Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-892/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı hüquqi varisi X2, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-127/2024 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mülkiyyətində olan və Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0952 ha torpaq sahəsindən zəbt etdiyi ərazidə inşa etdiyi tikilinin sökülməsi və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması və həmin sahənin ona qaytarılması, məhkəmə üçün tərəfindən köçürülən 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahəsi 0,0952 ha olan torpaq sahəsi üzərində onun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X2 mülkiyyət hüquqları DƏDRX 4 saylı Abşeron ərazi idarəsində xx.xx.2022-ci ildə qeydə alınmış və adlarına çıxarış verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Mülkiyyətçilərdən X9 13 mart 2022-ci ildə vəfat etmişdir. Lakin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi (9 metr enində) cavabdeh tərəfindən zəbt olunmaqla bu sahədə qanunsuz tikili də inşa etmişdir. Dəfələrlə cavabdehdən onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsi təklif olunsa da, o qanunsuz hərəkətlərini davam etdirmişdir.
4. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasına iddianı qəbul etməyərək bildirmişdir ki, apardıqları tikinti mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində yerləşir. Ona görə də, iddia tələbi əsaslı deyildir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-127/2024 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X7) zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 50 (əlli) manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41 NABZ******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ekspertizasının rəyini təkzib edən hər hansı sübut işdə mövcud deyildir. Mövcud vəziyyətlə əlaqədar olaraq tərəflərə məxsus torpaq sahələrinin yerinin koordinatlarına uyğun müəyyən edilməsi mümkün olmadı, o halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının DƏDRX 4 saylı ərazi idarəsinin iddiaçı barəsində sökülməsini tələb etdiyi qanunsuz tikiliyə görə inzibati protokol tərtib etməklə həmin tikilinin iddiaçıya aid torpaq sahəsində olmasını sübut etməsi və həmin inzibatı aktın qüvvədə olması dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin inzibati protokol iş üzrə sübut növlərindən biri olub, digər sübutlarla birlikdə məcmu halda qiymətləndirildiyindən, bu hal digər sübutlarla təsdiq edilmədiyindən bu hal iddianın təmin edilməsi üçün kifayət deyildir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 239.2-ci maddələri və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının hüquqi varisi X7 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş çıxarışın surətindən aydın olur ki, qeyd edilən ərazidə yerləşən torpaq sahəsi üzərində iddiaçının və onun 2 övladının (3-cü şəxslərin) mülkiyyət hüquqları mövcuddur, həmin çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsündə ayrılan torpaq sahəsinin dəqiq koordinatları qeyd edilmişdir və CPS qurğusu ilə torpaq sahəsinin yerini müəyyən etmək mümkündür. Məhz bu mümkünlüklə bağlı qeyd olunan ərazidə-kənd təsərrüfat təyinatlı torpaq sahəsində yaşayış evinin tikilməsi 2022-ci ildə DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən aparılmış yoxlamalar və araşdırmalar əsasında müəyyən olunmuş və buna görə də iddiaçı barəsində həmin tikili ilə bağlı inzibati protokol tərtib olunmuş və o cərimə cəzası ilə cəzalandırılmışdır. Həmin protokol və qərar ləğv edilməmiş, qüvvədədir. Lakin işə baxan məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli 3-16-16/2/8518 nömrəli “ekspert rəyi” kimi təqdim olunan “rəy verilməsindən imtina məktubu”na istinad etməklə (hətta bu məktuba görə xərci də məhkəmə iddiacıdan tutmuşdur) iddia tələbini rədd etmişdir. Halbuki həmin sənəd “ekspert rəyi” adlansa da əsllində ekspert rəyi yox, məktubdur və bu məktub da, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanmış, həmin “rəy” ilə məhkəmə tərəfindən verilmiş sualların heç birinə cavab verilməmiş və bunu bu ərazidə uyğunsuzluqların (sürüşmələrin) qeydə alınması ilə əsaslandırmışdır. Halbuki məhz həmin idarə tərəfindən iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq araşdırmalar aparılmaqla tikilinin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiqlənmiş və hətta iddiaçı cavabdehin günahı üzündən inzibati cəzaya məruz qalmışdır. Lakin məhkəmə həmin “rəy”in işdə olan digər mötəbər sübutla-daşınmaz əmlak idarəsi tərəfindən tərtib olunmuş və qüvvədə olan inzibati aktla tam ziddiyyət təşkil etməsinə baxmayaraq qətnamədə qeyd etmişdir ki, guya ekspertizasının rəyini təkzib edən hər hansı sübut işdə mövcud deyildir. Mövcud vəziyyətlə əlaqədar olaraq tərəflərə məxsus torpaq sahələrinin yerinin koordinatlarına uyğun müəyyən edilməsi mümkün olmadı, iddiaçının DƏDRX-nin 4 saylı ərazi idarəsinin iddiaçı barəsində sökülməsini tələb etdiyi qanunsuz tikiliyə görə inzibati protokol tərtib etməklə həmin tikilinin iddiaçıya aid torpaq sahəsində olmasını sübut etməsi və həmin inzibati aktın qüvvədə olması iş üzrə sübut növlərindən biri olub, digər sübutlarla birlikdə məcmu halda qiymətləndirildiyindən, bu hal digər sübutlarla təsdiq edilmədiyindən bu hal iddianın təmin edilməsi üçün kifayət deyildir. Halbuki “ekspert rəyi”ni məhkəmə digər sübutlarla məcmu şalda qiymətləndirməli idi. Belə ki, işdə olan həmin protokol tikilinin məhz iddiaçıya aid olan torpaq sahəsində tikilməsi ilə bağlı mütəxəssis rəyi üzərində qurulmuş və idarə rəhbəri tərəfindən təsdiq edilmişdir, sonradan ləğv olunmamış və qüvvədədir, inzibati aktdır. Lakin ekspert rəyi əslində rəy verilməsindən imtina məktubudur, bu halda məhkəmənin imtina məktubunu qüvvədə olan inzibati aktdan üstün hesab etməsi anlaşılmazdır. Halbuki məhkəmənin bu yalnış yanaşması və sübutları düzgün qiymətləndirməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir, həmin hüquqlara təminat verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X7 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
15. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
17. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
18. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
19. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. (...) 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
25. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
26. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Baxılan mübahisə torpaq sahəsinə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz əməllərini davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
34. İş materiallarında olan Dövlət Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0952 ha torpaq sahəsi ¼ hissədə pay hüququ üzrə X3, ¼ hissədə pay hüququ üzrə X4, ¼ hissədə pay hüququ üzrə X2, o cümlədən ¼ hissədə pay hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi **********55 reyestr nömrəsi ilə qeydə alınmışdır.
35. İşdə olan Dövlət Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi X5 adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi **********95 reyestr nömrəsi ilə qeydə alınmışdır.
36. 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 406553 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
37. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 268041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
38. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
39. MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı Tağıyeva X1 Vaqif Xanqulu oğlu prosessual hüquq varisi ilə əvəz edilmişdir.
40. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2661/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
41. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, **********55 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
42. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2661/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli eyni məzmunlu mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8518 nömrəli ekspert rəyi qərardadın birinci, ikinci, üçüncü və beşinci sualları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunan ekspert rəyi ilə eyni məzmun daşımışdır.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq plan ölçü sənədləri və torpaq sahələrinin koordinatlar üzrə yeri dəqiq müəyyən edilmədən, mövcud mübahisə üzrə cavabdeh tərəfin qanunsuz sahib olması barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
45. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
49. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-127/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.