Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-860/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Avad qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin Dövlət qeydiyyatına alınmasına dair ərizəsi üzrə (Açar sözlər: həyətyanı torpaq sahəsinin Dövlət qeydiyyatına alınması - iş məhkəmə qaydasında baxılmalı deyilsə - Xitam) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Avad qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin Dövlət qeydiyyatına alınmasına dair ərizəsi üzrə Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2- 492/2007 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Əniğ EKT-nın başçısının 14 sentyabr 1996-cı il tarixli, 41 nömrəli əmrindən görünür ki, Əniğ kənd sakini İddiaçı Avad qızının qaytanlanma kitabında olan 0,15 hektar torpaq sahəsindən artıq istifadə etdiyi 0,10 hektar torpaq sahəsinin mümkünlüyünü nəzərə alaraq həmin torpaq sahəsi onun hesabına keçirilməsi və qaytanlanma kitabı üzrə düzəlişin aparılması əmr edilmişdir. Torpaq sahəsinin təhkim edilməsinə dair 14 sentyabr 1996-cı il tarixli və 15 oktyabr 1990-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 10 oktyabr 1989-cu il tarixli 406 nömrəli qərarı ilə Sabir adına savxozun 27 fevral 1990-cı il tarixli 62 nömrəli əmrinə əsasən Əniğ kənd sakini İddiaçı Avad qızına yaşayış binasının tikintisi və xüsusi istifadı üçün 0,10 haktar torpaq sahəsi ayrılmışdır. Qusar rayon Əniğ bələdiyyəsinin 27 mart 2007-ci il tarixli, 24 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı Avad qızının hesabında 0,25 hektar torpaq sahəsi olduğuna baxmayaraq həmin torpaq sahəsi onun mülkiyyətinə yazılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Avad qızı ərizə ilə məhkəməyə müraciət edib, 1996-cı ildən qanuni istifadəsində olan 0,25 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövət qeydiyyatına alınmasına dair qətnamə qəbul edillməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 oktyabr 1990-cı il tarixdə onun adına 0,10 ha həyətyanı torpaq sahəsi təhkim olunmuşdur. Lakin ailəsi böyük olduğum üçün ərizə ilə təkrar müraciət edildikdə Əniğ BKT 41 nömrəli əmr ilə 14 sentyabr 1996-cı il tarixdə ayrılmış torpaq sahəsinə 0,15 ha torpaq sahəsi əlavə olaraq qaytarılmışdır, bu barədə həmin tarixdə akt tərtib edilərək ona 0,25 ha torpaq sahəsi təhkim edilmişdir. Sənədlərdən görünür ki, 0,25 ha torpaq sahəsi ona faktiki olaraq 1996-cı ildə verilib, lakin həmin sahə hal-hazıra kimi dövlət qeydiyyatından keçirilməmişdir. Azərbaycan Respublikası MM-nin 146-cı maddəsində göstərilir ki, Daşınmaz Əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Göründüyü kimi torpaq sahəsinin 0,10 hektarı 1990-cı ildən və 0,15 hektarı 1996-cı ildən istifadəsində olduğu halda hal-hazıra kimi həmin 0,25 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir, qeydiyyatdan keçməmiş hüquqlarının müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Ona görə də 0,25 hektar həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına zəruri sayır. Konkret olaraq torpaq sahələri üzərində hüquqların yaranması qaydası və vaxtı Torpaq Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Vətəndaşların qanuni istifadəsində olan torpaqların özəlləşdirilməsi və özəlləşdirilmə qaydaları Respublika Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanı ilə də nəzərdə tutulmuşdur. Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2- 492/2007 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) iddia təmin edilib, 1996-cı ildən İddiaçı Avad qızının qanuni istifadəsində olan Əniğ kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Dövət qeydiyyatına alınması, təhkim olunmuş 0,25 hektar həyətyanı torpaq sahəsinin İddiaçı Avad qızının adına rəsmişləşdirilməsinin Qusar rayon Əniğ bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz rayon şöbəsinə tapşırılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əniğ kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi İddiaçı Avad qızının istifadəsində olduğundan həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsi və Torpaq Məcəlləsinin 67-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2-492/2007 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəvyənedici sənədlər mövcud deyildir. Torpaq sahəsinin təhkim edilməsi torpaq sahəsinin ayrılması kimi nəzərdə tutulmur. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bunlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəciliyindəki bağların altında olan torpaqlardır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən “bu qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq satılır.” Yəni verilmiş torpaq sahəsi dəyəri ödənilməklə alqı-satqı qaydasında satılmalı idi. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən "Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun trpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşlna düşən orta torpaq payından asılı olaraq müəyyən edilir." Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə əsasən “Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşənorta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinin 1-ci bəndinə görə torpağın alqı-satqısı yazılı müqavilə tərtib edilməklə notariatda təstiq edilməli və həmin məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin məcəllənin 146.3cümaddəsində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Qeyd etmək istəyirik ki, X1 verilmiş 0.25 ha torpaq sahəsi üzərində Qusar rayon Əniğ bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan RespubtikasıTorpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onunmüəyyən olunmuş dövlət qeydiyyatından keçməsindən sonra yaranır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 55-211-79-57 və 50-394-49-54 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər) İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndinə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2-492/2007 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2-492/2007 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini Əniğ kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı Avad qızının mülkiyyət hüququ Dövət qeydiyyatına alınması, təhkim olunmuş 0,25 hektar həyətyanı torpaq sahəsinin İddiaçı Avad qızının adına rəsmişləşdirilməsinin Qusar rayon Əniğ bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz rayon şöbəsinə tapşırılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Hazırki işin mahiyyətindən görünür ki, iddiaçı tələb üzrə cavabdeh kimi DƏDRX-in Xaçmaz Əİ-ni göstərmiş, tələb həmin orqana qarşı yönəlməklə, qətnamə də icra olunması üçün həmin orqana göndərilmişdir (i/m səh. 23) Həmin təşkilat inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlardır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsindən göründüyü kimi, mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamasına rəğmən qeyd etməyi vacib hesab edərək bildirir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşülür. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Göründüyü kimi hazırki mübhaisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, 2- 492/2007 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Avad qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin Dövlət qeydiyyatına alınmasına dair iddia ərizəsi üzrə mülki iş üzrə icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-860/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-860/2023
10.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver