Məhkəmə qərarları › İş №2(105)-850/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-850/2025

17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-850/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə2 və İddiaçı2 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X19 və X2 ibarət tərkibdə, X22 qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar Nümayəndə2 və İddiaçı2 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 517/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında AZ-İ 470971 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında olan nikah Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

2. İş materiallarında olan toprağın mülkiyyətə verilməsinə dair JN-009A KOD 30223058 nömrəli şahadətnamənin surətindən görünür ki, Xaçmaz ayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən 0,35 hektar toraq sahəsi Xaçmaz rayonu Şərif oba kənd sakinləri Nümayəndə2, X3, X7ən, İddiaçı2, X8, X5, X6 mülkiyyətlərinə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar Nümayəndə2 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus olan cehiz əşyalarını onun evindən çıxarılması və 60 (altımış) manat məbləğində mediasiya xərcinin əvəzinə 60 (altımış) manat pulun X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu X9 xx.xx.2005ci ildə ailə həyatı qurmuş və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ərə gələndə aşağıdakı əşyaları ona məxsus evə cehiz gətirmişdir: “1. servant, 2. şfaner, 3. taxt, 4. 1 stol (sınıq), 5. 6 ədəd stul (sınıq), 6. 1 ədəd taxt döşəyi, 7. 1 ədəd termo, 8. 1 ədəd tək döşək, 9. 1 ədəd taxt yorğanı,

10. 3 ədəd tək yorğan, 11. 4 ədəd yastıq, 12. 6 ədəd nalça, 13. 1 ədəd yun ədyal, 14. 1 ədəd sandıq, 15. 1 ədəd lüstür, 16. 1 ədəd abed servisi, 17. 1 ədəd çay servisi, 18. 1 ədəd çamadan qaşıq dəsti, 19. 1 ədəd çamadan”. Onlar xx.xx.2023-cü il tarixində rəsmi qaydada boşanmışlar. Cavabdeh 2023-cü ildən iddiaçılara məxsus evi tərk edib atası evinə köçmüş və bir daha qayıtmamışdır. Adıçəkilən cehiz əşyaları iddiaçıların rahatlığını pozur, maneçilik törədir və onların mülkiyyət hüquqlarını pozur.

5. xx.xx.2024-cü il tarixli MŞQ/MT/027/2024-01772 nömrəli İMS-də iştirak edilməmə barədə arayışdan göründüyü kimi, ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir.

6. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və iddiaçı Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun keçmiş gəlini olub. Artıq 2 ildir ki, gəlini oğlundan boşanıb, qızıl-zinət əşyalarını aparıb, lakin cehiz əmlaklarını aparmır. Bu da iddiaçıların hüquqlarını pozur. Oğlu Koroğlu artıq yeni ailə qurub. Cavadehə əşyalarını aparmasını bildirmişdir. Lakin cavabdeh əşyalarını istəmədiyini bildirir. Bununla bağlı polis şöbəsinə və mediasiyaya müraciət etsə də, cavabdeh əşyalarını evindən çıxarmır. Şıxəli kişinin 2 qızı onun gəlinləri olub. Şıxəli kişi gecə saat 2-də qızlarını götürüb aparıb, əşyalarını isə gəlib götürmür. Rəsmi şəkildə nikahları pozulub, əşyalarını evindən aparmalarını tələb edir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X21 izahatında göstərmişdir ki, qızlarının uşaqları var. Bir qızının 3 qızı 1 oğlu, digər qızının isə 1 qızı, 1 oğlu var. Uşaqlar hazırda analarının yanında qalırlar. O, əmlakları ona görə evdən çıxarmır ki, əmlakların 20 faizi qalıb. Həm də, nəvəsi bildirir ki, gələcəkdə gedib orada yaşayacaq. Bir qız nəvəsi - Səbinə atasının himayəsindədir, Ümid hazırda azyaşlıdır, lakin bildirir ki, böyüdükdən, həddi-buluğa çatdıqdan sonra qayıdıb orada yaşayacaq. Buna görə də, əmlakı evdən çıxara bilmir. Əmlaklar qızına məxsusdur, ev iddiaçılara aiddir. X17 iddiaçıların evində yaşamaq hüququ var.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-517/2025 saylı qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin edilmiş, Xaçmaz rayonu Şərif-oba kəndində yerləşən Nümayəndə2 və İddiaçı2 istifadəsində olan fərdi yaşayış evindən Cavabdeh məxsus əmlakların: “1. servant, 2. şfaner, 3. taxt, 4. 1 stol (sınıq), 5. 6 ədəd stul (sınıq), 6. 1 ədəd taxt döşəyi, 7. 1 ədəd termo, 8. 1 ədəd tək döşək, 9. 1 ədəd taxt yorğanı,

10. 3 ədəd tək yorğan, 11. 4 ədəd yastıq, 12. 6 ədəd nalça, 13. 1 ədəd yun ədyal, 14. 1 ədəd sandıq, 15. 1 ədəd lüstür, 16. 1 ədəd abed servisi, 17. 1 ədəd çay servisi, 18. 1 ədəd çamadan qaşıq dəsti, 19. 1 ədəd çamadan” çıxarılması, Cavabdeh ödənilmiş 60 manat mediasiya xərci tutularaq iddiaçılar Nümayəndə2 və İddiaçı2 xeyrinə ödənilməsi və ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və iddiaçıların mülkiyyətində olan Xaçmaz rayonu Şərif-oba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh uzun müddətdir ki, evi tərk edib getmişdir. Həmin yaşayış sahəsinin iddiaçıların istifadəsində və sahibliyində olması işin mübahisələndirilən hallarına aid deyildir. Belə olan halda, iddiaçıların sahiblik və istifadə hüququ gözlənilməli, onlara məxsus fərdi yaşayış evindən cavabdehə məxsus əmlaklar çıxarılmalıdır.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 146.2, 152.1, 152.5, 157.2, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə o, nə də ki nümayəndəsi X21 mübahisəli əmlakların yerləşdiyi evin iddiaçılara aid olmasını deməmişdirlər. Bunun əksinə olaraq nümayəndəsinin məhkəməyə verdiyi həm şifahi, həm də yazılı etirazlarında iddiaçıların çıxarılmasını tələb etdikləri əmlakların yerləşdiyi ev onunla iddiaçı X4 birgə nikahı dövründə, nümayəndəsi və atası Nümayəndə1 tərəfindən inşa edilmiş qanunsuz, özbaşına tikilidir. Həmin evə iddiaçıların heç birinin subyektiv hüquqları yoxdur. Həmin evə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2- 2187/2025 saylı, 17 fevral 2025-ci il tarixli məktubu il təsdiq olunur ki, Xaçmaz rayonu, Şərifoba kəndində Nümayəndə2 və İddiaçı2 adına fəri yaşayış evi qeydə alınmamışdır. İşin hallarından göründüyü kimi mübahisəli daşınar əmlaklar onun mülkiyyətindədir. Məhkəmə mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaklarla bağlı onun mülkiyyət, istifadə və sərəncam hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (digər iddiaçının nümayəndəsi) Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

17. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (...) 158.1.2. əmlakdan istifadə hüququ; (...) 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

18. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;

19. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

20. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

21. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı2 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və qayınatasına (hazırkı iş üzrə iddiaçıya) məxsus evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı2 arasında olan nikah pozulmuşdur. Hazırda cavabdeh başqa evdə yaşayır. Onların ailə münasibətlərinə xitam verilmişdir. Lakin gəlin gələrkən özü ilə gətirdiyi cehiz əmlaklarını iddiaçıya (qaynatasına) məxus evdə saxlamışdır.

31. İş üzrə tərəflərin izahatlarına, işin araşdırılmış hallarına və tədqiq olunmuş sübutlarla məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Xaçmaz ayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən Nümayəndə2, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Lakin onun üzərində yerləşən mübahisəli evə dair hər hansı hüquq dövlət reyestrində qeydə alınmamışdır.

32. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətində həmin evi atasının tikdirdiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

33. Kollegiya qeyd edir ki, cavabdehə məxsus yuxarıda adları çəkilən əşyaların iddiaçının evində qalması onun həmin fərdi yaşayış evi üzərində sahiblik və istfadə hüquqlarını həyata keçirməsinə mane olur.

34. Göründüyü kimi cavabdeh iddiaçıların ailə üzvü olmadığından, mübahisəli yaşayış sahəsi ilə bağlı aralarında hər hansı razılaşma olmadığından, cavabdeh 2023-cü ildən həmin evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçərək həmin mənzillə əlaqəsini kəsdiyindən və mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququnu itirdiyindən, yuxarıda sadalanan mülki və mənzil qanunvericiliyi normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehə məxsus adları çəkilən əşyaların iddiaçılara məxsus olan Xaçmaz rayonu, Şərif oba kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə gəldiyi nəticə düzgün olmuşdur.

35. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-517/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar