Məhkəmə qərarları › İş №2(105)-884/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-884/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-884/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 hüquqi varisi İddiaçı2 vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlham Kərimli) İddiaçı1 Cavabdehnə qarşı öhdəliyin yerinə yetirilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh üzərinə 13 mart 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək, ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzilin ağlabatan müddət ərzində tikilib İddiaçı1 istifadəsinə vermək vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-620/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 13 mart 2008-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək, ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili ağlabatan müddət ərzində tikilib onun istifadəsinə verilməsi barədə İddiaçı1 iddiasının təmin edilməməsi qət etmişdir. İddiaçı1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(102)-7648/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-620/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-1062/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı, 29 noyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı1 qarşı İddiaçı1 adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün 13 mart 2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsindəki 5 saylı, 144 kv.m. mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. İddiaçı1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6489/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-1062/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi-1 ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış binasında təmir-tikinti işlərinin başa çatdırılması, həmin yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində ümumi sahəsi 130 kv.m olan 3 otaqlı 5 saylı mənzilinin payçı kimi ağlabatan müddətdə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 3500 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında kooperativ binada mənzil tikintisinə dair 13 mart 2008-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə görə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki inşa etdiyi 1 saylı evin 130 kv.metrlik 5 saylı mənzilini 71500 manat qarşılığında 2009-cu ildə onun istifadəsinə verməli idi. Mənzilin dəyəri onun tərəfindən MMC-yə tam ödənilsə də, hazırki vaxtadək mənzil ona təhvil verilməmişdir. Pulun ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Dəfələrlə mənzilin ona təhvil verilməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Bunun nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı1 qarşı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsindəki 5 nömrəli, ümumi sahəsi 144 kv.metr olan mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 fərqli olaraq mübahisəli mənzilin alınması üçün pul ödəmiş, Cavabdehndən mübahisəli mənzili almışdır. Bu barədə onların arasında 18 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Ona görə də İddiaçı1 ilə bağlanmış müqavilə etibarsız hesab edilməli, mənzil ona təhvil verilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun deyildir. Belə ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə İddiaçı1 tərəfindən Cavabdehnə 71500 manat ödənilməmişdir. İddiaçı1 adına rəsmiləşdirilmiş 13 mart 2008-ci il tarixli müqaviləni Cavabdeh təsisçisi və direktoru X11 imzalamışdır. X11 barəsində aparılan istintaq zamanı İddiaçı1 mənzilə görə Cavabdehnə pul ödəməsi təsdiq edilməmiş, buna görə də həmin cinayət işində zərər çəkən kimi tanınmamışdır. Belə ki, müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 mart 2008-ci il tarixli müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsinin təminatı olaraq imzalanmış, 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsindən irəli gələn öhdəliklər isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməmiş, buna görə də hər iki şirkət arasında qarşılıqlı öhdəliklərə xitam verilmişdir. İddiaçı1 iddia etdiyi müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsini pərdələmək üçün imzalanmışdır. O isə İddiaçı1 fərqli olaraq pul ödəmiş, Cavabdehndən mübahisəli mənzili almışdır. Bu barədə onların arasında 18 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 hüquqi varisi İddiaçı2 vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 hüquqi varisi İddiaçı2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilsələr də, iddiaçının hüquqi varisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 13 mart 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili payçı İddiaçı1 təhvil verməyi öz öhdəsinə götürmüş, mənzilin hər kv.metrinin dəyəri 550 manat, ümumi dəyəri 71500 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli, 288 saylı maliyyə arayışından görünür ki, İddiaçı1 13 mart 2008-ci il tarixdə Cavabdehndən ümumi sahəsi 130 kv.metr olan 3 otaqlı mənzili almış və 71500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə arasında bağlanmış 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin inşa etdiyi binaları PVC qapı-pəncərə sistemləri ilə təchiz etməyi öhdəsinə götürmüşdür. İşlərin ümumi dəyəri ******* manat təşkil etmiş, bunun 50% hissəsi avans ödənişi kimi əvvəlcədən, qalan 50 % hissəsi isə görüləcək işlərə müvafiq olaraq 7 bank günü ərzində təhvil-təslim aktına əsasən ödəniləcəkdir. "xxxx" MMC-nin inşa etdiyi binadakı ümumi sahəsi 1536 kv.metr olan 15 ədəd mənzil "xxxx" firmasının direktoruna verilir. "xxxx" firmasının direktoru PVC qapıpəncərə məmulatlarının qrafik əsasında icrasına başlayır. Əgər gecikmə halları baş verərsə, verilən mənzillərin sənədləşdirilməsi birtərəfli qaydada "xxxx"MMC tərəfindən ləğv edilir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə göndərdiyi 13 mart 2008-ci il tarixli, 23 saylı məktubun surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan müqavilə və razılaşma protokoluna əsasən görüləcək işə görə müqavilədə göstərilən dəyərin bir hissəsinin əvəzinə ödənişin bazar satış qiymətinə uyğun olaraq yaşayış binasının mənzillərindən təxminən 200000 manat dəyərində 3 ədəd 3 otaqlı mənzillərin ayrılaraq X12, X4 və X3 adlarına dəyəri ödənilmədən ödənişi əvəzləmə məqsədilə sənədləşdirilməsinə sərəncam verilməsi xahiş edilmiş, ayrılmış mənzillərin müqabilində öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh MMC-yə göndərdiyi 06 avqust 2008-ci il tarixli məktubun surətindən görünür ki, 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsi və razılaşma protokoluna əsasən "xxxx" MMC tərəfindən nəzərdə tutulmuş işlərin görülməsi artıq mümkün deyildir və buna görə də dəyəri 850000 manat olan bazarsatış qiymətinə uyğun dəyəri ödənilmədən bəzi şəxslərin (o cümlədən İddiaçı1 adına rəsmiləşdirilmiş 3 otaqlı, 130 kv.metrlik mənzilin tikintisi və verilməsi) adına rəsmiləşdirilmiş mənzillərin tikintisi və verilməsi barədə müqavilələrə xitam verilməsi xahiş edilmişdir. Həmin mənzillər Cavabdeh MMC-nin sərəncamına qaytarılır və mənzillərlə bağlı müqavilələrin ləğvi və Cavabdeh MMC-nin sərəncamına qaytarılması ilə bağlı məsuliyyəti "xxxx" MMC daşıyır və Cavabdeh MMC-nin heç bir məsuliyyəti yoxdur. İş materiallarında olan Maraqlı şəxs ilə Cavabdeh MMC arasında bağlanmış 18 dekabr 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ünvan 4 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144 kvadrat metr olan 5 saylı mənzili payçı hesab edilən Maraqlı şəxs təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin hər kv.metrinin dəyəri 320 manat olmaqla, ümumi dəyəri 46080 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs Cavabdehnə 00144 saylı, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə 9000 ABŞ dolları (7875 manat), 00152 saylı, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə 1000 ABŞ dolları (875 manat), 00311 saylı, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə 5000 ABŞ dolları (4370 manat), 00555 saylı, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə 8660 manat, 24 avqust 2012-ci il tarixli maliyyə arayışına əsasən 2000 manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin 11 oktyabr 2013-cü il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Maraqlı şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. İşdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Cavabdeh MMC-nin direktoru işləmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(101)-68/2015 saylı məktubundan görünür ki, X5 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış 08 sentyabr 2015-ci il tarixli hökmdə İddiaçı1 və Maraqlı şəxs hökmdə zərər çəkmiş şəxs qismində tanınmamışlar. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 noyabr 2016-cı il tarixli, 1(105)-63/2016 qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 2006-cı il hər bir ay üzrə 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi (yanvar-dekabr) ayları üzrə 0.9172, 0.9141, 0.9109, 0.9062, 0.9014, 0.8969, 0.8915, 0.8815, 0.8760, 0.8733, 0.8724, 0.8714 və 2007-ci il hər bir ay üzrə 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi (yanvar-dekabr) ayları üzrə 0.8707, 0.8688, 0.8672, 0.8656, 0.8620, 0.8565, 0.8548, 0.8534, 0.8519, 0.8502, 0.8481, 0.8461 manat olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Abşeron rayon İHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəliyinin 811 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 şəhəri, M.Hüseynzadə küçəsi, məhəllə 21, ev 1, mənzil 5 ünvanında anası İddiaçı2, həyat yoldaşı X8, uşaqları X9 və X10 ilə birlikdə qeydiyyatsız yaşayır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün qaytararkən, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual hüquq normasının tələbləri pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən görünür ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında 13 mart 2008-ci il tarixdə kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmış, Cavabdeh MMC ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili payçı İddiaçı1 təhvil verməyi öz öhdəsinə götürmüş, mənzilin hər kv.metrinin dəyəri 550 manat, ümumi dəyəri 71500 manat müəyyən edilmiş, həmin məbləğ Cavabdeh MMC tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli, 288 saylı maliyyə arayışına əsasən İddiaçı1 tərəfindən ödənilmişdir. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)- 1643/2011 saylı qətnaməsi icra olunmuş, ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili İddiaçı1 təhvil verilmiş, Abşeron rayon İcra şöbəsinin təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 8(012)-2014/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)- 1643/2011 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin işə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzilin kommunal xidmət haqları İddiaçı1 adına ödənilir, İddiaçı1 23 fevral 2021-ci il tarixdə vəfat etdikdən sonra mənzildə arvadı İddiaçı2 və oğlu Rafiq Hacıyev ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası MM-nin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Göründüyü kimi, podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. İşdən görünür ki, Maraqlı şəxs tətəfindən mənzilin dəyəri tam ödənilməmişdir. Belə ki, Maraqlı şəxs ilə "xxxx" MMC arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 46080 manat müəyyən olunmuşdur. Maraqlı şəxs təqdim etdiyi kassa mədaxil orderlərindən və maliyyə arayışından görünür ki, onun tərəfindən Cavabdehnə 00144 saylı, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə 9000 ABŞ dolları (7875 manat), 00152 saylı, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə 1000 ABŞ dolları (875 manat), Azərbaycan Respublikası Mərkəzi Bankının 2006cı ilin dekabr ayına müəyyən etdiyi 1 ABŞ dollarının 0,8714 manat olması nəzərə alınaraq 9714 manat, 00311 saylı, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə 5000 ABŞ dolları (4370manat), Azərbaycan Respublikası Mərkəzi Bankının 2007-ci ilin fevral ayına müəyyən etdiyi 1 ABŞ dollarının 0,8688 manat olması nəzərə alınaraq 4344 manat, 00555 saylı, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə 8660 manat, 24 avqust 2012-ci il tarixli maliyyə arayışına əsasən 2000 manat ödəmişdir. Göründüyü kimi, Maraqlı şəxs tərəfindən müqavilə üzrə cəmi 23718 manat ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)-1643/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar