Məhkəmə qərarları › İş №2(105)-831/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-831/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-831/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı Ərizəçi, onun nümayəndəsi Vəkil, cavabdeh Maraqlı şəxs2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun ölümündən sonra qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü sayaraq uzadılması, atasından miras qalmış Quba rayonu, Qələdüz kəndində yerləşən evlərin, Torpağa mülkiyyət hüququna dair JN0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN-043A seriyalı, kod 30318038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların ailəsi beş nəfərdən ibarət olmuşdur. X1 xx.xx.2008-ci ildə, anası X9 xx.xx.1996-cı ildə, qardaşı X7 isə xx.xx.2000-ci ildə vəfat etmişlər. X2 isə sağdır. Atası 2007-ci ilin noyabr ayında xəstə olmuş və onun Bakıdakı evində yataq şəraitində müalicə almışdır. 2008-ci ildə qızı Ləman qəflətən vəfat etmiş və o, məcbur qalıb atasını da götürüb Quba rayonu, Qələdüz kəndində gəlmişdir. Dəfn mərasimləri bitdikdən sonra atası Bakı şəhərinə qayıtmaq istəməmişdir. Qızının vəfat etməsi, atasının xəstə olması və Bakıya qayıtmaq istəməməsi onu çıxılmaz vəziyyətə salmışdır. Bu səbəbdən həyat yoldaşı Bakı şəhərindəki evlərinə qayıtmış, o isə, kənddə atasının yanında qalmışdır. xx.xx.2008-ci ildə atası vəfat etmiş və həmin vaxta kimi ona qulluq etmişdir. Atası vəfat etdikdən sonra ondan miras olaraq 1959-cu ildə satın aldığı Quba rayonu, Qələdüz kəndində yerləşən iki mərtəbəli ev, həmin evin yanında 0,20 ha torpaq sahəsində 1986-cı ildə tikdiyi iki mərtəbəli ev, Torpağa mülkiyyət hüququna dair JN- 0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsi və 1991-1994-cü illərdə banka qoyduğu 80.000 rubl pul vəsaiti qalmışdır. Həmin əmlaklarla bağlı mübahisələr hələ atasının sağlığında, 2003-cü ildən qardaşı Cəfər Fərzəliyevin vərəsələri Mirzə və Şölə Fərzəliyevlər tərəfindən başlanmışdır. Atası mirasın yarısını ona, yarısını isə Mirzəyə vermək istəmişdir. O, ölənə kimi öz iradəsindən dönməmişdir. Atası 2006-cı ildə sovet pasportunu şəxsiyyət vəsiqəsinə dəyişmək üçün təhvil vermişdir. Mirzə və Şölə həmin şəxsiyyət vəsiqəsini və evin digər sənədlərini gizlədərək, atasının son iradəsini həyata keçirməsinə mane olmuşlar. Atasının vəfatından sonra onun bütün yas mərasimlərinin xərcini o, çəkmiş, evdə təmir-bərpa işləri aparmış, torpaq sahəsini əkib-becərmiş və kommunal xərcləri ödəmişdir. Beləliklə o, mirası faktiki olaraq qəbul etmişdir. Dəfn üçün müəyyən edilmiş müavinəti də o almışdır. Atasından miras qalmış, bankda olan əmanət pullarını almaq üçün ona xx.xx.2012-ci ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsə də, sonradan notariat kontoruna müraciət etdikdə heç bir sübut tələb etmədən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Cavabdehin təqsiri üzündən müvafiq sənədlər onda olmadığından və qanunun tələblərini bilmədiyindən mirasın qəbulu üçün vaxtında notariat organına müraciət etməmişdir. 2012ci ildən etibarən miras əmlakla əlaqədar məhkəmə mübahisləri olmuş, bu müddət ərzində saxta vəsiyyətnamə üzə çıxmış və məhkəmə çəkişmələri 2018-ci ilin sonunadək davam etmişdir. Vəsiyyətnamə atasının ağır xəstə olduğu vaxta təsadüf edir, onun kötüyü arxiv sənədlərində aşkar edilmir, o latın əlifbası ilə yazılsa da, vəsiyyət edənin adı və soyadı kiril əlifbası ilə yazılmışdır. Bu da onun saxta olmasına dəlalət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı Ərizəçi Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, apellyasiya şikayətimin təmin olunaraq, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsini ləğv edərək, iddiamın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı halları aydınlaşdırmamışdır: 1. X4 24 dekabr 2008-ci ildə vəfat etmişdir. Onun ölümdən sonra ondan qalmış miras əmlak olan bankda olan əmanət puluna dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş reyestrdə 2V/02-1935 saylı qeyd edilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunla mirasın bir hissəsinin qəbulu mirasın digər hissəsinin qəbulu sayılır. Buna baxmayaraq onun mirası qəbul etməməyi nəticəsinə gəlmişdir. Atasından qalmış miras əmlak olan torpaq sahəsinə dair vergiləri ödəmiş, atasının dəfn xərcini çəkmişdir. Bu sübutları işin faktiki halları ilə araşdırmamışdır. Atasından qalmış digər miras olan Quba rayonu Qələdüz kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Quba rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin bundan əvvəl atasından qalmış miras əmlak olan bankdakı əmanət pulu ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verən Quba rayon Notariat Kontorunun Notariusu Zaur Dəmirov bu dəfə ona atasından qalmış digər miras əmlaklar haqqında vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən 25 aprel 2013-cü il tarixli qərarla imtina etmişdir. Həmin imtinanın əsassız olub-olmamasını araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Maraqlı şəxs2 nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni iddiaçı mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına və mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır (Mülki Prosessual Məcəllənin 37.1. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bir sıra hallar mövcuddur ki, həmin hallarda iddia tələbi cavabdehin deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərizəçinin olduğu yerə görə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi faktın müəyyən olunması barədə tələbə iddia icraatı qaydasında baxaraq qərar qəbul etmişdir. Lakin ərizənin aidiyyət qaydalarına riayət edilmədən verilməsinə diqqət yetirməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqi faktların müəyyən olunması barədə tələb ərizəçinin qeydiyyatda olduğu yerə görə verilməlidir. İşdən görünür ki, həm iddiaçı Ərizəçi, həm də cavabdeh Maraqlı şəxs2 ünvan 1 ünvanda qeydiyyatdadırlar. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan iddia tələbi ilə maraqlı şəxsin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə maraqlı şəxsin olduğu yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1. maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğu halda, Quba Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 402.2.5 maddəsi) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar