Məhkəmə qərarları › İş №2(105)-851/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-851/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-851/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8415/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8415/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi, torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair qarşılıqlı iddialarının rədd edilmələri qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən 27 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin əvvəlində “Xəzər” Bağçılıq cəmiyyətinə ərizə ilə müraciət edərək həmin bağçılıq cəmiyyətinə üzv qəbul edilməsini xahiş etmişdir. “Xəzər” Bağçılıq cəmiyyəti İdarə Heyətinin üzvlərinin yığıncağının xx.xx.2007-ci il tarixli, 5 saylı protokoluna əsasən həmin cəmiyyətə üzv qəbul edilərək ona 800 kv.metr torpaq sahəsi olan 27 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi onun qanuni sahibliyində olmasına baxmayaraq, Cavabdeh həmin bağın özünə məxsus olduğunu iddia edərək qanunsuz olaraq 27 saylı bağı zəbt etmiş və ona məxsus bağ sahəsinə daxil olmağına imkan vermir. Hazırda həmin ərazi “Xəzri” yaşayış massivi adlanır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı adına verilmiş bağçının üzvlük kitabçasının və üzvlüyə qəbul edilməsinə dair xx.xx.2007-ci il tarixli protokolun etibarsız hesab edilməsi, istifadəsində olan torpaq sahəsinə müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı qaldırdığı iddiada əsas kimi istinad etdiyi kitabçanın 2007-ci ilin fevral ayında verildiyini və həmin tarixdə cəmiyyətə üzv qəbul olunduğunu göstərmişdir. Halbuki qeyd edilən vaxtlarda İddiaçı Rusiyada yaşamış, Azərbaycanda olmamışdır. Bundan başqa, İddiaçı nə “Xəzər” bağlarında, nə də “Xəzri” bağlarında torpaq sahəsi olmamış və bu gün onun çıxarılmasını iddia etdiyi, faktiki olaraq “Xəzri” yaşayış massivinə aid edilən, sahəsi 950 kv.m. olan torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, o, 1991-ci ildən bu torpaq sahəsini faktiki olaraq tutmuş və istifadə edir, bu ərazidə o, yüzlərlə meyvə ağacı əkmişdir. Əgər həqiqətən də 2007-ci ildən bu torpaq sahəsi İddiaçı verilmişdirsə, keçən 15 il ərzində həmin torpaq sahəsini axtarmamış və bununla bağlı iddia qaldırmamışdır. Onun istifadəsində olan sahə “Xəzri” yaşayış massivinin tərkibində olmaqla, “Xəzər” Bağçılıq cəmiyyətinə hər hansı bir aidiyyəti yoxdur. Bununla bağlı o, həmin cəmiyyətdə olmuş, araşdırma aparılmış və İddiaçı adının, ümumiyyətlə, qeydiyyat kitabına daxil edilmədiyi müəyyən edilmişdir. Bu saxta kitabçanı İddiaçı cəmiyyətin keçmiş sədri olmuş və dünyasını dəyişmiş H.Camalov adlı şəxs vermişdir. “Xəzər” Bağçılıq cəmiyyətinə yalnız işlədiyi müəssisələrin həmkarlar ittifaqlarının müvafiq protokolları əsasında bağ sahəsinə ehtiyacı olan şəxslər üzvlüyə qəbul olunur və onlara ayrılmış bağ sahəsinin təhkim aktları tərtib olunaraq təqdim edilir. Lakin İddiaçı bu saxta kitabçanı əsas tutaraq iddia edir ki, guya həmin kitabçada göstərilən ərazi bu gün onun faktiki istifadəsində olan ərazidir. Halbuki iddiaçı bunu təsdiq edən hər hansı bir sənədi, təhkim və ya ayrıc aktı, torpağın plan və ölçüsünü təqdim etməmişdir. O, bu torpaq sahəsindən istifadə etməklə bələdiyyə vergilərini ödəyir və bundan başqa, həmin torpaq sahəsinə su xətti çəkdirmişdir. İddiaçı dəfələrlə onun bağının qıfılını qırmış, qapısını sökərək aparmışdır. O, bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və polisə də şikayət etmişdir. İddiaçı məqsədi onun bağını əlindən almaq, sataraq başqa şəxslərə olan borcunu ödəməkdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir, İddiaçı bu hərəkətləri ona ağır təsir etmişdir. İddiaçı hazırda da bu saxta kitabçanı əsas tutaraq hər yerə təqdim edir və onun 30 ildən artıq müddətdə baxaraq qulluq etdiyi bu bağın özünə məxsus olduğunu bildirir, halbuki bu bağın İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı bu gün ona qarşı məhkəmədə iddia qaldırmasına əsas kimi istinad etdiyi bağçının üzvlük kitabçası və protokol saxta olduğu üçün etibarsız hesab edilməli və iddiaçının onun istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Sumqayıt şəhər Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “Xəzri” yaşayış sahəsinə aid olan ərazi ilə “Xəzər” bağlar sahəsinə aid olan ərazi müxtəlif sahələri əhatə edir, yəni İddiaçı əsas tutduğu kitabçanın ona məxsus torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, onun istinad etdiyi bağçılıq kitabçası ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir, iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir, bununla da iddia edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Halbuki Cavabdeh ona qarşı bağçı üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, dolayı yolla ona məxsus bağ sahəsini zəbt etdiyini etiraf etmişdir. Lakin məhkəmə həmin hala hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etməklə onun qanuni hüququnu pozmuşdur. Hazırda bağçılıq cəmiyyətinin ona bağ sahəsinin ayrılmasına dair protokolu və həmin protokol əsasında verilmiş bağçının üzvlük kitabçası qüvvədə olmasına baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı maddi hüquq normalarına düzgün istinad etmiş və həmin normalar əsasında mübahisəyə qiymət vermişdir. Lakin onun qarşılıqlı iddia tələbini