Məhkəmə qərarları › İş №2(105)-834/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-834/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-834/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X38 və X4 ibarət tərkibdə, X39 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Mansurov X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X5 cəlb edilməklə) qarşı mənzilə köçürmə və birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4327/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008 ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X10 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 180,0 manat olmaqla, ümumilikdə 540,0 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. İş materiallarında olan evdə yaşayan vətəndaşların yazılışından ötrü ev dəftərindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin sahibi Bəşir Mansur oğludur və qeyd edilən evdə yaşayan vətəndaşların siyahısı aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1958-ci il təvəllüdlü X11, xx.xx.1956-cı il təvəllüdlü X6, xx.xx.1965-ci il təvəllüdlü X12, xx.xx.1948-ci il təvəllüdlü İbrahim Bəşir oğlu, xx.xx.1982-ci il təvəllüdlü Mahirə, xx.xx.1951-ci il təvəllüdlü Əliyeva Xatirə qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1984-cü il təvəllüdlü X14.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları-xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X24 ilə birlikdə ünvan 1 ünvanında hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülmələri və birlikdə "xxxx" ASC-dən onun adına götürdükləri pulun qalanını, yəni 1000 manat kredit məbləğinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən onun adına götürülmüş pulun ödənilmiş hissəsindən 600 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X24 adlı üç övladı doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onların aralarında olan nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsi ilə pozulmuşdur. O, ailə qurarkən Abşeron rayonu, Məmmədli kəndinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ünvan 1 ünvanında yerləşən, yəni gəlin gəldiyi evi genişləndirmək qərarına gəlmişdirlər. O, ailə qurandan sonra həmin evdə əlavə olaraq 2 otaq, hamam, tualet inşa etdirmişlər. Hətta anası evdə əlavə otaqların tikilməsində onlara maddi cəhətdən köməklik etmiş, bunun üçün təxminən 1000 ABŞ dolları və 500 ABŞ dolları məbləğində pul göndərmişdir. Qeyd edir ki, həmin evin artırılmasına səbəb onunla cavabdehin nikahda olmaları və birgə nikahdan övladlarının olmasıdır. Belə ki, əgər cavabdeh ilə nikah olmasa idi, 5 nəfərlik ailəyə 2 otaqlı ev çox dar olardı. O, sözügedən ünvanda yerləşən evdə 2024-cü ilin yanvar ayının axırına kimi yaşamışdır. Lakin münasibətləri kəskinləşdiyindən cavabdeh onu uşaqlarla birlikdə evdən qovmuşdur, sonra evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamışdır. Cavabdeh ona uşaqları ilə istədiyi yerdə yaşamasını, evlənəcəyi üçün onun bu evdə yaşamalı olmadığını bildirmişdir. Hazırki tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Həmçinin o, övladları ilə birlikdə sözügedən ünvanda, 18 ildən çoxdur ki, yaşamışdır. Bundan başqa onlar birgə nikahda olan zaman, təxminən 2-3 il əvvəl cavabdeh onun adına "xxxx" ASC-dən 3 il müddətinə 3000 manat pul götürmüşdür və cavabdeh ilə ayrı yaşadıqları vaxtdan indiyədək o, həmin borc məbləğini ayda 125 manat olmaqla ödəyir. Belə ki, Cavabdeh bankdan götürdüyü pulu əxlaqsız qadınlar üçün xərcləyir. Hesab edir ki, birgə nikah dövründə kredit götürülürsə, onda həm o, həm də cavabdeh həmin məbləği ödəməlidirlər. Cavabdeh pulu ödəməkdən imtina edir və həmin kredit məbləği onun adına götürüldüyündən onun əmək haqqından çıxılır. Onun oğlu cavabdehin onu "xxxx" ASC-yə güclə apardığına və kredit götürməsinə məcbur etdiyinə şahiddir. Cavabdeh vaxtilə övladlarını döymüşdür. Bildirir ki, o, gəlin gələndə hazırda köçürülməsini istədiyi fərdi yaşayış evi köhnə kitabçaya əsasən qayınatası X9 atasının adına olmuşdur. İkimərtəbəli olan sözügedən ev ümumi sahəsi 10 sotdan çox olan torpaq sahəsi üzərində inşa edilmişdir, hazırda həmin evdə qayınatası, qayınanası, keçmiş həyat yoldaşı yaşayır və onlar əvvəl birinci mərtəbədə yaşamış, daha sonra isə ikinci mərtəbədə qalmışlar. Birinci mərtəbə 3 otaqdan ibarətdir və təmirsiz vəziyyətdədir. O, mübahisə predmeti olan fərdi yaşayış evində övladları ilə yaşamaq üçün iki otaq istəyir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddiaçının izahatına uyğun izahat verərək bildirmişdir ki, tərəflər xx.xx.2005-ci il tarixdə ailə həyatı qurmuşlar, iddiaçı Rizvani X26 rayonu, Məmmədli kəndi, Ə.Bayramlı küçəsi, ev 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan 3 övladı vardır və iddiaçı 18 il müddətində sözügedən fərdi yaşayış evində yaşamışdır. Evin otaqları tərəflər evləndikdən sonra artırılmışdır. Cavabdeh uşaqları döymüş, İddiaçı isə təhqir edərək evdən qovmuşdur. Cavabdeh mütəmadi olaraq iddiaçını təhqir edir, iddiaçının anasına zəng edərək hədə-qorxu gəlir. Sonuncu dəfə Cavabdeh İddiaçı işlədiyi məktəbə daxil olaraq iddiaçını hədələmişdir. Birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X15 atası olan Cavabdeh özü ilə aparmışdır və uşaq hazırda iddiaçının köçmək istədiyi evdə yaşayır. Tərəflər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsinə əsasən boşanmışdırlar. Hazırda birgə nikahdan olan 2 uşaq iddiaçı ilə, 1 uşaq isə cavabdeh ilə qalır. Cavabdeh iddiaçının yanında qalan övladları ilə maraqlanmır. İddiaçı vaxtilə ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır və fərdi yaşayış evinin damı üçün 1000 ABŞ dolları xərc çəkilmişdir. İddiaçının sözügedən evdən istifadə hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o, iddiaçının iddia tələbində qeyd edilən evə köçməsinə razı deyildir, belə ki, İddiaçı köçmək istədiyi fərdi yaşayış evi onun babasının adına olmuş, daha sonra babasından atasına miras qalmışdır. Ev hələ onunla İddiaçı ailə qurmazdan illər əvvəl, təxminən 1930-1940-cı illərdən babasının mülkiyyətində olmuş, 1979-1980-ci illərdə isə atası evdə iki otaq tikdirmişdir. İddiaçı gəlin gələnədək ev hazır vəziyyətdə və 4 otaqdan ibarət olmuş, iddiaçı ilə evləndikdən sonra atası evin iki otağını ona vermişdir, həmçinin ailə qurduqdan sonra evdə artırma olmamışdır. Əvvəllər anası sözügedən evin birinci mərtəbəsində yaşamış, evi təmir etdirdikdən sonra isə yuxarı mərtəbəyə köçmüşlər. Boşanmazdan bir il əvvəl onun borcu olduğu üçün "xxxx" ASC-dən, "xxxx" ASC dən kredit götürmüş və anbar tikdirmişdir. O, rəsmi olaraq 890 manat məbləğində əmək haqqı alır, "xxxx" ASC-dən götürdüyü kredit məbləği üzrə yaranmış borcunu ödəmək üçün iddiaçıya 500 manat məbləğində pul vermiş, daha sonra borca görə iddiaçının kartına ödənişlər etmiş, hətta borcun ödənilməsini təmin etmək məqsədilə maaş kartını da verməyə hazır olmuşdur. Bildirir ki, o, qızını tənbeh etmiş, daha sonra iddiaçı incidiyi üçün qızını da özü ilə götürərək evdən getmişdir. İddiaçı iş yoldaşlarının yanında ona və ailəsinə diz çökdürəcəyini demişdir. Bu səbəbdən hesab edir ki, bu iş iddiaçı tərəfindən pul üçün qurulmuşdur. Bundan əlavə bildirir ki, onun həyat yoldaşı ilə barışmaq üçün əlindən gələni etməsinə, oğullarının onların boşanmalarını istəməməsinə baxmayaraq iddiaçı ondan boşanmaq istəmiş və aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı ondan məqsədli şəkildə ayrılmaq istəmişdir və ona zorakılıq edildiyini bildirsə də hesab edir ki, zorakılığa məruz qalmış qadın ona şiddət göstərən adamı görmək istəməz. Onların birgə nikahdan 3 uşağı vardır, uşaqlardan biri onun yanında, digər iki uşaq isə iddiaçının yanında qalır. Onun yanında yaşayan övladı öz istəyi ilə onunla qalmış, lakin iddiaçı müvafiq polis orqanına şikayət edərək övladını qaçırdıqlarını bildirmişdir. İddiaçı övladına şillə vurmuş, övladı isə dözə bilməyərək onun yanına gəlmişdir. Onunla qalan övladının onun himayəsinə verilməsi barədə məhkəməyə müraciət etmişdir. O, "xxxx" ASC-yə olan kredit borcuna görə 2024-cü ilin yanvar və fevral ayları üzrə ödəniş etsə də mart ayından etibarən ödəniş etməməyə başlamışdır. Qeyd edir ki, o, "xxxx" ASC-yə ödəniləcək məbləğin 600 manat hissəsini qəbul edir, lakin qeyd edilən məbləği nağd olaraq verə bilməyəcəkdir. Çünki o, hər ay uşaqlarının saxlanması üçün 540 manat sabit pul məbləğində aliment, "xxxx" ASC-yə olan borcuna görə 600 manat, "xxxx" ASC-yə olan borcuna görə isə 300 manat pul ödəyir. Odur ki, o, "xxxx" ASC-dən götürülən pulun ödənilməsi ilə bağlı 600 manat məbləğində pulun iddiaçıya ödənilməsinə razı olduğunu, iddia tələbini bu hissədə qəbul etdiyini, bunun yekun məhkəmə aktı qəbul edilərkən nəzərə alınmasını xahiş etdi və məhkəməyə bununla bağlı ərizə təqdim etmişdir.

8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev ona atasından miras qalmışdır və doğulduğundan bəri həmin evdə yaşayır. İddiaçı 2005-ci ildən sonra gəlin gəlmişdir və evi iddiaçı deyil, o və qardaşı təmir etmişlər. Onlar evi əvvəlcə yüngülvari, gəlin köçdükdən sonra isə əsaslı olaraq təmir etmiş, hamam və tualet tikdirmişlər. İddiaçı tərəfindən evdə heç bir təmir işi görülməmişdir.

9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı köçmək istədiyi ev vaxtilə onun qayınatasının olmuşdur və həmin evdə onların iki qız övladı yaşamışdır. Onlar keçmiş gəlini olan İddiaçı ilə birgə evin ikinci mərtəbəsində yaşamış, birinci mərtəbədə isə heç vaxt qalmamışlar. Çünki evin zirzəmisi çox dar və rütubətli olmuş, həmçinin orada yaşamağa şərait yoxdur. Onlar iddiaçıya qarşı pis rəftar etməmiş, əksinə iddiaçı evi tərk etdikdən sonra onun dalınca gedərək xəbər göndərmiş, lakin o, həyatında dinclik olmasını istədiyini bildirmişdir. Hesab edir ki, iddiaçı onlardan qisas almağa çalışır, belə ki, evdə yaşadığı müddət ərzində iddiaçı heç vaxt yaşam tərzindən şikayət etməmişdir. Hətta onun anası da barışıq əldə olunması üçün iddiaçının yanına getmiş, lakin bunun bir nəticəsi olmamışdır. İddiaçı sözügedən evi özü tərk etsə də hazırda evdə ağalıq etmək istəyir. Odur ki, o, iddiaçının onların yaşadığı evə köçürülməsinə razı deyildir.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-4327/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərərk, Cavabdeh 600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X24 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi sübutların tədqiqatı zamanı müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olduqları tarixdən, yəni xx.xx.2005-ci il tarixdən Cavabdeh babası Bəşir Mansur oğluna məxsus olmuş, sonra isə cavabdehin atasımüstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2024-cü ilin yanvar ayınadək yaşamışdır. 2024-cü ildə iddiaçı Rizvani X26 rayonu, Məmmədli kəndi, Ə.Bayramlı küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evini tərk etmiş və tərəflər arasında olan nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1769/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında vaxtilə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini genişləndirmək məqsədilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına 2 otaq, hamam və tualet inşa etdirdiyini, həmçinin iddiaçının vəkili-nümayəndəsi sözügedən evin damının təmiri üçün iddiaçı tərəfindən 1000 ABŞ dolları xərc çəkildiyini bildirsə də iddiaçı tərəf qeyd edilən halların baş verdiyini sübut edə bilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan evdə yaşayan vətəndaşların yazılışından ötrü ev dəftərindən göründüyü kimi İddiaçı köçmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi vaxtilə Cavabdeh babası Bəşir Mansur oğlu olmuş və qeyd edilən evdə yaşayan vətəndaşların siyahısı aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1958-ci il təvəllüdlü X11, xx.xx.1956-cı il təvəllüdlü X6, xx.xx.1965-ci il təvəllüdlü İmanquliyeva Oktay qızı, xx.xx.1948-ci il təvəllüdlü İbrahim Bəşir oğlu, xx.xx.1982-ci il təvəllüdlü Mahirə, xx.xx.1951-ci il təvəllüdlü Əliyeva Xatirə qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1984-cü il təvəllüdlü X14. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X13 məxsusdur və iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallar müəyyən edilmir.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında münasibətlər mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 2005-ci ildə gəlin köçdüyü tarixdən yarandığından qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.

13. İş materiallarından göründüyü kimi tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı adına "xxxx" ASC-də hesab açılmış, daha sonra iddiaçı 3 il müddətinə 3000 manat məbləğində kredit götürmüş və borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabatdan göründüyü kimi İddiaçı GTKR4671716A123 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1422,29 manat məbləğində borcu vardır. Cavabdeh məhkəmə iclasında iddia tələbini bu hissədə qəbul etdiyini, sözügedən pul məbləğinin 600 manat məbləğində hissəsinin İddiaçı qaytarılmasına etiraz etmədiyini bildirdiyindən məhkəmə hesab edir ki,yuxarıda qeyd olunan maddi hüquq normalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən Cavabdeh 600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gostərilən hallari sadalamaqla, səhvən, və ya bilərəkdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin məhs X32 oqluna məxsus olduğu və iddiacının hal hazirda mübahisəli evə köçürülməsinə əsas verən hallari müəyyən etməmsi qərarına gəlmişdir. Belə ki, adı gedən fərdi yaşayış evi rəsmi qaydada Balarəhim Mansurovun mülkiyyətinə keçməmişdir. Bundan başqa evdə yaşayan vətəndaşlarin yazılışından otrü ev dəftərində olan yazıdan aydin olur ki, evin sahibi Bəşir Mansur oğludur (o, isə 10 illər oncə vəfat etmişdir) qeyd edilən evdə yaşayan vətəndaşların siyahısında qeyd edilmişlərdən: xx.xx.1958-ci il il təvəllüdlu X28 oqlu (cavabdehin əmisidir bir həyətdə yaşasalarda evləri ayridir), xx.xx.1956-cı il təvəllüdlü X6 (cavabdehin anasidir), xx.xx.1965-ci il təvəllüdlü İmanquliyeva Oktay qızının (kimliyi məlum olmayaraq harada yaşamasıda məlum deyil, faktiki olaraq həmin ünvanda və evdə yaşamir), xx.xx.1948-ci il təvəllüdlü İbrahim Bəşir oğlu (cavabdehin əmisidir, həmin kəndin digər hissəsində fərdi evi var, adı gedən ev dəftərində adı qalsa da belə mübahisəli evdə yaşamir və həmin evin ona aidiyyəti yoxdur), xx.xx.1982-ci il təvəllüdlü Mahirə (Cavabdehin əmisi qızı olmaqla valideyinləri ilə birgə ayrılıqda yaşayir, mübahisəli evə heç bir aidiyyəti yoxdur), xx.xx.1951-ci il təvəllüdlu Əliyeva Xatirə (eyni qaydada cavabdehin əmisi qizı olmaqla digər unvanda yaşayır və mübahisəli evə aidiyyəti yoxdur), xx.xx.1980cı il təvəllüdlü Cavabdeh oqlu, xx.xx.1984-cü il təvəllüdlü X14 (cavabdehin bacısıdır, ailəli olmaqla Sumqayit şəhərində yaşayir). Göründüyü kimi mübahisəli evdə faktiki olaraq Mansurov Balarəhim, onun həyat yoldaşi X21 qizı və Cavabdeh yaşayırlar. Göstərilən bu xüsusatlar da məhkəmə tərəfindən araşdırılmayaraq heç biq hüquqi əhəmiyyət kəsb etməyən keçən əsrin ortalarına aid olan sənəd-Evdə yaşayan vətəndaşların yazılışından ötrü Ev dəftəri əsas götrülərək iddiaçının hal-hazırda mübahisəli evə köşürülməsinə əsas verən halları müəyyən edə bilməmiş və qeyri obyektiv qətnamə qəbul etmişdir. İddiaçının həmin mənzildə yaşadığı müddət ərzində anasının vəsaiti hesabına yenidən qurma və təmir-tikinti işləri aparılmışdır və bu evin qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına səbəb olmuşdur. Həmin vəsaitin iddiaçının anasına məxsus olması məhkəmədə təsdiqini taşmışdır. Bu o deməkdir ki onların birgə qazancına daxil deyil və iddiaçıya məxsusdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iddiaçının şəxsi vəsaiti hesabına evdə aparılan təmir-tikinti və yenidən qurma işlərinin aparılması məhkəmədə cavabdehin etirafı ilə sübut olunmasına baxmayaraq məhkəmə buna hüquqi qiymət verməməklə yanlış qətnamə qəbul etmişdir. Beləliklə, göründüyü kimi, tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olduğunu göstərir. Eləcədə, qeyd edilən qərar yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla biləcəyini vurğulayaraq, mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasını və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsini məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qərəzli hərəkətlərinin olub olmamasını araşdırmamıış, göstərilənlərlə bağlı xüsusatı tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4327/2024 saylı qətnaməsinin “Mənzilə köçürmə” hissəsi qeyri-obektiv və birtərəfli olduğundan ləgv edilməli , apellyasiya şikayətində göstərilən hallar yenidən araşdırılaraq obektiv hüquqi qiymət verilməlidir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Mansurov X18 yazılı etirazında qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4327/2024 saylı mülki iş üzrə məhkəmə qətnaməsinə əsasən Cavabdeh 600 (altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilmişdir. İddia tələbi İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X25 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində isə iddia tələbi rədd edilmişdir. O, bildirmişdir ki, iddiaçının tələbi İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X24 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbi həm ağlabatan deyil, həm də qanunvericiliyə uyğun deyildir. Belə ki, sözügedən fərdi yaşayış evi ona məxsus deyil. Həmin ev babasının olmuş, daha sonra isə atasının istifadəsinə keçmişdir. O da ailə qurduqdan sonra həmin evdə atasının razılığı ilə yaşamışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4327/2024 nömrəli mülki iş üzrə məhkəmə qətnaməsi həmin hissədə tamamən qanuna uyğundur. Ancaq Cavabdeh 600 (altı yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsinə dair hissədə isə hesab edir ki, ləğv edilməlidir. Belə ki, o, birinci instansiya məhkəməsi zamanı ona verilən sualı düzgün başa düşməmişdir. Bu səbəbdən də cavabdehə 600 altı yüz manat məbləğində pul məbləğinin ödəniİməsini qəbul etmişdir. Hesab edir ki, qətnamənin həmin hissəsi ləğv edilməlidir. Habelə, iddiaçı tərəf apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Ancaq hansı səbəbdənsə Abşeron Rayon Məhkəməsi qanunvericiliyin bu müddəasını kobud surətdə pozmuş, müddəti ötürülmüş apellyasiya şikayətini icraata qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prossesual müddəti itirildiyi üçün iddia geri qaytarılmalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mansurov X18 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

21. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

23. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. (...)

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

25. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;

26. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

27. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

28. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999- cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə köçürülmə tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

39. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə maddi hüquq norması düzgün tətbiq edilmədiyindən, həmin hissədə qətnamə ləğv edilməlidir.

41. Belə ki, mübahisəli ev iş üzrə tərəflərin, o cümlədən üçüncü şəxslərin heç birinin adına dövlət reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı mübahisəyə Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı olan normalarını tətbiq etmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən mübahisəli evlə bağlı tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 01-dək (2006) yarandığından, həmin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

43. İddiaçı mövcud tələbini mübahisəli evin faktiki sahibi olmayan Cavabdeh qarşı irəli sürmüşdür. Mübahisəli ev isə cavabdehin babası Bəşir Mansur oğluna məxsus yaşayış sahəsi olmuş, iddiaçı həmin evdə 2024-cü ilin yanvar ayınadək yaşamışdır. Daha sonra, o, evi tərk etmiş və tərəflər arasında olan nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1769/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar məhkəmə qətnaməsinə əsasən analarının yanında saxlanılmışdır.

44. İddiaçı tərəf mübahisəli evi genişləndirmək məqsədilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına 2 otaq, sanitar qovşağı inşa etdirdiyini, evin damının təmiri üçün xərc çəkdiyini bildirsə də, həmin halları sübut edə bilməmişdir.

45. 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

46. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

47. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

48. Sadalanan normalardan görünür ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

49. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşayır.

50. Digər tərəfdən, iddiaçının mübahisəli mənzildən məcburi qaydada çıxarılması iş materialları və məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiqini tapmamışdır. Həmçinin, iddiaçının Cavabdeh qarşı başqa mülki iş üzrə divan-kreslo, divar dəsti, jurnal stolu, serviz, stol-stullar, pərdələr, çilçıraq, yataq mebeli dəsti, uşaq mebeli, 4 ədəd döşək, 6 ədəd yorğan, süfrə, dəsmal, mətbəx mebeli, qazan, tava dəsti, xalça, qab-qacaq, şirniyat qabları, televizor, soyuducu, misdən tas va kəfkir və s. ibarət cehiz əşyalarının, evin damı üçün çəkilmiş xərcin Cavabdeh alınaraq ona verilməsi barədə tələb irəli sürməsi də (Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(012)-4433/2024 nömrəli qətnaməsi) onun mübahisəli mənzillə əlaqəsini kəsməsini göstərir.

51. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli evdən istifadə hüququnu itirmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi hüquq norması düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4327/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddia tələbinin İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X24 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar