Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-842/2023 16.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun xüsusi mülkiyyətində olan ünvan 2-da yerləşən fərdi evinə yaşayış hüquqlarının itirilmiş hesab olunması və istifadə hüquqlarına xitam verilməsi, hüquqi xidmət üçün vəkilə ödənilmiş 111 manat və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-da cavabdehlər formal pasport qeydiyyatındadırlar. 15 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, onun mərhum atası X1 məxsus olan miras əmlak- ünvan 2-da yerləşən ümumi sahəsi 59,10 kv.m. olan fərdi ev tam payla ona məxsus olmuşdur. Cavabdehlər 20 ildən çoxdur ki, bir gün də olsa evdəyaşamamış və bu evdə onların heç bir əmlakı da olmamış, hal-hazırda, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, dənizkənarı bağ evinə köçüb orada yaşayırlar. 03 noyabr 2021-ci il tarixdən dəAzərbaycan Respublikası ƏMDKY DƏDRX Sumqayıt Ərazi İdarəsinin Çıxarışına əsasən göstərilən fərdi ev ünvan 2-ümumi sahəsi 59,10 kv.m. olan ev, torpaq sahəsi 0,0247 ha olan, qeydiyyat nömrəsi: ********** əsasən xüsusi mülkiyyət hüququ əsasında tam payla onun adına qeydiyyata alınmışdır. Cavabdehlər artıq çoxdan həmin evə faktiki yaşayış hüuquqlarını itirmişlər. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2-da yerləşən fərdi evinə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 və qeyriləri 2010-cu ildən mübahisəli evi daimi olaraq könüllü şəkildə tərk ediblər və daimi yaşamaq üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi, dəniz kənarında yerləşən bağ evinə köçüb orada yaşayırlar. Həmin bağ evi Cavabdeh1 tərəfindən əri ilə birlikdə inşa edilmişdir, lakin ev yüksək gərginli işıq dirəyinin altında tikildiyi üçün həmin tikiliyə sənəd ala bilməmişlər və formal olaraq iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə fərdi evin mülkiyyətçisi İddiaçı arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mübahisəli evdən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152.1, 157.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə mənzilə istifadə hüququna xitam verilməsi ilə yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın hüquqi əsaslarına fərq qoymamışdır. Hansı ki, onun mənzildən istifadə hüququna xitam verilirsə, həmin mənzildə yaşamamağının səbəbi araşdırılmalı idi. Məhkəmədə mənzildən iddiaçı tərəfindən qovulduğuna hüquqi qiymət verilməmişdir. Hazırda mübahisəli mənzildən qovulduğuna görə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 1992-ci ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi dəniz kənarında bağ evində yaşayır. Bu mənzildə müvəqqəti olaraq məskunlaşmışdır. Sənədsiz olan uzaq qohumlarının yaşayış sahəsidir. Məhkəmə ancaq iddiaçının yalan izahatlarına əsaslanmışdır. Məhkəmə tərəfindən evdə yaşayış hüququları itirilmişdir. Hansı ki, yaşayış evində 2010-cu ilə qədər yaşamaqla itifadə hüququ əldə etmişlər. Belə nəticəyə gəlmək olar ki, mübahisənin predmeti ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aid olmuşdur. Məhkəmə tərəfindən onun daimi yaşayış yeri müəyyən olunmadığından “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyataalınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin istifadə hüquqları ilə bağlı və Mənzil Məcəlləsinin istifadə hüquqları ilə bağlı normaları düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı düzgün tətbiq olunmamışdır. Məhkəmə cavabdehlərin istifadə hüquqlarının olmaması barədə gəldiyi nəticələri əsaslandırmamışdır. Məhkəmə iddianı ümumi məhkəməyə yaxud, İnzibatı Məhkəməyə aid olmasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən qətnamənin nəticə hissəsində cavabdehlərin yaşayış hüquqularının itirilməsi barədə iddianı qismən təmin edərkən, istifadə hüquqlarının itirilməməsi barədə heç bir nəticə əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 1980-ci ildə mübahisəli evə nikaha daxil olmaqla gəlmiş, 42 ildir ki, həmin evdə qeydiyyatdadır. Ev qaynatasının olub. Həmin evdə 5 övladı olub. İddiaçının Xırdalanda öz evi də var idi. Sonradan nikahı pozuldu. Gəlib onlarla yaşadı və yenidən nikaha daxil oldu. Qeydiyyatı olmasa, işi üçün zəruri olan arayışları da ala bilmir. Evdən 2010-cu ildə əri öləndən sonra çıxıb. Özü üçün ev tikib, sənədi olmayan evdə yaşayır və ora qeydiyyata düşə bilmir. İddiaçı onlarla yola getmirdi, uşaqlarına problem olmasın deyə evdən çıxıb. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 bildirdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də, verilmiş apellyasiya şikayətini müdafiə edir, onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmə tərəfindən hazırki mübahisəyə Mənzil Məcəlləsinin və Mülki Məcəllənin konkret maddələri tətbiq olunmuşdur. Əsas məsələ mülkiyyətçinin hüquqlarıdır. Ev iddiaçının mülkiyyətindədir, o, cavabdehlərin formal da olsa mənzilində qeydiyyatda qalmasına razı deyil. Çünki tərəflərin münasibətləri pisdir. İddiaçının mülkiyyət hüququnun maneəsiz icrası üçün problem yarada bilərlər. Məhkəmənin qətnaməsi əsaslı və ədalətlidir. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə vəfat etmişX2 oğlunun vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X.A.Nəcəfova verilmiş **********33- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X3 qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, ev 69 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixdən “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 1992-ci ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi dəniz kənarında bağ evində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 2-da qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 və qeyriləri 2010-cu ildən mübahisəli evi daimi olaraq könüllü şəkildə tərk ediblər və daimi yaşamaq üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi, dəniz kənarında yerləşən bağ evinə köçüb orada yaşayırlar. Həmin bağ evi Cavabdeh1 tərəfindən əri ilə birlikdə inşa edilmişdir, lakin ev yüksək gərginlikli işıq dirəyinin altında tikildiyi üçün həmin tikiliyə sənəd ala bilməmişlər və formal olaraq iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə fərdi evin mülkiyyətçisi İddiaçı arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mübahisəli evdən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından və cavabdehin apellyasiya şikayətindən də görünür ki, cavabdehlər mübahisəli mənzildən 2010-cu ildən çıxaraq başqa fərdi yaşayış evində məskunlaşmış və hazırki günədək orada yaşayırlar. Bu hal da təsdiq edir ki, cavabdehlər mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da uzun müddət mübahisəli mənzildə deyil, özlərinə məxsus yaşayış sahələrində yaşamaları iş materialları, eləcə də apellyantın izahatı ilə təsdiq olunur. Eyni zamanda hazırki günədək mübahisəli mənzilə köçüb yaşamaqla bağlı hər hansı iddiaları olmamışdır. Bununla da müəyyən edilir ki, cavabdehlər 2010-cu ildən hazırki günədək mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəmədeə iddia qaldırmamış, bununla da həmin mənzildə yaşayamağa cəhd etməmələri onların həmin mənzildən birdəfəlik getməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getmənin və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçmənin yalnız hər hansı rəsmi sənədlə təsdiq olunması tələb olunmur. Bu halın təsdiqi üçün digər sübutlar da yetərlidir. Hazırki işdə bu hal iş materialları, eləcə də şikayətdə qeyd edilənlərlə təsdiq edilir. Məhkəmə kollegiyası apellyantın və digər cavabdehlərin 2010-cu ildən mübahisəli mənzildə yaşamamalarını, bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini onların qeyd olunan mənzildə istifadə hüquqlarını saxlamaq niyyətinin olmaması, onların mənzildən birdəfəlik getməsi kimi qiymətləndirir. Hazırki işdən müəyyən edilir ki, iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşamırlar, eləcə də həmin evə köçüb yaşamaq barədə tələbləri yoxdur. Onların mənzildə qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işi tam araşdıraraq əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehlərin hazırki günədək mənzilə köçürməyə cəhd etməsi, iddiaçının cavabdehləri mənzilə buraxmaması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir, eyni zamanda cavabdehlər bunun əksi olaraq mənzilə köçürülmə ilə bağlı məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Eyni zamanda apellyant apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də bunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyant şikayətində 2010-cu ildən mübahisəli evdə yaşamadığını qeyd etmiş, lakin mübahisəli evdə qeydiyyatda qaldığını bildirmişdir. Hesab edir ki, onun mübahisəli evdə qeydiyyatdan çıxarılması əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dəlilləri əsassız sayaraq qeyd edir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının münafeyinə ziddir. Bu səbəbdən məhkəməkollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-842/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-842/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver