Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-839/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Maraqlı şəxs1, Maraqlı şəxs2 və Xaçmaz rayon Çarxı Bələdiyyəsi) qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, istifadə hüququ olmayan şəxsin mənzildən çıxarılması, mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-427/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları Müəyyən etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və 158.60 kv.m. sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas kimi xx.xx.2004-cü il tarixli, JN-050A saylı Kod 30224018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin olduğu göstərilmişdir.
3. Həmin məktuba əlavə olunmuş sözügedən şəhadətnamədən görünür ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.
4. Xaçmaz rayonu Çarxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 5 nömrəli arayışında Cavabdeh Xaçmaz rayonu, Çarxı kəndində yaşadığı evin mərhum qayınatası X7 məxsus olduğu qeyd edilsə də, bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədə istinad edilməmiş və hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladları X2 və X4 özünün və valideynlərinin ümumi birgə mülkiyyətində olan Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin övladları ilə birgə özlərinə məxsus əmlakları ilə birlikdə qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında - daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi, Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıya, iddiaçının anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 məxsusdur. Lakin, Cavabdeh 2 yetkinlik yaşına çatmayan övladları X6 və X8 ilə birgə qanunsuz olaraq onların Xaçmaz rayonu Çarxı kəndində yerləşən evlərindən istifadə edərək onların mülkiyyət hüquqlarını pozur. Evi boşaltmağı cavabdehdən dəfələrlə tələb etsələr də, cavabdeh evdən çıxmır. Cavabdehin bu hərəkətləri səbəbindən onların mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-427/2025 nömrəli ilə qətnaməsi ilə (hakim S.Bayramov) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 25-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 213.1, 213.2, 213.6, 228.1, 228.2, 228.3, 228.4, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4, 30.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. İddia tələbini qəbul etmir. Belə ki, o 2016-cı ildə el adəti ilə keçmiş həyat yoldaşı Pərviz Məmmədovla ailə həyatı quraraq, mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçüb. Hal-hazırda da orada yaşayır. Həmin evdə 2 uşağı anadan olub və bu ünvanda qeydiyyatdadır. Həmin evin bütün kommunal ödənişləri onun tərəfindən ödənilmişdir. Münasiblətəri uyğun gəlmədiyindən keçmiş həyat yoldaşı Pərviz Məmmədovla ayrılmışlar. Lakin o, 2 azyaşlı uşağı ilə birlikdə hələ də bu evdə yaşayır. Mübahisəli ev keçmiş qaynatası Əziz Məmmədova məxsus olmuşdur. Bu halı həm də Xaçmaz rayonu, Çarxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı təsdiq edir. İddiaçıların evi isə eyni kənddə yerləşməklə tamam başqa, şəraiti daha da yaxşı evdir. Onların heç zaman bu evlə bağlılıqları olmamışdır. Sadəcə o boşandığı üçün keçmiş həyat yoldaşı və ailəsi onu evdən çıxarmaq üçün mübahisə predmeti olan evi yaxın qohumları İddiaçı adına keçirmişlər. Məhkəmə qətnaməsinin nəticə hissəsində onun və övladlarının yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması qeyd olunub. Göründüyü kimi məhkəmə özü artıq qəbul etmişdir ki, onun mübahisə predmeti olan evdə yaşayış hüququ vardır. Onun hazırkı halda o evdən başqa yaşayış yeri yoxdur. Əgər həmin evdən çıxarılmaları təmin edilərsə, bunun müqabilində ona kompensasiya verilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən məhkəmə onun maddi vəziyyətini, 2 azyaşlı uşağını nəzərə alıb, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddət istifadə hüququnu saxlaya bilərdi. Hazırkı halda mübahisəli evdən çıxarıldıqları təqdirdə onların qalmağa başqa yaşayış yerləri yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evinə o, 2016-cı ildə gəlin köçmüşdür. Həmin vaxtdan hal-hazıradək bu evdə yaşayır. Həmin evdə onun iki övladı doğulmuşdur. Gəlin gəldiyi vaxtdan evin qaynatası Əziz Məmmədova məxsus olduğunu bilmişdir. Lakin sonradan onunla keçmiş əri Pərviz Məmmədov arasında ailə münasibətləri pozulduğundan keçmiş ərinin anası fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsi məsələsini həll etmiş və ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsinə nail olmuşdur. İddiaçı onun keçmiş əri Pərvizin qohumudur. Hazırkı iddia tələbi məhz onun keçmiş ərinin anası tərəfindən qaldırılmışdır. O, iddia tələbini qəbul etmir. Onun və övladlarının başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi habelə onun yerləşdiyi torpaq sahəsi İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarış iş materiallarına əlavə edilmişdir. Hazırda iddiaçı tərəf cavabdehin övladları ilə birlikdə onlara məxsus əmlakdan çıxarılmalarını tələb edir. İşə baxan məhkəmə lazımi qaydada araşdırma aparmış və iş üzrə qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43 (hissə İ) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-427/2025 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Ona görə də, kollegiya birinci instansiya qətnamənin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır.
21. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb iki hissədən - 1) cavabdehin mübahisəli evdən istifadə hüququnun itirilməsi, 2) cavabdehin azyaşlı uşaqları ilə birgə evdən çıxarılmasından ibarətdir.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya bildirir ki, məhkəmə iddia tələbini təmin etsə də, maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, iddianı təmin edərkən məhz hansı maddi hüquq normalarına istinad etdiyini göstərməmiş, gəldiyi nəticə üzrə əsaslandırma aparmamışdır. Eyni zamanda mübahisəli yaşayış sahəsində istifadə hüququ yaranmayan şəxsin, həmin hüquqlarının itirilməsi barədə qərar qəbul etmişdir. Olmayan hüququn isə məhkəmə qaydasında itirilməsi qeyrimümkündür.
23. Kollegiyanın qənaətincə bu kimi qeyri-müəyyənlik apellyasiya icraatı zamanı aradan qaldırılmalıdır.
24. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və 158.60 kv.m. sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.
25. Araşdırılan işdən həmçinin müəyyən edilir ki, cavabdeh 2016-cı ildə Pərviz Məmmədov adlı şəxslə ailə həyatı quraraq, mübahisə predmeti olan fərdi yaşayış evində yaşamağa başlamış, sonradan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1070/2023 nömrəli qətnaməsi ilə X10 ilə X3 arasında 01 oktyabr 2016-cı il tarixdə bağlanmış nikah pozulmuşdur.
26. İşdən görünür ki, cavabdeh tərəf iddiaya etiraz edərək bildirir ki, mübahisəsi gedən yaşayış evinə istifadə hüququ var, habelə həmin ev onun və azyaşlı övladlarının yeganə yaşayış sahəsidir və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qarşılığında ona kompensasiya ödənilməlidir.
27. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırkı mübahisənin həllində ən həlledici məqam evin kimin mülkiyyətində olması və cavabdehin həmin evdə hansı hüquqlarının olub-olmamasını müəyyən etməkdir. Çünki, qeyd olunan hallar hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edir.
28. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən ev və onun altında yerləşən torpaq sahəsi ilk vaxtlardan iddiaçı tərəfin mülkiyyətində olmuş, cavabdeh, hətta onun keçmiş əri iddiaçı tərəfin ailə üzvü olmamaqla, onların mübahisəli yaşayış evinə istifadə hüququ olduğu və ya ev üzərində hər hansı əşya hüququnun qeydə alındığı müəyyən edilməmişdir. Belə olan halda kollegiya cavabdehin hazırda mənzilə sahibliyinin qanunsuz olması qənaətinə gəlir. Bundan əlavə əgər sonuncu həmin evin əvvəllər keçmiş qayınatasının adına olmasını bildirsə belə, bu hal onun həmin evdə daimi yaşaması anlamına gəlmir. Məhz bu kontekstdən, yəni mülkiyyət hüququna daha üstün mövqedən yanaşıldıqda, cavabdehin hərəkəti iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.
29. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmaqla və ya onun iradəsinə uyğun hətta başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçi öz hüququnun müdafiəsi çərçivəsində həmin torpaq sahəsində inşa edilmiş tikilidən kənar şəxsin çıxarılmasını tələb etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
30. Əks yanaşmada, yəni mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikilidə kənar şəxsin yaşamaqda davam etməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak (o cümlədən gözlənilən əmlak hüququ) mənafeləri gözardı edilməməlidir.
31. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
32. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şkayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladı - X6 və X4 Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-427/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladı - X6 və X1 rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.