Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-841/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: nikahın etibarsız hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-339/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə X3 arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə Mecidov, arvada Mecidova soyadı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə qeydə alınmış 1039 saylı nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 15 avqust 2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1039 nömrə ilə nikah qeydə alınmışdır. Nikahları qeydə alınsa da, toyları olmamış və o, gəlin köçməmişdir. Nikah qeydə alınan vaxtdan 3 ay sonra, ailələri arasında münasibət kəskin şəkildə pozulduğundan, onların ailə olaraq birgə yaşaması mümkünsüz olmuşdur. Cavabdeh ilə aralarında rəsmi nikah qeydi bağlansa da, faktiki olaraq heç vaxt ər-arvad kimi yaşamamışlar. Nikahları formal xarakter daşıyır. Hesab edir ki, nikahları etibarsız sayılmalıdır.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdehlə rəsmi nikaha daxil olarkən, niyyəti ailə qurmaq olmuşdur.
5. Məhkəmə iclasında cavadeh Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikah bağlanarkən, hər ikisinin niyyəti ailə qurmaq olmuş, lakin nikah bağlandıqdan sonra, ailələri arasında olan münasibət kəskin şəkildə pozulmuşdur.
6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-339/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Fərid Yaqubov).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-339/2025 nömrəli qətnaməsnin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və ədalətsiz olaraq qəbul edilmişdir. Bildirir ki, onunla Cavabdeh arasında 15 avqust 2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1039 nömrə ilə nikah qeydə alınmışdır. Nikahları qeydə alınsa da, toyları olmamış və o, gəlin köçməmişdir. Nikah qeydə alınan vaxtdan 3 ay sonra, ailələri arasında münasibət kəskin şəkildə pozulduğundan, ailə olaraq birgə yaşamaqları mümkünsüz olmuşdur. Cavabdeh ilə aralarında rəsmi nikah qeydi bağlansa da, faktiki olaraq heç vaxt ər-arvad kimi yaşamamışlar. Nikahları formal xarakter daşıyır. Hesab edir ki, nikahları etibarsız sayılmalıdır. Cavabdeh ilə 15 avqust 2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1039 nömrə ilə nikah qeydə alınmışdır. Nikahları qeydə alınsa da, toy olmamış və o gəlin köçməmişdir. Nikah qeydə alınan vaxtdan 3 ay sonra münasibətləri kəskin şəkildə pozulduğundan, ailə olaraq birgə yaşamaqları mümkünsüz olmuşdur. Cavabdeh ilə rəsmi nikah qeydi bağlansa da, faktiki olaraq heç vaxt ər-arvad kimi yaşamamışlar. Nikahları formal xarakter daşıyır, nikahları etibarsız sayılmalıdır.
10. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qarşı tərəfin iddianı qəbul etməsini də nəzərə almamışdır
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 25.1. Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
15. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
16. Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
17. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-339/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
27. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
31. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər.
32. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında nikah qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından və iddiaçı tərəfindən nikahın etibarsız sayılması üçün qanunla müəyyən edilmiş əsaslardan hər hansı birinə dair mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin, məhkəmə araşdırması zamanı da, nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu müəyyən olunmadığından, iddia tələbi təmin edilə bilməz.
33. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu qeyd etsə də, məhkəmə kollegiyası tərəfindən qətnamənin qanunsuz və ya əsassız olmasına dair hər hansı hallar müəyyən edilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-339/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.