təmin etməyən məhkəmə belə bir qənaətə gəlmişdir ki, onun iddiaçının adına olan sənədlərin-bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur və bu nəticəyə gələn məhkəmə “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmiş və göstərmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki halda o, subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görmür və iddia qaldırmaq hüququna malik olmadığından qarşılıqlı iddia üzrə iddiaçının tələbinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə prosesində yetərincə tədqiq edilmiş sübutlarla İddiaçı adına kitabçanın qanunsuz verildiyi öz təsdiqini tapmış və bu hallar da Azərbaycan Respublikası MM-nin 337, 339-cu maddələrinə əsasən kitabçanın etibarsız hesab edilməsinə əsas vermişdir. Həmin iddia tələbində qoyulan digər tələb qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadə etməyinə yaradılmış maneə ilə bağlı olmuş və bu hal da məhkəməyə təqdim etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapmışdır. Lakin məhkəmə onun qarşılıqlı iddia tələbini bu hissədə də təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin məhkəmə onun hüquqlarına təminat verməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin İdarə Heyətinin 5 saylı, xx.xx.2007-ci il tarixli protokolundan çıxarışdan görünür ki, 800 m2 torpaq sahəsindən ibarət 27 saylı bağ İddiaçı ayrılması, “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınaraq Bağçılıq Yoldaşlıq cəmiyyətinə üzv qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli bağçının üzvlük kitabçasından görünür ki, Sumqayıt şəhər XDS-nin xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bağçılıq cəmiyyətinin sahəsindən 800 m2 torpaq sahəsindən ibarət 27 saylı bağ İddiaçı daimi istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 3179 saylı, 18 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllənin və S.Vurğun küçəsinin şimalında yerləşən “Xəzər” Bağçılıq Yoldaşlığı cəmiyyəti Sumqayıt Bələdiyyəsi yaranana qədər fəaliyyət göstərmiş istehsal müəssisəsinin nəzdində yaradılmışdır. “Xəzri” yaşayış massivi isə Sumqayıt Kompressorlar zavodunun şərqində, zavod ilə Hacı Zeynalabdin qəsəbəsinin ərazisində olan ərazidə yerləşir. Həmin ərazilərin hər ikisində (“Xəzər” və “Xəzri”) Sumqayıt Bələdiyyəsinin təşkil etdiyi yerli məhəllə komitələri fəaliyyət göstərir. “Xəzər” bağçılıq və “Xəzri” adlanan ərazilərin diskolasiyası Sumqayıt Bələdiyyəsində mövcud deyildir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 272 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Sumqayıt şəhər “Xəzri” Məhəllə Komitəsinin ərazisində yaşayır, onun qəsəbə ərazisində S.Vurğun küçəsində dəniz tərəfdə əlavə olaraq 9,5 sot istifadə olunan torpaq sahəsi vardır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 36 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olan siyahıda İddiaçı adına 27 saylı bağ yoxdur, cəmiyyətin ərazisi Kimyaçılar qəsəbəsindən sürücülük məktəbinin arxasına qədər ərazini təşkil edir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 3969 saylı, 8 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, “Xəzər” Bağçılıq Cəmiyyətinin fəaliyyəti 2020-ci ilin sentyabr ayında dayandırılmışdır, “Xəzər” BBY-nin ərazisində “Xəzri” deyil, “Xəzər” Məhəllə Komitəsi fəaliyyət göstərir və “Xəzri” Məhəllə Komitəsi ilə “Xəzri” Məhəllə Komitəsi birbirinə yaxınlığı və aidiyyəti olmayan fərqli ərazilərdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 293 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına Sumqayıt şəhər “Xəzri” Məhəllə Komitəsinin ərazisində torpaq sahəsi yoxdur. İş materiallarından, iddia ərizəsindən görünür ki, İddiaçı mübahisəli bağ torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını və cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilə olunduğunu, istifadə olunduğunu iddia edərək cavabdehin həmin sahədən çıxarılmasını tələb edir və iddia tələbini “Xəzər” X2 Heyətinin 5 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə 800 m2 torpaq sahəsindən ibarət 27 saylı bağ sahəsinin ona ayrılması, bu barədə ona bağçının üzvlük kitabçası verilməsi ilə əsaslandırır. Cavabdeh isə həmin torpaq sahəsinin iddiaçıya məxsus olmadığını, torpaq sahəsini 30 ildən artıqdır istifadə etdiyini, orada ağac əkib bağ saldığını, bu müddət ərzində iddiaçının torpaq sahəsinin ona məxsus olması barədə heç bir iddiası olmadığını göstərmişdir. Azərbaycan Respublikası MM-nin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin ilk iddiaya aid hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna görə də həmin torpaq sahəsinin harada yerləşdiyini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “Xəzər” X2 Heyətinin 5 saylı, xx.xx.2007-ci il tarixli qərarına və bağçının üzvlük kitabçasına əsasən isə torpaq sahəsinin harada yerləşdiyini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün deyildir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsini özbaşına tutmuşdur, həmin torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici yoxdur. Məhkəmə kollegiyası hazırki qarşılıqlı iddia ilə bağlı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırki qarşılıqlı iddia tələbini irəli sürmək hüququna malik olmamışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8415/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar