Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-821/2025 13.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 Abşeron rayonu, X8 yerləşən 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlərdən Cavabdeh2 ilə 25 aprel 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 969 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan bir-birilərini başa düşməmiş və aralarında sözsöhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmasının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbdən də nikahları kağız üzərində qalmışdır. Ona görə də iddiaçı aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediatorun iştirakı ilə aşağıdakı şərtlərlə 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən birgə nikahdan olan övladları onun yanında qalmışdır. Onlar 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişində uşaqların yaşayış yerinin müəyyən olunması, aliment və uşaqların ünsiyyət hüququ ilə bağlı mübahisələri könüllü olaraq həll etmişlər, nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3476/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh2 ilə arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış 969 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Cavabdeh2 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişinin şərtlərinin könüllü icrasından imtina etdiyindən, iddiaçı onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6869/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə maraqlı tərəf Cavabdeh2 arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişinin təsdiq olunması qət edilmişdir. Digər Cavabdeh1 keçmiş qayınanasıdır və o 2-ci qrup Çernobıl əlilidir. Qayınanası Çernobıl əlili olduğu üçün o Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, iddiaçı X3, övladları X10 və X5) uçota alınmış, onlar Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X8n təhvil-təslim aktı əsasında 3 (üç) otaqlı mənzil ilə təmin olunmuşlar. İddiaçı və övladları üçün həmin mənzildə yaşamaq üçün otaq ayrılmasına baxmayaraq, cavabdehlər onu həmin mənzilə buraxmamışlar. Ona görə də məcbur olub övladları ilə birlikdə kirayə mənzildə yaşayır. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə vəkil sorğusu göndərilmiş, həmin qurumun xx.xx.2024-cü il tarixli, 317-3/2-29766/2024 saylı cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yeri: icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. 2-ci qrup Çernobıl əlili X11 qızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X3, iki nəvəsi X10 və X5) uçota alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmetr müəyyən edilmişdir. Adı çəkilən qərara münasibətdə uçota alınmış və yuxarıda qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X8n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir.” Göründüyü kimi Cavabdeh1 və ailə üzvləri kimi o və övladları yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmış və onlara xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, X8n təhvil-təslim aktına əsasən 3 (üç) otaqlı mənzil ayrılmışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 2-ci qrup Çernobıl əlili olan hazırki iş üzrə Cavabdeh1 5 nəfər ailə tərkibi ilə - Cavabdeh1 özü, oğlu Cavabdeh2, gəlini X3, iki nəvəsi X10 və X5 “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən uçota alınmışdır. Daha sonra qeyd olunan qərara əsasən uçota alınmış imtiyazlı şəxs - Cavabdeh1 Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X8 təhvil-təslim aktı əsasında hazırki 3 otaqlı mübahisəli mənzil ilə təmin edilmişdir. İmtiyazlı şəxs Cavabdeh1 2024-cü ilin iyul ayından həmin mənzildə yaşamağa başlamışdır. Hazırda isə iddiaçı iddia ilə məhkəməyə müraciət edərək, keçmiş qaynanası - hazırki iş üzrə Cavabdeh1 imtiyazlı şəxs kimi verilmiş mübahisəli Abşeron rayonu, X8 yerləşən 3 otaqlı mənzilə o və onun övladları uçota alındığından, onların yaşaması üçün hər birinə 16 kv.metr sahə ayrıldığından həmin mənzilə köçürülmələrini xahiş edir. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının keçmiş qaynanası - Cavabdeh1 imtiyazlı şəxs kimi mübahisəli mənzil verilən zaman uçota alınmalarına istinad etməsi də onun və övladlarının bu mənzildən istifadə hüququnun yaranmasına əsas hesab edilə bilməz. Qeyd edilən mənzil imtiyazlı şəxs - 2-ci qrup Çernobıl əlili kimi X9 qızına yaşamaq üçün verildiyindən, iddiaçı ilə cavabdehlər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli mənzilə dair heç bir hüququ olmadığından, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən onun və uşaqlarının həmin mənzilə köçürülməsi barədə tələb təmin edilməməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 304-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər Cavabdeh1 keçmiş qayınanasıdır. O, 2-ci qrup Çernobıl əlilidir. Qayınanası Çernobıl əlili olduğu üçün o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli Sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, mən X3, övladları X10 və X5) uçota alınmış, o, həmçinin onun ailə üzvləri, yəni onlar Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X8n təhvil-təslim aktı əsasında 3 (üç) otaqlı rnənzil ilə təmin olunmuşlar. O və övladları üçün həmin mənzildə yaşamaq üçün otaq ayrılmasına baxmayaraq, cavabdehlər onu həmin mənzilə buraxmamışlar. Ona görə də məcbur olub, övladları ilə birlikdə kirayə mənzildə yaşayır. Məhkəmə ilk növbədə öz qətnaməsində hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək, iddia tələbini təmin etməmişdir. Halbuki həmin norma mülkiyyətçi ilə onun ailə üzvləri arasında olan münasibətləri özündə ehtiva edir. Hazırki mübahisə isə mülkiyyətçi ilə onun ailə üzvləri arasında deyil, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ayrılmış mübahisəli mənzildə yaşamaq üçün hüququ yaranmış eyni statusa malik olan şəxslər arasında gedir. Belə ki, İİ qrup Çernobıl əlili X11 qızına Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli Sərəncamı əsasında 5 (beş) nəfər ailə tərkibi kimi o və övladları ailə üzvü kim göstərildiyindən, onların da sözügedən mənzili almaq və mənzildən istifadə etmək imtiyazı və hüququ tanınmışdır. Çünki mübahisə predmeti olan mənzil Cavabdeh1 mülkiyyətinə deyil, ömürlük istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 həm öz izahatında, həm də verilən suallara cavab olaraq bildirmişdir ki, sözügedən mənzil şəxsin mülkiyyətinə deyil, istifadəsinə müddətsiz verilmişdir. 2009-cu il tarixə kimi mülkiyyətə verilən mənzillər olmuşdur. Lakin həmin tarixdən sonra mənzil ancaq vətəndaşın istifadəsinə verilir. Mənzillər sosial mənzillər hesab edilir və dövlətə məxsusdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli Sərəncamı və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 ayrılmış Abşeron rayonu, X8 yerləşən, 3 (üç) otaqlı mənzil dövlətin mülkiyyətindədir. Məhkəmə Kollegiyasının diqqətinə onu da çatdırmağı zəruri hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatın bir hissəsi, cavabdehin nümayəndəsinin izahatı kimi qeyd edilmişdir. Həmin izahat texniki səhv olaraq cavabdehin nümayəndəsinin izahatında öz əksini tapmışdır. Əks təqdirdə iddia tələbinin etiraf olunması kimi qiymətləndirilməlidir. Belə ki, “cavabdehin nümayəndəsinin izahatı”nın bir hissəsi (bununla bağlı videogörüntülər də var) aşağıdakı kimi göstərilmişdir: “Həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Qanuna görə yaşayış sahəsinə ehtiyacı olan uçota alınmış əlilliyi olan şəxs vəfat etdikdə həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Yəni müvafiq icra hakimiyyətinin sərəncamı ilə uçota alınmaqla ailə üzvlərindən kimə yaşamaq üçün mənzil verilmişdirsə, onun həmin mənzildə uçotu saxlanılır. Həmin şəxsin əlil olub-olmamasının həmin mənzildə yaşamasına maneçiliyi yoxdur. Uçotda kimlər varsa, həmin şəxslər mənzildə yaşaya bilərlər. İcra hakimiyyətinin sərəncamı qüvvədədirsə, imtiyazlı şəxs uçota alınmış şəxsi mənzildən və uçotdan çıxara bilməz. Mənzil Məcəlləsində mənzildən uçotdan çıxarılmanın da öz şərtləri mövcuddur. Belə ki, uçota alınmış şəxslərə evlərin, ipoteka ilə evlərin, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması halında onlar mənzildən uçotdan çıxarılırlar. Bu məsələ Mülki Məcəllənin normaları ilə deyil, Mənzil Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Ehtiyacı olan şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş adambaşına kvadratmetr sahə nəzərə alınmaqla mənzil verilir. Nə qədər ki, icra hakimiyyətinin sərəncamı qüvvədədir, şəxsin mənzildən və ya uçotdan çıxarılması mümkün deyildir. Mənzildə uçota alınmaqla yaşayan şəxs digər ailə üzvünü də həmin mənzilə köçürməyi istəyə bilər. Bunun üçün müvafiq icra hakimiyyətinə məktubla müraciət etmək lazımdır. Həmin mənzildə yaşamaq üçün əlavə olaraq 16 kv.metr sahə mövcud olduqda icra hakimiyyətinin müvafiq sərəncamı ilə həmin şəxs də uçota alınır. Əgər qeyd olunan 16 kv.metrlik əlavə sahə yoxdursa, mənzil verilmiş şəxsin ora əlavə şəxsi köçürməsi mümkün deyildir. Bunun üçün müvafiq icra hakimiyyətinin sərəncamı lazımdır. Mənzil Məcəlləsinə əsasən ailə münasibətlərinə xitam verilsə belə, şəxsin mənzilə olan uçotu saxlanılır və onun ordan çıxarılması mümkün deyildir”. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot normasını müəyyən edən hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 49.06-cı maddəsindən aydın görünür ki, Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. Lakin məhkəmə prosesində iştirak edən digər Cavabdeh2 verilən suallara cavab olaraq bildirmişdir ki, anası Cavabdeh1 hazırda həmin mənzildə tək yaşayır. Anası Çernobıl əlilidir və daima nəzarətə ehtiyacı vardır. Qeyd edilən mənzil Çernobıl əlili kimi anasına verilmişdir. Anası da istədiyi sayda şəxslərlə birlikdə həmin mənzildə yaşaya bilər. Anasının həmin evdə tək yaşaması ilə bağlı əvvəlcədən mənzili verən müvafiq quruma məlumat verilməmişdir. Buradan da aydın olur ki, Cavabdeh1 xəstə olması və onun xəstəliyi ilə əlaqədar digər ailə üzvləri ilə birlikdə yaşamaq imkanının olmadığı müvafiq icra hakimiyyətinə bildirilməmişdir. Əksinə “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edildiyindən, X11 qızına da eyni kvadratmetr yaşayış sahəsi ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli Sərəncamı əsasında cavabdeh X11 qızına İİ qrup Çernobı! əlili olduğundan ömürlük yaşamaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ayrılmış Abşeron rayonu, X8 yerləşən 3 (üç) otaqlı mənzildə həm o, həm də övladları uçota alınmış və hər birinə ayrı ayrılıqda yaşamaq üçün 16 kvadratmetr sahə verilmişdir. Həm o və övladları müvafiq Sərəncamda ailə üzvü kimi göstərildiyindən, onların da sözügedən mənzili almaq və mənzildən istifadə etmək imtiyazı və hüququ tanınmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ev əri ilə birgə nikah dövründə qaynasına verilmişdir. Ona 1 otaqlı ev verilməli olduğu halda, o və övladları da nəzərə alınaraq, 3 otaqlı ev verilmişdir. Evə birlikdə köçəcəkdilər, mebel və digər əşyalar almalı idilər. Lakin, sonda ailə münasibətləri gərginləşmiş, nikahın pozulması barədə iddia qaldırmışdır. Həmin vaxta kimi isə evə köçməmişdir. Cavabdehlər iddia ərizəsi barədə məlumat alan kimi evə köçüblər. Nikah pozulanadək isə o, əri və uşaqları anasının evində yaşamışlar. Qaynanası isə qızının evində yaşamışdır. Həmin mənzilə köçürülmək istəyir, uşaqlarının haqqını tələb edir. Qarşı tərəf birgə yaşamaq istəmirsə, ayrıca ev alıb verə bilər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, mənzil təminatı həyata keçirilərkən yerli icra hakimiyyəti orqanının sərəncamına uyğun hərəkət edirlər. Əgər cavabdehə üç otaqlı ev verilibsə, yüksək ehtimal iddiaçı və uşaqları da nəzərə alınıb. Hazırda müqavilə yoxdur. Sosial kirayə müqaviləsinin layihəsi təsdiq olunduqdan sonra müqavilə bağlanacaq. Evi cavabdehə təhvil-təslim aktı ilə vermişlər. Ailə tərkibinə görə ev verildikdən sonra ailə üzvlərinin sayı daha az olduğu məlum olduğu halda evi geri alma səlahiyyətləri yoxdur, mənzillər əvəzsiz istifadə üçün verilir. Sərəncamda şəxslərin adı qeyd olunubsa və ailə tərkibi nəzərə alınaraq ona uyğun ev verilir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 914529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 fevral 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh2, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 fevral 2017-ci il tarixdə 1229 nömrə ilə qeyd edilmişdir.
14. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 300127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 may 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh2, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 12 iyun 2019-cu il tarixdə 3710 nömrə ilə qeyd edilmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3476/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh2 qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı Teymurova (Əbilova) Aysel Fəxrəddin qızı ilə Cavabdeh2 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 969 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
16. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 495528 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X3 arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 270 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əbilova soyadı verilmişdir.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-17- 3/2-29766/2024 saylı məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. 2-ci qrup Çernobıl əlili X11 qızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X3, iki nəvəsi X10 və X5) uçota alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Adı çəkilən qərara münasibətdə uçota alınmış və yuxarıda qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X8n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi ilə bağlı mövqeyi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsnin normalarını tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin norma xüsusi mənzil fonduna aid olmaqla, fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinə dair münasibətləri tənzimləmişdir. Hazırkı işin hallarına görə isə mübahisəli mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün, hazırkı iş üzrə isə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 əvəzsiz istifadəsinə verilmiş yaşayış sahəsi olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiqi düzgün olmamışdır. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə tətbiq edilən və yuxarıda istinad olunan Mənzil Məcəlləsinin 68.1, 98.1 və 99.5-ci maddələrinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin sahibinin ailə üzvlərinə onunla birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Hazırkı işin hallarına görə isə iddiaçı mənzil sahibi Cavabdeh1 keçmiş gəlini olmaqla, ailə üzvü hesab olunmur. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil 10 aprel 2023-cü il tarixdə Cavabdeh1 əvəzsiz istifadəsinə verilsə də iddiaçı həmin mənzilə köçməmiş, həmin mənzildə yaşamayaraq Cavabdeh1 ilə birgə təsərrüfat aparmamışdır. Həmçinin, Cavabdeh1 ilə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi də bağlanmadığından, yaşayış sahəsinin kirayə müqaviləsində ailə üzvləri də göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
24. Məhkəmə kollegiyası Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən ailə tərkibi kimi onun və uşaqlarının da qeyd olunması və buna müvafiq olaraq isə üç otaqlı mənzilin verilməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd edilən hal şəxsin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını təsdiq etməməkdədir. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin mənasına görə şəxs kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olur. Hazırkı mübahisə üzrə isə iddiaçı ümumiyyətlə mübahisəli mənzilə köçüb yaşamadığından Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin tələbi baxımından onun mübahisəli mənzilə istifadə hüququnun saxlanılmasını müəyyən etmək də mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan şikayətinin dəlilini əsassız hesab etmişdir.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.