Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-884/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-20/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı MMC-nin satış departamentinin satış üzrə nümayəndəsi olmuşdur.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır.
3. Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsinə dair audit yoxlaması zamanı onun iddiaçıya borcunun olduğu müəyyən edilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 10574,2 manat pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğinin və 71,72 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul etməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 avqust 2020-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10574,20 (on min beş yüz yetmiş dörd manat iyirmi qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 10574,20 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda”.
7. Qubadlı Rayon Məhkəməsinin 2(028)-20/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia təmin edilərək, Cavabdeh 10574,2 (on min beş yüz yetmiş dörd,2) manat pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğ və 71,72 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 199-cu, Mülki Məcəllənin 385.1, 442, 445, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən iddiaçıya götürmüş olduğu malların dəyəri qaytarılmış, digər mallar isə satılmadığı üçün naturada təhvil verilmişdir və iddiaçıya bir manat da olsun borcu qalmamışdır, lakin məhkəmə qarşı tərəfin təqdim etdiyi sənədlərə istinad etməklə və bu borcun real olub-olmaması ilə bağlı hər hansı bir araşdırma aparmamaqla işə baxmış və hazırki qətnaməni qəbul etmişdir, tətbiq edilməli olmayan maddi normanı düzgün tətbiq etməmiş və nəticədə hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, işdən çıxdıqdan sonra geri qaytarılmış mallara görə ödənilməli olan məbləğlər hesabından silinməmişdir, yəni dükanlardan geri qaytarılmış mallar hesablama zamanı nəzərə alınmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı MMC-nin X2 Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair audit yoxlaması zamanı müəssisəyə məxsus məhsulların satışı nəticəsində 7249.31 manatın kassaya ödənilmədiyi aşkarlanmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; (...)
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
19. İş materiallarından müəyyən edilir ki, cavabdeh İddiaçı şirkətində satış nümayəndəsi vəzifəsində çalışmaqla ona etibar olunmuş çalışdığı şirkətə məxsus malları İddiaçı şirkətindən götürmüş və buradan həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, həmin malların dəyərini şirkətin xəzinəsinə təhvil verməməklə iddiaçıya ziyan vurmuşdur.
20. İş materiallarında olan İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2021-ci il tarixli 038 saylı əmrə əsasən X2 tərtib etdiyi aktdan görünür ki, maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 34585,87 manat təşkil edir. Həmin aktı cavabdeh özü də imzalamışdır.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
22. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 7-ci bəndində göstərilir ki, işçi vurduğu ziyana görə cinayət, inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq vurulmuş ziyanın məbləğini ödəməyə borcludur.
23. İş materiallarında olan satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatlarından görünür ki, əsas vəzifələr bölümünün 5-ci bəndinə əsasən satış nümayəndəsi Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır. Həmin bölümünün 14-ci bəndinə əsasən satış nümayəndəsi müştərilərdən (ticarət nöqtələrində) Avrora şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır.
24. Məhkəmə kollegiyasında işə baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş 0801 nömrəli, 25 may 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, 09 mart 2021-ci il tarixli, 038 nömrəli əmrə əsasən İddiaçı MMC-nin X2 Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair audit yoxlaması zamanı müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş pul vəsaitinin 7249,31 manat hissəsinin kassaya ödənilmədiyi aşkarlanmışdır və bu günə borcu 7249,31 manat təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Avrora şirkətindən götürdüyü malların hamısını geri qaytarmamış, nə də ki, onların dəyərini şirkətin xəzinəsinə ödəməmişdir. Bununla da, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya 7249,31 manat məbləğində ziyan vurmuşdur.
26. Cavabdeh isə götürdüyü malları iddiaçı şirkətə təhvil verdiyini qeyd etsə də, həmin dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
27. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-20/2023 nömrəli 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 7249,31 (yeddi min iki yüz qırx doqquz manat otuz bir qəpik) manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-20/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 7249,31 (yeddi min iki yüz qırx doqquz manat otuz bir qəpik) manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.