Məhkəmə qərarları › İş №2(105)-816/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-816/2022

08.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-816/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bühanoviçin, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “X3” restoranının ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması və mənəvi zərər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-7499/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində 939B saylı bağ evində fəaliyyət göstərən “X3” restoranında ətrafa qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq səs-küy və ağır qoxuların yayılmasının qadağan olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsaslar olmadan, qanunsuz olaraq bağ massivində fəaliyyət göstərən, qanunla müəyyən edilmiş standartlar və normalara əməl etməyən, mövcudluğu ilə insan hüquqlarını tapdalayan icarəçi Cavabdeh2 və faktiki istifadəçisi Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində 939B saylı bağ evində fəaliyyət göstərən “X3” restoranının fəaliyyətinin dayandırılması və Cavabdeh3 mənəvi zərərə görə İddiaçı1 10.000 manat, İddiaçı2 5.000 manat, İddiaçı3 5.000 manat, İddiaçı4 30.000 manat, İddiaçı5 5.000 manat, İddiaçı6 5.000 manat, İddiaçı7 10.000 manat məbləğində kompensasiya tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar tərəfindən iddianın Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində yerləşən 939В saylı bağ evində fəaliyyət göstərən “X3” restoranının bütün fəaliyyətinin dayandırılması hissəsində tələb dəqiqləşdirilmiş, yalnız ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində onların və başqa vətəndaşların bağ evləri yerləşir. Sumqayıt-Novxanı yolunun sağ tərəfində onların qonşuluğunda qanunsuz olaraq “X3” restoranı fəaliyyət göstərir. Həmin restoran X1 məxsus Sarıqaya Bağlar massivində (digər sənədlərdə həmin ərazi Sumqayıt şəhəri, Novxanı bağ massivi adlanır) 939B saylı bağ evində yerləşir və fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə həmin bağ evinin 153.70 kv.m.sahəsi icarə müqaviləsi əsasında Cavabdeh1 icarəyə verilmiş, ondan əvvəl isə həmin sahənin icarəçisi Cavabdeh2 olmuşdur. Həmin iki şəxs sənədlərdə formal olaraq icarədar kimi göstərilmişdir. Faktiki olaraq bütün müddət ərzində restoranda sərəncam verən, təşkilatçı, aparıcı, mətbuatda və sosial şəbəkələrdə restoranı təmsil edən və reklam kompaniyasını aparan, tanınmış müğənnilərin iştirakı ilə şou-proqramlar təşkil edən və faktiki istifadəçi olan “Niyam Salami” təxəllüslü müğənni Cavabdeh3dur. Uzun müddətdir ki, qanunsuz fəaliyyət göstərən bu restoran mütəmadi olaraq (hər gün) onların rahatlığını və dincliyini pozmaqla, öz mülkiyyətlərindən təyinatı üzrə istifadə etməyi, evlərində yaşamağı mümkünsüz etmişdir. Yaşadıqları evlərə çox yaxın bəzilərinə hətta bitişik olan bu restoranın açıq həyətində 200- 500 nəfərin iştirakı ilə toy, nişan, ad günü məclisləri, tanınmış müğənnilərin iştirakı ilə hayküylü şou proqramlar keçirilir, canlı musiqi proqramları təşkil edilir. Bu tədbirlər keçirilərkən (belə tədbirlərsə hər gün təşkil edilir) ətrafa yayılan səs-küy qanunla müəyyən edilmiş standart və normalara uyğun gəlməyərək sağlamlıq üçün təhlükəli həddə çatır. Onlar səsküyün dözülməz həddə olması və müvafiq tədbirlər görülməsi xahişi və tələbi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə, Sumqayıt ŞRİ-in növbətçi hissəsinə çoxsaylı müraciətlər etmiş, lakin bu müraciətlərin baxılmasına formal yanaşılaraq uzun müddətdir davam edən bu özbaşınalığın qarşısı alınmır. Eyni zamanda onlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çağrı xidmətinə (168), nazirliyin rəhbərliyinə teleqram və yazılı müraciətlər göndərmişlər. Nazirliyin əməkdaşları tərəfindən səs-küyün monitorinqi keçirilmiş, akt və protokollar tərtib edilmiş, icarədarlar Cavabdeh2 4 saylı RETSİ-nin xx.xx.2021 ci il tarixli, ******* MN saylı qərarı ilə 2.500 manat məbləğində və Cavabdeh1 4 saylı RETSİ-nin xx.xx.2021-ci il tarixli, ******* MN saylı qərarı ilə 2.500 manat məbləğində inzibati qaydada cərimə edilmişlər. Lakin baş verən qanunsuz hərəkətlər bir gün də olsun dayanmayaraq, günü-gündən şiddətlənməkdə davam edir. Restoranın icarədarları biznes fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinə malik olmayan insanlardır və restoranın işinin idarə edilməsi ilə faktiki olaraq müğənni Cavabdeh3 məşğul olur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni mənəvi zərərin ödənilməsindən imtina edilməsi hissəsində ləğv etməyi və yeni qətnamə çıxarılaraq mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ağır xəstəlikdən əziyyət çəkir, həyat yoldaşının arterial hipotoniya və miqren xəstəliyi var, səs-küy dərhal onların səhhətini pisləşdirir. Övladları və nəvələri səs-küy və ətrafa yayılan tüstü və qoxuya dözməyərək istirahəti yarımçıq qoyublar. Nəvəsi Məryam ətrafa yayılan qoxular allergik reaksiyalara səbəb olaraq baş ağrısı, zəiflik, nəfəs almaqda çətinlik yaradırdı. İddiaçı ona vurulmuş mənəvi ziyanı 5 000 (beş min) manat məbləğində dəyərləndirərək Cavabdeh3 tutulmasını tələb edir. Məhkəmə restoranın fəaliyyəti nəticəsində ətrafa səs-küy və ağır qoxular yayılmasını müəyyən edilmiş hesab etdi, lakin iddiaçılara mənəvi zərərin vurulması ilə razılaşmadı. Məhkəmə mənəvi zərərin təmin edilməməsi haqqında nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə sözügedən restoranın mülkiyyətçisi arasında hazırda icarə müqaviləsi, Cavabdeh3 həmin bağ sahəsi ilə hüquqi bağlılığı mövcud olmadığından onlar bu ərazidəki fəaliyyətə görə hazırki tələb üzrə iddiaçılar qarşında cavabdehlik daşımır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı7 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər iddiaçılara və cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı2 xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini digər Cavabdeh2 ilə sözügedən restoranın mülkiyyətçisi arasında hazırda icarə müqaviləsi, Cavabdeh3 həmin bağ sahəsi ilə hüquqi bağlılığı mövcud olmadığından onlar bu ərazidəki fəaliyyətə görə hazırki tələb üzrə iddiaçılar qarşısında cavabdehlik daşımaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı2 vermiş olduğu apellyasiya şikayətində qətnaməni iddianın mənəvi zərərin tutulmaması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi iddia tələbi “X3” restoranının ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması və mənəvi zərər barədədir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin təqsiri nəticəsində onun maddi və mənəvi zərərə məruz qalması buna görə də cavabdehin əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh3 təqsirli hərəkəti nəticəsində mənəvi zərərə məruz qalmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 iddia tələbi mənəvi zərərin tutulması hissəsində sonuncunun tələb etdiyi məbləğdə deyil, 250 manat məbləğində tutularaq ona verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 İddiaçı2 xeyrinə 5000 manat mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə İddiaçı2 iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin tutulması təşkil edir. İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi 250 manat məbləğində təmin olunduğundan və tələbin yerdə qalan hissəsi 4740 manat təşkil etdiyindən, həmin məbləğ də 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı2 xeyrinə Cavabdeh3 5000 manat mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh3 250 (iki yüz əlli) manat mənəvi zərərin əvəzi alınaraq İddiaçı2 ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar