Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-872/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-178/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1978-ci ildə anadan olmuş və həmin gündən bu günə qədər Quba şəhəri, Fətəlixan küçəsi 129, mənzil 17-də yaşamışdır. Yaşadığı evi özəlləşdirmək məqsədi ilə Maraqlı şəxsndən arayış aldıqdan sonra, ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Quba şəhərində doğulmuş Cavabdeh1 və xx.xx.1991-ci ildə doğulmuş Cavabdeh2 onun kirayəçisi olduğu Quba şəhəri, Fətəlixan küçəsi, 129 saylı evin 17 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil istismar sahəsi tərəfindən verilmiş arayışda cavabdehlərin adının qeyd olunması onun hüququnu pozduğu üçün həmin şəxslər mənzildən istifadə hüququndan məhrum edilməlidirlər. xx.xx.2022-ci il tarixli 2 nömrəli forma arayışda göstərilmişdir ki, 1984-cü ildə doğulmuş Cavabdeh1 mənzilə 2005ci ildə qeydiyyata alınmışdır. Həmçinin həmin arayışda göstərilmişdir ki, Cavabdeh2 1991ci ildə doğulmuş və 2011-ci ildə mənzilə qeydiyyata alınmışdır. Ona verilmiş arayışda göstərilir ki, guya cavabdehlər onun qardaşı uşaqlarıdırlar. Əslində isə Əli əmisi oğlu, Afət isə əmisi qızıdır. Cavabdehlərin atası olan X4 onun əmisidir və 2004-cü ildə vəfat etmişdir. Cavabdehlər təxminən 30 ilə yaxındır ki, onun yaşadığı evdə yaşamırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlarda göstərilir ki, Cavabdeh1 xx.xx.1984-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Ona 20 dekabr 2019-cu il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin həmin şöbə tərəfindən verilmiş digər arayışda göstərilir ki, Cavabdeh2 xx.xx.1991-ci ildə doğulmuş, Quba şəhəri, Fətəlixan küçəsi ev 129-da qeydiyyatdadır. Ona xx.xx.2019-cu il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdehlərin 2019-cu ildə qeydiyyat vəsiqəsi verilərkən onlara yaşayış sahəsi verilmək üçün razılıq ərizəsi verməmişdir. Cavabdehlər təxminən 30 ilə yaxındır ki, onun kirayəçi olduğu mənzildə yaşamadıqları halda onlar həmin mənzildə saxta yolla istifadə hüququna malikdirlər. Cavabdehlər onun ailə üzvü olmadığına və cavabdehlərin onun kirayəçisi olduğu mənzildə yaşayış sahəsinə köçürülməsinə razılıq vermədiyinə görə onlar həmin mənzildə istifadə hüququna malik ola bilməzlər.
4. Quba Rayon Məhkəməsinin 2(027)-178/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 53, 123-cü (köhnə redaksiyada), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 3, 5-ci, Mülki Məcəllənin 152-ci, 27-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində göstərilən halları (faktları) düzgün müəyyən etməmişdir. Məhkəmə iddia ərizəsinin məzmununu düzgün dərk etmədiyi üçün səhv nəticə çıxarmışdır. İddia ərizəsinin məzmunu ondan ibarətdir ki, cavabdehlər uzun müddət onun kirayə qaldığı evdə yaşamadıqları halda qanunsuz olaraq kirayəçinin razılığı olmadan saxtakarlıq yolu ilə mənzilə qeydiyyata alındığı vaxt “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il Qanununun 5-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qətnaməsində yuxarıda göstərilən Qanunun 5-ci maddəsinin adı çəkilsə də, lakin bircə cümlə ilə kifayətlənərək göstərilir ki, “vətəndaşlar ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o yaşayış yeri üzrə qeydiyyata alınır. Məhkəmə həmin maddəni tam şəkildə göstərməmiş, iddia tələbini təmin etmək istəməmişdir. Məhkəmə iddia tələbini qanuni və əsaslı surətdə həll etmək istəsə idi qeydiyyatı şöbəsindən və departamentdən cavabdehlərin hansı əsaslarla və hansı səbəblər əsasında qeydiyyata alınmasına səbəb olan sənədləri tələb etməli idi. Buna görə də iddia ərizəsində maraqlı tərəf kimi Maraqlı şəxs göstərmişdir. Lakin hakim işi tam, hərtərəfli və obyektiv araşdırmaq istəməmiş, qətnaməni qəbul edərkən tələbinə aidiyyəti olmayan qanunlara, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Konstitusiya Məhkəməsinin və beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlara əsaslanmışdır. Məhkəməyə verdiyi iddia ərizəsinin məzmunundan belə məlum olur ki, əslində cavabdehləri pasport qeydiyyatına alan şəxsləri “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 5-ci maddəsini pozmaqda günahlandırır. Quba rayon Polis şöbəsinin pasport bölməsi və Maraqlı şəxs yuxarıda göstərilən qanuna əməl etmiş olsa idilər, cavabdehləri qeydiyyata almaqdan imtina edərdilər. Məhkəmə qətnaməsində göstərilir ki, cavabdehlər onun ailə üzvləridir. Bu tamamilə doğru deyildir. Belə ki, Cavabdeh2 doğulduqdan sonra 1991-ci ildə onun anası əri Eldar Kazımovla mübahisə edərək, evdən çıxıb getmiş, uşaqlarını və əmlakını evdən çıxarıb aparmışdır. Cavabdehlərin anası və cavabdehlər 1991-ci ildə mübahisəli mənzildən çıxıb getdikləri üçün onlarla ailəsinin heç bir əlaqəsi olmamışdır. Cavabdehlərin atası 2004-cü ildə ölmüş və cavabdehlərin anası mübahisəli mənzildən pasport qeydiyyatından çıxmışdır. Buna görə də cavabdehlərin mübahisəli mənzildə qeydiyyata alınmasını qanunsuz hesab edir. Cavabdehlər məhkəmədə göstəriblər ki, onlar kirayədə yaşayırlar və iddia tələbini qəbul etmələri üçün onlara kompensasiya ödəməlidir. Məhkəmə cavabdehlərdən harada kirayədə olmaqlarını soruşmadan onların yalan ifadələrini qəbul etmişdir. Cavabdeh1 2003-cü ildə X1 ərə getmiş, lakin nikahları xx.xx.2011-ci il tarixli 449 saylı aktla qeydə alınmışdır. Quba rayon qeydiyyat şöbəsində nikahları bağlandıqdan sonra Cavabdeh1 Ağakərimova soyadı verilmişdir. Cavabdeh1 əri X2 ilə birlikdə Quba şəhəri, Fətəlixan küçəsi 23 saylı evdə yaşayırlar. Onların yaşadıqları ev Bəxtiyarın atası Ənvərə məxsusdur, həmin ev xüsusi mülkiyyətdədir. Bundan belə görünür ki, Afətin ondan kompensasiya tələb etmək ixtiyarı yoxdur. Cavabdeh2 1991-ci ildə anası ilə birlikdə evdən çıxıb getdiklərinə və bu müddət ərzində evdən istifadə hüququ verilməsi barədə məhkəməyə müraciət etmədiyinə görə xx.xx.2009-cu ilə qədər qüvvədə olan xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən onlar həmin mənzildə 6 aydan artıq müddətdə yaşamadıqları üçün yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab olunurlar. Həmin maddənin 7-ci bəndindən sonra verilmiş izahın 2ci abzasında deyilir ki, “şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxs Quba Rayon İcra Hakimiyyəti Mənzil istismar sahəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.KM1 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada): Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. (...)
Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
17. Hazırkı halda mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməlidir.
18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Quba şəhərində doğulmuş Cavabdeh1 və xx.xx.1991-ci ildə doğulmuş Cavabdeh2 onun kirayəçisi olduğu Quba şəhəri, Fətəlixan küçəsi, 129 saylı evin 17 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçının iddia etdiyi daşınmaz əmlaka hüququnun olması barədə istinad etdiyi və iddia ərizəsinə əlavə etdiyi kirayə verən Quba rayon Mənzil İstismar Kommunal Təsərrüfatı Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən kirayəçi və onun ailə üzvlərinin istifadəsi üçün Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 129 nömrəli evi kirayəçiyə təqdim edir.
20. Həmin müqavilədə Quba şəhərində yerləşən 129 nömrəli evdə yerləşən 17 saylı mənzilin kirayəçinin isifadəsinə verildiyi göstərilməmişdir.
21. Quba Rayon İcra Hakimiyyəti Mənzil istismar sahəsi tərəfindən verilmiş 56 nömrəli, 28 iyul 2022-ci il tarixli arayışda isə göstərilmişdir ki, iddiaçı, o cümlədən cavabdehlər ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildə yaşayırlar.
22. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş cavabdehlərin yaşayış yeri üzrə qeydiyyat barədə arayışlardan görünür ki, hər iki cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar.
23. Digər tərəfdən məhkəmə kollegiyasının araşdırması zamanı Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 129 nömrəli evin və 129 nömrəli evin 17 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, alınmışdırsa kimin mülkiyyətində olmasına dair məlumatın təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya 05 iyun 2023-cü il tarixli, 3-21-3-34/2-7434/2023 nömrəli cavab məktubunda Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 129 nömrəli evin 17 nömrəli mənzilinə dair arxiv sənədlərinin aşkar edilmədiyi göstərilmişdir.
24. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Quba şəhəri, Fətəlixan küçəsi, 129 saylı evin 17 nömrəli mənzilinin mövcudluğuna və bu mənzilə dair iddiaçının, o cümlədən cavabdehlərin hər hansı hüququnun olması barədə sənəd təqdim edilmədiyindən, mövcud iddia tələbi təmin edilə bilməz.
28. İşin araşdırılmış hallarından göründüyü kimi cavabdehlər Quba şəhəri, Fətəlixan küçəsi, 129 saylı evdə qeydiyyatdadırlar. Onlar nə 129 saylı evdə, nə də ki, mübahisəli 17 saylı mənzildə faktiki olaraq yaşamırlar.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşır, həmçinin Quba şəhəri, Fətəlixan küçəsi, 129 saylı evin, 17 nömrəli mənzilinə dair iddiaçının hər hansı hüququnun olması barədə sübut təqdim edilmədiyindən, iddiaçının həmin mənzilə dair hazırda subyektiv hüququ olmadığı qənaətinə gəlir və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
30. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-178/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.