Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-896/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1869/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 3 ünvanında yerləşən evindən yaşayış hüququna xitam verilməsi və onların evindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev onun mülkiyyətindədir. Həmin evdə o, həyat yoldaşı və iki uşağı yaşayır. Anası Bəturə əvvəllər qeyd olunan ünvanda bu evdə onunla birlikdə yaşamışdır, lakin 2017-ci ildən onun evində yaşamır. Cavabdeh olan bacısı 2006-cı ildə ailə qurub Şabran rayonunun Təzəkənd kəndində yaşayır. Cavabdehlər onun mülkiyyətində olan evdə yaşamadıqları üçün qeydiyyatdan çıxarılması üçün Xaçmaz RPŞ-nə müraciət etdiyi zaman ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların evindən qeydiyyatdan çıxarılması tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Xaçmaz şəhəri, Oğuz küçəsi ev 51-də evi o tikmişdir və şifahi olaraq anası ilə razılaşmışdır ki, həmin evi onlara versin və ata evində ailəsi ilə birlikdə özü yaşasın. Lakin məhkəmə bunlara məhəl qoymamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddiasının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün heab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh2 ünvan 3 ünvanında yaşamaması, onun həmin evə qeydiyyatının formal xarakter daşıması, iddiaçının doğma anası olan Cavabdeh1 ona məxsus ünvan 3 ünvanında yerləşən evindən yaşayış hüququna xitam verilməsi və onun evindən qeydiyyatdan çıxarılması tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1., 152.2., 14.2., 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsi). İşdən göründüyü kimi, iddiaçı cavabdehlər anası Cavabdeh1 və bacısı Cavabdeh2 mübahisəli mənzildə yaşamadıqlarını əsas gətirərək, onların istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası tərəflər arasında mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilə bağlı hüquq münasibətinin 2000-ci il tarixdən əvvəl yarandığından hesab edir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd edir ki, sonuncu iddiaçının anası olmaqla mübahisə predmeti təşkil edən mənzilə 1982-ci il tarixdən iddiaçının mərhum atası Eldar Şəxəliyevlə ailə quraraq gəlin köçmüş və onun bu hüququ ilə yanaşı həmin mənzilə köçürülməsidə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin iddiaçı cavabdehin həmin fərdi yaşayış evində yaşamadığını, başqa ünvanda daimi yaşadığını qeyd etsə də, digər bir ünvanda qanuni əsaslarla daimi yaşamasına dair hər hansı bir sübut təqdim etməmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı Cavabdeh1 bu mənzildən başqa digər yaşayış sahəsinin olması barədə tutarlı sübut təqdim etməmişdir. Belə olan halda isə Cavabdeh1 mənzildən istifadə hüquqlarına yalnız müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Lakin iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etsə də, cavabdehə kompensasiya təklif etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin Cavabdeh2 istifadə hüququna xitam verilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyindən, ona münasibətdə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə Cavabdeh2 istifadə hüququna xitam verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-896/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-896/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver