Məhkəmə qərarları › İş №2(105)-858/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-858/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-858/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qızının ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilindən onun və ona aid əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4840/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı 20.10.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-4840/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, icraatın təzələnərək iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4840/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən yenidən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmış və AZ6600 saylı 11.11.2021-ci il tarixli poçt zərfinə əsasən məhkəmə aktı iddiaçı tərəfindən həmin tarixdə rəsmi şəkildə təhvil alındığı halda, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadından yenidən şikayət 13.12.2021-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş, bununla da şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi bu iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPMnin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, şikayət vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apelyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-858/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4840/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar