Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-836/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(012)-2913/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdehlər X2 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər X2 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X4 və etibarnamə əsasında satıcı qismində çıxış edən İddiaçı arasında 12 avqust 2008-ci il tarixdə bağlanmış torpaq alqı-satqı müqaviləsinin (AN-İ № 0172915), 2016-cı il tarixdən bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpağa dair çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları pul vəsaitinin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 03.12.2001-ci il tarixdə Land Olakes şirkətinin marketinq üzrə mütəxəssisi, 01.04.2003-cü il tarixdə X11 layihəsinin koordinatoru və bundan sonra, yəni 29.08.2005-ci il tarixdən 15.07.2013-cü il tarixədək fasiləsiz 8 il müddətində BP Exploration (Caspian Sea) Ltd. Şirkətində çalışmışdır. İşə başlayandan aylıq gəlirlərdən əlavə bonuslar da almış və sonuncu iş yeri üzrə arayışa əsasən vergi tutulmamış aylıq məvacibi 8830 manat olmuşdur. X2 hüquqi varisi (mərhum atası 2009-cu ildə vəfat etmişdir) Cavabdeh3 (ögey anası) və digər Cavabdeh1 ilə 2001-2014-cü illər ərzində birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Əldə olunmuş pul vəsaitlərinə bir neçə daşınmaz əmlaklar almış və alınan daşınmaz əmlakları atasının adına rəsmiləşdirmişdir. Əldə olunmuş pul vəsaitlərindən bir hissəsinə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsini mülkiyyətçilərdən - Sadıqov Rafiq Babaş oğlu, X5, X12, X8 və X3 təmsil edən X1 02 iyun 2008-ci il tarixdə 50 000 ABŞ dolları ödəməklə etibarnamə əsasında almışdır. Bundan sonra, həmin etibarnamə ilə 12 avqust 2008-ci il tarixdə atası X2 adına alqı-satqı müqaviləsi ilə simvolik qiymətə 12 000-00 manata rəsmiləşdirmişdir ki, torpağa dair digər rəsmi sənədləri əldə etsin və beləliklə, atası X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 adına MH ******* nömrəli (reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02.09.2008-ci il) çıxarış və torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646-647-ci maddələrinin məzmunu alıcıya və satıcıya izah edilməmiş və beləliklə, tərəflərin hüquqları pozulmuşdur. Atası T.İddiaçı 2009-cu ilin mart ayında vəfatından sonra, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə onun və Cavabdeh3 adına rəsmiləşdirilmiş və o, vərəsəlik üzrə öz payını analığı, bu iş üzrə Cavabdeh3 bağışlamışdır. Sonradan isə o, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmiş və digər Cavabdeh1 bağışlama müqaviləsi ilə bağışlamışdır. Bu məsələ üzərində aralarında münaqişə yarandıqda, Cavabdeh1 mübahisəli torpaq sahəsini tez-tələsik Sumqayıt Asan xidmət mərkəzinin Notariat Kontoru tərəfindən aparılmış 14 yanvar 2019-cu il tarixdə Cavabdeh2 bazar qiymətindən çox aşağı qiymətə - 30 000 manata satmışdır. Aydındır ki, əsl niyyəti torpaq sahəsini təcili özgəninkiləşdirmək, hüquqları başqasına ötürüb ara sakitləşəndə pulları mənimsəmək olmuşdur. Hesab edir ki, Abşeron rayonu 2 saylı Notariat Kontoru tərəfindən aparılmış 12 avqust 2008-ci il tarixli 4Ə-09/1538 reyestr nömrə ilə qeydə alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsinə dair onunla X4 arasında bağlanmış torpağın alqı-satqı müqaviləsi və həmin müqavilədən irəli gəlmiş hüquqi nəticələr etibarsız sayılmalı və ləğv olunmalıdır. Həmçinin də, Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 23 fevral 2016-cı il tarixli 4Ə-317 reyestr nömrə ilə qeydə alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və qeydiyyat tarixi 09.03.2016-cı il, qeydiyyat nömrəsi **********, ******* nömrəli çıxarış məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Həmçinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, istinad etdiyi məhkəmə qətnamələrində iddiaların tərəfləri, əsasları və predmeti hazırki iddia tələbindən fərqlidir. Birinci instansiya məhkəməsinin yalnız məhkəmə qətnamələrinə istinad edərək iddianı əsassız hesab etməsi düzgün deyil. Əgər hazırki iddia tələbində fərqli və yeni dəlillər irəli sürülmüşdürsə məhkəmə həmin dəlillər üzrə araşdırma aparmalı, qətnaməsində şərh etməli və ayrıca qiymət verməli idi. Lakin məhkəmə hazırki iddia üzrə əvvəlki qətnamələrə istinad etməklə araşdırma aparmaqdan yayınmış, nəticədə qanuni tələbi formal əsaslarla rədd edilmişdir. Birinci instansiya məhkəməsi daha sonra qətnaməsində qeyd etmişdir ki, daşınmaz əmlakın satılmasına dair müqaviləsini iddiaçı öz iradə ifadəsi ilə bağlamaqla həmin əmlakın X2 mülkiyyətinə keçməsinə və onun həmin əmlak ilə bağlı istənilən sərəncam verə bilmək hüququnun realizəsini qəbul etdiyi qənaətini qaçılmaz etmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirmək istəyir ki, o torpaq sahəsini 02.06.2008-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində vəsaiti şəxsən verməklə əldə etmişdir. Bunu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmişdir. Bundan 1 gün əvvəl isə 01.06.2008-ci il tarixdə torpaq sahəsinin mülkiyyətçiləri olan Sadıqov Rafiq Babaş oğlu, X6, X13, X8 mənə torpaq sahəsi ilə bağlı istənilən sərəncamı vermək səlahiyyətini özündə əks etdirən etibarnamə vermişlər. Bu etibarnamə 20 il müddətinə verilmişdir. Bütün bunlar açıq-aşkar təsdiq edir ki, torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən öz vəsaiti ilə alan o olmuşdur, atasının həmin ərəfədə heç adı çəkilmir sənədlərdə. Bundan başqa, mərhum atasının həmin vaxt torpaq almaq üçün 50.000 ABŞ dolları vəsaiti ola bilməzdi. Məhkəmə tərəfindən bu hallara heç bir əhəmiyyət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 qız apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı İbrahimov İsmayılov apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi Tofiq İsmayılovun 2009-cu ilin mart ayında vəfatından sonra, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə İddiaçı və Cavabdeh3 adına rəsmiləşdirilmiş və İddiaçı vərəsəlik üzrə öz payını analığı, bu iş üzrə Cavabdeh3 bağışlamış, sonuncuda 23.02.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlamışdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinə dair alqı-satqı, bağışlama müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədədir. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmalar ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi müqavilənin dəyişdirilməsini və ya ləğvini yalnız müqavilə tərəfi tələb edə bilər. Lakin hazırkı iş üzrə iddiaçı mübahisələndirilən müqavilələr üzrə tərəf deyil.Yalnız alqı-satqı müqaviləsi üzrə satıcıları təmsil etmişdir. Buda iddiaçıya həmin öz adından müqaviləni ləğvini tələb etmək hüququ vermir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair alqı-satqı və bağışlama müqavilələrinin ləğv edilməsi ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələblərini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin çıxarışların ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan çıxarışlar həmin müqavilələr əsasında verildiyindən və iddia tələbləri həmin hissədə təmin edilmədiyindən, çıxarışların ləğvi hissəsində də birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması hissəsinə gəldikdə də hesab edir ki, həmin hissədə də iddia tələbləri əsassız olduğundan iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Göründüyü kimi iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-836/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-836/2022
11.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver