Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-855/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2003-cü il tarixdə Qubadlı rayon Təhsil şöbəsi üzrə 31384 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət Pedaqoji Universitetinin tarix ixtisasının tam kursunu bitirmiş, ali bakalavr dərəcəli ixtisas üzrə müqavilə əsasında Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. xx xxxx 2017-ci il tarixdə Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəb üzrə 10882 № əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən məktəb üzrə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmişdir. İşdən azad olunmağına iki əsas göstərmişdir:1) müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, 2) əmək vəzifələrini kobud şəkildə pozması, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Göstərilənlər tamamilə qanunsuz və əsassızdır. Ona şər atılmış, ailədə, səhhətində problemlər yaranmış, bu səbəblərə görə də üzürlü olaraq isə gedə bilməmişdir.Bu barədə müdriyyətə məlumat vermişdir. Həmçinin haqsız olaraq xx xxxxxx 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 149.2.5,150.2.5 və 182.2.2ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 41.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət almış, həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalından dərhal azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Heç bir təqsirin olmamasına baxmayaraq, həbsə alınmış, dəfələrlə izahat verilməsi üçün prokurorluq, istintaq orqanlarına çağırılmış, müvafiq məhkəmə instansiyalarında keçirilən iclaslarında iştirak etməli olmuşdur. Qeyd etdikləri üzürlü səbəblərdən öz əmək vəzifələrini yerinə yetirə bilməmiş, işdən çıxarılmağı barədə əmrdən şikayət vermə müddətini ötürmüşdür. Göstərilən hallar barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, əmək qanunvericiliyə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr baxıldığı bildirmişdir. Ona görə də, buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə - Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2, 71.3, 76.2, 83, 83.2, 84.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus olan əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Qubadlı rayon Təhsil şöbəsi üzrə 31384 № əmri ilə Azərbaycan Respublikası Dövlət Pedaqoji Universitetinin tarix ixtisasının tam kursunu bitirmiş, ali bakalavr dərəcəli ixtisas üzrə müqavilə əsasında Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. xx xxxx 2017-ci il tarixdə İddiaçı Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəb üzrə 10882 № əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən məktəb üzrə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmişdir. Azərbayçan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlamış xx.xx.2019-cu il tarixli B-16208/1024 №-li məktubda göstərilmişdir ki, əmək qanunvericiliyə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.Aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə İddiaçı ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 149.2.5,150.2.5 və 182.2.2-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 41.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət almış, xx xxxxxx 2017-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinin 10882 nömrəli, xx xxxx 2017-ci il tarixlı əmrindən şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürüldüyü barədə ərizəçinin dəlilini qəbul etmir, İddiaçı xx xxxx 2017-ci il tarixdə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmiş, xx xxxxxx 2017-ci il tarixdə o, həbs olunmuş və xx xxxxxx 2018-ci il tarixdə bəraət almış və məhkəmə zalından azad edilmişdir. İddiaçı xx xxxx 2017-ci il tarixli əmrdən şikayət vermək üçün qanunda nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq, bunu etməmiş və 3 ildən sonra - 2020-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Ona görə də, İddiaçı iddianı vermək müddətini üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüququ aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda zəruri məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı xx xxxx 2017-ci il tarixli əmrdən şikayət vermək üçün qanunda nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq iddianı vermək müddətini üzrsüz səbəbdən itirməsi səbəbi ilə İddiaçı cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı tələbini təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-855/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-855/2021
10.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver