Məhkəmə qərarları › İş №2(105)-9/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-9/2024

11.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-9/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi) X30 Süleymanovanın sədrliyi və məruzəsi, X33 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əlı̇ fnaz oğlunun cavabdeh Məcı̇ dov Süleyman Gülhəsən oğluna qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-487/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quşçu kəndində ona məxsus evin arxa tərəfindən yerləşən çəpərin sökülərək 7,5 metr cavabdehin evinə tərəf çəkilməklə torpaq sahəsinin azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə istifadəsində olan 0,21 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən qanuni sənədi var. Evinin arxası Torpağın mülkiyyətə verilməsinə dair JN-355 A saylı 41012018 kodlu Şəhadətnaməyə əsasən qonşu X11 mülkiyyətinə verilmişdir. Sonradan həmin ev və həyətyanı torpaq sahəsi cavabdehə satılmışdır. Rəsmi olub olmamasını bilmir. Faktiki olaraq həmin torpaq sahəsi və ev cavabdehin sahibliyindədir. Bir neçə gün əvvəl cavabdeh və onun ailə üzvləri evin arxasında 3,5 metr enində yer saxlayaraq qalanını çəpərləmək istəmişlər. Ailə üzvləri ilə onlar arasında dava-dalaş olmuşdur. Polisə müraciət etmişlər. Polis bu mülki məsələdir, məhkəməyə müraciət edin deyərək cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Bələdiyyə gəlib yerləri ölçmüş, onlara bildirmişdir ki, evin arxasında 11 m enində torpaq sahələri olmalıdır. Həyətinə gələn yol evinin arxasındandır. Dəfələrlə müraciət etmişlər ki, böyük maşınla həyətə girə bilmir, maşının bortu evin novalçasına toxunur. Çəpəri bir az kənara çək, amma heç bir faydası olmamışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. JN-356A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı, X15, X16, X12, X19, X17, X8, X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,21 ha torpaq sahəsi verilmişdir.

5. JN-355A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X23, X24, X25, X26, X9, X13, X18, X20, X14 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,44 ha torpaq sahəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-487/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə iddiasının rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178, və 203.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 54.1, 54.2, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

8. Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-487/2020 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı Əlı̇ fnaz oğlu apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə istifadəsində olan 0,21 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən qanuni sənədi vardır. Evinin arxası Torpağın mülkiyyətə verilməsinə dair JN-355 A saylı 41012018 kodlu Şəhadətnaməyə əsasən qonşu X11 mülkiyyətinə verilmişdir. Sonradan həmin ev və həyətyanı torpaq sahəsi cavabdehə satılmışdır. Faktiki olaraq həmin torpaq sahəsi və ev cavabdehin sahibliyindədir. Bir neçə gün əvvəl cavabdeh və onun ailə üzvləri evin arxasında 3,5 metr enində yer saxlayaraq qalanını çəpərləmək istəmişlər. Ailə üzvləri ilə onlar arasında dava-dalaş olmuşdur. Polisə müraciət etmişlər. Polis bu mülki məsələdir, məhkəməyə müraciət edin deyərək cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Bələdiyyə gəlib yerləri ölçmüş, onlara bildirmişdir ki, evin arxasında 11 m. enində torpaq sahələri olmalıdır. Həyətinə gələn yol evinin arxasındandır. Dəfələrlə müraciət etmişdir ki, böyük maşınla həyətə girmək olmur, maşının bortu evin novalçasına toxunur. Çəpəri bir az kənara çəksin, amma heç bir faydası olmamışdır. Faktiki olaraq ona məxsus torpaq sahəsi, cavabdeh tərəfindən zəbt edilmiş və inşa işləri görülmüşdür. Lakin Şamaxı Rayon Məhkəməsinin qətnaməsində Bəybala Niyazov və digərlərinə qarşı iddia qaldırmaq tövsiyyə olunmuşdur. Torpaq sahəsini faktiki olaraq Cavabdeh zəbt etmiş və çəpərləmişdir. Bundan əlavə Bəybala Niyazov vəfat etdiyindən, ona qarşı iddia qaldırmaq mümkün deyildir. Onun mülkiyyət hüququ qanunlar ilə müdafiə olunur və cavabdeh də, mülkiyyət hüquqlarını pozan şəxs Cavabdehdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini istəyir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(105)-2673/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair (kod ********) olan JN-356A saylı şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə İddiaçı, X21, X16, X12, X19, X17, X5, X2 mülkiyyətinə verilmiş və Şamaxı rayonu, Quşçu kəndində istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı, X21, X16, X12, X19, X17, X5, X2 naturada faktiki istifadəsində 0.33 ha torpaq sahəsi vardır. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair (kod ********) olan JN-355A saylı şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə X23, X24, X25, X26, X9, X13, X18, X20, X10 mülkiyyətlərinə verilmiş hazırda Cavabdeh faktiki istifadəsində olan Şamaxı rayonu, Quşçu kəndində istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən X23, X24, X25, X26, X9, X13, X18, X20, X10 mülkiyyətlərində olan və hazırda Cavabdeh faktiki istifadəsində olan Şamaxı rayonu, Quşçu kəndində istifadəsində olan torpaq sahəsi faktiki 0.51 ha-dır. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəsisin səlahiyyətlərinə aid deyildir. Qərardadın 6-cı sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə evinin arxasından avtomobil yolu nəzərdə tutulmamışdır. Qərardadın 7-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə başqa yerdən avtomobil yolu nəzərdə tutulmamışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(105)-291/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 26 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9027 nömrəli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: - Tərəflərin naturada göstərdikləri mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” (kod ********) olan JN-355A saylı şəhadətnaməyə əsasən Şamaxı rayön Aqrar İslahat Komissiyasının 05 İyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə X11 mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşmür. Naturada aparılmış ölçü işlərinin nəticəsi kameral araşdırma zamanı məlum oldu ki, tərəflərdən birinin digərinin torpaq sahəsindən istifadə etməsi halı mövcud deyildir. - Elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə evinin arxasından avtomobil yolu nəzərdə tutulmamışdır. - Elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə iddia etdiyi tərəfdən deyil əks tərəfdən yerdən avtomobil yolu nəzərdə tutulmuşdur. - Həmçinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsinin zəbt edilibedilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. - Beləliklə, naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı mütəxəssis rəyinə əlavə olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hüquq normalarının tətbiqində yanlışlığa yol versə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,21 ha torpaq sahəsi digər mülkiyyətçilərlə yanaşı iddiaçının, 0,44 ha torpaq sahəsi isə X23, X24, X25, X26, X9, X13, X18, X20, X10 ümumi mülkiyyətlərinə verilmişdir. İddiaçı, X11 və digərlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinin çəpərinin sökülərək evə tərəf 7,5 metr çəkilməsi barədə tələbini cavabdehə qarşı vermiş, iddiasını ümumi mülkiyyətçilərə məxsus torpaq sahəsinin və üzərindəki evin faktiki olaraq cavabdehin sahibliyində olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında dindirilən cavabdeh həmin torpaq sahəsini 2005-ci ildə X1 aldığını, lakin sənədləşmə aparılmadığını, faktiki olaraq torpaq sahəsinin onun istifadəsində və sahibliyində olduğunu bildirmişdir.

24. Birinci instansiyasi məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfindən gediş gəliş yolunun nəzərdə tutulması, bu yolun eninin 11 metr olması, yolun 7,5 metr enində hissəsinin cavabdeh tərəfindən zəbt olunması təsdiq olunmadığından, eləcə də cavabdeh, X11 və digərlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinin çəpərinin sökülməsi barədə iddiaya cavab verməli olmayan şəxs olduğundan, İddiaçı Cavabdeh qarşı olan iddiası əsassızdır və təmin edilə bilməz.

25. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətin dəlili olaraq faktiki olaraq həmin torpaq sahəsinin cavabdehin sahibliyində olduğunu, cavabdeh və onun ailə üzvlərinin evin arxasında ona məxsus ərazini çəpərlədiklərini göstərmişdir.

26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

27. Kollegiya ilk öncə qeyd edir ki, işini müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi iddiaçı ona məxsus olan ərazinin cavabdeh tərəfindən çəpərlənərək zəbt edildiyini iddia etmiş, məhkəmə iclasında dindirilən cavabdeh həmin sahənin 2005-ci il tarixdən onun istifadə və sahibliyindən olduğunu etiraf etmiş, lakin onun tərəfindən iddiaçıya məxsus sahənin zəbt edilmədiyini bildirmişdir. Kollegiya işin müəyyən edilmiş mübahisəsiz hallarına instinadən hesab edir ki, mübahisəli ərazinin faktiki olaraq cavabdehin istifadə və sahibliyində olması araşdırılan mübahisə üzrə iddia tələbinə cavab verməli olan şəxs olması qənaətinə gəlməyə əsas verir.

28. İşin mübahisələndirilin və apellyasiya şikayətinin dəllili olaraq göstərilmiş digər hal mübahisəli ərazinin cavabdeh tərəfindən zəbt edilməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlıdır.

29. Göründüyü kimi iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisi olmaqla mülkiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasını, həmin torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən azad edilməsini tələb edir.

30. İşin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilir ki, naturada aparılmış ölçü işlərinin nəticəsi kameral araşdırma zamanı məlum oldu ki, tərəflərdən birinin digərinin torpaq sahəsindən istifadə etməsi halı mövcud deyildir. Elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə evinin arxasından avtomobil yolu nəzərdə tutulmamışdır. Elektron baza məlumatlarında mövcud olan xəritə materiallarında İddiaçı həyətinə iddia etdiyi tərəfdən deyil əks tərəfdən yerdən avtomobil yolu nəzərdə tutulmuşdur.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

32. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

33. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin qonşu sahələr ilə üst-üstə düşmədiyi və cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilərək istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.

34. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər sübutlarla öz təsdiqini tapmadı, apellyasiya şikayətinin qeyd olunan dəlilləri formal mülahizə olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X7 hesabına keçirilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-487/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X7 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar