Məhkəmə qərarları › İş №2(105)-871/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-871/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-871/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən tanınmış mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(027)-236/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.1979-cu il tarixli, 67 saylı orderə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X1 istifadəsinə verilmişdir. Orderdə ailə üzvü kimi İddiaçı göstərilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı 12 yanvar 2010-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh Quba şəhəri, Fətəli Xan küçəsi 2A saylı evin 34-cü mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 2 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə tələb hissəsindəki “cavabdeh X2 ünvan 2 ünvanına tanınan istifadə hüququna xitam verilsin'’ sözlərinin “Cavabdeh ünvan 3 ünvanında yerləşən evin 34 saylı mənzilinə tanınan istifadə hüququna xitam verilsin” kimi oxunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 4 ünvanındakı 34 saylı mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daimi yaşadığı, valideynlərinə məxsus ünvan 5 ünvanında yaşamağa davam edir. Quba rayon İcra şöbəsinin 20 oktyabr 2022-ci il tarixli, 1900xx/xx-077997 saylı bildirişi ilə həmin Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı 12 yanvar 2010-cu il tarixli qətnaməsinin icra olunması üçün tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdehin ünvan 4 ünvanındakı 34 saylı mənzilə olan qeydiyyatı formal hal daşıyır və onun mənzilə olan mülkiyyəti baxımından gözləntisinə mane olur və cavabdehin məhkəmə tərəfindən bu mənzilə tanınan istifadə hüququna xitam verilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə mübahisə predmetini təşkil edən evə köçürülməsi, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, icraçı tərəfindən qətnamənin icrası iddiaçının yaratdığı maneələrə əsasən təmin edilməmiş və həmin evə köçürülə bilməmişdir. Lakin, o, bununla bağlı yuxarı qurumlara şikayətlər ünvanlamışdır. Hal-hazırda Bakı şəhərində kirayədə yaşayır, iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ünvan 1 İddiaçı mülkiyyətində deyildir. Buna görə, İddiaçı qeyd olunan iddia tələbini qaldırmaq hüququna malik deyildir. Həmin mənzil order əsasında Firuzənin mərhum ərinə istifadəyə verilmiş, Firuzə də digər ailə üzvləri kimi həmin mənzilə qeydiyyata alınmış, istifadə etmişdir. Bu əsaslar ilə İddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. İkincisi, iddiaçı iddia tələblərini əsaslandırarkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Mülki iş materiallarından görünür ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ məhkəmə qərarı ilə 12 yanvar 2010-cu il tarixdən yaranmışdır. Yəni, xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə şamil edilə bilməz. İddiaçının iddia tələblərinin məqsədi Quba Rayon Məhkəməsinin 2(027)-18/2010 nömrəli, 12 yanvar 2010-cu il tarixli qətnaməsinin icra edilməsinə maneənin yaradılması və ya ləğv edilməsidir. Halbuki, qanunvericiliyə görə məhkəmənin qətnaməsinin ləğv edilməsi yuxarı məhkəmə instansiyasının qərarı ilə mümkündür. Qüvvədə olan məhkəmə aktının digər yeni məhkəmənin qərarı ilə ləğv edilməsi qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin tamamilə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(027)-236/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rahim Həsənov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mənzil qanunla nəzərdə tutulmuş qaydada onun adına qeydiyyata alınmamışdır. Bundan başqa, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı, 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə, Cavabdeh Quba şəhəri Fətəli Xan küçəsi 2A saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki-prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Cavabdehin başqa daimi yaşayış yeri yoxdur və onun kirayə evdə yaşaması daimi yaşamaq üçün yaşayış sahəsinə malik olması anlamını vermir. Belə olan halda, cavabdehin müəyyən müddət ərzində başqa evlərdə kirayələrdə yaşaması, onun mübahisəli evə olan hüquqlarının itirilməsi kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2, 3, 5, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152, 158.1.2, 158.4, 228.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və «Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(027)-236/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin işə tətbiq etdiyi norma düzgün olmayıb. İşə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü, 60-cı və 87-ci maddələri tətbiq edilməklə baxılmalı idi. Həmin Mənzil Məcəlləsinin 53cü maddəsinin tələbində isə icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqları və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuş və tək bu norma qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli qətnamənin düzgün olmadığını təsdiq edir və ləğvi üçün əsaslardan biri kimi çıxış edir. Cavabdehin mənzilə istifadə hüququnu tanıyan məhkəmə aktı 2010-cu ilə aiddir və 13 ildir ki, həmin qətnamənin var olması cavabdehi maraqlandırmayıb. Çünki onun üçün bu mənzildə yaşamaq maraqlı olmayıb və onun özünə aid yaşayış yeri var. Birinci instansiya məhkəməsi MPM-nin 14.2-ci, 77-ci, 88-ci maddələrinin tələblərinə biganə yanaşaraq heç bir araşdırma aparmadan, işə düzgün normanı belə tətbiq etmədən hazırkı əsassız qətnaməsini qəbul edib. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar, yəni özlərinin saxlanılmasını tələb etmək hüququna malik olmuş olsunlar. Cavabdeh isə bu kateqoriyaya aid deyil. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd olunan iddia tələbini qaldırmaq subyektiv hüququna malik deyildir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.1979-cu il tarixli, 67 saylı orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 istifadəsinə verilmişdir. Yəni həmin mənzil order əsasında Firuzənin mərhum ərinə istifadəyə verilmiş, Firuzə də digər ailə üzvləri kimi həmin mənzilə qeydiyada alınmış, istifadə etmişdir. Bu əsaslarla İddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-871/2023 nömrəli qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(027)-236/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmamasını qeyd etməklə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etməsi əsassız olmuşdur. xx.xx.1979-cu il tarixli, 67 saylı orderə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin mərhum X1 istifadəsinə verilmişdir. Həmin orderin surətindən görünür ki, İddiaçı X1 ailə üzvü olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası istinad olunan hüquq normalarının tələbləri baxımından hesab edir ki, İddiaçı X1 arvadı olmuşdur və onun müvafiq iddia ilə çıxış etmək hüququ olmuşdur. Digər tərəfdən, Quba rayon Məhkəməsinin 2(027)-18/2010 saylı 12 yanvar 2010-cu il tarixli qətnaməsindən də görünür ki, İddiaçı cavabdeh qismində işdə iştirak etmiş, bununla da Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair mülki iş üzrə iddia tələbinə cavab verməli şəxs kimi məhkəmə tərəfindən qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının subyektiv hüququ olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia etmişdir ki, cavabdehin qətnamə ilə həmin evə köçürülməsi qət edilsə də, iddiaçı ora köçürülmə marağında olmamışdır. Halbuki birinci instansiya məhkəməsində və apellyasiya baxışı verdiyi izahatında cavabdeh bildirmişdir ki, həmin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, icraçı tərəfindən qətnamənin icrası iddiaçının yaratdığı maneələrə əsasən təmin edilməmiş və həmin evə köçürülə bilməmişdir. Göründüyü kimi, cavabdehin hazırda həmin evdə yaşamadığını nə iddiaçı, nə də cavabdeh mübahisələndirmirlər. İddiaçı həmin evdə cavabdehin yaşamaqda marağı olmadığını bildirsə də, cavabdeh bunu onunla izah etmişdir ki, iddiaçının etdiyi müdaxilələr səbəbindən cavabdeh həmin mənzilə köçə bilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-129/2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədini icra etmədiyindən Quba Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 3(027)-166/2023 nömrəli qərarı ilə Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat miqdarında inzibati qaydada cərimə olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-129/2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Quba Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 3(027)- 166/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı icra sənədinin qəbul olunduğu vaxtdan 13 ildən artıq müddət keçməsinə baxmayaraq icra etməməsi, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olması barədə icra məmurunun və məhkəmənin gəldikləri nəticənin əsaslı olduğunu göstərir. Beləliklə, cavabdehin həmin evə köçməkdə maraqlı olmaması ilə bağlı iddia ərizəsinin və şikayətin dəlilləri əsassızdır. Cavabdehin hazırda başqa yaşayış yerinin olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı hazırki dəlilə isitnad etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin də izahatından göründüyü kimi, o hazırda kirayədə yaşayır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X11rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilinə tanınan istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının subyektiv hüququn olmaması əsası ilə rədd etməklə səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e- 2(027)-236/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-2(027)-236/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən tanınmış mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar