Məhkəmə qərarları › İş №2(105)-841/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-841/2023

02.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-841/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh və X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9 və Məsməxanım Baxşıyevaya (Abşeron Rayon Hökməli Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı «torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X9 və Məsməxanım Baxşıyevaya qarşı «torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə və 3-cü şəxslərin onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar (0,5 sot) torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər X4, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşiyeva və cavabdehin oğlu X8 onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar (0,5 sot) torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində Hökməli Bələdiyyəsinə aid sahədə uzun müddət istifadəsində olmuş 0,05 hektar (0,5 sot) torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən ödəniş edərək almışdır. O, eyni zamanda Azərbaycan Respublikası Dövlət X13 Komitəsinin Abşeron rayon şöbəsinin 03 iyun 2009-cu il tarixli rəyinə əsasən Abşeron rayonu, X3 Planından çıxarış və torpaq sahəsinin plan və ölçüsünü almışdır. Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X10 ilə birlikdə və cavabdehin razılığı ilə 3-cü şəxs onun Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar (0,5 sot) torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş və 2 mərtəbəli özbaşına ev inşa etmişlər. Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva, cavabdehin oğlu X10 və 3-cü şəxs onun hüququnu pozmaqla ona məxsus torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli özbaşına inşa edilmiş evdən əsassız istifadə edirlər və həmin torpaq sahəsindən çıxmaqdan açıq-aşkar imtina edirlər. Beləliklə də, o ona məxsus olan torpaq sahəsindən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur. Qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh, X10 və Məsməxanım Baxşıyevanın İddiaçı Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/-torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı tikintitexniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh, X10 və Məsməxanım Baxşıyevadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh X10 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh və X10 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə işi hərətəfli, obyektiv araşdırmadan qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə çıxararkən ikinci abzasda göstərmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsindən (Azərbaycan Respublikası Dövlət X13 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunur və həmin torpaq sahəsində tikili (yaşayış evi) mövcuddur. Altıncı abzasda isə göstərilmişdir ki, ... Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********3678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə əvvəl xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin "xxxx" MMC tərəfindən verildiyini, daha sonra isə həmin mütəxəssis rəyinin 4 saylı Abşeron Ərazi İdarəsi (xx.xx.2022-ci il tarixli, **********3678 nömrəli) tərəfindən verildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı o, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona verilən xx.xx.2020-ci il tarixli, **********96 saylı cavab məktubunu və eyni zamanda 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********32 saylı etirazın surətini təqdim etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən hər iki sənəddə göstərilmişdir ki, “aparılan araşdırma zamanı, Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin X2 bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir (torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır). Bundan başqa idarənin elektron bazasında əsasən X1 torpaq sahəsinə dair ləğv edilmiş DT və XT tərəfindən verilmiş **********1099 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin plan və ölçüdəki döngə koordinatlar ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı torpaqlara aid olması müəyyən edilmişdir. Bundan başqa iddiaçı iddia tələbinə dair sənədlərin əslini məhkəməyə təqdim edə bilməmişdir, məhkəmə yalnız sənəd surətlərinə istinad etmişdir, sənəd surətlərindən isə görünür ki, mübahisəli torpaq sahəsi Hökməli Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, əvvəla Hökməli Bələdiyyəsi mülkiyyətində olmayan torpaq sahəsini qeyri-qanuni olaraq İddiaçı satmışdır. Ləğv edilmiş DT və XT tərəfindən verilmiş **********1099 saylı torpaq sahəsinin planı və ölçüsündəki döngə koordinatları ilə cavabdehlərin yaşadıqları evin həyətyanı torpaq sahəsindən fərqli olduğu aşkar edilmişdir. Bu kimi ziddiyyətlərə aydınlıq gətirmək məqsədi ilə birinci instansiya məhkəməsi təşəbbüs göstərməmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ilk növbədə bu kimi iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin İddiaçı bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi (torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır), plan və ölçüdəki döngə koordinatları ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edildiyi və sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması, lakin bundan fərli olaraq İddiaçı satılan torpaq sahəsi isə fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsi olduğuna və yuxarıda qeyd olunan qərarda göstərildiyi kimi birinci element (İddiaçı Hökməli Bələdiyyəsi tərəfindən qaydalara riayət etmədən torpaq sahəsinin satılması) yəni qanunla müəyyən olunmuş qaydaya riayət edilmədiyinə görə İddiaçı başqa şəxslərdən, (hazır ki iş üzrə cabdehlərdən torpaq sahəsindən çıxarılma və tikililər sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasını) tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı ilk növbədə bu kimi iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayətləri vermiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Məsməxanım Baxşıyeva və üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışdan görünür ki, Hökməli bələdiyyəsinin alqı-satqı predmeti olan 0,05 ha torpaq sahəsi məqsədli təyinatlı ərazinin yer quruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə, uzun müddət istifadəsində olan və beş ildən çox Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı satılmışdır. İş materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş torpaqların alqı-satqısına dair 10 iyun 2009-cu il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üçün "xxxx" ASC-nin Abşeron filialındakı **********0001 saylı hesabına 450 manat haqq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X13 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 05/21 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən sahəsi 500 kv.m. olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1235 saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbə Yeni yaşayış massivi küçəsində ailə üzvləri həyat yoldaşı-Baxşıyeva Məsməxanım və oğlu-X11 ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsindən (Azərbaycan Respublikası Dövlət X13 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunur və həmin torpaq sahəsində tikili (yaşayış evi) mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət X13 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində Hökməli Bələdiyyəsinə aid sahədə yerləşən 0,05 ha torpaq sahəsi Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair 10 iyun 2009-cu il tarixli akta əsasən iddiaçı tərəfindən ödəniş edilərək alınmış, eləcə də Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət X13 Komitəsi tərəfindən 08 iyul 2009-cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət X13 Komitəsi tərəfindən verilmiş 08 iyul 2009cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin mötəbərliyini sübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən birinci instansiya məhkəməsi qeyd edilən ekpert rəyini sübut qismində qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası iş materiallarına və ekspert rəyinə əsasən qeyd edir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X10 tərəfindən tam olaraq faktiki istifadə olunduğundan iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehlərin hər hansı bir hüququ yoxdur, onların həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunduğundan və hüquqlarını pozduğundan, cavabdehlərin torpaq sahəsindən çıxarılmalarına və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci madəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü madəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, işin araşdırılmış hallarından göründüyü kimi Abşeron rayonu, Hökməli qəsəbəsində Hökməli Bələdiyyəsinə aid sahədə yerləşən 0,05 ha torpaq sahəsi Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair 10 iyun 2009-cu il tarixli akta əsasən iddiaçı tərəfindən ödəniş edilərək alınmış, eləcə də Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət X13 Komitəsi tərəfindən 08 iyul 2009-cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına verilmişdir. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmaması barədədir. Buna görə də, məhkəmə kollegiyası əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayaraq ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 166.3-cü maddəsinə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, torpaq sahəsinin faktiki sahibinin sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verməsi bilavasitə onun sahibliyinin dövlət qeydiyyatı ilə şərtləndirilmir. İddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ var, cavabdehlər isə mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquq əldə etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hazırki iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İş materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli protokoldan çıxarışından görünür ki, Hökməli bələdiyyəsinin alqı-satqı predmeti olan 0,05 ha torpaq sahəsi məqsədli təyinatlı ərazinin yer quruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə, uzun müddət istifadəsində olan və beş ildən çox Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı satılmışdır. Bələdiyyə qərarının qanunauyğun olmaması barədə cavabdeh tərəfin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə qüvvədə olan bələdiyyə qərarı vardır və həmin qərarın qanuniliyinin yoxlanılması hazırkı iş üzrə araşdırma predmeti deyildir. İnzibati orqan olan bələdiyyənin qərarının ləğvi və ya etibarsızlığı ilə bağlı mübahisələrə inzibati icraat qaydasında müvafiq inzibati məhkəmələr tərəfindən baxılır ki, həmin qərarın ləğv və ya etibarsız hesab edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu barədə cavabdeh tərəf məhkəməyə başqa bir iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin etirazında göstərilənlərə (torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına) istinad etmişdir. Bu isə adı çəkilən bələdiyyə qərarının ləğv və ya etibarsız hesab edilməsi anlamına gəlmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarının yaşayış evinin tikilməsi məqsədilə istifadəsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bundan başqa, cavabdeh tərəf mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən cavabdeh xx.xx.2009-cu il tarixdə verilmiş etibarnaməyə istinad edərək əslində bu cür rəsmiləşdirmə aparmaqla mübahisəli torpaq sahəsini aldıqlarını bildirmişdir. Həmçinin bildirmişdir ki, etibarnamə verilməsəydi orada ev tikilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mübahisəli torpaq sahəsi isə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Etibarnamə isə alğı-satqı müqaviləsi deyil, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Etibarnamənin verilməsi ilə bağlı iddiaçı tərəf bildirmişdir ki, həmin etbarnamə ilə Cavabdeh mübahisəli torpaq sahəsinə dair iddiaçının adına çıxarış aldıqdan sonra aralarında alğı-satqı müqaviləsi bağlanmalı idi. Çıxarış alınmadığı üçün alğı-satqı baş tutmamış, cavabdeh tərəf iddiaçıya heç bir pul vəsaiti ödəməmişdir. Həmin torpaq sahəsinə iddiaçı vaxtaşırı baxış keçirə bilmədiyi üçün cavabdehlərin həmin torpaq sahəsində ev tikdiyini bilməmişdir. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakla bağlı etibarlı müqavilə münasibəti olmamışdır. Cavadeh tərəf isə mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etmədən onun üzərində şzbaşına tikili inşa etmişdir. Həmin tikili isə Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ olan iddiaçının tələbi ilə məhkəmə qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh və X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar