə verilməməsinə, həmin torpaq üzərində onun hüququnun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmamasına və torpağın bələdiyyə mülkiyyətində olmasına diqqət yetirməmişdir. Eyni zamanda məhkəmə cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz istifadə olunmasına özünəməxsus şəkildə haqq qazandırmağa çalışmışdır. Məhkəmə cavabdehin torpaq sahəsini zəbt etməsinə, orada qanunsuz tikinti işləri aparmasına düzgün hüquqi qiymət verməmiş, Sumqayıt Bələdiyyəsinin iddia ərizəsinə isə səthi bir münasibət bildirmişdir. Məhkəmənin bu mövqeyi qanunsuz və qeyri-obyektiv olmaqla yanaşı, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin və şəhərsalma norma və qaydalarının icrasına nəzarət səlahiyyətini həyata keçirən yerli icra hakimiyyəti orqanının hüquqlarını da pozmuşdur. Hər hansı bir sübuta söykənmədən, iş üçün əhəmiyyətli halları sübut etmədən çıxarılmış qətnamə qeyri-obyektivliyi və əsassızlığı ilə fərqlənir ki, bu da onun apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(060)-190/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi barədə iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən evini sataraq 76-cı məhəllədə mübahisəli torpaq sahəsi alaraq orada ev tikmişdir. Bu müddət ərzində ona heç kim hər hansı bir torpaq sahəsini zəbt etdiyini bildirməmişdir. Bələdiyyə torpağını zəbt etmiş olsaydı indiyədək onun barəsində müvafiq tədbirlər görülərdi. Halbuki o, uzun müddət orada tikinti işləri aparmış, ev tikimişdir, lakin ona heç kim irad bildirməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(060)-190/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmaşını xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi Cavabdeh1 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində bələdiyyə mülkiyyətində olan 600 kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mübahisəli torpaq sahəsinin Sumşqayıt Bələdiyyəsinin ərazisinə aid olub-olmamasını müəyyənləşdirmək üçün tikinti-texniki ekspertizası təyin olunmuş, lakin dəfələrlə təyin edilməsinə baxmayaraq ekspertizanın keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ərazidə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, həmin ev ərazidə salınmış yaşayış massivində inşa edilmiş, ev bütün kommunal xidmətlərlə, işıq, qaz və su ilə təchiz edilmişdir. Ev yaşayış üçün tam yararlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərindən də göründüyü kimi, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Bununla belə, MM-nin 180.3-cü maddəsi üzərində tikinti işləri aparılmış torpaq sahəsinin şəxsin mülkiyyətində olması şərti ilə həmin tikiliyə mülkiyyət hüququnun tanınması mümkünlüyünü nəzərdə tutmuşdur, bir şərtlə ki, həmin tikili bu və ya digər şəxsin mənafeinə xələl gətirməsin, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın. Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülkiyyət hüququnun tam tərkibli (istifadə, sahiblik, sərancam) hüquq kimi əmələ gəlməsini bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması ilə şərtləndirmişdir. Lakin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə müraciət etdikdə, məsələyə fərqli yanaşmanın mövcud olması da aydın olur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs bundan cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Beləliklə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ərazidə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, həmin ev ərazidə salınmış yaşayış massivində inşa edilmiş və ev bütün kommunal xidmətlərlə, işıq, qaz və su ilə təchiz edilmişdir. Ev yaşayış üçün tam yararlıdır. Hazırda cavabdeh ailəsi ilə birlikdə artıq bir neçə ildir ki, həmin evdə yaşayır. Müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən bu illər ərzində, yəni torpağın zəbt edilməsi, həmin torpağın hasara alınması, ev inşa edilməsi, evə qaz, su, işıq çəkilməsi dövründə hər hansı bir addımlar atılmamış, cavabdehin bu hərəkətləri mübahisələndirilməmişdir. Bundan başqa iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut, yəni mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin sahədə inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh1 sahiblik və istifadə hüququ yaranmışdır ki, bu da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-190/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar