Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-815/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Camalova Gülarə Əlihüseyn qızının cavabdehlər X9 və X4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh X5 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş 3-21-3-31/2-4897/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38 ünvanında yerləşən 48 nömrəli mənzil Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/107 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat -İstismar Birliyinin 15 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 4402 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Camalova Gülarə Əlihüseyn qızının adına qeydiyyata alınaraq, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil üzərində yüklülüklə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 və X8, ünvan 2 ünvanı üzrə qeydiyyatdadırlar. - 7289 inventar nömrəli texniki pasportdan görünür ki, Camalova Gülarə Əlihüseyn qızı ünvan 2-in hüquqi subyekti kimi qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, 48 nömrəli mənzil xx.xx.2007-ci il tarixdə Camalova Gülarə Əlihüseyn qızının adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-58/2-C-16468/11/24 saylı məktubdan görünür ki, iddiaçıya qeyd olunan xüsasatlar məhkəmənin səahiyyətində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Camalova Gülarə Əlihüseyn qızı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdehlər X9 və X3 ünvan 2 ünvanına dair yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X9 və X8 iddiaçının övladlarıdır. Cavabdehlər sözügedən mənzildə pasport qeydiyyatında olsalar da faktiki olaraq başqa ünvanlarda yaşayırlar. Belə ki, cavabdeh X8 2001-ci il tarixdən Rusiyadadır və faktiki olaraq orada yaşayır. Digər cavabdeh Cəfər Qədimov isə təxminən 2008-2009-cu ildən mənzildə yaşamır, mənzil ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də o hesab edir ki, cavabdehlərin hər ikisinin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onların uzun illərdir ki, sözügedən mənzildə yaşamaması başqa yaşayış yerlərinin olmasına və həmin mənzilə ehtiyaclarının olmamasına dəlalət edir. Hazırda xüsusi mülkiyyətdə olan mənzil ilə bağlı satmaq, bağışlamaq və s. digər hərəkətlər etmək istəsə də cavabdehlərin mənzildə yaşamamaqlanna baxmayaraq razılıqları tələb edilir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehlərin ünvan 2 ünvanına dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər X9 və X3 ünvan 2 ünvanında olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə, 53, 60, 87-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarındakı hüquqi mövqeyinə, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 77, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh X9 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində yaranmış münasibətlərlə bağlı maddi hüquq normalarını şərh etsə də, onların tövsifində səhvə yol vermiş, işin faktiki halları və hüquqi faktlarla əsaslandıra bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar.
11. O ailə üzvləri ilə birlikdə, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/107 nömrəli orderlə onlara məxsus olanata ocağında (Sumqayıt şəhəri, 13-cü m/r, ev-38, mənzil 48-də) ailə tərkibi 16 (on altı) nəfərdən ibarət olmaqla böyük olduğundan, yaşayış sahəsinin çatışmazlığı (darısqallığı) və milli mentalitetə uyğun gəlməyən hadisələr üzündən əmələ gələn, polis müdaxiləsilə nəticələnən müxtəlif təqib və təzyiqlərə qədər yaşamış və həmin xoşagəlməz hallarla bağlı evi tərk etməyə məcbur edilmişlər. Ötən müddət ərzində isə heç bir yaşayış sahəsi ilə təmin edilməmiş və heç bir sosial yardım proqramları ilə əhatə olunmamışlar. Kirayədə yaşamaqda və mövsimi, günəmuzd işlərlə məşğul olaraq, ailənin dolanışığını təmin etməyə çalışırlar. Məhkəmənin gedişində qeyd edilən halları dəfələrlə bəyan etsə də, düşdüyü vəziyyət, maddi durumu nəzərə alınmamış peşəkar hüquqi yardımla təmin edilməmişdir. Məhkəmə isə yaşayış sahəsinə ehtiyacı olmayan kateqoriyaya aid etməklə çox böyük ədalətsizliyə yol verərək düzgün olmayan hüquqi nəticəyə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir.
12. Ümid etmişlər ki, nə vaxtsa onları evdən qovanlar insafa gələr, otağın birinə onları köçürməklə ədaləti bərpa edərlər, düşdüyükləri durumdan onları çıxararlar. Amma görünən odur ki, niyətləri tam başqa imiş.
13. Məhkəmə öz qətnaməsində yaranmış münasibətlərlə bağlı maddi və prosessual hüquq normalarını şərh etsə də, onların tövsifində səhvə yol vermiş, işin faktiki halları və hüquqi faktlarla əsaslandıra bilməmiş və sonda düzgün hüquqi nəticəyə gələ bilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunla müəyyən edilmiş qaydada ona təqdim edilməmiş, öz hüquqlarının, ailəsinin hüquqlarının təmini baxımından prosessdə lazımi qaydada iştrakına şərait yaradılmamış, peşəkar hüquqi yardımla təmin edilməmişdir.
14. Məhkəmə öz qətnaməsində yalnız və yalnız iddiaçının hüquqi mövqeyini möhkəmləndirməyə yönəlmiş faktları toplamış və yalnız onlara lazımi imkan və şərait yaratmışdır. Qətnamənin əsas hissəsi iddiaçının tələblərinin əsaslandırılmasından ibarətdir. Cavabdehlərə münasibətdə isə “Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehlərin yaşayış sahəsinə ehtiyacı yoxdur və yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində deyillər.” qeyd etməklə kifayətlənmişdir.
15. Məhkəmə istinad etdiyi halları öz qətnaməsinə sübut edə, işin faktiki halları ilə uyğunlaşdıra və mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmənin gedişində dəfələrlə bildirmişdir ki, ailəsi böyük olmaqla “Xəzər Bağçılıq Cəmiyyəti”, Dalğa küçəsi ev 23-də kirayədə yaşayır və böyük sıxıntılar içərisindədir. Uşqalarının ikisi daima həkim nəzarətindədir. O ikisinin dərdindən digərlərini doğru düzgün həkimə göstərə bilmir. Qidalanmaları tam təmin olunmur, tələbatları tam ödənmir.
16. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və bir çox hallarda düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. O həddi büluğa çatdığı bir gündən (ünvan 2-in) həmin mənzilin sakinidir, qanunvericiliyin tələblərinə əsasən ailə üzvüdür və daimi yaşayış üçün başqa yerə köçməmiş, daimi yaşayış üçün yaşayış sahəsi ilə təmin edilməmişdir. Çoxuşaqlı və aztəminatlı ailə kimi, yaşayış sahəsinə, daima diqqət və qayğıya ehtiyacı vardır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasını baxmayaraq cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məlumat verməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşüb)
26. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
27. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
29. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanunu Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən apellyasiya şikayəti verildiyindən kollegiya hesab edir ki, qətnamə ona aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X7 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. İşin hallarından müəyyən olunmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 13/107 nömrəli order əsasında yaşamışlar. xx.xx.2007-ci il tarixdən sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38 ünvanında yerləşən 48 nömrəli mənzil Camalova Gülarə Əlihüseyn qızının mülkiyyəti kimi dövlət reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında apellyator olan iddiaçının oğlu Cəfər Qədimov bildirmişdir ki, mübahisəli mənzildə 1988-ci ildən yaşamış, artıq 15 il həmin mənzili tərk etdiyini və digər mənzildə kirayə qaldığını bildirmişdir.
42. Apellyasiya şikayətinin dəlillərində cavabdeh Cəfər Qədimov göstərmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
43. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yaşayış sahəyə istifadə hüququnu itirilmiş hesab olunmasına dair nəticəyə gələrkən, qüvvədən düşmüş Mənzil Məcəllənin 60-cı maddəsinə istinad etmişdir. Odur ki, iddianın təmin olunmasına əsas apellyatorun mübahisəli mənzilin tərk edilməsi, uzun müddət orada yaşamaması, digər yerdə yaşaması olmuşdur. Cəfər Qədimov apellyasiya şikayətinin dəlillərində mənzili tərk etməsinə məcbur edildiyini göstərsə də, buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh apellyasiya icraatı zamanı məhkəmə iclasında 15 il mübahisəli mənzildə yaşamadığını, kirayədə olan yaşayış sahəsində yaşadığını bildirmişdir.
44. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Birinci instansiya məhkəməsi tətbiq edilməli köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə, X5 istifadə hüququnun itirilmiş hesab edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Həmin maddəyə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Hazırki iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, X9 15 il əvvəl sözügedən mənzili tərk etmişdir.
47. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi X7 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cəfər Qədimovun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd olunması üçün əsas ola bilməz. Bununla da kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsi cavabdeh X7 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-332/2025 nömrəli qətnaməsi cavabdeh X7 aid dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.