Məhkəmə qərarları › İş №2(105)-870/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-870/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-870/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İlkin İddiaçı ilkin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-1737/2020 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı xeyrinə vurulmuş zərərə görə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan tutularaq ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi və iddia qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə müqavilə üzrə 600 (altı yüz) manat icarə haqqı tutularaq ödənilməsi, ıddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) Abşeron rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-1737/2020 saylı qətnaməsinin “Qət etdi” hissəsinə aşağıdakı nəticənin əlavə edilməsi, “İcarə verən Cavabdeh1 ilə icarəçi İddiaçı arasında 06.09.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxsmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 15 000 (on beş min) manat əmlaka zərər vurduqlarına və mənimsədiklərinə, 5000 (beş min) manat isə əldən çıxmış faydaya görə, cəmi 20 000 (iyiraıi min) manat, 300 (üç yüz) manat vəkilin xidmətlərinə ödənilən pul vəsaitinin, 31(otuz bir) manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin, cəmi 20 331 (iyirmi min üç yüz otuz bir) manatın alınıb ona verilməsinə dair qətnamə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası MPM-nin 267-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında daimi yaşayır. Ailənin yaşayış və maddi imkanları onların bazarda xırda sahibkarlıq fəaliyyəti ilə məşğulyyətlərindən asılıdır. Belə ki, bazar təsərrüfatının tələbindən irəli gələn şərtlər daxilində mövcud olan şərtlərə uyğun şəkildə, həmin şərtlər nə qədər çətin olsa da, işlərini ona nizamlayaraq müəyyən edir və insanların gündəlik tələbatı ilə baglı malların alış-verişini həyata keçirirlər. Beləliklə, Ermənistan Respublikasının Kafan rayonundan qaçqın gəldikdən sonra 1989-cu il tarixindən halhazıradək Xırdalan şəhərindəki bazar və dükanlarda meyvə tərəvəz alveri ilə məşğul olmuşdur. Xırdalan şəhərində “Köhnə Bazar” deyilən yerdə bazar inşa edilmiş, lakin onun inşası başa çatmamışdır. 2014-cü il tarixlərində bazarın sahiblərindən Nizami adlı şəxslə tanış olmuş, orada öz vəsaiti hesabına dükan tikdirərək balıq satmaq qərarına gəlmişdir. Cavabdeh1 Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 28-ci məhəllədəki köhnə bazarın yerləşdiyi torpaq sahəsinin və bazarın rəsmi mülkiyyətçisi və sahibidir. Xırda alverlə məşğul olmaq üçün onunla və əri cavabdeh - Cavabdeh2 ilə əldə etdikləri ümumi niyyətlərinə əsasən bazardakı yarımtikililərdən və tikintisi yarımçıq qalmış, heç bir şəraiti olmayan yararsız bir yerdə öz vəsaitləri hesabına hər bir şəraiti olan dükan tikdirərək, orada balıq satmaq barədə razılaşmış və həmin şərtlərə uyğun köhnə bazarın mülkiyyətçisi Cavabdeh1 ilə 06 iyun 2019-cu il tarixində 1 il müddətinə, hər il eyni müddətə davam etmək şərti ilə “İcarə Müqaviləsi” bağlamışlar. Müqavilədə aylıq icarə haqqı 100 (yüz) manat kimi müəyyən etmişlər. Ancaq əvvəlcədən icarə haqqının 300 (üç yüz) manat olması barədə razılığa gəlmişlər. Lakin dükan onun vəsaiti hesabına tikilib hazır olduqdan sonra cavabdeh-Cavabdeh2 aylıq icarə haqqını əsassız olaraq 600 (altı yüz) manata qaldırmışdır. Əvvəlcə qiymət artımına qəti etiraz etsə də, bunların dükan tikildikdən sonrakı davranışlarından şübhələndiyindən gələcəkdə min bir əzabla və ailənin xeyli miqdarda vəsaiti hesabına tikdirdiyi dükan əldən çıxmasın deyə qiymətlə razılaşmışdır. İcarə ilə bağlı qiymət artımından rahatlanmayaraq, bu cavabdeh ər-arvad yenidən qarşısına şərt qoydular ki, əlavə olaraq 100 (yüz) manat da artıraraq icarə haqqını hər ay 700 (yeddi yüz) manat ödəyəcəkdir. O, bu şərtlə razılaşmamışdır. İcarə haqqı ödəmək üçün ay tamam olmamış, cavabdehlərin tapşırığı ilə dükanın qıfılı onun xəbəri və razılığı olmadan dəyişdirilmişdir. Bu ilin yanvar ayının təxminən ortalarında gecə saat 23 radələrində həmin ərazidən keçərkən, dükanda iş getdiyini görüb, nə getdiyini Cavabdeh2 zəng edib soruşduqda, ona yaxşı etdiyini bildirmiş və hədə-qorxu gəlmişdir. Cavabdehlər, aldıqları və vergidən yayınmaq yolu ilə əldə etdirdikləri puldan daha da hiddətlənərək ona məxsus olan hər şeyini o dükanda vurub sındırmış, talan etmiş və mənimsəməklə ona xeyli miqdarda maddi ziyan vurmuşlar. Cavabdehlər ona məxsus olan və hazırda 700 (yeddi yüz) manatdan yuxarı qiymətə satılan və ya başa gələn balıq üçün akvariumu qırıbsındırmış, bununla ona həmin miqdarda-700 (yeddi yüz) manat miqdarında ziyan, 1 ədəd hava mühərikini, iki ədəd vannanı mənimsəyərək ona maddi ziyan vurmuşlar. Bundan başqa, dükanda ona məxsus digər avadanlıqlar, şəxsi əşyaları olmuş, satışda olan mallar və balıq məhsulları olmuşdur. Bunların hamısı qəsdən talan edilmişdir. Ümumilikdə ona vurulan maddi ziyan 15 000 (on beş min) manat, alqı-satqı nəticəsində əldə edəcəyi 5000 (beş min) manat vəsaiti də nəzərə alsaq, ona əldən çıxmış fayda şəklində cəmi 5000 (beş min) manat ziyan vurmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri barədə 08 yanvar 2020ci il tarixdə Azərbaycan Respublikası DİN rəhbərliyinin adına ərizə yazaraq, cavabdehlər tərəfindən onlara olunan müxtəlif hədə-qorxuların qarşısının almmasını.və onlar barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 15 yanvar 2020-ci il tarixində DİN-in 102 xidmətinə zəng vuraraq, cavabdehlər tərəfindən onlara məxsus əşyaların oğurlanması və məhv edilməsi barədə məlumat vermişdir. Onların şikayətləri nəticəsində Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsində o barədə araşdırma aparılmış, cavabdehlərin və onların izahatları alınmış, qeyd etdiyi hallar təsdiqini tapmış, cavabdehlər ona vurduqları maddi ziyanı ödəyəcəkləni, özbaşına və qanunsuz götürdükləri əşyalarını geri qaytaracaqlarını, güya icarə haqqından qalan borcunu almayacaqlarını, işini həmin dükanda davam etdirə biləcəyini polisə bildirmişlər. Beləliklə, polisin icraatında toplanmış materiallara qiymət verilərək, 24 yanvar 2020-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Həmin qərarda qeyd olunur ki, həmin qeyd olunan və polis tərəfindən müəyyən edilmiş faktlar, Azərbaycan Respublikası CM-in 134öldürməklə və sağlamlığa ziyan vurmaqla hədələmə, 177- oğurluq, 186- qəsdən özgənin əmlakını məhv etmə növündə cinayət əməlinin tərkib əlamətləri istisna olunduğundan cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd edilmişdir ki, icarə haqqı şifahi olaraq qeyd olunan qiymətə razılaşdırılsa da cavabdehlər vergi verməkdən yayınmaq məqsədilə, “İcarə Müqaviləsi‘ində aylıq icarə haqqı 100 (yüz) manat kimi göstərilməklə vergi cinayətinə yol vermişlər. Bazar ərazisində dükanla bağlı bağlanmış “İcartə Müqaviləsi” mövcud olduğu halda, özbaşına dükana daxil olmaqla ona məxsus əşyalar, talan edilmişdir. Beləliklə, cavabdehlər özbaşınalıq etməklə, Azərbaycan Respublikası CMin 322-ci maddəsində nəzərdə tutulan əməli törətmişlər. Cavabdehlər barəsində MPM-in 267-ci maddəsinə uyğun olaraq xüsusi qərardad çıxanlmaqla prokurora xəbər verilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Xırdalan Kolxoz Bazarı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilməsinə dair 06 iyun 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 06 iyun 2019cu il tarixdən 06 may 2020-ci il tarixədək olan dövrədək ödənilməmiş icarə haqqı üzrə 1100 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Xırdalan Kolxoz Bazarı ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. 06 iyun 2019-cu il tarixdə qeyri-yaşayış sahəsində yerləşən tikililərdən birini ayda 100 manat ödəməsi şərti ilə İddiaçı icarəyə vermişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh sahənin icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Cavabdeh icarə haqqını ödəmədiyindən, o da öz öhdəliyinin icrasını dayandırmaq və ya öhdəliyinin icrasından imtina etmək hüququndan istifadə edib sahəni ilk iddiaçının istifadəsində saxlamamaqda haqlı olmuşdur. İcarə müqaviləsi bağlayaraq qeyri-yaşayış sahəsini qazanc əldə etmək məqsədi ilə cavabdehə vermişdir. Cavabdeh isə kirayə haqqını ödəməmiş, nəticədə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan- əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Odur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Xırdalan Kolxoz Bazarı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilməsinə dair 06 iyun 2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, 06 iyun 2019-cu il tarixdən 06 may 2020-ci il tarixədək olan dövrədək ödənilməmiş icarə haqqı üzrə 1100 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulmalıdır. Əlavə olaraq bildirmişdir ki, sahə istifadə üçün yararlı vəziyyətdə cavabdehə təhvil verilmiş, cavabdeh orada hər hansı tikinti işləri aparmamışdır. Onlar tərəfindən cavabdehin hər hansı əmlakı oğurlanmamış, talanmamış, məhv edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddiaçı Babayev X4 Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini iddiaçının göstərdiyi hallara dair 220 (iki yüz iyirmi) manat məbləğində zərər dəyməsi hissəsində əsaslı olması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə tərəflər arasında bağlanmış 06 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək məhkəmənin gəldiyi nəticəni ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilkin İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisə olunan hissələrdə hüquqi qiymət verilməlidir. İlkin iddia tələbi müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi, qarşılıqlı iddia tələbi müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədədir. Tərəflərin icarə münasibətində olmaları işin mübahisəsiz halıdır. İlkin iddiaçı cavabdehlər tərəfindən o dükanda ona məxsus olan hər şeyini vurub sındırdıqlarını, talan etdiklərini və mənimsəməklə ona xeyli miqdarda maddi ziyan vurduqlarını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona vurulan maddi ziyan kimi 15 000 (on beş min) manat, əldən çıxmış fayda şəklində cəmi 5000 (beş min) manat ziyan vurmaqları ilə bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi ilkin iddia tələbini mübahisələndirilən hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası icarə müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış mövcud müqavilə üzrə icarəçi icarə haqqını vaxtında ödəmədikdə, yəni gecikdirdikdə icarəyə verənin müqavilənin ləğvini tələb etmə hüququ yaranır. Hazırkı iş üzrə ilkin iddiaçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək icarə haqqını ödəmədiyindən, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Qarşılıqlı iddia tələbinin icarə haqqı olaraq 600 manat pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı icarə münasibətləri 1 illik olsa da, onların bu münasibətləri 2019cu ilin dekabr ayından davam etmiş, növbəti ilin yanvar ayında artıq bu münasibətlər pozulmuş və cavabdeh icarəyə verəndən şikayətçi olmuşdur. Bu mənada birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh İddiaçı qarşılıqlı iddiaçının xeyrinə icarə haqqı olaraq 600 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar