Məhkəmə qərarları › İş №2(105)-81/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-81/2021

05.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-81/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: X3 iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı özbaşına tutduğu torpaq sahəsindən çıxma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim Q.M.Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən özbaşına tutulmuş və İddiaçı qanuni əsaslarla icarəsində olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsinin boşaldılması və cavabdehə məxsus heyvanların həmin sahədən çıxarılması, Cavabdeh tərəfindən “Alabörk” qış otlaq sahəsində özbaşına tikilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “özbaşına tutduğu torpaq sahəsindən çıxma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi” nə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Ərəbqədim kəndində yaşamaqla özünə məxsus xırda və iri buynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2002-ci il tarixli 147 saylı sərəncamı ilə mərhum atası X4 dövlət qış otlaq fonduna daxil olan 50 m saylı “Alabörk” qışlaq sahəsindən xırda buynuzlu heyvanların saxlanılması üçün 10 il müddətinə qış otlaq sahəsi ayrılmışdır. Atası 2008-ci ilin may ayında vəfat etmişdir. Atasına verilmiş 250 ha 50 M saylı “Alabörk” adlanan qış otlaq sahəsinin 11 iyun 2008-ci il tarixdə 4 il müddətinə ona təhkim edilmişdir, bundan sonra 22 aprel 2011-ci il tarixli 034 saylı sərəncamla 48 hektar əlavə torpaq sahəsi ayrılaraq onun istifadəsinə cəmi 298 hektar qış otlaq sahəsinin 10 il müddətinə verilmişdir. Ona icrayəyə verilən örüş sahəsində tikinti olmadığına görə, heyvanların saxlanılması üçün lazım olan çoban evi və sair tikililərin özü tərəfindən inşa edilmişdir. Qobustan rayonunun Ərəbqədim kənd sakini Cavabdeh ona icarəyə verilmiş örüş sahəsini özbaşına qanunsuz olaraq tutub orada 1 ədəd 12 metrlik çoban evi, 2 ədəd 14 metrlik heyvan damını tikərək qardaşı Məmmədlə birlikdə həmin damlarda özlərinə məxsus heyvanları saxlayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2-1(102)-538/14 saylı və Qobustan Rayon Məhkəməsinin 2(026)-127/2015 saylı qanuni qüvvəyə minmiş qərar və qətnamələri ilə Haxməmmədin oğlu N.Cavabdeh ona qonşu olan torpaq sahəsindən çıxarılmasının qət edildiyini və bundan sonra onlara qanunsuz tikililərin sökülməsini təklif etsə də ona məxsus torpaq sahəsindən çıxmaq istəməmişdir. Ona görə də cavabdehin özbaşına tutduğu torpaqdan çıxması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərərək Cavabdeh özbaşına tutduğu Qobustan rayon İHB-nın sərəncam və müfaviq icarə müqaviləsi ilə ona icarəyə verilmiş dövlət fonduna daxil olan 50 M saylı “Alabörk” qış otlaq sahəsindən çıxarılması, qanunsuz tikdirdiyi tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1995-ci ildən əvvəl Ərəbqədim kəndli fermer təsərrüfatının tabeliyində olan “Alabörk”-50 M saylı qışlağında xırda buynuzlu heyvanlar saxladıqlarına görə 1996-cı ildə təsərrüfat islahata gedən vaxt ona və qohumlarına “Alabörk” 50M saylı qışlağından xırda buynuzlu heyvan və tikilinin əmlak payı kimi düşmüşdür. Qohumlarına pay düşən 307 kofisent, yəni iki çoban evi və xırda buynuzlu heyvan salmaq üçün 180 kv.metr banıstanı onlardan alaraq özünə məxsus xırda buynuzlu heyvanları saxlamaq üçün xx xxx 2003-cü il tarixli 048 saylı saylı sərəncamla «Ərəbqədim» kəndli fermer təsərrüfatının istifadəsində olmuş qoyun qışlağının yerləşdiyi 50M saylı «Alabörk» qış otlağından ümumi sahəsi 250 ha, yararlı sahəsi 137 ha olan qış otlaq sahəsi ona məxsus 500 baş şəxsi xırda buynuzlu heyvanlar üçün 10 il müddətinə mərhum qardaşı M.Məmmədovun istifadəsinə verilmişdir. Aqrar İslahat Komissiyası tərəfindən qeyd edilən kəndin «Alabork» qışlaq sahəsində «Ərəbqədim» kəndli fermer təsərrüfatına məxsus tikililərin təsərrüfatın üzvləri arasında əmlak payı kimi bölgüsü aparılarkən «Alabork» qoyuq qışlağı 35328 manat məbləğində qiymətləndirilməklə 2005-ci ildən əmlak payı kimi ona verilmişdir. «Alabork» qoyun qışlağının yerləşdiyi sahənin sərhədləri daxilində olan tikililərin dəqiq sahəsi və ölçüsü qeyd edilən sənədlərdə öz əksini tapmışdır. Mübahisəli torpaq sahəsində yerləşən tikililərin qeyri-yaşayış sahəsinin üzərində olan tikililər faktiki istifadəsində və sərəncamında olmaqla yanaşı qanuni əsaslarla əmlak payı kimi ona ayrılmış və həmin tikililərin sökülməsi üçün əsaslar olmadığı halda məhkəmə əsassız iddia tələbini təmin etmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(026)-576/2015 saylı qətnaməsini ləğv etməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iddia ərizəsinə uyğun izahat verib, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin qanunsuz tutulmasına və könüllü çıxmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh N.İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Ərəbqədim kəndi üzrə ərazi nümayəndəliyinin xx xxxx 2015-ci il tarixli 193 saylı arayışından görünür ki, İddiaçı Qobustan rayonunun Ərəbqədim kəndində yaşamaqla, “Alabörk” adlanan qış otlaq sahəsindən 289 hektar sahə onun istifadəsinə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayon İcra hakimiyyəti başçısının xx xxxxxxx 2002-ci il tarixli 147 saylı sərəncamı əsasında Qobustan rayonunun Ərəbqədim kənd sakini N.A.Məmmədova 50 M saylı “Alabörk” qış otlaq sahəsindən on il müddətinə 250 hektar ayrılmışdır. İşə əlavə olan Qobustan rayon İcra hakimiyyəti başçısının xx xxxxx 2011-ci il tarixli 034 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Qobustan rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli 066 nömrəli sərəncamının birinci bəndində dəyişiklik edilərək 50 M saylı “Alabörk” qışlağından İddiaçı istifadəsinə əlavə olaraq 48 ha qış otlaq sahəsi ayrılsın. Ümumilikdə “Alabörk” qışlağından 298 ha qış otlaq sahəsi 10 (on) il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İşdə olan Qobustan rayon İcra hakimiyyəti başçısının təsdiq etdiyi qış otlaq örüş sahəsinin yerquruluşu planının surətindən görünür ki, Qobustan rayon İcra hakimiyyəti başçısının xx xxxxxxx 2002-ci il tarixli 147 saylı sərəncamı ilə 50 M saylı “Alabörk” qış otlağı ərazisindən Ərəbqədim kənd sakini N.A.Məmmədovun icarəsinə 250 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2-1(85)-678/2013 saylı qərarının surətindən görünür ki, N.Cavabdeh Qobustan rayon İcra Hakimiyyətinə qarşı Qobustan rayon İHB-nın xx xxxxxx 2007-ci il tarixli 308 saylı, xx xxxxxx 2012-ci il tarixli 201 saylı sərəncamlarının və Qobustan rayon İHB ilə Ə.Ş.Mamedova arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 201 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli 2-2(105)- 20/2014 saylı qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2-1(85)-678/2013 saylı qərarı ləğv edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2014-cü il tarixli 2-1(102)-538/2014 saylı qərarının surətindən görünür ki, N.Cavabdeh Qobustan rayon İcra Hakimiyyətinə qarşı Qobustan rayon İHB-nın xx xxxxxx 2007-ci il tarixli 308 saylı, xx xxxxxx 2012-ci il tarixli 201 saylı sərəncamlarının etibarsız hesab edilməsi barədə tələbi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən rədd edilmiş, iddiaçının xx xxxxxx 2012-ci il tarixli 201 saylı torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2012-ci il tarixli 201 saylı müqavilənin etibarsız hesab edilməsi barədə hissəsi mümkünsüz sayılmışdır. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(026)-127/2015 saylı qətnaməsinin surətindən görünür ki, N.Cavabdeh tərəfindən özbaşına tutulmuş və iddiaçı Ə.Ş.Mamedovanın qanuni əsaslarla icarəsində olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsi boşaldılması və cavabdehə məxsus heyvanların həmin sahədən çıxarılması və “Alabörk” qış otlaq sahəsində özbaşına tikilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının üzərində dövlətin mülkiyyət hüququ olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsindən N.A.Məmmədova 250 ha örüş sahəsi Qobustan rayon İHB-nın xx xxxx 2004-cü il tarixli müqavilə ilə verilmiş, N.Məmmədov 2008-ci ilin may ayında öldüyü üçün Qobustan rayon İHB-nın xx xxxxx 2011-ci il tarixli 034 saylı sərəncamı ilə qeyd olunan qış orüş sahəsi onun oğlu İddiaçı istifadəsinə verilmiş və əlavə olaraq 48 hektar qış-otlaq sahəsi ayrılmışdır. Həmin tarixli sərəncamla ümumilikdə “Alabörk” adlanan qış otlaq sahəsindən 298 ha otlaq sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. Cavabdeh İddiaçı qanuni əsaslarla icarəyə götürdüyü 298 ha qış örüş sahəsini qanunsuz zəbt edərək öz heyvanlarını saxlamış, hazırkı iddiaçıya icarəyə götürdüyü örüşdən istifadə etmək imkanı verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Lakin hazırkı qətnamə onun bu hüquqlarına təminat verməmiş və buna görə də qətnamə ləğv edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli 10/763 saylı rəyindən görünür ki, İddiaçı xx xxxxx 2011-ci il tarixli 034 sərəncamla onun istifadəsində olan 298 hektar qış otlaq sahəsi ilə X1 əmlak payı kimi verilmiş iki ədəd çoban evi və üç ədəd qoyunların saxlanc yeri olan və ümumi sahəsi 600 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üstüstə düşmür. Həmin tikililərin divarları mişarlanmış əhəng daşı və çay daşları ilə sementqum qarışıgından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta materialı və asbest şiferdən quraşdırıldıgı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə görə yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 109-cu maddəsinə görə törpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-ci maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir və həmin ərazidə heç bir tikinti işləri aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2015-ci il tarixli 2(026)- 576/2015 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X1 qarşı özbaşına tutduğu torpaq sahəsindən çıxma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar