Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-80/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rafik Kazımov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qusar şəhəri, A.Xammətov küçəsində yerləşməklə ona məxsus televizor təmiri emalatxanasının tikintisi üçün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı sərəncamına əsasən ona televizor təmiri emalatxanasının tikintisi üçün Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən 20 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin Qusar şəhərinin baş planına uyğun olaraq seçilməsi barədə tikinti mütəxəssislərinin iştirakı ilə akt tərtib edilmiş, həmin torpaq sahəsi Qusar şəhərinin baş planına uyğun qeydə alınaraq ona bu barədə baş plandan çıxarış verilmişdir. Ona satılmış həmin 20 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasa da onda olan sənədlərlə həmin torpaq sahəsinin ona məxsus olması təsdiq edilir. Ona satılmış torpaq sahəsi ilə yanaşı cavabdehə məxsus torpaq sahəsi yerləşir, uzun illərdir cavabdeh ona məxsus emalatxana sahəsini zəb edərək istifadə edir. Həmin torpaq sahəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də torpaq sahəsini ona qaytarmaq istəmir. Torpaq sahəsinin ona məxsus olmasına dair sənədləri məhkəməyə təqdim edib, məhkəmə həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmayıb, iş üzrə ekspertiza təyin etməyib. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçıya satılmış torpaq sahəsi «Ustar» sexindən Xamətov küçəsinə tərəf (yəni şimal istiqamətinə) 4 metr, yol boyu 5 metr olmaqla 20 kv metrdir. Həmin sahənin təxminən 8 kv metri A.Xamətov küçəsinin gediş-gəliş hissəsinə və orta təzyiqli, 250 mm diametrlik qaz kəmərinin üzərinə düşür. Buna səbəb o dövrdə dəqiq xəritələrin olmaması olmuşdur. Baş plandan surətin çıxarışı sxematik olaraq əllə çəkilmişdir. Şəhərin baş planı 1985-ci ildə tərtib edilərkən Xamətov küçəsi və kommersiya obyektləri yox idi. Odur ki, ona tikinti işlərinin aparılmasına icazə verilməmiş, torpağa alğısatqı aktı yazılmamış, Dövlət qeydiyyatına alınaraq çıxarış verilməmişdir. Ozünə məxsus torpaq sahəsi isə Qusar rayon XDS-nin 30.11.1994-cü il tarixli qərarı ilə X3 verilmiş, Vaqif ərazini mərz nişanları qoyaraq haşiyəyə almış və yarımçıq tikilini 03.06.2000-ci il tarixində Qəribova Gülnaza satmışdır. Qəribova Gülnazdan 02.09.2004-cı ildə torpaq sahəsini və ərazidə tikilmiş bir otaqlı evi qaynı Ramazanov Cabir satın almış, Cabir isə sonradan ərazidə tikilmiş 2 mərtəbəli yaşayış evini və torpaq sahəsini 27 noyabr 2019-cu il tarixdə bacısı, həyat yoldaşı Fərzəliyevə Afinaya bağışlamışdır. Torpaq sahəsi və yaşayış evi Dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Hal-hazırda (aralıqda boş qalan torpaq sahəsi də əlavə edilməklə) ailəsinə məxsus torpaq sahəsi 665 kv metrdir. Torpaq sahəsinin koordinatları da çıxarışda vardır, 600 kv metrə və 65 kv mertrə ayrılıqda çıxarışlar verilmişdir. Həmin torpaq sahəsi «Ustar» sexindən şərqə tərəfdir. Bunlar üst-üstə düşmür və o, iddiaçının torpağını zəbt etməmişdir. Dəfələrlə komissiyalar tərəfindən yerində baxılmış, zəbt etmə halı qeydə alınmamışdır. İddiaçıya hələ 20 il bundan qabaq tövsiyə olunmuşdur ki, torpaq sahəsinin yerinin və ya ölçülərinin dəyişdirilməsi üçün Qusar bələdiyyəsinə müraciət etsin. Bununla əlaqədar olaraq ona dəyişiləcək yerin sxematik planı çəkilərək verilmişdir. O vaxt qüvvədə olan prosedur qaydalara görə ayrılacaq (satılacaq) torpağın sxematik planını baş memar razılaşdırırdı və vətəndaş bunu torpaq almaq üçün ərizə ilə bələdiyyəyə təqdim edirdi. Amma iddiaçı bunu etməmiş, 3-4 il müddətində sxemdə göstərilən yerə vaqon qoyaraq işlətmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilmədən, Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)- 523/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı sərəncamına əsasən tərtib edilmiş Torpaq sahəsinin seçilməsinə dair Aktın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər sakini İddiaçı radio-televizor təmiri üçün emalatxanasının tikintisi altına torpaq sahəsinin seçilməsindən ötrü Qusar şəhərində baxış keçirilmiş, komissiya baxış zamanı həmin obyektin tikintisi üçün Qusar şəhərinin baş planına uyğun olaraq 35-ci kvartalında, A.Xammətov küçəsində 4,0 x 5,0 metr ölçülərində, cəmi 20,0 kv.metr torpaq sahəsini seçmiş və ayrılmasını məqsədəuyğun hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 20 dekabr 2018-ci il tarixli, 2276 saylı Qusar şəhər vətəndaşlarına sahibkarlıq və kommersiya fəaliyyəti üçün torpaq sahəsinin satılması haqqında Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı sərəncamına dair Arxiv Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər sakini X1 televizor təmiri emalatxanasının tikintisi üçün hər kvadrat metri 5000 manat olmaqla, A.Xammətov küçəsində, cəmi 100000 manat 20 kv.metr torpaq sahəsinin satılması, qərarın icrasına və tikinti işlərinin aparılmasına nəzarət edilməsi Tikinti və memarlıq şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-471/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı Sərəncamının və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Quba filialında qeydə alınmış 20 dekabr 2018-ci il tarixli, 2276 saylı arxiv çıxarışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instiansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin tutulması müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tələbini, cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsini əsaslandıra bilməmiş, iddiasının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. X4 Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş materiallarından görünür ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı sərəncamına əsasən tərtib edilmiş Torpaq sahəsinin seçilməsinə dair Aktın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər sakini İddiaçı radio-televizor təmiri üçün emalatxanasının tikintisi altına torpaq sahəsinin seçilməsindən ötrü Qusar şəhərində baxış keçirilmiş, komissiya baxış zamanı həmin obyektin tikintisi üçün Qusar şəhərinin baş planına uyğun olaraq 35-ci kvartalında, A.Xammətov küçəsində 4,0 x 5,0 metr ölçülərində, cəmi 20,0 kv.metr torpaq sahəsini seçmiş və ayrılmasını məqsədəuyğun hesab etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki paspport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən təhqiqat obyektinə baxış keçirilməsi mümkün olmayacaqdır. İş materialarından isə iddiaçıya belə bir sənədlərin məxsus olması iş materiallarından görünmür. Beləliklə iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-80/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-80/2022
15.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver