Məhkəmə qərarları › İş №2(105)-803/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-803/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-803/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı Mahmudova Adı̇ lə Xurşud qızının, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-2256/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq ondan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə (nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq ona ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə yaxın qohumdur. Belə ki, idiaçı cavabdehin doğma bacısı, cavabdeh isə onun doğma qardaşıdır. Onun hazırda bu iddianı cavabdehə qarşı qaldırmasının əsas səbəbi odur ki, cavabdeh vaxtilə ondan həyat yoldaşına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə ona köməklik etmək məqsədilə, yəni onun ərinə məhkəmə tərəfindən təyin ediləcək cəzanın 5 il müddətinə qədər endiriləcəyini vəd edib 2019-cu ilin noyabr və dekabr aylarında üç dəfəyə (8000+10000+25000 manat olmaqla) cəmisi 43000 manat pulunu almış, lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh onu aldatmışdır. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin ondan aldığı pul vəsaitləri cavabdehin özündədir. Həmin iş üzrə məhkəmə hökmünün surəti iddiaya əlavə edilir və həmin hökmdə bütün işin halları geniş şəkildə açıqlanmışdır. Odur ki, həmin hadisələrin necə baş verməsini təkrar olaraq iddia ərizəsində qeyd etməmişlər. Lakin bildirilir ki, cavabdeh tərəfindən hazırki vaxta kimi ondan aldadıb aldığı 43000 manat puldan yalnız hissə-hissə olaraq cəmi bu vaxta kimi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat hissəsini cavabdeh bu günə kimi çoxsaylı bəhanə gətirərək ona qaytarmamışdır. Belə ki, cavabdeh onun qarşısında hər dəfə belə bir bəhanə gətirir ki, ondan vaxtilə aldığı pul vəsaitini başqa şəxsə vermişdir ona görə ki, həmin şəxs onun ərinin məhkəmə məsələsini həll etsin. Lakin həmin şəxs yuxarıda qeyd edilən işləri vaxtında görmədiyindən və aldığı pulları da vaxtında qaytarmadığından cavabdeh həmin kəsir qalmış pul vəsaitini ona qaytara bilmir. Ona görə də, cavabdeh hazırda göstərilən əsaslara görə hesab edir ki, ondan aldığı pul vəsaitləri onun tərəfindən başqa şəxsə, daha dəqiq desələr Əlibala adlı şəxsə verildiyinə və həmin şəxs də aldığı pulların qaytarılmasını gecikdirməsinə görə cavabdehin heç bir təqsiri və günahı yoxdur. Lakin iddiaçı tərəf olaraq hesab edirlər ki, cavabdehin onu vaxtilə aldadaraq cəm şəkildə şəxsən aldığı pul vəsaitlərinə görə məhz birbaşa cavabdehin özü onun qarşısında və əlbəttə ki, qanun qarşısında məsuliyyət daşıyır. Bildirilmişdir ki, o cavabdehdən hazırda pulunu tələb etdiyi qaydada, cavabdehin də özü əgər həqiqətən də bu işə görə başqa şəxsə pul vermişsə, o da ayrıca həmin şəxsə (şəxslərə) qarşı reqres qaydada iddia tələbini irəli sürə bilər. Hesab edir ki, məhz cavabdehin bu əməlləri nəticəsində hazırda cavabdehin şəxsən özü əsassız varlanmış şəxs sayılır. Cavabeh Cavabdeh iddia tələbini qəbul etməyərək yazılı etiraz təqdim edərək bildirmişdir ki, bacısı Adilə ona zəng vurub əri Elmanın barəsində açılan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsi məqsədilə ona köməklik etməsini istəmişdir. O, da xahiş edənin bacısı olduğu üçün onun sözündən çıxmamış, adam axtarmağa başlamışdır. O, bir müddət sonra lazım olan pulu Hüseyn Cavid parkında Əlibala adlı şəxsə vermiş, Əlibala da ondan 43000 manat pul almasını və təqsirləndirilən şəxs, iddiaçının əri X6 məlum cinayət işinin yekunlaşmasını öhdəsinə götürməsini bildirməklə əlyazmaya imza çəkmişdir, həmin əlyazma da məhkəməyə təqdim edilmişdir. Müəyyən müddət sonra o, Əlibala adlı şəxsin onu aldatdığını görüb Yasamal rayon Polis İdarəsinə ərizə vermişdir. Bundan sonra Əlibalanı çağırıb izahatını almışlar. Adilə müstəntiqdən narazı qalaraq işin başqa müstəntiqə verilməsini tələb etmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsində, Sumqayıt şəhər Polis İdarəsində və Prokurorluğunda dindirildiyini, iddiaçının pulunun onun tərəfindən mənimsənilmədiyi, onun aldadıldığı məlum olmuşdur. Bundan sonra şahid qismində tanınmaqla işin Yasamal Rayon Məhkəməsinə göndərildiyi bildirilmişdir. Qeyd edir ki, X15 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bunun nəzərə almasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-2256/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh əsassız olaraq iddiaçıdan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə (nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-2256/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh vaxtilə ondan onun ərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə ona köməklik etmək məqsədilə məhkəmə tərəfindən təyin ediləcək cəzasının 5 il müddətinə qədər endiriləcəyini vəd etmişdir. 2019-cu ilin noyabr və dekabr aylarında üç dəfəyə, cəmi 43000 manat pulunu almış, lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh onu aldatmışdır. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin ondan aldığı pul vəsaitləri nəticə etibarı ilə cavabdehin özündədir. Cavabdeh tərəfindən hazırki vaxta kimi ondan aldadıb aldığı 43000 manat puldan yalnız hissə-hissə olaraq cəmi bu vaxta kimi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29925 manat hissəsini cavabdeh bu günə kimi bir bəhanə gətirərək ona qaytarmamışdır. Belə ki, cavabdeh onun qarşısında hər dəfə belə bir bəhanə gətirir ki, ondan vaxtilə aldıqları pul vəsaitini başqa şəxsə vermişdir, ona görə ki, həmin şəxs onun ərinin məhkəmə məsələsini həll etsin. Lakin həmin şəxs qeyd edilən işləri vaxtında görmədiyindən və aldığı pulları da vaxtında qaytarmadığından cavabdeh həmin kəsir qalmış pul vəsaitini ona qaytara bilmir. Ona görə də, cavabdeh hazırda göstərilən əsaslara görə hesab edir ki, ondan aldığı pul vəsaitləri onun tərəfindən başqa şəxsə, daha dəqiq desək Əlibala adlı şəxsə verildiyinə və həmin şəxs də aldığı pulların qaytarılmasını gecikdirməsinə görə cavabdehin heç bir təqsiri və günahı yoxdur. Lakin iddiaçı tərəf olaraq hesab edirlər ki, cavabdehin onu vaxtilə aldadaraq cəm şəkildə şəxsən aldığı pul vəsaitlərinə görə məhz birbaşa cavabdehin özü onun qarşısında və əlbəttə ki, qanun qarşısında məsuliyyət daşıyır. Sumqayıt Şəhər Məhkəməsi işin faktiki hallarına uyğun olmayan, məhkəmə hökmünün olmasına istinad edərək, cavabdehin ona məxsus pul vəsaitini ələ keçirərək, əsassız varlanması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin tutulması hissəsində iddianı təmin etməyərək, yalnış nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı Mahmudova Adı̇ lə Xurşud qızı, onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, bacısı Adilə 2019-cu ildə onu çağıraraq bildirmişdir ki, həyat yoldaşı X6 məhkəmə işinə köməklik etsin. O, iddiaçıya dəfələrlə təkrar edib onun elə bir tanışının olmadığını bildirmişdir. İddiaçı əl çəkməyib ağlamış onun da ürəyi yumşalmışdır. İddiaçı ona prokurora adam tapmasını və pul verəcəyini bildirmişdir. Lakin prokuror onlarla danışığa getməmişdir. O, iddiaçıya vəkillə danışmasını bildirmiş, lakin iddiaçı ona vəkilin də gücünün çatmadığını bildirmişdir. Bundan sonra o, Səyyar adında tanışı ilə görüşmüş və bu haqda ona danışdır. Səyyar ona ittiham aktını gətirməyi, düzəlsə kömək edəcəyini bildirmişdir. O, Adiləyə zəng vurmuş Səyyarın telefon nömrəsini ona vermişdir. Daha sonra Adilə oğlu ilə sənədi göndərmişdir. Səyyar 2 gündən sonra ona zəng vurub görüşmək istədiyi bildirmiş, o isə işdə olduğundan işdən gecə çıxıb Hüseyn Cavid parkının yanında Əlibala və Səyyarla görüşmüşdür. Həmin şəxslər ondan 20.000 manat pul istəmişlər, lakin çox xahişdən sonra 18000 manata razılaşmışlar. O, Adiləyə 18000 manat pul istədiklərini bildirmişdir. Adilə onunla razılaşıb 2 gündən sonra Hüseyn Cavid parkında o, Səyyar, Adilə və Əlibala görüşmüşlər. Pulu o, Səyyarın yanında Əlibalaya vermiş və bundan sonra ayrılmışlar. Növbəti məhkəmədə Adilə ona prokurorun əvvəlki adam olmadığı, indi onların xeyrinə danışdığını bildirmişdir. Bir neçə prosesdən sonra təkrar yenə Adilə onu Ağır Cinayətlərin yanına çağırmış, taksi pulunu da oğlu Müseyib vermişdir. Adilə və vəkili ona hakimə də dedirtməyini bildirmişlər. O, yenə Səyyara zəng etmiş, Səyyar da bir gün sonra ona bunun üçün 25.000 manat lazım olduğunu bildirmişdir. O, bu haqda Adiləyə bildirmiş, Adilə də bir neçə günə pulu düzəltmiş və o, yenə Hüseyn Cavid parkında Səyyarın yanında pulu Əlibalaya vermişdir. Bir neçə gündən sonra Əlibaladan pul haqqında qəbz almış və Adiləyə də göstərmişdir. Bir vaxtdan sonra Adilə ona zəng vurub bildirmişdir ki, əri Elmana 11 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. O, Əlibalanı bir neçə gün tapa bilməmiş, daha sonra taparaq pulu tələb etmiş, lakin artıq pulu olmadığından o, atasına məxsus çayxananı ona vermişdir. Əlibalanın məni aldatdığını bildiyi və hər hansı bir hadisə baş verəcəyini anlayıb Yasamal rayon Polis İdarəsinə və Prokurorluğa bu haqda ərizə ilə müraciət etmişdir. Orada araşdırma aparılmış, Adilə də şikayət etdiyinə görə onun ərizəsi rədd edilmişdir. Onu Sumqayıt Polisində və Prokurorluğunda dindirmişlər və işi yenidən Yasamal polisinə göndərmişlər. Adilə zərərçəkmiş şəxs, o, isə şahid kimi dindirilmişdir. O, Adiləni aldatmamış, əsassız varlanmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, X3 Əspan Xurşud oğlundan 43000 manat pul almış, xx.xx.2020-ci il tarixində həmin pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. X6 məlum işinin yekunlaşmasını öhdəsinə götürmüşdür. Cavabdehin dediyinə görə həmin əlyazmadakı imza X15 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-38/2022 nömrəli hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddət (1 gün həbsdə və ya ev dustaqlığında olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X10 üzərinə Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri (Abşeron yarımadası) hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, X15 qarşı verilmiş ittihamdakı onun təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, X7 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs X11 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh vasitəsilə sonuncunun bacısı İddiaçı 43000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X4 vasitəsilə X5 10000 (on min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs X8 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham epizodları üzrə X10 əməllərində cinayət tərkibi olmadığından, törədilən əməllərin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona həmin zərər çəkmiş şəxslər olan X19, İddiaçı və X16 ilə bağlı ittiham epizodları üzrə bəraət verilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apellyasiya protesti vermiş və qeyd etmişdir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslər X11, İddiaçı və X8 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilərək Əlibala Ağayevin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılaraq ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun həddə cəza təyin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(103)- 800/2022 nömrəli hökmündən görünür ki, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 nömrəli, 28 yanvar 2022ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə yeni hökmün çıxarılması, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 27 iyul 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Əlibala Ağayevin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından həbs edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 43000 manat vermişdir, ondan ötrü ki sonuncu iddiaçının ərinin barəsində olan cinayət işi üzrə müəyyən köməlik göstərsin. Cavabdeh isə öz növbəsində həmin vəsaiti yuxarıda qeyd edilən məqsəd üçün X15 vermişdir. Cavabdeh bir müddət sonra Əlibala Ağayevin onları aldatdığını başa düşərək sonuncunun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra Əlibala Ağayevin barəsində cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismndə tanınmış, Cavabdeh isə zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavabdeh vasitəsilə sonuncunun bacısı İddiaçı 43000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu ilə əlaqədar hissədə irəli sürülmüş ittiham epizodu üzrə X10 əməlində cinayət tərkibi olmadığından, törədilən əməlin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib və ona zərər çəkmiş şəxs olan İddiaçı ilə bağlı ittiham epizodu üzrə bəraət verilmişdir. Qeyd edilən hökmdən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə İddiaçı qarşı X10 etdiyi əməllər sübuta yetirilərək Yasamal rayon Məhkəməsinin hökmü ləğv edilərək yeni hökm çıxarılmış və X22 həmin hissədə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı İddiaçı ona dəymiş zərəri X9 tələb etdiyini qeyd etmişdir, bununla yanaşı sübut olunmuşdur ki, İddiaçı pulunu Əlibala Ağayev ələ keçirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə hissəsinə qiymət verərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” qərarına əsasən, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Cinayət Məcəlləsinin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş, həmçinin Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh əsassız olaraq ondan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə (nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq ona ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddia tələbini rədd etmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi üçün cavabdeh (qardaşı) Cavabdeh müraciət etmiş, Cavabdeh da ona köməklik göstərilməsi üçün tanışı olduğunu, həmin şəxslə danışıb ona xəbər edəcəyini bildirmişdir. Daha sonra cavabdeh tanışı Səyyar adlı şəxslə əlaqə saxlamış, məsələni ona bildirmiş, həmin şəxs Əlibala Ağayevin ona köməklik edə biləcəyini bildirmişdir. Təxminən iki gün sonra cavabdeh Bakı şəhəri Yasamal rayonundakı H.Cavid adına parkda Səyyar və Əlibala ilə görüşmüşdür. Beləliklə, Əlibala Ağayev cavabdehdən bacısının həyat yoldaşının cinayət işinin yüngülləşdirilməsi üçün əvvəl 8.000 manat, sonra 10.000 manat, daha sonra isə 25.000 manat olmaqla cəmi 43000 manat pul almışdır. Lakin bir müddət sonra İddiaçı həyat yoldaşına Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağır cəza verildiyini Cavabdeh bildirmiş, Cavabdeh də Əlibala Ağayevin onları aldatdığını başa düşərək sonuncunun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra Əlibala Ağayevin barəsində dələduzluqla cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, cinayət işi baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh isə zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilərək şahid qismində tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh vasitəsilə sonuncunun bacısı İddiaçı 43000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu ilə əlaqədar hissədə irəli sürülmüş ittiham X10 əməlində cinayət tərkibi olmadığından, törədilən əməlin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, ona zərərçəkmiş şəxs olan İddiaçı ilə bağlı ittiham epizodu üzrə bəraət verilmişdir. Qeyd edilən hökmdən prokuror tərəfindən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ləğv edilərək İddiaçı qarşı X10 etdiyi əməllər sübuta yetirilərək yeni hökm çıxarılmış və X22 həmin hissədə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində X18 tanımadığını, Əlibala Ağayevə hər hansı bir etibarı olmadığını, onunla hər hansı bir ünsiyyətinin olmadığını, Əlibala Ağayevin hər hansı bir işin görülməsi üçün ondan pul almadığını, onu aldatmadığını, bütün söhbətləri qardaşı Əspanla etdiyini və Əspana etibarı olduğunu və Əspana inanıb, pulu Əspana verdiyini, həmin pulu da Əspanın kimə verəcəyindən xəbəri olmadığını, Əspanın ondan Əlibala Ağayevin adı ilə və ya Əlibala Ağayevə vermək adı ilə pul almadığını, Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman gördüyünü, həmçinin Əspana verdiyi 43.000 manat pullardan 13.075 manat pulun qaytarıldığını, qalan 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pulun qaytılmadığını, həmin pulu Cavabdeh tələb etdiyi qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(103)-800/2022 nömrəli hökmündən görünür ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxs İddiaçı aid epizodla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin epizodla bağlı belə qənaətə gəlmişdir ki, Adilə X2 tanımamış, Əlibala Ağayevə hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Əlibala Ağayev hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O, bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir. Əspanın pulu kimə verəcəyindən də xəbəri olmamışdır. Hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüş, Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmiş, Səyyarın bu işləri görəcəyini Əspan ona bildirmişdir. Əspan ondan Əlibala Ağayevin adı ilə və ya Əlibala Ağayevə vermək adı ilə pul almamışdır. Əspan söhbətlər zamanı Səyyarın adını çəkib. Əlibala Ağayevi sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7.000 manat bir qaytarıb, sonra Əspan 2.000 manat bir, 1.000 manat bir, 3.075 manat da Əspan poçt vasitəsilə göndərib. Hazırda Əspan ona 13.075 manat pul qaytarmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadələrində bildirmişdir ki, qardaşı Əspana pulları verməsinə baxmayaraq sonradan ona məlum olmuşdur ki, həmin pulları X27 vermiş, Əlibala da İddiaçı övladları Nurlan və Mehman Mərdanovların yanında pulları Əspandan aldığını təsdiq etmiş və öz şəxsiyyət vəsiqəsinin surətinin arxasında 43.000 manat pulunu aldığını və həmin pulu 15 may 2020-ci il tarixdə qaytaracağını öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Həmçinin apellyasiya məhkəməsinin iclasında, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Səyyar Səmədov ifadələrində İddiaçı ifadələrində qeyd edtdiklərini təsdiq etmişlər. Bundan başqa qeyd olunmuşdur ki, ibtidai istintaq zamanı və apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadələrində göstərmişdir ki, Əlibala Ağayevlə aralarında bacısı İddiaçı pulunun ələ keçirilməsi ilə əlaqədar hər hansı bir razılaşma olmamışdır. Bacısı İddiaçı 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 8.000 manat pulu, 2019-cu ilin noyabr ayının sonunda Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 10.000 manat pulu, 2019-cu ilin dekabr ayının əvvəllərində isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 25.000 manat pulu, ümumilikdə 43.000 manat pulunu götürmüş, həmin pulları Əlibala Ağayevə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(102)- 1194/2023 nömrəli qərarı ilə məhkum X10 müdafiəçisi X20 və zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(103)-800/2022 nömrəli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(103)- 800/2022 nömrəli hökmünə əsasən İddiaçı məxsus 43.000 manat məbləğində pulun Cavabdeh tərəfindən ələ keçirilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçının iddia tələbindən biri də cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsidir. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissəsinə qiymət verərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarına” əsasən, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Cinayət Məcəlləsinin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş, həmçinin Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-2256/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar