Məhkəmə qərarları › İş №2(105)-806/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-806/2025

15.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-806/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsində qanunsuz və özbaşına olaraq yaratdıqları süni əngəl və maneələrin aradan qaldırılması, cavabdehlərin onun mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edərək hasarın söküntüsünün qanunsuz hesab edilməsi və hasarın cavabdehlərin hesabına bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(012)-2753/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinə cavabdehlərin müdaxilələri və özbaşınalıqlarının (həmin sahədə tikintiyə qadağa, torpaq sahəsinə daxil olarkən cavabdehlərin qanunsuz olaraq süni maneə və əngəl kimi hərəkətlərin) qanunsuz hesab edilməsi, cavabdehlərin əməkdaşlarının mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edilməklə qanunsuz olaraq sökdükləri hasarın cavabdehlərin öz vəsaitləri hesabına yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-2753/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, qərardad qanunsuzdur. Belə ki, cavabdehlər Cavabdeh1, Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları bu qurumların adından hər-hansı qərar, akt, sərəncam verməyiblər ki, iddiaçı bu barədə müvafiq inzibati məhkəməyə müraciət etsin. İddiaçı düzgün olaraq Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin cavabdehlərin əllərində hər-hansı qərar, akt və yaxud sərəncamı olmayıbdır ki, o, cavabdehlərin hərəkətlərindən inzibati orqan olaraq şikayət etsin. Cavabdehlərin əməkdaşları səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli və mülki iş icraata qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin, şikayətin və iddiaçının nümayəndəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 30.04ı2025-ci il tarixli etirazın məzmunundan müəyyən olunur ki, iddiaçının tələbi məhz iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş dövlət orqanları, habelə ARDNŞ əməkdaşları tərəfindən mülkiyyətində olan torpaq sahəsinin ətrafında olan hasarın qanunsuz olaraq sökülməsi, ərazidə onların icazəsi olmadan tikinti aparılmasının qadağan edilməsi, barəsində cinayət işinin açılacağı barədə hədə-qorxu gəlinməsi ilə bağlı olmuş, iddiaçı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsini, sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır (Qərarın 3.2, 4, 5.1, 10.4-cü bəndləri). Həmin qərarın 16.3-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddia tələbinin yönəldiyi 2 cavabdeh (Cavabdeh1 və Abşeron Rayon Polis İdarəsi) inzibati orqanlar olmaqla tələb onların iddiaçının təsvir etdiyi faktiki xarakterli hərəkətlərindən (hasarın sökülməsi, tikinti aparılmasına icazə verilməməməsi və s.) irəli gəlir, digər cavabdeh kimi qeyd edilmiş Dövlət Neft Şirkətinə qarşı isə hər-hansı konkret tələb irəli sürülməsə də, onun da iddiaçı ilə xüsusi hüquq münasibətləri çərçivəsində hər-hansı münasibətdə olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi, iddiaçının cavabdehlərə qarşı qaldırdığı iddia tələbi bərabər tərəflər arasında yaranan xüsusi hüquq münasibətlərindən deyil, dövlət orqanlarının faktiki xarakterli hərəkətlərindən irəli gəldiyindən hazırkı mübahisəyə mülki icraat qaydasında baxılmalı olmaması barədə bririnci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(012)-2753/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar