Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-805/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 (on min) manat məbləğində dəbbə pulu, 150 (bir yüz əlli) manat məbləğində hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 03 fevral 2022-ci il tarixli müqaviləyə və 01 mart 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqaviləyə əsasən o, cavabdehi ona məxsus olan gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi və cavabdehi müxtəlif sosial şəbəklər vasitəsi ilə reklam etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə öz növbəsində bunun müqabilində onunla əmək müqaviləsi bağlayaraq 4 (dörd) il müddətində yalnız ona məxsus olan gözəllik salonunda işləməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh 25 may 2023-cü il tarixindən müqavilə üzrə götürdüyü öhdəliyi pozaraq heç bir xəbərdarlıq etmədən başqa bir gözəllik salonunda işləməyə başlamışdır. Bununla da cavabdeh aralarında bağlanmış 03 fevral 2022-ci il tarixli müqavilə və 01 mart 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilənin tələblərini və öhdəliklərini kobud şəkildə pozmuşdur. 03 fevral 2022-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməzsə və ya müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə xitam vermək istəyərsə 10000 (on min) manat məbləğində dəbbə pulu ödəməlidir. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu hələ də ödəməmişdir və ödəməkdən imtina edir. Hesab edir ki, cavabdeh qeyd edilən hərəkətləri ilə 03 fevral 2022-ci il tarixli müqavilə və 01 mart 2023cü il tarixli müqaviləyə düzəlişə dair müqavilə üzrə götürdüyü öhdəliklərini və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə əsassız və qeyri-qanunidir. Onun cavabdehi əmək müqaviləsi bağlamağa məcbur etmək kimi bir niyyəti olmamışdır və yoxdur. Onun tələbi cavabdehin mülki hüquqi müqavilə üzrə öhdəliyini icra etməməsi ilə əlaqədar olaraq dəbbə pulunun cavabdehdən alınmasıdır. Belə ki dəbbə pulu mülki hüquq münasibətləri üzrə tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin edilməsi üsullarında biri olmaqla Mülki Məcəllənin 24-cü fəslinin 2-ci paraqrafı ilə tənzimlənir. Həmçinin onun tələbi cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərini icra edib-etməməsi və əmək münasibətlərini davam etdirib-etdirməməsi ilə bağlı deyil. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh ona məxsus olan gözəllik salonundan başqa yerdə işləməməyi öhdəsinə götürmüşdür. Məhkəmə isə işləmək anlayışını əmək müqaviləsi ilə bağlayaraq həmin əsasla iddianı təmin etməmişdir. Belə ki, başqa yerdə işləməmək anlayışı təkcə əmək münasibətləri baxımından qiymətləndirilməməlidir. Hər hansı bir yerdə işləmək xidmət müqaviləsi və ya hər hansı digər müqavilə əsasında da icra edə bilər. Cavabdehlə əmək müqaviləsinin bağlanması onun öhdəliklərini icra etməsinin onun tərəfindən təmin edilməsi üçün mövcud olan üsullarından sadəcə biridir. Çünki cavabdehin müqavilə üzrə öhdəliklərini ona məxsus olan gözəllik salonunda icra etməsinin rəsmiləşdirilməsi üçün ən asan və münasib olan variant əmək müqavilənin bağlanması idi. Buna görə də onunla əmək müqaviləsi bağlanaraq götürdüyü öhdəliyin icra edilməsini təmin etmək üçün şərait yaradılmışdır. Bu həm də cavabdehin VÖEN-nin olmaması səbəbindən atılan məcburi addım idi. Çünki VÖEN alınması və sair texniki məsələlərin həlli zaman tələb edirdi və cavabdeh də VÖEN almaq istəmirdi. Buna görə də münasibətlərin əmək müqaviləsinin bağlanması ilə rəsmiləşdirilməsini qərara aldı. Buna görə də məhkəmənin müqavilənin dəbbə pulu ilə bağlı müddəasının etibarsızlığı ilə bağlı mövqeyini əsassız və qeyri-qanuni hesab edir. Beləliklə göründüyü kimi hazırkı halda iddianın predmeti cavabdehdən dəbbə pulunun alınmasıdır ki, bu da mülki hüquq münasibətidir. İddianın əsası isə tərəflər arasında bağlanmış müqavilədir. Lakin məhkəmə yuxarıda qeyd etdiyi məsələlərə düzgün qiymət vermədiyi və diqqət yetirmədiyi üçün əsasız və qeyri-qanuni qətnamə çıxarmışdır. İddia tələbinin predmeti öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun tələb edilməsi olsa da məhkəmə iddianı rədd etməklə qeyd edilən maddənin tələblərini pozmuşdur. Belə ki, dəbbə pulu mülki hüquq münasibətləri üzrə tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin edilməsi üsullarında biridir və bununla bağlı münasibətlər Mülki Məcəllənin 24-cü fəslinin 2-ci paraqrafına əsasən tənzimlənir. Lakin məhkəmə dəbbə pulu ilə bağlı müddəanın müqaviləyə daxil edilməsini etibarsız hesab etməklə Mülki Məcəllənin qeyd edilən paraqrafının tələblərini pozmuşdur. Məhkəmə əmək münasibətlərini tənzimləyən hüquq normalarını tərəflər arasında olan mülki hüquq münasibətlərinə tətbiq etməklə səhvə yol vermişdir. Eyni zamanda məhkəmə dəbbə pulu ilə bağlı tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmuş müddəaya münasibətdə əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin müddəalarını tətbiq etməklə də səhvə yol vermiş və qanunu səhv təfsir etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli və 01 mart 2023-cü il tarixli müqavilələrin cavabdehin başqa yerdə işləməmək barədə öhdəlik götürməsi, bu öhdəliyini pozduğu təqdirdə isə 10000 manat cərimə ödəməli olması barədə müddəaları qanunvericiliyin tələblərinə zidd olmaqla etibarsız olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2, 17, 25, Konstitusiyanın 35, Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı və BƏT-in “Məcburi əmək haqqında” Konvensiyanın 2-ci maddələrinə istinad etmişdir. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini müqavilənin pozulması nəticəsində 10000 manat dəbbə pulunun ödənilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 339.3cü maddəsinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında 03 fevral 2022-ci il və 01 mart 2023-cü il tarixli müqavilənin bağlanması və həmin müqavilənin şərtinə əsasən cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya müqaviləyə birtərəfli qaydada xitam verdikdə, eləcə də müqavilənin qüvvədə olma müddəti başa çatmadan xitam verdikdə iddiaçıya 10000 manat məbləğində dəbbə pulunun ödənilməsi işin mübahisəsiz. Baxılan iş üzrə iddia tələbi pul tələbi barədədir. İddia tələbinin qanunu əsasını Mülki Məcəllənin 6.1.5, 6.2, 14.2.1, 390.1, 399.1 və 462-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Həmin prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Müqavilə azadlığı prinsipinə görə mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin yaranması əsaslarından daha çox tətbiq ediləni müqavilədir və müqavilə mülki hüquq və vəzifələr doğuran əsas hüquqi faktdır. Ona görə də, Mülki Məcəllənin 14.2.1 və 390-ci maddələri qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin və başqa əqdlərin bağlanmasına imkan verir. Müqavilə azadlığı mülki hüququn prinsipi olub, ilk dəfə Mülki Məcəllənin 6.1.5-ci maddəsində təsbit olunmuşdur. Bu prinsipin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi təşkil edir. Belə ki, azad iqtisadi fəaliyyət, bazar münasibətləri mülki dövriyyədə müqavilə azadlığını ehtiva edir. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı prinsipinin təsbit olunması onun tətbiqini realllaşdırır. Eyni zamanda Mülki Məcəllənin 14.2.8-ci maddəsi mülki dövriyənin iştirakçılarına imkan verir ki, onlar mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar doğuran istənilən hərəkətləri etsinlər. Bu sərbəstlik müqavilə bağlamaqda ifadə olunan hərəkətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissələrinin və 29-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında “iradə sərbəstliyi” prinsipinə uyğun olaraq əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edilə bilər (Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı). Mülki Məcəllənin 462-ci maddəsinin məzmununa görə dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu qanunla və ya müqavilə ilə müəyyən edilən pul məbləğidir. Mülki Məcəllənin 399.1-ci maddəsində müqavilənin qüvvəyə minməsinin hüquqi nəticəsi onun tərəflər üçün məcburi olması kimi müəyyən olunmuşdur. Müqavilənin tərəflərə məcburi olması onlar üçün hüquq və vəzifələr yaratmasını nəzərdə tutur. Tərəflər müqavilə üzrə vəzifələrini könüllü yerinə yetirmədikdə məhkəmə qaydasında buna məcbur edilirlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. İşdən göründüyü kimi iddia müqavilə şərtinə əsasən cavabdehi gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vasitələrlə təmin edərək sonuncunu müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etsə də, cavabdeh müqavilə üzərinə götürdüyü öhdəliyi pozaraq bir müddət sonra başqa gözəllik salonunda işləməyə başlamış və nəticə də iddiaçının həmin müqaviləyə əsasən 10000 manat məbləğində dəbbə pulu tələb etmək hüquq yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağlamış olduğu müqavilənin şərtlərini pozmuş, müqavilədə göstərilən öhdəlikləri icra etməmişdir. Bu baxımdan müqavilə bağlanarkən üzərinə götürdüyü 10.000 manat məbləğində dəbbə pulunu ödəməlidir. İddia tələbinin 150 (bir yüz əlli) manat məbləğində hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin məbləğlərin ödənilməsi barədə qəbzi iş materiallarına əlavə etdiyindən, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində dəbbə pulu, 150 (bir yüz əlli) manat məbləğində hüquqi yardım xərci və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-805/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-805/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver