Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-804/2023 17.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) atası X6 ilə 1988-ci ildə nikaha daxil olmuşlar.
2. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil (bundan sonra-mübahisəli mənzil) ünvan 2 Order əsasında xx.xx.1990-cı il tarixdə X5 ayrılmışdır.
3. Mübahisəli mənzil iddiaçının razılığı əsasında xx.xx.2010-cu il tarixdə X4 adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. X6 ilə iddiaçı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, X6 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür.
5. Mübahisəli mənzil Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdehin adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılıb ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə əri X5 məxsus olmuşdur. Mübahisəli mənzil nikah dövründə, 1988-ci ildə əldə edilmiş, mənzilin əsas kirayəçisi iddiaçının əri olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş, əri mülkiyyətçi olmuşdur. Həmin mənzildə iddiaçı ailə üzvləri olaraq əri və cavabdehlə birlikdə yaşamışlar. Cavabdeh iddiaçının ögey qızıdır, yəni ərinin başqa nikahdan olan övladıdır. Amma onlar bir ailə kimi həmişə mehriban yaşamış, iddiaçı cavabdehi qızı kimi böyütmüşdür. İddiaçı cavabdehin atası ilə ailə qurduğu vaxt cavabdeh 2 aylıq körpə olmuşdur.
8. Əri öldükdən sonra vərəsəlik qaydasında mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Çünki iddiaçı həmin dövrdə Rusiyada vətəndaşlıq almaq üçün əri ilə formal olaraq boşanmışdı. Lakin boşanmaya baxmayaraq, iddiaçının əri öldüyü günədək ailə kimi onunla birlikdə yaşamışdır. Həmin vaxt mənzilin vərəsəlik qaydasında cavabdehin adına qeydə alınmasında iddiaçı da cavabdehə kömək etmişdir.
9. Son vaxtlar aralarında iddiaçı ilə cavabdehin münasibət pisləşmiş, cavabdeh iddiaçını mənzilə buraxmır. Həmin mənzildə iddiaçı keçmiş mülkiyyətçinin ailə üzvü kimi 1988-ci ildən bu günə kimi yaşamaqla həmin mənzildə yaşamaq hüququ əldə etmişdir, eyni zamanda iddiaçının bütün əmlakları da hazırda həmin mənzildədir. Hazırda cavabdeh mənzilə mülkiyyət hüququ əldə etməsindən istifadə edərək iddiaçını mənzilə buraxmır. Halbuki mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüquqları olan şəxslərin istifadə hüquqlarına xitam vermir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı cavabdehin onun analığıdır, 2 aylığından cavabdehi iddiaçı saxlamışdır; - iddiaçının atasının Rusiyada yaxşı işləri olduğundan, ölməzdən qabaq mübahisəli mənzildən əlavə olaraq, yeni tikili binada da mənzil almışdır. Atası ölməzdən qabaq məsləhət görmüşdür ki, həmin yeni tikilidə alınmış mənzili iddiaçının adına keçirsinlər. Bundan sonra həmin yeni tikilidə alınmış mənzil iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı adına olan həmin mənzili satmış, mənzilin satılmasından əldə olunmuş vəsaiti mənimsəmişdir. Bununla bağlı iddiaçıya qarşı məhkəmədə iddia qaldırsa da, iddia tələbi təmin edilməyib; - iddiaçının cavabdehin atası ilə nikahı pozulduqdan sonra iddiaçı mübahisəli mənzildə yaşamamış, Rusiyaya getmiş, Rusiya vətəndaşlığını qəbul edərək iddiaçının atasının biznesini idarə etmişdir. Rusiyada iddiaçının evi, biznesi mövcuddur; - cavabdeh hazırda tək yaşayır və atasından ona yeganə qalan 1 otaqlı mənzilə iddiaçının köçürülməsinə etiraz edir.; - cavabdeh hazırda tək yaşayır və atasından ona yeganə qalan 1 otaqlı mənzilə iddiaçının köçürülməsinə etiraz edir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elmir Hüseynov), 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən Sumqayıt Şəhər Məhkəməsinin qanunu qüvvəyə minmiş 24 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdehin atası X6 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 2 Order əsasında X5 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil iddiaçının razılığı əsasında X4 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X6 ilə iddiaçının nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, X6 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra mübahisəli mənzil, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı 1990-cı ildən hazırki vaxta qədər mübahisəli mənzildə qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hazırda Respublika hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçının mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və həmin dövrdə mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və buna görə də mübahisə həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir.
13. Birinci instansiya məhkəməsi 1982-ci il Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarları və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9cu bəndinə əsasən iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin dəlilləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim S.Qafari, hakimlər Ş.Abbasov və T.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(102)-376/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1480/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh ögey ana-baladır. Mübahisələndirilən mənzil dövlət tərəfindən iddiaçının mərhum ərinə verilmiş, sonra isə iddiaçının razılığı ilə özəlləşdirilmişdir. Həmin vaxt cavabdeh körpə uşaq olub, onun bütün qayğısı iddiaçı tərəfindən çəkilib.. Son vaxtlar iddiaçı ilə cavabdehin münasibəti pisləşdiyindən cavabdeh iddiaçını evə buraxmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qəribə nüanslara istinad etmişdir. İddiaçı 30 ilə yaxın həmin mənzildə yaşamış və hazırda həmin mənzildə hüquqları qalmaqdadır. İddiaçının başqa yerə getməsi, adına başqa ünvanlarda ev olması sonuncunun istifadə hüququnun olmamsı anlamına gəlmir. İddiaçının mənzilə olan istifadə hüququ mülkiyyət hüuqunun bir elementidir. Ona görə də apellyasiya şikayətinin təmin olunub, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddanın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən bir sıra hallara aydınlıq gətirmişdir. Belə ki, Ali Məhkəmə müəyyən etmişdir ki, iddiaçının 2021-ci ilə kimi mübahisəli mənzildə yaşaması sübut olunmur. İşin hallarından görünür ki, iddiaçı 2014-cü ildən çıxıb Rusiyaya getmiş, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının Sumqayıt şəhərində MTK da evi olmuş, sonradan iddiaçı həmin evi 2021-ci ildə satmışdır. Bu da onu sübut edir ki, iddiaçının yaşamaq üçün başqa yeri olmuşdur. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsini (1982-ci il redaksiyalı)
20. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
21. Maddə 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
22. Maddə 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
23. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
25. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir.
26. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb mənzilə köçürülmə barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, mübahisəli mənzil əri ilə nikahda olan vaxt 1990-cı ildə dövlət tərəfindən ərinə order əsasında verilib və həmin vaxtdan mənzildə qeydiyyatda olmaqla orada yaşayıb, mənzilin ərinin adına özəlləşdilirməsinə razılıq verib.
31. Öyrənilən işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı cavadehin atası X6 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 3 Order əsasında X5 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil İddiaçı razılıq ərizəsi əsasında Ələkbər Əsədovun adına qeydiyyata alınaraq, sonuncuya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
32. X6 və İddiaçı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Ələkbər Əsədov xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bundan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil, notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
33. İşin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı ərindən boşandıqdan sonra həmin ünvanda yaşamamış, Rusiya Federasiyasına gedərək orada yaşamaqla yanaşı, həm də həmin dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzildə qeydiyyatı formal olaraq qalmışdır.
34. Mülki işin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının ərindən boşandıqdan sonra mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil onun tərəfindən xx.xx.2021-ci il tarixdə digər şəxsə satılmışdır.
35. Bundan başqa, işin müəyyən edilən halına görə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası olmuş və həmin iddia Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə hazırki iddiaçının nümayəndəsinin verdiyi izahata görə iddiaçı Rusiya Federasiyası vətəndaşlığını əldə etmək istəyi olmuş, ərinin vəfatından sonra birgə nikah dövründə əldə etdikləri mənzili cavabdehin adına keçirmiş, cavabdeh də könüllü olaraq MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmişdir.
36. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verməklə ilk növbədə belə nəticəyə gəlir ki, yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması, eləcə də iddiaçının cavabdehə məxsus yaşayış evində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir ki, çıxıb getməsi və qeydiyyatda olduğu evdə yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, kənar şəxsin cavabdehin mülkiyyətində olan evə yenidən qayıtmaq istəyi sonuncuya məxsus olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
37. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçı sözügedən mənzilin keçmiş sаkini olmuş, о, işləmək və daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və getdiyi ünvanda daimi olaraq işləməklə yanaşı həm də yaşamışdır.
38. Beləliklə müəyyən olunur ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının daimi olaraq mübahisəli mənzildən çıxb getməsi və istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cаvаbdehin «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.