Məhkəmə qərarları › İş №2(105)-800/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-800/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-800/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4490/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2019-cu il tarixli, 1455 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1455 saylı mənzili inşa edib X2 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Payçı müqavilə bağlanan gün ilkin olaraq 30000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 4667 manat təşkil edir, payçının qalıq borcu 112000 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. xx.xx.2019-cu il tarixli, 1614 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1614 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3427 manat təşkil edir, payçının qalıq borcu 112000 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən 10000 manat məbləğində pul X3 tərəfindən Cavabdeh2 adına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən 50000 ABŞ dolları məbləğində pul Cavabdeh1 tərəfindən Cavabdeh2 adına köçürülmüşdür. 715499318 nömrəli qəbzə əsasən X5 tərəfindən 3800 AZN Cavabdeh1, ********** nömrəli qəbzə əsasən X3 tərəfindən 8200 AZN, ********* nömrəli qəbzə əsasən Əzimov Tacəddin tərəfindən 14000 AZN, ********* nömrəli qəbzə əsasən Əzimov Tacəddin tərəfindən 9000 AZN Cavabdeh2 adına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 50000 ABŞ dolları, 145000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun, yəni ümumilikdə 50000 ABŞ dolları 145780 manatın tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, qanuna müvafiq tədbirlər (xüsusi qərardad çıxarıb aidiyyatı üzrə prokurorluğa göndərilməsi) barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, cavabdehlər onları aldadaraq 50000 ABŞ dolları, 145000 manat pullarını mənimsəmişlər. Əvvəllər tanıdıqları İlkin adlı həmkəndlisi onlara bildirmişdir ki, tanıdıqları Nazim adlı şəxs aşağı qiymətə mənzillər satır. O, bütün qohumları ilə birlikdə Nazimdən 10-a yaxın mənzil almışdır. Onlar da, İlkinə Nazimi çağırmasını və gedib mənzillərə baxmaq istədiklərini bildirmişdir. Həmin gün Nazim gəlmiş və İlkin onu Nazimlə tanış etmişdir. Bəzi mənzilləri birlikdə gəzmiş və baxmışlar. Yeni Yasamal ərazisində yerləşən binada iki mənzil bəyənmişdirlər. Onları aldadaraq Bayramov Rahimin də buradan mənzil aldığını bildirmişdirlər. Nazim onlara bildirmişdir ki, mənzilləri aşağı qiymətə, yəni MTK-nın qiymətindən yəni, 1200 manat kv.m qiymətində olan mənzilin, yəni 77 kv.m olanı onlara 1100 manata, ikinci mənzili yəni 113 kv.m olanı 1110 manata verəcəkdir. Onlar 08 iyun tarixdə görüşüb həmin mənzillərin pulunu ödəyərək almaq barədə razılaşmışdırlar və cavabdehlər onlardan 1000 manat beh almışdırlar. xx.xx.2019-cu il tarixdə "ƏMRAH” Bankın Binəqədi filialına gedərək 30000 manat pul Nazimin adına qoyulmuşdur. Onlar Rusiya vətəndaşı olduqları üçün 50000 ABŞ dolları məbləğində pulu isə banka qoya bilməmişlər. Onlar 50000 ABŞ dolları məbləğində pulu İlkinə vermək və İlkinin də həmin pulu Nazimin bankda adına qoyması barədə razılaşmışlar. Onlar MTK-nın hesabına yox, məhz cavabdehlərin adına pul qoyduqlarını sonradan bilmişlər. 2019-cu ilin iyul ayında cavabdehlər onlara zəng edərək bildirmişlər ki, 77 kv.m yaşayış sahəsi olan mənzili satırlar. Bu mənzilin hər kv.m üçün 1000 manat istəyirlər. Nazimə də həmin vaxt təcili pul lazım olduğundan mənzili ucuz, yəni 78000 manata satır. Nazimlə İlkinin göndərdiyi adam Masallı rayonuna gedərək onların qardaşlarından 78000 manat pulu da almışdırlar. Pulu gəlib aparan şəxsin ** MA *** dövlət nömrə nişanlı, Mersedes markalı, qara rəngli avtomobili olmuşdur. Onlar Rusiya Federasiyasına getdikdən sonra avqust ayında 9000 manat, 14000 manat, 8200 manat, 3800 manat pulu da cavabdehlərə bank vasitəsilə köçürmüşdürlər. Həmin pulların köçürülməsini təsdiq edən qəbzlərin surəti işə əlavə edilmişdir. Cavabdehlər onlara qısa müddətdə maliyyə arayışının veriləcəyinə dair söz versələr də, sözlərinə əməl etməmişdirlər və bu günə kimi onları aldadırlar. Onlar İlkinlə həmkəndlidirlər və İlkin aralarında olan münasibətdən istifadə edərək onları aldatmışdır. İddiaçılar qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, Cavabdeh2 iddia tələbini qəbul edir, sadəcə məbləğ hissəsində şübhəsi var, yəni təxminən 3000 manat pulla bağlı aralarında mübahisə var. Bu hissə dəqiqləşdirilməlidir və məbləği dəqiqləşdirdikdən sonra cavabdehin yazılı etirafı məhkəməyə təqdim olunacaqdır. Hətta yaxın günlərdə tərəflər arasında barışığın olması ehtimalı da var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4490/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 145000 (bir yüz qırx beş min) manat və 50000 (əlli min) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş 780 (yeddi yüz səksən) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçıya məxsus 50000 ABŞ dolları və 145000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır, bu səbəbdən o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh2 münasibətdə sübut edə bilmişdir. Cavabdeh2 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdiyindən, ona münasibətdə iddia tələbi təmin edilməlidir. İddiaçılar Cavabdeh1 münasibətdə isə iddia tələbinin əsası kimi istinad etdiyi halları (ona hansı məbləğdə pul ödənildiyi, həmin şəxsin adına köçürülmüş pulun hansı məqsədlə edilməsi, digər cavabdehə ödənildiyi halda bütün məbləğin hər iki cavabdehdən tutulmasına əsas verən hallar və s.) sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 439.4, 1091, 1092, 442, 445.2.1, Mülki Prosessual Məcəllənin 14.1,14.2, 77.1, 265.4, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4490/2022 saylı qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehlərin əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: İş üzrə bütün sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən iddia qismən təmin edilmiş, əsassız varlanmış cavabdehlərdən yalnız birinə münasibətdə iddia təmin edilmiş, digər Cavabdeh1 dair hissədə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq (ödəniş qəbzləri) məhkəmə tərəfindən həmin hissədə təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri mövcuddur. Dələduzluq cinayəti aldatma və etibardan istifadə etmək yolu əmlakı və əmlak hüquqlarını ələ keçirməyi nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, cavabdehlər iddiaçılara heç bir mənzil vermək niyyətləri və səlahiyyətləri olmadığı halda onlara mənzil verəcəkləri adı ilə aldadaraq özlərinə etibar qazanmış və etibardan sui istifadə etməklə dələduzluq cinayətini törətmişlər. Məhkəmə tərəfindən bu hallar müəyyən olduğu halda cavabdehlərin barəsində xüsusi qərardad qəbul etməkdən imtina etmişdir. Məhkəmənin Mülki Məcəllənin əsassız varlanmaya aid maddələrinə istinad etməsi özü də onu göstərir ki, cavabdehlər iddiaçıları aldadaraq əsassız varlanmışlar. Əsas varlanmanın anlayışını verən MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Göründüyü kimi, məhkəmənin özünün gəldiyi nəticə də onun göstərir ki, cavabdehlərin əməllərində cinayət əməllərinin 178-cü maddəsinin müvafiq bəndlərinin tərkib əlamətləri vardır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələgəlməsi əsaslarından biridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasavə ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, İddiaçı1 qətnamənin iddianın təmin olunmayan hissəsini (iddianın Cavabdeh1 münasibətdə) mübahisələndirir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı1 Cavabdeh1 dair hissədə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq (ödəniş qəbzləri) məhkəmə tərəfindən həmin hissədə iddianın təmin edilmədiyini bildirsə də, bunu sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, X5 tərəfindən 3800 manat məbləğində pul vəsaiti Cavabdeh1 adına köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, həmin qəbz iddiaçılar tərəfindən Cavabdeh1 3800 manat məbləğində pulun verilməsini təsdiq etmir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni o əsasla mübahisələndirmişdir ki, Cavabdeh1 da həmin məbləğ tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Apellyasiya şikayətinin digər bir dəlili cavabdehlərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri mövcud olması və etibardan sui-istifadə etməklə dələduzluq cinayətini törətmələri, məhkəmə tərəfindən isə bu hallarla bağlı cavabdehlər barəsində xüsusi qərardad qəbul olunmamasıdır. Kollegiya hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(060)-4490/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(060)-4490/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar