Məhkəmə qərarları › İş №2(105)-835/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-835/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-835/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh pensiyanın təyin olunduğu tarixdən, yəni xx xxxxx 2018-ci il tarixdən dayandırıldığı tarixədək, xx xxx 2019-cu il tarixədək artıq ödənilmiş 10242.45 manat məbləğin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin edilməsi barədə cavabdehin üzərinə həmin məbləğin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh pensiyanın təyin olunduğu tarixdən, yəni xx xxxxx 2018-ci il tarixdən pensiya dayandırıldığı tarixədək, yəni xx xxx 2019-cu il tarixədək artıq ödənilmiş 10242.45 manat məbləğində pulun Cavabdeh alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xaçmaz rayon Xidmət Nümayəndəliyi) hesabına tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1501/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxx 2018-ci il tarixində 3-cü qrup ümumi xəstəlik ilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmiş, Xaçmaz rayon şöbəsində müraciətinə əsasən pensiya təyin edən komissiyanın 1/197 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə ona xx xxxxxx 2005-ci il tarixdən xx xxxx 2006-cı il tarixədək hərbi xidmətdə olduğu dövrə xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə aktı ilə əlilliyi müəyyən olunmuş və ona 729 manat məbləğində əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə isə pensiya məbləği artırılaraq 750.87 manat təyin edilmişdir. Əlilliyini müəyyən edən Tibbi Sosial Ekspert komissiyasının müayinə aktı Dövlət Sosial Müdafiə Fondunun daxili araşdırması nəticəsində TSERASALT sistemində öz təsdiqini tapmadığına görə əlilliyi ləğv edilərək pensiyanın verilməsi xx.xx.2019-cu il tarixində dayandırılmışdır. Bu faktla bağlı dəfələrlə DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etmiş, öz kəskin narazılığını bildirmiş, lakin ona verilən formal cavab isə Tibbi Sosial Ekspert Komissiyasının müəyinə aktına görə təyin edilmiş əlilliyinin ləğv olunması bildirilmişdir. Tibbi Sosial Ekspert Komissiyası onun 3cü qrup əlilliyini müayinə nəticəsində müəyyən edərkən nəyə əsaslanıb tibbi rəy verməsi sual doğurur. Gözdən əlilliyi hazırdada qalmaqdadır. Lakin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmamışdır. Əlillik dərəcəsinin ləğv edilməsi məsələsi TSERASALT sistemində öz təsdiqini tapmamaqla ləğv edilməsi AR Qanunvericiliyinin hansı qüvvədə olan hüquq normaları əsasında həyata keçirilib. Bu sualları hamısı işə mahiyyəti üzrə baxan İ İnstansiya məhkəməsində məhkəmə baxışı zamanıda səsləndirmiş. Lakin DSMF-nin səlahiyyətli nümayəndəsi bu suallara cavab verə bilmədi, iş materialı ilə tanış olarkən məhkəmə tərəfindən onun proses zamanı verdiyi izahatlar və qarşı tərəfə sualları protokola qeyd edilməmişdir. Bu prosessual hüquq normasının pozulması hesab edilir. Xaçmaz Rayon Məhkəməsində işə baxan hakim, iddiaçının məhkəməyə təqdim etdiyi sübutları düzgün tədqiq etməyib və sübutetmə yükünün üzərinə düşdüyü iddiaçıdan məhkəmə düzgün və obyektiv nəticəyə gələ bilməsi üçün zəruri olan mötəbər subutları tələb etməyib. Xaçmaz Rayon Məhkəməsi ümumiyyətlə iddia tələbinin əsasına uyğun olaraq, heç bir sübutu tədqiq etməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübütlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Mülki prosessual qanunvericiliyin bu tələbi Xaçmaz Rayon Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən kobud surətdə pozulmuş, məhkəmənin hüquqi nəticəyə gələrkən qüvvədə olan mövcud hüquq normalarını düzgün realizə etməmişdir. Bütün bu haqlı olaraq sual doğuran hallar, cavabdeh olaraq ona qarşı irəli sürülən iddia tələbinin predmeti “artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsinə dair öhdəliyin qoyulması”dır. Onunla iddiaçı arasında olan hüquq münasibətləri inzibati-icraat qaydasında tənzimlənməlidir. Əlavə olaraq onu da qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsində əsassız varlanma ilə bağlı məsələlərə istinad edilib. Azərbaycan Resbulikasmm Mülki Məcəlləsinin 1091-ci maddəsində əsassız varlanmaya mahiyyəti üzrə izah və anlayış verilir.Belə ki. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən isə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəfindən DSMF-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciətinə görə barəsində Tibbi Sosial Ekspert Komisiyası rəy verərək, əlillik dərəcəsi müəyyən edib. Belə olan halda əsassız varlanmadan söhbət gedə bilməz. Göstərdiyi bütün hallar əsas yaradır ki, məhkəmə qətnaməsi ləğv edilsin. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh xx xxxxx 2018-ci il tarixdə İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Şöbənin pensiya təyin edən komissiyasının 1/197 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh onun xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olduğu dövr və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 4384003AACİH nömrəli müayinə aktına əsasən xx.xx.2018-ci il tarixdən 729 manat məbləğində əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyaların istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək cavabdehin pensiya məbləği 750.87 manata çatdırılmışdır. Cavabdehə xx.xx.2018-cı il tarixdə TSEK tərəfindən müayinə aktı ilə təyin olunmuş əlilliyin araşdırılması zamanı TSERAS ALT sistemində öz təsdiqini tapmadığına görə əlilliyi ləğv edilmişdir. Cavabdehə pensiyanın ödənişi 01.06.201-cu il tarixdən etibarən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 10242.45 manat artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmin məbləğin bərpa olunmasının təmin edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, **********0 saylı və xx.xx.2019-cu il tarixli, ********** saylı məəktublarla rəsmi şəkildə bildirilmiş, ödənişin edilməyəcəyi təqdirdə n məhkəməyə müraciət edilməsi cavabdehin diqqətinə çatdırılmışdır. Lakin cavabdeh hazıradək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin iddiaçıya 10242.45 manat borcu vardır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı xx xxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 15 saylı Tibbi Sosial Ekspert komissiyası tərəfindən təyin olunmuş 4384003AASİH saylı müayinə aktı araşdırma zamanı TSERAS ALT sistemində öz təsdiqini tapmadığı üçün xx.xx.2019-cu il tarixədək cəmi 10242.45 manat məbləğində artıq ödənilmiş pensiya müəyyən edilmişdir. Həmin məbləğin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin etməyi cavabdehdən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, əlilliyi ləğv olunmuş şəxslərin pensiya, müavinət və təqaüd işlərinin dayandırılması, digər zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Fondun aparatının pensiya təminatı şöbəsinə məlumat verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinin rəisinə, şəhər və rayon şöbələrinin rəhbərlərinə tapşırılmışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə Cavabdeh xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik sənədlərinin düzgünlüyü TSERAS ALT sistemində yenidən yoxlanılmış və onun İİİ qrup ümumi müəyyən edilmiş əlilliyi etibarsız sayılmışdır. Bundan sonra isə, DSMF-nin Xaçmaz rayon Şöbəsi Cavabdeh xx.xx.2019-cu il tarixədək olan dövrdə ona ödənilmiş 10212,45 manat pulun tutulmasını tələb etmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi inzibati orqan cavabdehə verilən pensiyanın əsassız olaraq verilməsini müəyyən edərək məbləğlərin ödənilməsini dayandırmış, bu barədə Tibbi Sosial Ekspertiza və X1 xx.xx.2019-cu ildə qeydiyyat aparılmışdır (ESDAS № **********6). Apelyasiya baxışı zamanı Cavabdeh pensiya verilməsinin dayandırılması üçün əsas olmuş inzibati orqanın aktı tələb edilsə də, iddiaçı tərəf sübut olaraq daha öncə qeyd edilən Tibbi Sosial Ekspertiza və X1 xx.xx.2019-cu il tarixdə aparılmış qeydiyyata istinad etmiş və həmin qeydiyyat əsasında cavabdehin əlilliyinin etibarsız hesab edildiyini, ödənilən pulun geri tələb edildiyi bildirmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarına qiymət verərək, yəni cavabdehə pensiya təyinatının artıq etibarsız hesab edilməsi faktını nəzərə alaraq, Tibbi Sosial Ekspertiza və X1 xx.xx.2019-cu il tarixdə aparılmış qeydiyyatı inzibati akt kimi qiymətləndirir. Qeyd edildiyi kimi iddiaçı məhkəməyə müraciət edərək etibarsız hesab etdiyi pensiya təyinatı üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb irəli sürmüşdür. «İnzibati icraat Haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyətı) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra, məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq qaydada icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsf üçün müvafiq icra qurumuna göndərməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, bu kateqoriyadan olan işlərə məhkəmədə baxılmalı deyil və MPM-nin 261.0.1-ci maddəsinə əsasən hazırkı işin icraatına xitam verilməli, iş üzrə qəbul edilmiş qətnamə isə ləğv edilməlidir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsi ləğv olunmalı, işin icraatına xitam verilməli, bununla belə iddiaçıya qanunsuz əsaslarla ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1501/2020 saylı qətnaməsi ləğv olunsun və işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İddiaçınə Cavabdeh oğlundan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona ödənilmiş 10242,45 manat pulun tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar