Məhkəmə qərarları › İş №2(105)-90/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-90/2025

12.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-90/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X13 qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0.0378 hadan torpaq sahəsinin 0.02 haı, Cavabdeh2 tərəfindən 0.0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 (beş yüz) manat tələb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X13 və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Saray-Masazır qəsəbəsi arasında, Bakı-Maştağa avtomobil yolunun kənarında yerləşən iddiaçının şəxsi mülkiyyətində olan 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və Cavabdeh2 tərəfindən zəbt edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-1996-cı illərdə “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərara əsasən sovxoz üzvləri kimi onların ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray- Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin mülkiyyət hüquqları cavabdehlər tərəfindən tam məhdudlaşdırılmışdır. Cavabdehlər zəbt etdikləri torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmamışlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh X5 nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli X12 rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı X12 rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur və bu hal iş materiallarına əlavə olunmuş 10 oktyabr 2022-ci il tarixli, 10/6135 nömrəli ekspert rəyində öz əksini tapmışdır. Yəni İddiaçı mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə, faktiki istifadə etdiyi torpaq sahələrinin yeri dəqiq müəyyən deyildir.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0378 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,032 ha torpaq sahəsi X5 mülkiyyətindədir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/6135 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar (sürüşmələr), "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsinə dair iddia tələbi təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin X2nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçınınn cavabdehlərə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsi və məhkəmə xərcinə dair iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayəti və onun dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərdiyi xüsusatları obyektiv, hərtərəfli araşdırmamış, buna subyektiv yanaşaraq onun iddiasını təmin etməyərək “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür deyə” qətnaməsi ilə rədd etməklə çox absurd qərar qəbul etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-1996-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən sovxoz üzvləri kimi onun ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin cavabdehlər şəxsi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, özbaşına tikinti işləri aparmışlar. Ailəlikcə bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, qanuni tələblərinə məhəl belə qoyulmur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6830 №li ekspert rəyi ilə Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli X12 rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Plan”ı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) iddiaçınınn apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dar yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2024cü il tarixli, 2(102)-2411/2024 nömrəli qərarı ilə (hakimlər X15 (məruzəçi), X10 və X17) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 10/2467 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur: Qərardadın birinci, ikinci, üçüncü və dördüncü sualları ilə bağlı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-21-3-32/2-4003/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasına əsasən Cavabdeh1 faktiki istifadəsində (4 tara daş hasar) olan torpaq sahəsinin 0.0178 ha hissəsi **********53 reyestr nömrəli çıxarışı İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üst düşür. Elektron məlumat bazasına əsasən Cavabdeh2 faktiki istifadəsində olar (4 tərəfi daş hasar və daxilində fərdi yaşayış evi) torpaq sahəsinin 0.0168 ha hissəs **********46 reyestr nömrəli çıxarışla, 0.0013 ha hissəsi isə **********53 reyestr nömrəli çıxarışla üst-üstə düşür.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il taixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qənaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə onu məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli, 10/2467 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunan və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,032 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışla Cavabdeh1 həm xüsusi mülkiyyətində, həm də 08 (səkkiz) ildir faktiki istifadəsindədir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə və 0.0378 ha torpaq sahəsi isə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və bununla bağlı Çıxarışlar verilmişdir. Göründüyü kimi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,032 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, iddaçıya məxsus olan hər iki torpaq sahəsindən əvvəl hüquqları tanınmışdır. Belə olan təqdirdə Cavabdeh1 xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.032 ha torpaq sahəsinin 0.0178 ha hissəsi, **********53 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinə yox, əksinə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.0178 ha hissəsi, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin ərazisinin həmin hissəsi ilə üst-üstə düşür. Əlavə olaraq qeyd edir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi qeyd olunmuşdur: torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsivə qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması (2.3.1); torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi (2.3.2); torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastruçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi (2.3.3); ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilərazılaşdırılması (2.3.4); ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi (2.3.5). Bir daha vurğulamaq istəyir ki, Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Bu səbəbdən də həmin uyğunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanın 2.3.5-ci bəndinə göstərilmişdir ki, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməlidir. Buradan da aydın olur ki, Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahələrində uyğunsuzluqlar (sürüşmələr) olduğundan, həmin ərazidə yerləşən və vətəndaşların faktiki istifadəsində olan torpaq sahələri dövlət reyestri xidməti tərəfindən qeydiyyata alındığı zaman, həmin vəziyyət əsas götürüləcəkdir. Yəni, kimin faktiki istifadəsində nə qədər torpaq sahəsi varsa, həmin ərazi dövlət reyetri xidmətində qeydiyyata alınmaqla ona çıxarış veriləcəkdir. Əgər belə olmasa onda həmin ərazidə uyğunsuzluq əmələ gələr və icra mexanizmi mümkünsüz olar. Cavabdeh1 da məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,032 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* nömrəli Çıxarışla həm xüsusi mülkiyyətində, həm də 08 (səkkiz) ildir faktiki istifadəsindədir. Sonda onu da vurğulamaq istəyir ki, cavabdeh İmranov X8 rayonu, Saray qəsəbəsində yerləşən 0,032 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 2017-ci ildə alqı-satqı müqaviləsi ilə almış və həmin alqı satqı müqaviləsinə əsasən ona xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsini alan zaman hazırkı iddiaçının nümayəndəsi Əhmədov X3 rayonu, Saray Bələdiyyəsində işləmiş və Cavabdeh1 həmin torpaq sahəsini almasına və oranın hasarlamasına şahid olmuşdur. Lakin 2017-ci ildən 2022-ci ildək heç bir etirazını və iradını bildirməmişdir. Əgər Cavabdeh1 İddiaçı torpaq sahəsinə qanunsuz müdaxilə etsəydi, iddiaçı bunula bağlı hüquq-mühafizə orqanlarına müraciət edərdi. Amma əksinə Nümayəndə heç bir irad və etiraz bildirməmiş və hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Çünki Nümayəndə çox yaxşı bilirdi ki, Cavabdeh1 qanunsuz heç bir hərəkət etməmiş və qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlayaraq, daşınmaz əmlakı öz mülkiyyətinə keçirmişdir. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

27. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, 2018-ci ildən həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi orada yaşayır. Ev inşa edilən vaxtdan iddiaçının bu barədə məlumatı olmuş, lakin heç bir etirazı olmamışdır. İddiaçının tələbini əsassız hesab edir və ona münasibətdə rədd edilməsini xahiş edir.

28. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2017-ci il tarixdə torpaq sahəsini alqı-satqı yolu ilə əldə edib, xüsusi mülkiyyətindədir. O, özünə məxsus torpaq sahəsinə daş hasar çəkib. Torpaq sahəsində tikili yoxdur.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 83 (1-ci hissə). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 nömrəli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməlidir.

35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh Yunis İmanovun qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0,0378 ha torpaq sahəsinin 0,02 ha hissəsindən, Cavabdeh2 özbaşına zəbt etdiyi 0,0378 ha torpaq sahəsindən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

36. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir.

37. Məhkəmə gəldi nəticə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

38. Məhkəmə qətnaməsi ilə razılaşmayaraq İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.

40. Ali Məhkəmənin Qərarının 63-cü bəndinin göstərişinin, habelə apellyasiya şikayətinin dəlillərinin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 aprel 2025-ci il tarixli, 10/2467 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024ci il tarixli, 3-21-3-32/2-4003/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasına əsasən Cavabdeh1 faktiki istifadəsində (4 tara daş hasar) olan torpaq sahəsinin 0.0178 ha hissəsi **********53 reyestr nömrəli çıxarışı İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üst düşür. Elektron məlumat bazasına əsasən Cavabdeh2 faktiki istifadəsində olar (4 tərəfi daş hasar və daxilində fərdi yaşayış evi) torpaq sahəsinin 0.0168 ha hissəsi **********46 reyestr nömrəli çıxarışla, 0.0013 ha hissəsi isə **********53 reyestr nömrəli çıxarışla üst-üstə düşür.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

42. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

43. Eləcə də Ali Məhkəmənin Qərarının 63-cü bəndində göstərilən hallara aydınlıq gətirilməsi məqsədi ilə mübahisəli əraziyə tərəflərin, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi mütəxəssisinin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən yerli müayinə keçirilmişdir.

44. Yerli müayinə zamanı mübahisələnirilən ərazinin bir hissəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evi və ətrafında daş hasar inşa edildiyi, fərdi evdə yaşayış olduğu, Cavabdeh2 deməsinə görə (iddiaçı bu fakta etirazını bildirmədi) fərdi yaşayış evinin 2018ci ildə tikildiyi, həmçinin Cavabdeh1 məxsus torpaq sahəsinin boş ərazi olduğu, daş hasarla əhatələndiyi, həmin torpaq sahəsinin bir hissəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi.

45. Qeyd olunmalıdır ki, araşdırılan iddia tələbindən də göründüyü kimi mübahisə mülkiyyət hüququnun qorunması ilə bağlıdır.

46. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən ərazinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır.

48. Göründüyü kimi tədqiqatının nəticəsi olaraq Cavabdeh1 faktiki istifadəsində (4 tara daş hasar) olan torpaq sahəsinin 0.0178 ha hissəsinin və Cavabdeh2 faktiki istifadəsində olar (4 tərəfi daş hasar və daxilində fərdi yaşayış evi) torpaq sahəsinin 0.0168 ha hissəsinin İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üst düşdüyü müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddia tələbinin əsaslığı Cavabdeh1 aid hissədə məhkəmə araşdırması zamanı sübuta yetdi, iddiaçı bu hissədə tələbində haqlıdır. Odur ki, iddia qismən təmin edilərək **********53 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin 0.0178 ha hissəsindən Cavabdeh1 çıxarılmalı və həmin hissədə inşa olunmuş daş hasar cavabdehin hesabına sökülməlidir.

50. Bununla yanaşı kollegiya iddia tələbini Cavabdeh2 aid hissədə əsaslı hesab etmir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

52. Bu baxımdan Mülki Məcəllənin aşağıda şərh olunan normanın nəzərdən keçirilməsini məhkəmə kollegiyası zəruri hesab edir.

53. Mülki Məcəllənin 172.3-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

54. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır.

55. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

56. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

57. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsindən faktiki olaran Cavabdeh2 istifdə edir, həmin ərazidə sonuncu tərəfindən 2018ci ildə fərdi yaşayış evi və ətrafında daş hasar inşa edilmiş, iddiaçı bu barədə bilməsinə baxmayaraq 2022-ci ilədək (araşdırılan iddia tələbi ilə müraciət edilən vaxt) susmuş, buna etirazını bildirməmişdir.

58. Qeyd olunanla əsasən kollegiya hesab edir ki, mülkiyyətçinin (iddiaçının) mövcud vəziyyətdə pozuntunun aradan qaldırılması ilə bağlı pul formasında müvafiq kompensasiya tələb etmək hüququ mübahisənin həlli baxımından ədalətli və qanuni, eləcə də işin faktiki hallarına uyğun hesab edilməlidir.

59. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlir.

60. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş, maddi və prosessual huquq normaarının pozuntusuna yol verilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

61. MPM-nin 119-cu maddəsinə əsasən ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X2 hesabına ödənilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi” tələbinə dair iddia qismən təmin olunsun. **********53 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin 0.0178 ha hissəsindən Cavabdeh1 çıxarılsın və həmin hissədə inşa olunmuş daş hasar cavabdehin hesabına sökülsün. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar