Məhkəmə qərarları › İş №2(105)-884/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-884/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-884/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ sahəsinin və bağ evinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4684/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 387 nömrəli və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahələrindən çıxarılmaları, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «bağ sahəsinin və bağ evinin boşaldılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və digərlərinin Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 387, (indiki M.İbrahimov küçəsi) və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahəsindən çıxarılmaları və 150.000 manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər notariusunda 110 nömrəli şəhadətnamə əsasında T.M.Mustafazadədən Sumqayıt şəhəri Sarı-qaya bağ massivi, 387-dən (indiki M.İbrahimov küçəsi) 0,22 ha bağ sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2013-cü il tarixdə 22 ha sahəyə dair X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışı 2 saylı ərazi idarəsindən almışdır. İddiaçı xx.xx.2014-cü ildə yəni 2 ay sonra həmin bağ sahəsinə bitişik 110 nömrəli şəhadətnamə ilə T.Mustafazadəyə məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi (indiki M.İbrahimov küçəsi) 386-dan 18 ha bağ sahəsini və həmin sahələrdəki tikintiyə dair də Sumqayıt şəhər notariusunda 4/Ə122 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2014-cü il tarixdə isə 0,18 ha bağ sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı ərazi idarəsindən ******* nömrəli ikinci çıxarışı almışdır. Bağ sahəsi bir müddət istifadəsiz qalmışdır. Bundan sonra həmin sahələrdən və oradakı tikililərdən bağ kimi mövsüm vaxtı müvəqqəti istifadə etməyi tanışı Cavabdeh1 həvalə etmişdir. Təxminən 2015-2016-cı illərdə məlum olmuşdur ki, iddiaçıya məxsus 40 ha bağ sahəsindən, oradakı iki mərtəbəli evdən və digər tikililərdən Cavabdeh1 onun anası, həyat yoldaşı Cavabdeh2, Zülfuqarlı Xəyyam Kazım oğlu onun ailə üzvləri və digərləri ilə birlikdə daimi istifadə edirlər. Buna görə də iddiaçı qərara gəlmişdir ki, bağ sahəsindən ya özü istifadə etsin, ya da başqasına kirayə versin. Bu məqsədlə iddiaçının atası, Cavabdeh1 055 ***-**-** nömrəli mobil telefonuna zəng edərək, bağ sahəsini boşaltmasını tələb etmişdir. Cavabdeh isə bildirmişdir ki, o Sumqayıt şəhərində hündürmərtəbəli binadakı mənzildə yaşaya bilmir və həmin bağa uzun müddət baxıb bu səbəbə görə də bağ sahəsini boşaltmayacaqdır. Hətta bildirmişdir ki, guya bağ sahəsi ona bağışlanmışdır. İddiaçı cavabdehə bildirmişdir ki, əgər bağışlamışlarsa notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsini göstərsin. Cavabdeh buna etiraz edib bağın şifahi bağışlandığını bildirmişdir. Məcbur olub xx.xx.2020-ci ildə Sumqayıt şəhər Polis idarəsinə bağ sahəsinin boşaldılması ilə əlaqədar müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə müəyyən edilən faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə gəldiyi nəticəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli bağ sahələrində qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 387 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 386 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçının adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İş materiallarından görünür ki, iddiaçı mülkiyyətində olan bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus bağ sahəsinin zəbt edildiyi müəyyən edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 həmin nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi əsası ilə məhkəməyə müraciət etmiş, iddiaçının mülkiyyətində olan bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Bununla da, sonuncular tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan bağ sahəsindən istifadə etməklə iddiaçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsini qaçılmaz etmişdir. Halbuki hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Göründüyü kimi İddiaçı məxsus bağ sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müəyyən edildiyindən, sonuncuların zəbt edilmiş həmin bağ sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar