Məhkəmə qərarları › İş №2(105)-853/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-853/2023

24.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-853/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və T.O.Quliyevin iştirakı ilə) apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)- 4477/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)- 1590/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Avt Logistics MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrinin ləğv edilərək onun əvvəlki, yəni Avt Logistics MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən Avt Logistics MMC-də işləmiş, 2020-ci ilin noyabr ayının əvvəllərində ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuş və o, Saatlı rayonunda yaşadığından buna etiraz etmişdir. Bundan sonra, ona idarə etdiyi avtomaşını təhvil verməsi bildirilmiş və o, avtomaşını təhvil vermişdir. Cəmiyyət tərəfindən ona xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş və o, bildirişə cavab məktubu yazaraq iş yerinin dəyişdirilməsinə razı olmadığını və əvvəlki iş yerində fəaliyyətini davam etdirmək istədiyini bildirmişdir. Həmin bildirişdə cəmiyyətdə əmək şəraitinin şərtlərinin dəyişməsi göstərilərək ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmasına baxmayaraq cəmiyyətin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda onun xx.xx.2020-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmaması və telefon zənglərinə cavab verməməsi qeyd olunaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə işdən azad olunacağı göstərilmişdir. Lakin cəmiyyətin kadrlar şöbəsinin əməkdaşları yəni Gündüz Rəsulov və Amil Nəcəfov tərəfindən ona işə çıxmaması bildirilmiş və ona əlavə məlumat verəcəklərini bildirmişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən ona zəng olunmamışdır. Halbuki, onun cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdə olmuşdur. O, cəmiyyətə bu barədə məktub da ünvanlamışdır. Bundan sonra, cəmiyyətin 18 dekabr 2020-ci il tarixli məktubunda (həmin məktubu o, 24 dekabr 2020-ci il tarixdə almışdır) onun işdən azad olunmağı və əmək kitabçasını almaq üçün cəmiyyətə gəlməsi qeyd edilmiş və həmçinin, onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması qeyd olunmuşdur. Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasını təmin etməklərini xahiş etmiş, lakin əvvəlki kimi bu məktublarına da cavab verilməmişdir. Cəmiyyətin ona ünvanladığı məktublarda isə hər dəfə ayrı-ayrı maddələr qeyd olunmuşdur. O, işlədiyi dövrdə Cəmiyyətin nüfuzunu həmişə üstün tutmuş, qorumuş və heç vaxt cəmiyyətə ziyan vurmamışdır. Əksinə olaraq o, iş vaxtından əlavə işləmiş və gecə-gündüz bilmədən cəmiyyətin xeyrinə çalışmışdır. Bundan sonra o, 18 yanvar 2021-ci il tarixdə cəmiyyətin işçiləri ilə telefon əlaqəsi saxlamış və ona ixtisar edilməyi ilə bağlı işdən çıxarılmağı bildirilmişdir. O, sənədlərinin ona göndərilməsini xahiş etdikdə ona cəmiyyətə gələrək sənədlərini götürə biləcəyini demişlər. 19 yanvar 2021-ci il tarixdə o, cəmiyyətin Bakıda yerləşən ofisinə getmiş və ona əmək kitabçası təhvil verilmişdir. Cəmiyyətin işçiləri ona əmək kitabçasını guya 16 dekabr 2020-ci il tarixdə almağı barədə qeydiyyat kitabına imza etməyini bildirsələr də o, buna etiraz etmiş və bundan sonra cəmiyyətdə saxlanılan əmək kitabçasının surətinin üzərinə əmək kitabçasını 19 yanvar 2021-ci il tarixdə qəbul etməyini yazaraq imzası ilə təsdiq etmişdir. Həmin vaxt o, barəsində olan əmrin surətini tələb etsə də, əmrin surəti ona verilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərdiyi kimi, barəsində olan əmrin surəti ona verilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilənlərdən məlumatı yoxdur. Lakin o, cəmiyyətdə işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Heç bir intizam tənbehinə məruz qalmamışdır. Cəmiyyətdə işlədiyi dövrdə heç vaxt intizamı pozmamış, əmək müqaviləsi üzrə öhdəsinə düşən funksiyanı lazımınca yerinə yetirmiş, qanunazidd əməlləri olmamışdır. Əgər qanunazidd hərəkətlərə yol versəydi rəhbərlik onun barəsində hüquq mühafizə orqanlarına müraciət etməli idi və ya intizam tənbehinə məruz qalsaydı bu barədə əmrdən məlumatı olardı. Odur ki, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrini qanunsuz və əsassız hesab edir və onun bu adla, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı ümumiyyətlə qanunsuzdur. Belə ki, ona cəmiyyətdə olan ixtisarla bağlı işdən azad olunmağı bildirilmiş və bu barədə onda səlahiyyətli şəxslərin səs yazısı da vardır. Bütün bunlarla yanaşı əmək kitabçasından müəyyən olunur ki, onun əmrini Cəmiyyətin İnsan Resursları üzrə mütəxəssisi Əliyev soyadlı şəxs vermiş və həmin şəxs tərəfindən imzalanmışdır. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən çıxmağı barədə əmrin Cəmiyyətin İnsan Resursları üzrə mütəxəssisi Əliyev soyadlı şəxs tərəfindən verilməsi və imzalanması da qanun pozuntusudur və bu, əmrin ləğv edilməsi üçün əsaslardan biridir. O, əmək kitabçasını cəmiyyətdən 19 yanvar 2021-ci il tarixdə almış və bu barədə cəmiyyətdə saxlanılan əmək kitabçasının surətinə də qeyd etmiş, yəni məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən olunmuş müddət keçməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan zaman ona zəng edərək işdən çıxması barədə ərizə yazması bildirilmişdir. O, məktubla cavab yazsa da, məktublarını qəbul etmirlər. İş yeri yaşadığı Saatlı rayonu ərazisində idi. Sonra ona zənglə bildirdilər ki, iş yeri dəyişib və o, artıq Salyan rayonunda işləməlidir. Bu zaman onlara bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar Salyana gedə bilmir. Salyan rayonu ilə Saatlı rayonu arasındakı məsafə təxminən 100 km-dir. O, Saatlıda işləyəndə belə səhər saat 5:00-da evdən çıxdığı halda, gecə 1-də, bəzən 3-də qayıdıb. On görə əvvəlki iş yerində işləmək istəyir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini əmək müqaviləsi əsasında yük daşıma avtomobilinin sürücüsü vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2020ci il tarixdən heç bir üzrlü səbəb təqdim etmədən bütün iş günü ərzində işə gəlməməsi və bununla da əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapması, lakin bunun əksinə olaraq sübut etmək vəzifəsi daşıyan iddiaçı buna dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığını və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyini, eləcə də əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanması barədə iddiaçının həm iddia ərizəsindəki, həm də apellyasiya şikayətində göstərdiyi dəlillərə qiymət verilmədiyini, habelə apellyasiya məhkəməsinin qətnaməsində əmək müqaviləsinin xitamının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə qeyri-mümkünlüyünü, Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə isə zərurəti əsaslandırmamasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İddiaçı 12 avqust 2017-ci il tarixli əmrlə Cavabdeh MMC-nin nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilməsi, onun xx.xx.2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılması, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra yəni xx.xx.2020-ci il tarixdən başqa vəzifəyə keçməsinin mümkün olmadığı halda, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi barədər xəbərdar olunması, iddiaçının isə işəgötürənə yazışmalarında həmin təkliflə razılaşmaması və əvvəlki iş yerində fəaliyyətini davam etdirmək istəməsini bildirməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdən göründüyü kimi cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar iddiaçı xx.xx.2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılmış, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra, yəni xx.xx.2020-ci il tarixdən başqa vəzifəyə keçirilməsi mümkün olmasa, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. İddiaçı isə işəgötürənlə yazışmalarında bu təkliflə razılaşmadığını və əvvəlki iş yerində fəaliyyətini davam etmək istədiyini cavabdehə bildirsədə, xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə iddiaçının iş yerinin hansı yaşayış məntəqəsi olması iş materialları ilə müəyyən olunmur. Halbuki, bu müddət ərzində iddiaçıdan yeni əmək şəraitində işləməyi tələb etmək əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçını başqa vəzifəyə keçirilməsinin mümkünsüzlüyü əsaslandırılmadan, sonuncu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam vermək əvəzinə, bundan dörd gün sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göründüyü kimi cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bu mənada iddiaçının ərizəsində, həm də apellyasiya şikayətində əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanması barədə dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, işin 83-cü vərəqindən görünür ki, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli əmrindən çıxarışı MMC-nin İnsan Resursları Departamentinin müdiri Pərviz Qasımov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Bununla bağlı cavabdehdən növbəti məhkəmə baxışınadək həmin əmrin əsli tələb olunmuş və cavabdehin nümayəndəsi X5 tərəfindən məhkəmə kollegiyasına təqdim olunan xx.xx.2020-ci il tarixli mövcud əmrin Cavabdeh MMC-nin direktoru Bilge Çağlayan tərəfindən imzalandığını, lakin əmrdən çıxarışın təqdim edildiyi tarixdə isə direktor Bilge Çağlayanın işdə olmadığından, əmrdən çıxarış onu əvəz edən İnsan resursları departament müdiri Pərviz Qasımov tərəfindən imzalandığı bildirilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 16 dekabr 2020-ci il tarixli 646 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdehndə sürücü vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar