Məhkəmə qərarları › İş №2(105)-822/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-822/2023

22.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-822/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-89/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 baş direktoru X8 tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 139 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin ləğv edilməsini, qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini də xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 (ŞAR) baş direktoru X8 13 iyul 2022-ci il tarixində, 139 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona şəxsi işinə tikilməklə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Əmrdə yazılmışdır ki, o, 06 iyul 2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının genişləndirilmiş iclasında guya üzrsüz səbəbə görə iştirak etmədiyinə və bu əsasda müəssisənin daxili nizamintizamını pozmuşdur. Həqiqətən də ŞAR-ın icraçı direktoru N.Z.İsmayılovun bildirişi əsasında ultimativ tələblə 06 iyul 2022-ci il tarixli qeyri-səlahiyyətli iclasda iştirak etməyə çağırılmışdır. Həmin bildirişdə yazılanlardan aydın görünür ki, onlar onu ittiham etmişlər. Bildirişdə yazıldığına görə guya ki, “doktorluq” iddiaçısı Canməmməd Rüstəmovun çoxsaylı səhvlərini, fərziyyələrini və plagiat işlərini üzə çıxarmaq bütövlükdə ŞAR-ın elmi fəaliyyətini gözdən salmaq imiş. Odur ki, barəsində verilmiş əmrdə yazılanlarla razılaşmır. Çünki iclasdan qabaq ərizə ilə ŞAR-ın rəhbərliyinə müraciət edərək səhhətilə əlaqədar Bakıya uzaq məsafəyə gedə bilməyəcəyini bildirmişdir. Digər tərəfdən isə “elmlər doktoru” iddiasına düşən Canməmməd Rüstəmovun yazdığı dissertasiyaya rəy və münasibətini isə yazılı şəkildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına (AAK) göndərmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli qeyri-səlahiyyətli iclasda deyəcək yeni sözü əslində yox idi, bütün fikirlərini rəydə yazmış və həmin rəyin surəti də baş direktor Namiq Cəlilovun əlində idi. Yazdığı haqlı və əsaslı rəyi onsuza da müzakirə edə bilərdilər və etdilər də. Bu həm də onu göstərir ki, ŞAR-ın baş direktoru Namiq Cəlilov heç bir elmi savadı olmayan Canməmməd Rüstəmova havadarlıq edir. Haqlı olduğuna görə bu işin yekununda AAK tərəfindən birinci dəfə 10 dekabr 2021-ci il tarixdə, ikinci dəfə isə 24 iyun 2022-ci il tarixdə iddiaçı C.N.Rüstəmovun “doktorluq” dissertasiyası üzrə müdafiə işinin ləğv olunması onu göstərdi ki, haqlıdır. Lakin haqq işi və düzgünlük Namiq Cəlilovu razı salmadığına görə o, işçiləri təhdid etməyi davam etdirir. Çünki o, çox qanunsuz əməllərlə məşğul olur. ŞAR-ın bütün infrastrukturunu məhv etmişdir və olan-qalanı da dağıtmaqla məşğuldur. Namiq Cəlilov həqiqi elmlə məşğul olanları xoşlamır və bu səbəbdən o, həqiqi elmlə məşğul olanları bir-bir ŞAR-dan işdən azad etmişdir və onun bu çirkin niyyətli əməli hazırda yenə davam edir. Bu iddia ərizəsinə əlavə etdiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci ildə adına açılmış tibbi anketin əsilində yazılanlardan görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə orada həkim müayinəsində olmuşdur. Həkim müayinəsi zamanı ona müalicə olunmağı üçün bülleten açılması məsələsi müzakirə edildi və bu məsələnin nəticəsini ertəsi gün xx.xx.2022-ci il tarixdə telefonla ona bildirəcəklərini dedilər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan bülletendə olacağı qabaqcadan tam bəlli olmadığına görə həmin gün səhər saat 09.00-da ŞAR-da iş tabelinə iş yerinə gəlməyi barədə imza etmişdir. Lakin üstündən heç bir dəqiqə keçməmiş Şamaxı RMX-dan telefonla zəng edib bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onun bülletendə olmağını təsdiq ediblər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən bülletendə olmağına dair ŞAR-ın dəftərxanasına yazılı şəkildə məlumat verərək dərhal iş yerindən ayrılıb evə getmişdir. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında ŞAR-ın dəftərxanasından e-mail (elektron poçt) ünvanına ona ŞAR-ın baş direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr göndərilmişdir. Bu iddia ərizəsinə daxil etdiyi bülletenin surətində yazılanlardan görünür ki, 2022-ci ildə iyulun 13-dən 28-dək bülletendə olmuşdur. Beləliklə, aşkar görünür ki, ŞAR rəhbərliyi, o cümlədən baş direktoru onun bülletendə olduğunu rəsmi qaydada bildikdən sonra, o, qəsdən bülletendə olduğu müddətdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Halbuki, ŞAR-ın baş direktoru Namiq Cəlilov xx.xx.2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının sözügedən qeyri-səlahiyyətli iclasında iştirak edə bilmədiyinə görə, ona 06-12 iyul 2022-ci il tarixlərində hər hansı töhmət verilməsini elan edə bilərdi. Lakin o, belə qanunsuz əməllərini bilə-bilə törədir və həm də deyir ki, o, respublikada heç kimdən qorxub çəkinmir və hər zaman dövlətimizin qanunlarını istədiyi kimi poza bilər və pozur da. O, bununla əslində hamıya qarşı əzələ nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi işçinin bülletendə olduğu müddətdə ona hər hansı inzibati tənbeh (şiddətli töhmət və s.) cəzası verilməsini qadağan edir. ŞARın baş direktoru N.S.Cəlilovun intizam qaydasında əsassız olaraq onu çox ciddi cəzalandırması haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. İxtisası üzrə peşəkar, təcrübəli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında haqsız olaraq artıq ikinci dəfə şəxsi işinə tikilməklə belə şiddətli, ağır inzibati tənbeh cəzası onun indiyədək qurduğu karyera və mənəviyyatına yaraşmayan dözülməz bir qara ləkədir. Kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizam və məhsuldar bir işci kimi tanınmış və indyədək heç vaxt inzibati tənbeh qaydasında cəzalanmamışdır. ŞAR-da əmək veteranıdır. Təqdim etdiyi sənədlərdən aşkar görünür ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzası ona bülletendə olduğu müddətdə verilmiş və bu əsasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Odur ki, ona verilmiş həmin şiddətli töhmət cəzası ləğv edilməlidir. Digər tərəfdən isə bu məsələdə günahkar olmadığına görə hesab edir ki, ŞAR-ın rəhbərliyi tərəfindən verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzası ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilov məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına X1 (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent X4 doktorluq dissertasiya ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 21 iyun 2022-ci il tarixli 04/06-6/183 nömrəli məktubu daxil olmuşdur. Bu məktubu əsas tutaraq ŞAR-ın baş direktoru AAK-a daxil olmuş dissertasiya işi ilə əlaqədar irad və nöqsanların (Sabir Əliyev, İddiaçı və Yanoş Məhərrəmov (Qeyd: Yanoş Məhərrəmov şərböhtana görə 2018-ci ildə ŞAR-dan işdən azad olunmuş və məhkəmə tərəfindən iki il islah cəzasına məhkum olunmuşdur)) araşdırılması məqsədilə 06 iyul 2022-ci il tarixdə ŞAR Elmi Şurasının genişləndirilmiş iclasının çağırılması haqqında əmr imzalamışdır. İclasın keçirilməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi müraciət olunaraq iclas zalı alınmışdır. Həmçinin iclasda müzakirəyə çıxarılmış məsələnin şəffaflığını və qərəzsiz olmasını təmin etmək məqsədilə tərəfindən AMEA və AAK rəhbərliyinə iclasda iştirak üçün nümayəndələrinin göndərilməsi ilə bağlı rəsmi dəvət məktubu göndərilmişdir. AAK-a dissertasiya işi ilə bağlı şikayət edən ŞAR əməkdaşı İddiaçı 04 iyul 2022-ci il tarixində ŞAR rəhbərliyinin imzası ilə iclasda iştirak etməsi üçün ona rəsmi bildiriş məktubu təqdim olunmuş, iclasın keçiriləcəyi yer, vaxt və iclasda iştirakını təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ilə təmin olunacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq o, üzrsüz səbəbdən iclasda iştirak etməmişdir. 52 nəfərin iştirakı ilə (o cümlədən, AMEA Fizika- Riyaziyyat və texnika Elmləri Bölməsinə daxil olan İnstitutlardan AMEA rəhbərliyi tərəfindən göndərilmiş nümayəndələr) baş tutmuş ŞAR Elmi Şurasının genişləndirilmiş iclasında iradlar, punktlar üzrə geniş müzakirə olunmuş, göstərilən iradlara iddiaçı Canməmməd Rüstəmov tərəfindən aydınlıq gətirilmiş, işlə bağlı 6 (altı) mütəxəssis rəyləri dinlənilmiş və yekdilliklə müvafiq qərarlar qəbul olunmuşdur. İclasın gedişatı, iclas iştirakçılarının razılığına əsasən video çəkilişlə baş tutmuşdur. X12 Əliyev, İddiaçı və Yanoş Məhərrəmovun ŞAR-ın dissertasiya şurasında təmsil olunan xarici mütəxəssislərə və dissertasiyaya rəy bildirən xarici opponentlərə (Rusiya Federasiyasından, Ukrayna, Gürcüstan və Özbəkistan Respublikalarından) ünvanladıqları məktublarda təhdidlər, Rəsədxananın imicinə ləkə vuran ifadələrin işlənməsi (əlavə olunur), həmçinin AAK nümayəndəsinə zəng edərək onun səsini yazaraq ictimailəşdirməsi iclas iştirakçıları tərəfindən qətiyyətlə pislənilmiş, bu məsələlərə hüquqi qiymətin verilməsi tələb olunmuşdur. Deyilənləri nəzərə alaraq ŞAR əməkdaşı İddiaçı 06 iyul 2022-ci il tarixdə 52 nəfərin iştirakı ilə baş tutmuş ŞAR Elmi Şurasının genişləndirilmiş iclasında müzakirəyə çıxarılmış məsələdə birbaşa aidiyyəti şəxs olmasını və ŞAR rəhbərliyinin bildirişinin ona rəsmi təqdim edilməsinə məhəl qoymayaraq üzrsüz səbəbdən iştirak etməməsini, bununla da müəssisənin daxili nizam-intizamını ciddi şəkildə pozduğunu nəzərə alaraq ŞAR-ın baş direktorunun 13 iyul 2022-ci il tarixdə imzaladığı əmrlə ona şiddətli töhmət verilmişdir. ŞAR-ın baş direktorunun onunla bağlı şiddətli töhmət verməsi haqqında imzaladığı əmrlə tanış olması üçün 13 iyul 2022-ci il tarixində iş günün birinci yarısında İddiaçı kadrlar şöbəsinə dəvət olunmuş, əmrin məzmununu bildikdən sonra əmri qəbul etməkdən imtina etmişdir. Saat 11:30-12:00 radələrində o, yenidən kadrlar şöbəsinə yaxınlaşaraq bülletendə olduğu haqqında ərizəsini təqdim etmişdir. Həmin hadisələr kadrlar şöbəsi tərəfindən aktlaşdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində işə gəlməsi və getməsi barədə müşahidə kamerasının yazıları, həmçinin rəsmi tabel kitabında işə gəlməsi ilə əlaqədar şəxsi imzası vardır. Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-89/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Natiq İsmayılov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-89/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına daxil edilmiş bülletendən görünür ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək stasionar müalicədə olmuşdur. Odur ki, ŞAR-ın rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan başlayaraq xx.xx.2022-ci il tarixinədək onun bülletendə olduğu hesab edilmiş və buna uyğun olaraq xəstəlik bülleteni üzrə bütün əmək haqqı hesablanmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə ona müdiriyyət tərəfindən hər hansı inzibati tənbeh cəzası verilməsi tam qanunsuz hərəkətdir. Qeyd edir ki, onun xx.xx.2022-ci il tarixdə günün səhər vaxtı iş tabelinə imza etməyi onun işdə olmağına dair əsas hesab edilə bilməz. Şamaxı Rayon Məhkəməsi iş üzrə qət etdiyi qətnaməsində onun xx.xx.2022ci il tarixində səhər saat 09.00-dan etibarən bülletendə olduğu müddətdə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzasının qanunsuz və əsassız olması halını nəzərə almadan iddia tələbini təmin etməmişdir. Belə ki, o, ixtisası üzrə peşəkar, təcrübəli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında haqsız olaraq artıq ikinci dəfə şəxsi işinə tikilməklə belə şiddətli, ağır inzibati tənbeh cəzası onun indiyədək qurduğu karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı və məhsuldar bir işci kimi tanınmış və indiyədək heç vaxt inzibati tənbeh qaydasında cəzalanmamışdır. O, həm də ŞAR-da əmək veteranıdır. Təqdim etdiyi sənədlərdən aşkar görünür ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzası ona bülletendə olduğu müddətdə verilmiş və bu əsasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Odur ki, ona verilmiş həmin şiddətli töhmət cəzası ləğv edilməlidir. Əksinə o, bu məsələdə günahkar olmadığına görə hesab edir ki, ŞAR-ın rəhbərliyi tərəfindən ona verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzası ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə AR Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə əlavə etdiyi tibbi sənəddə - Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci ildə onun adına açılmış tibbi anketin əslində yazılanlardan görünür ki, o, həqiqətən də xx.xx.2022-ci il tarixdə orada həkim müayinəsində olmuşdur. Həkim müayinəsi zamanı ona müalicə olunmağı üçün bülleten açılması məsələsi müzakirə edilmiş və bu məsələnin nəticəsini ertəsi gün xx.xx.2022-ci il tarixdə telefonla ona bildirəcəklərini dedilər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan bülletendə olacağı qabaqcadan tam bəlli olmadığına görə həmin gün səhər saat 09.00-da ŞAR-da iş tabelinə iş yerinə gəlməyi barədə imza etmişdir. Lakin üstündən heç bir-iki dəqiqə keçməmiş Şamaxı RMX-dan telefonla zəng edib bildirdilər ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onun bülletendə olmağını təsdiq ediblər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən bülletendə olmağına dair ŞAR-ın dəftərxanasına yazılı şəkildə məlumat verərək dərhal iş yerindən ayrılıb evə getmişdir. Həmin gün – yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında ŞAR-ın dəftərxanasından onun e-mail (elektron poçt) ünvanına ŞAR-ın baş direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr göndərilmişdir. İddia tələbi üzrə iş materiallarına daxil etdiyi bülletenin surətində yazılanlardan görünür ki, o, 2022-ci ildə iyulun 13-dən 28-ədək bülletendə olmuşdur. Beləliklə, aşkar görünür ki, ŞAR-ın rəhbərliyi onun bülletendə olduğunu rəsmi qaydada bildikdən sonra qəsdən bülletendə olduğu müddətdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Halbuki, ŞAR-ın baş direktoru Namiq Cəlilov xx.xx.2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının sözügedən qeyri-səlahiyyətli iclasında iştirak edə bilmədiyinə görə, ona 06-12 iyul 2022-ci il tarixlərində hər hansı töhmət verilməsini elan edə bilərdi. Lakin o, belə qanunsuz əməllərini bilə-bilə törədir və həm də deyir ki, o, respublikada heç kimdən qorxub çəkinmir və hər zaman dövlətimizin qanunlarını istədiyi kimi poza bilər və pozur da. O, bununla əslində hamıya qarşı əzələ nümayiş etdirmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi işçinin bülletendə olduğu müddətdə ona hər hansı inzibati tənbeh (şiddətli töhmət və s.) cəzası verilməsini qadağan edir. Əgər ŞAR-ın rəhbərliyi onu xx.xx.2022-ci il tarixdə işdə olmuş hesab etsəydi, bu zaman təqdim etdiyi bülleten əsasında xx.xx.2022-ci il tarixinə bütün iş gününə uyğun əmək-haqqı hesablanmamlıydı və müdiriyyət bu məsələni mübahisələndirməliydi - ən azından ŞAR-ın baş direktoru xx.xx.2022-ci il tarixində günün birinci yarısını onu işdə, ikinci yarısını isə bülletendə olmağını hesab edərdi və əmək haqqıları da ona uyğun hesablanardı, lakin bu baş verməmişdir. Göründüyü kimi ŞAR-ın rəhbərliyi xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onu bülletendə hesab edib təqdim etdiyi bülletenə uyğun əmək-haqqını hesablayıb ödətdirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Şamaxı AMEA N.Tusi adına ŞAR-ın direktoru Namiq Cəlilovun 13 iyul 2022-ci il tarixli, 139 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ŞAR-ın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi f.-r.e.n., İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) tutduğu vəzifədən azad olunacağının işçinin nəzərinə çatdırılması, işçinin əmrin mətni ilə tanış edilməsi, şiddətli töhmət barədə əmrin çıxarışının İddiaçı şəxsi işinə tikilməsi, əmrin icrasına nəzarətin ŞAR-ın icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılova tapşırılması əmr edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kəskin respirator xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli aktdan görünür ki, ŞAR-ın baş direktoru N.S.Cəlilovun 13 iyul 2022-ci il tarixli 139 nömrəli imzaladığı əmrlə tanış etmək üçün “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi İddiaçı kadrlar şöbəsinə dəvət etmişlər. İddiaçı kadrlar şöbəsinə gəlmiş, əmrin surəti təqdim olunmuş, bir az oxuduqdan sonra surətini qəbul etməkdən imtina etmişdir. Az müddət keçdikdən sonra ərizə təqdim etmiş və izahını vermişdir ki, xəstə və bülletendə olduğunu nəzərə alaraq əmri qəbul edə bilməz. xx.xx.2022-ci il tarixində İddiaçı tabel kitabında “işə gəlmə” imzası vardır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı bu nəticəyə gəlinmişdir ki, 06 iyul 2022-ci il tarixdə ŞAR Elmi Şurasının genişləndirilmiş iclası keçirilmiş, həmçinin iclasda iştirak etməsi üçün İddiaçı rəsmi bildiriş məktubu təqdim olunmuş, iclasın keçiriləcəyi yer, vaxt və iclasda iştirakını təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ilə təmin olunacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq o, iclasda iştirak etməmişdir. İddiaçı müəssisənin daxili nizam-intizamını ciddi şəkildə pozduğu əsas götürülərək ŞAR-ın baş direktorunun 13 iyul 2022-ci il tarixli əmri ilə ona şiddətli töhmət verilmişdir. İddiaçı 13 iyul 2022-ci il tarixdə işə gəlmiş və tabel kitabının işə gəlmə qrafasını imzalamışdır. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 187-ci maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edildi ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent X4 doktorluq dissertasiya ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 21 iyun 2022-ci il tarixli 04/06-6/183 nömrəli məktubu X3 daxil olmuş, bu məktub əsasında X1 baş direktoru dissertasiya işi ilə əlaqədar irad və nöqsanların araşdırılması məqsədilə 06 iyul 2022-ci il tarixdə ŞAR Elmi Şurasının genişləndirilmiş iclasının çağırılması haqqında əmr imzalamış, iclasın keçirilməsi ilə bağlı X1 əməkdaşı İddiaçı 04 iyul 2022-ci il tarixində Rəsədxananın rəhbərliyinin imzası ilə iclasda iştirak etməsi üçün rəsmi bildiriş məktubu təqdim olunmuş, iclasın keçiriləcəyi yer, vaxt və iclasda iştirakını təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ilə təmin olunacağı qeyd edilmişir. xx.xx.2022-ci il tarixdə 52 nəfərin iştirakı ilə X1 Elmi Şurasının genişləndirilmiş iclası baş tutmuş, lakin İddiaçı həmin iclasda iştirak etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 52 nəfərin iştirakı ilə (o cümlədən, AMEA Fizika-Riyaziyyat və texnika Elmləri Bölməsinə daxil olan İnstitutlardan AMEA rəhbərliyi tərəfindən göndərilmiş nümayəndələr) baş tutmuş X1 Elmi Şurasının genişləndirilmiş iclasında müzakirəyə çıxarılmış məsələdə birbaşa aidiyyatı şəxs olmasını və X1 rəhbərliyinin bildirişinin ona rəsmi təqdim edilməsinə məhəl qoymayaraq üzrsüz səbəbdən iştirak etməməsini bununla da müəsissəsinin daxili nizam-intizamını ciddi şəkildə pozması nəzərə alınaraq Şamaxı AMEA N.Tusi adına ŞAR-ın direktoru Namiq Cəlilovun 13 iyul 2022-ci il tarixli, 139 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ŞAR-ın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə həmçinin müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsində olmuş, həkim müayinəsi zamanı ona müalicə olunmağı üçün bülleten açılması məsələsi müzakirə edilmiş və bu məsələnin nəticəsinin ertəsi gün yəni xx.xx.2022-ci il tarixdə telefonla ona bildiriləcəyi deyilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan bülletendə olacağı qabaqcadan məlum olmadığına görə həmin gün səhər saat 09.00-da X2 iş yerinə gəlməyi barədə iş tabelinə imza etmiş, lakin bir neçə dəqiqə sonra Şamaxı RMX-dan ona telefonla zəng edilərək xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onun bülletendə olduğu təsdiq olunmuş və o, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən bülletendə olmağına dair ŞAR-ın dəftərxanasına yazılı şəkildə məlumat verərək iş yerindən ayrılmış, sonradan həmin gün – yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında ŞAR-ın dəftərxanasından onun e-mail (elektron poçt) ünvanına ŞAR-ın baş direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr göndərilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 baş direktoru X8 tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 139 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin ləğv edilməsini, qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hissəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuyu qanunvericiliklə verilən hüquqdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi qaydalarını müəyyən edən 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə, eləcə də iş materiallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” inzibati tənbehi verilərkən ondan yazılı izahatının verilməsi tələb edilməmiş, işçidən yazılı izahat alınmamışdır. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan halına Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından heç bir hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “intizam tənbehinin verilməsi şərtləri” adlanan 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kəskin respirator xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kəskin respirator xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş işçi statusunda olsa da, ona X1 baş direktoru X8 tərəfindən elan edilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi barədə əmri xx.xx.2022-ci il tarixdə, yəni İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində verilmişdir bu da Əmək Məcəlləsinin 189-cu maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulduğundan X1 baş direktoru X5 həmin Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi Şirin Şirinalı oğluna “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 139 nömrəli əmri ləğv olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “işəgötürənin cəzalandırılması” hissəsini əsaslı hesab etmədiyindən təmin edilməməsi qənaətinə gəlir. Belə ki, cavabdeh tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması, iddiaçıya münasibətdə hər hansı qərəzçiliyə və ya ayrı seçkiliyə yol verilməsi nəticəsinə gəlməyə əsas vermir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur və iddia qismən təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-89/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalı, X1 baş direktorunun həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 139 nömrəli əmri ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-89/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. X1 baş direktorunun həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 139 nömrəli əmri ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar