Məhkəmə qərarları › İş №2(105)-89/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-89/2022

03.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-89/2022 03.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin buraxılması və torpaq sahəsinə yolun açılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı və vəkili X14 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)-111/2020 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş, mülkiyyətində olan tikililərin arxasında, həmin tikililər boyu yerləşən 70 kv.metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Mucuq kəndində yaşayır. 1989-cu ilin yanvar ayında alqı-satqı müqaviləsinə əsasən təxminən 333.78 kv.metr olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1 almışdır. Həmin torpaq sahəsinin şimaldan üzərində fərdi yaşayış evi və ona bitişik tövlə binası tikilmişdir. Yaşayış evinin və tövlənin arxasında 70 kv.metr həmin tikililər boyu boş torpaq sahəsi yerləşir. O, tikililərin arxasında yerləşən torpaq sahəsinə kənddaxili yoldan və Cavabdeh həyətindən daxil olmaq mümkündür. 2017-ci ilə kimi həmin tikililərin arxasında yerləşən torpaq sahəsinə kənddaxili yoldan getmişdir. 2017-ci ildə cavabdeh ona kənddaxili yoldan olan keçidi hasarla bağlamağı və torpaq sahəsinə onun həyətyanı torpaq sahəsindən getməyi təklif etmişdir. Onun razılığı ilə cavabdeh həmin keçidə çiy kərpicdən hasar çəkmiş, sonradan isə həmin hasarı sökərək keçiddə qapı qoymuşdur. 2017-ci ilin ortalarında cavabdeh onu nə özünə məxsus həyətyanı torpaq sahəsindən, nə də kənddaxili yoldan getməsinə icazə verməmişdir. Mövcud vəziyyətdə evinin arxasında yerləşən torpaq sahəsinə daxil olub tikililərin qorunması üçün zəruri tədbirləri görə bilməmişdir. Cavabdeh əsassız olaraq tikililərinin arxasında yerləşən torpaq sahəsinin özünə məxsus olduğunu iddia edir. 1989-cu ilin may ayında evinə texniki pasport almışdır. Texniki pasportun ikinci vərəqinin dördüncü səhifəsində torpaq sahəsinin planı çəkilmiş və həmin planda evinin arxa hissəsində 70 kv.metr torpaq sahəsinin olması göstərilmişdir. Tikililərinin arxasında boş torpaq sahəsinin olması və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək onun girişinə qapının qoyulması 24 oktyabr 2019-cu il tarixli Aktla da öz təsdiqini tapır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunur ki, İddiaçı qeyd olunan əmlakı əvvəllər Qusar rayonun Mucuq kənd sakini olmuş X4 adlı şəxsdən alqı-satqı qaydasında almışdır. İddia ərizəsində qeyd edilmişdir ki, 1989-cu ilin yanvar ayında tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır, halbuki yaşayış evi 15 iyul 1988-ci ildən onun xüsusi mülkiyyətindədir. Göründüyü kimi, faktlar bir-birini təkzib edir. Bundan əlavə iddiaçı özünə məxsus olan yaşayış evini özü tikməmişdir, hazır şəkildə satıcı M.Əlisultanovdan almışdır. İddiaçı yaşayış evinin qonşuluğunda olan torpaq sahəsi və fərdi yaşayış evi onun atasına məxsus olmuş, atası vəfat edəndən sonra anasının adına keçmiş, hal-hazırda da vərəsəlik qanununa əsasən ona məxsusdur. Bu faktı təqdim edəcəyi Mucuq kənd ZDS-də 15 mart 1965-ci il tarixdə tərtib olunmuş akt təsdiq edir. Qusar rayon AİK-nın 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə anasına (anası vəfat etmişdir və onun qanuni vərəsəsi kimi Qusar rayon Notariat Kontorunda özü qeydiyyata alınmışdır) 852.02 kv metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları 2003- cü ildə müəyyənləşdirilmiş, elektron xəritədə yerləşdirilmiş, A № 121280 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və bu barədə X32 kitabında 20 noyabr 2008-ci il tarixdə 314 nömrə ilə qeydiyyat aparılmışdır. Həmin vaxt İddiaçı də 333.78 kv metr torpaq sahəsinin verilməsi barədə A № 121187 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Öz mülkiyyətində olan 852.02 kv metr torpaq sahəsinə sahiblik edərək ondan istifadə edir. İddiaçı isə ona məxsus olan torpaq sahəni zorla əlindən almaq istəyir. Halbuki, ona məxsus torpaq sahəsi 333.78 kv metrdir. Amma faktiki olaraq onun çəpərləri daxilində qeyd olunandan çox sahə vardır. İddia ərizəsində qeyd olunur ki, 1989-cu ilin may ayında ona məxsus evin texniki pasportu tərtib edilmişdir. Texniki pasportun ikinci vərəqində 4-cü səhifədə torpaq sahəsinin planı çəkilmişdir və həmin planda evinin arxa tərəfində 70 kv metr torpaq sahəsi olması göstərilmişdir. Sözügedən sənəd yalnız tikiliyə aiddir və həmin sənəd də 1989-cu ildə tərtib olunmuşdur. Sənəddə faktiki torpaq sahəsinin 252.0 kvadrat metr olması qeyd olunmuş, lakin sonralar həmin sahə artaraq 333.78 kvadrat metr olmuşdur. İddia ərizəsində qeyd olunur ki, tikililərin arxasında boş torpaq sahəsinin olması və həmin torpaq sahəsinin onun tərəfindən zəbt edilərək onun girişinə qapının quraşdırılması ərizəyə əlavə olunmuş xx.xx.2019-cu il tarixli aktla təsdiq olunur. Akta imzalar etmiş Ş.Əmirmətov, S.Kərimov və A.Rəhimxanov bilə-bilə yalan faktlara imzalar etmiş, qeyd olunan torpaq sahəsinin ona məxsus olmasını, həmin torpaqdan 1965-ci ildən onun ailəsinin istifadə etdiyini bilə-bilə, ona qarşı böhtan atmağa çalışmışdır. Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)-111/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin buraxılması və torpaq sahəsinə yolun açılması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan tikililərin arxasında, həmin tikililər boyu yerləşən 70 kv.metr torpaq sahəsi tutulması müəyyən olunmamış və İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib,Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)-111/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin qətnaməsindən aydın olur ki, guya ekspert rəyində cavabdeh tərəfindən ona məxsus olan 13,6 kv. metr torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmişdir. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi nə ekspert rəyində, nə də qətnamədə qeyd edilməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi 1989-cu ilin may ayında tərtib edilmiş evinin Texniki pasportunun ikinci vərəqində - 4-cü səhifədə - torpaq sahəsinin 1:500 olan miqyasda planı çəkilmişdir. Həmin planda da evinin araxasında 70 kv.metr torpaq sahəsinin olması göstərilmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, həmin sənəd torpaq sahəsinə aid deyildir, torpaq sahəsi yalnız kv.metr ilə göstərilməlidir. Qətnamədən görünür ki, məhkəmə tərəfindən də həmin sübut nəzərə alınmamışdır. Halbuki həmin sənədlə açıqdan-açığa tikililərinin arxasında cavabdehə məxsus olmayan torpaq sahəsinin olduğu təsdiq olunur. Məhkəmə tərəfindən isə həmin torpaq sahəsinin neçə kv.metr təşkil etdiyini müəyyən etmək üçün sadəcə mütəxəssis rəyinin alınması kifayət idi. Tikililərin arxasında boş torpaq sahəsinin olması və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək onun girişinə qapının quraşdırılması iddia ərizəsinə əlavə edilmiş 24 oktyabr 2019-cu il tarixli aktla da təsdiq olunur. Cavabdeh tərəfindən isə məhkəməyə xx.xx.2019-cu il tarixli akt təqdim edilmiş və həmin aktda göstərilir ki, guya cavabdehə məxsus torpaq sahəsi bilavasitə ona məxsus tikililərin divarının dibindən başlanır, cavabdeh evinin divarlarına xidmət göstərmək üçün, ailəsinə həmin torpaq sahəsinə girməyə mane olmamışdır. Məhkəmə tərəfindən onun təqdim etdiyi sübutlara obyektiv qiymət verilməmiş, yalnız cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə mübahisəsinin obyektiv araşdırılması üçün heç bir əhəmiyyəti olmayan 25 sentyabr 2020-ci il tarixli 10/732 nömrəli ekspert rəyi və xx.xx.2019-cu iul tarixli Akt əsas tutularaq iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin sərhədləri 1965-ci ildə qoyulmuş və bu sərhədlər naturada heç vaxt dəyişməmişdir.Həmin vaxt atası sözügedən sahəni alqı-satqı yolu ilə alanda, hazırda İddiaçı məxsus torpaq sahəsinin mülkiyyətçisi X4 olmuş, qonşular arasında sərhədlə əlaqədar heç bir narazılıq olmamışdır.Bu mehriban münasibətlər İddiaçı tərəfindən 1989-cu ildə torpaq və əmlakı alanda da mövcud olmuşdur. İddiaçı öz əmlaklarından istifadə etmiş, o, isə öz torpaq sahəsindən və əmlakından istifadə etmişdir. Onlara məxsus torpaq sahələri arasında sərhəd boyu başqa şəxsə məxsus torpaq sahəsi mövcud olmamışdır. Yaşadığı ev və 852.02 kv.metr torpaq sahəsi rəhmətlik anası X15 məxsus olmuşdur. Torpaq sahəsi Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10/6 saylı qərarı ilə anasının mülkiyyətinə verilmişdir. Bu fakt A N121280 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə təsdiq olunur.Hazırda isə həmin əmlaklar vərəsəlik qaydasında ona məxsusdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/732 saylı ekspert rəyinə əsasən iddiaçının hal-hazırda naturada torpağı 333.79 kv.metr deyil, 359 kv.metr olmuşdur. Bu isə o deməkdir ki, İddiaçı öz torpaqlarını artırmaqla məşğuldur və ona məxsus torpaq sahəsini də ələ keçirmək niyyətindədir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X25 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Cavabdeh elektron qaydada ərizə ilə məhkəməyə müraciət edib, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya mə.hkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunub, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin surəti ilə müəyyən olur ki, Qusar rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı ilə Qusar rayonu, Mucuq kəndi ərazisində 1500 kv.metr torpaq sahəsi üzərində ikimərtəbəli, üç yaşayış otağından ibarət ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X32 kitabında 20 noyabr 2008-ci il tarixdə 397 nömrə ilə uçota alınmış A № 121187 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/6 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Qusar rayonu, Mucuq kəndi ərazisindən 333.78 kv.metr torpaq sahəsi verilmişdir. X16, X21 və X9 iştirakları ilə, 24 oktyabr 2019-cu il tarixdə Qusar rayonu, Mucuq kəndində tərtib edilmiş Aktdan görünür ki, 1989-cu ildə Mucuq kənd sakini X4 tərəfindən həmin kənddə yerləşən fərdi yaşayış evi Mucuq kənd sakini İddiaçı satılmışdır. İddiaçı satın aldığı fərdi yaşayış evi və ona bitişik tikilmiş əlavə (tövlə binası) həmin tikililərin yerləşdiyi torpaq sahəsində, onun torpaq qonşusu Cavabdeh məxsus həyətyanı torpaq sahəsi tərəfdə, torpaq sahəsi boyu tikilmişdir. Ona görə də İddiaçı fərdi yaşayış evinin və əlavə tikilinin arxasında həmin tikililər boyu yerləşən təxminən 70 kv.metr torpaq sahəsinə yalnız kənd daxili yoldan və Cavabdeh həyətyanı torpaq sahəsindən daxil olmaq mümkündür. 2017-ci ilə kimi İddiaçı zəruri hallarda yaşayış evinin və ona bitişik tikilmiş əlavə tikilinin arxasına kənddaxili yoldan daxil olurdu. Həmin ildə onun qonşusu Cavabdeh tərəfindən qeyd edilən 70 kv.metr torpaq sahəsinə giriş bağlanmış, daha sonra isə həmin girişə qapı quraşdırılmışdır. Azərbaycan Respublikasnın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X32 kitabında 20 noyabr 2008-ci il tarixdə 314 nömrə ilə uçota alınmış A № 121280 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə X15 Qusar rayonu, Mucuq kəndi ərazisindən 852.02 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. X7, X17, X19, X10 və Cavabdeh iştirakları ilə 09 dekabr 2019-cu il tarixdə Qusar rayonu, Mucuq kəndində tərtib edilmiş aktdan görünür ki, Mucuq kəndində yaşayan İddiaçı tərəfindən Cavabdeh 70 kv.metr torpaq sahəsinin zəbti ilə əlaqədar Qusar Rayon Məhkəməsində qaldırılmiş iddia ilə bağlı Cavabdeh təklifi ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirmişlər və məlum olmuşdur ki, İddiaçı X3 məxsus 0.0252 hektar və ya 252 kv.metr torpaq sahəsində yerləşən yaşayış evini alarkən Cavabdeh hal-hazırda məxsus əmlaklar mövcud olmuşdur və həmin əmlakların yerləşdiyi torpaq sahəsinin sərhədi hal-hazırda İddiaçı mülkiyyətində olan yaşayış evinin divarının dibindədir. Cavabdeh və onun ailəsi həmin ərazidən 1965-ci ildən etibarən istifadə edir. Belə ki, həmin torpaq sahəsini Cavabdeh atası X26 tərəfindən alq-satqı qaydasında X8 alınmışdır. Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir və İddiaçı ailəsinin istənilən vaxt evin divarlarına xidmət göstərmək üçün həmin əraziyə girməsinə maneçilik törətməmişdir. Cavabdeh özünə məxsus torpaq sahəsini qorumaq məqsədilə həmin torpağın ətrafına hasar çəkmiş, 2001-ci ilədək həmin ərazidə olan tikililəri əvvəllər olduğu kimi istifadə etmiş, 2001-ci ildə isə tövlənin qabağındakı damı köhnəlməsi ilə əlaqədar sökmüş, mal-qara və ailəsinin gediş-gəlişini rahatlaşdırmaq üçün həmin ərazidən qapı qoymuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 sentyabr 2019-cu il tarixli, **********64 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Qusar rayonu Mucuq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 29 avqust 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinin faktiki yerləşdiyi torpaq sahəsinin koordinatları ilə ərizəyə əlavə edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları arasında 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən 55.5 metr məsafə fərqi mövcuddur. Qeyd edilənləri nəzərə alaraq ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 10/732 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 sentyabr 2020-ci il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən Qusar rayonu, Mucuq kəndi ərazisində yerləşən A № 121187 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı məxsus olan 333.78 kv.metr həyətyanı torpaq sahəsinin naturada faktiki ölçüləri 359 kv.metr təşkil etdiyi və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin və həmin istifadə edilən torpaq sahəsinin ölçüsü 13.6 kv.metr təşkil edir. Hazırkı vəziyyətdə tərəflər arasında mübahisə predmeti barəsində kəskin fikir ayrılığı və ziddiyyətli hallar mövcud olduğundan və tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/3295 nömrəli təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən A № 121187 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X22 məxsus olan 333.78 kv.metr həyətyanı torpaq sahəsinin naturada faktiki ölçüləri 359 kv.metrdir. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçı X22 məxsus torpaq sahəsi istifadə edilir və istifadə edilən torpaq sahəsinin ölçüsü 13,6 kv.metr təşkil edir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlvə edilmiş Torpaq sahəsinin ölçü planı (koordinatlarla) və Yerquruluşu planından şıxarışla müəyyən olur ki, Cavabdeh tərəfindən iddiaçı X22 məxsus torpaq sahəsinin şimal tərəfdən 13,6 kv.metr hissəsindən istifadə edilir. 04 iyul 2022-ci il tarixli, 10/3295 nömrəli ekspert rəyi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə maddi sübut kimi qəbul edilməli və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyətçinin hüquqları Dövlət tərəfindən qorunur, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli, zəbt halı müəyyən olunduğu halda iddiaçı bu pozuntunun aradan qaldırılması üçün bütün tədbirlər görə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qismən- Cavabdeh tərəfindən istifadə edilən iddiaçı X22 məxsus ölçüsü 13,6 kv.metr olan torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Apellyant iddia tələbinin qalan hissəsində təmin olunmasını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli, 10/732 nömrəli ekspert rəyinin tədqiqat dəyəri 100 manat və 04 iyul 2022-ci il tarixli, 10/3295 nömrəli ilə ekspert rəyinin tədqiqat dəyəri 50 (əlli) manatdır. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı X27 tərəfindən 311 manat pul Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iddia qismən təmin olunaraq Cavabdeh Qusar rayonu, Mucuq kəndi ərazisində yerləşən iddiaçı X22 məxsus torpaq sahəsinin şimal tərəfdən 13,6 kv.metr hissəsindən çıxarılmalı, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pul Cavabdeh alınıb iddiaçı X22 verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatı iddiaçı X18, 75 manatı isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X11, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)-111/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh Qusar rayonu, Mucuq kəndi ərazisində yerləşən iddiaçı X22 məxsus torpaq sahəsinin şimal tərəfdən 13,6 kv.metr hissəsindən çıxarılsın. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pul Cavabdeh alınıb iddiaçı X22 verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatı iddiaçı X18, 75 manatı isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X11, KOD 210005 VÖEN ********** hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar