Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-900/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi və pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan -sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 yanvar 2023cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Quba RPŞ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh2 məxsus xırda buynuzlu heyvanlarını oğurlaması öz təsdiqini tapmamışdır. İddiaçı özünə məxsus 9000 manat dəyərində 45 baş qoyunu şərikli işlədikləri üçün Cavabdeh1 əvəzinə Mirələm Muradova vermişdir. Həmçinin şərikli işlədikləri dövrdə Cavabdeh1 vətəndaş İddiaçı 5 min manat borcunun olması materialla təsdini tapmış, lakin Cavabdeh1 45 baş qoyunu və 5 min manat pulu İddiaçı qaytarması materialla sübuta yetirilməmişdir.
2. Bu səbəbdən göstərilən xüsusatlar mülki xarakterli olduğundan və oğurluq faktının olması təsdiqlənmədiyindən matetial üzrə cinayət işinin başlanılması edilmiş və İddiaçı 9000 (doqquz min) manat dəyərində 45 baş qoyunun, həmçinin 5000 manat nağd pulunun geri alınması tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Elyar onun əmisi oğludur. Mehrab qoyunları Elyara satmış və o, həmin qoyunları Mehrabdan alaraq, Elyarın heyvanları saxladığı yatağa gətirmişdir. Qoyunları satdıqdan sonra, Mehrab polisə heyvanlarının Elyar tərəfindən oğurlanması barədə müraciət etmişdir. O, Mehrabdan 5 baş qoyun gətirmiş, lakin bunun müqabilində Elyar ona 45 baş qoyun qaytarmışdır.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Zahəddin Ziyəddin oğlu ilə eyni məzmunlu ifadə verərək, Mehrab tərəfindən Elyara satılmış qoyunları Zahəddinlə birlikdə ona məxsus avtomobillə gətirərək, Elyara təhvil verdiklərini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qaytarmalı olduqları dəyəri 9000 (doqquz min) manat olan 45 baş qoyunun, Cavabdeh1 isə 5000 (beş min ) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xırdabuynuzlu və iribuynuzlu heyvanları Quba rayonu Rük kəndində qışlaq sahələrində və Siyəzən rayonu ərazisindəki otlaq sahələrində saxlayır. O, həmişə həmkəndlisi Cavabdeh1 ilə şərikli heyvan alğısatqısı ilə məşğul olmuşdur. 2021-ci ilin yay mövsümündə Rəfi adlı şəxs ona 3 baş qoyun satmışdır. Şəriki Cavabdeh1 5 baş xırdabuynuzlu Mehrabdan,1 baş Siyavuşdan, 2 baş xırdabuynuzlu heyvanı isə Sahil adlı şəxsdən almışdır. Yığdığı, cəmi 11 baş heyvanı isə şəriki Cavabdeh1 Quba rayonu, Ağbil kənd sakini Asif adlı qəssaba satmışdır. Təxminən 1 həftə keçdikdən sonra Mehrabın atası Mirələm Qonaqkənd PB-nə şikayət edərək, Asifin həyətində ona məxsus 5 baş xırda buynuzlu heyvanın olduğunu və heyvanların qanunsuz satıldığını və bu satışdan xəbəri olmadığını bildirmişdir. O, PB-nə dəvət edilmiş və araşdırma zamanı o, Mehrabın 5 baş xırdabuynuzlu heyvanını şəriki Eldənizin aldığını bildirsə də, şəriki Eldəniz Mehrabdan qoyun almasını boynuna almadığı üçün işləri mürəkkəbləşmişdir. Mehrabın atası Mirələm ona demişdir ki, “70 baş xırda buynuzlu heyvanı əskik gəlir, oğlum Sizə heyvan satmayıb, siz heyvanlarımı oğurlamısız”. Qonaqkənd PB-də ona, işlərini yoluna qoyulması haqqında məlumat verilmiş, əks halda cinayət işinin başlanılacağı bildirilmişdir. O, söhbətin bitməsi üçün Mirələmə öz şəxsi təsərrüfatından 45 baş qoyun vermişdir. Bundan sonra şəriki Eldəniz ondan 5000 manat nağd pulu almışdır. Ona Mehrabın atası Mirələm Muradov 9000 manat dəyərində 45 baş qoyun verməlidir, şəriki Eldəniz isə şərikli iş görmək üçün 20 iyun 2021-ci il tarixində verdiyi 5000 manat geri qaytarmalıdır. O, Eldənizdən qoyunlarını və 5000 manatı istəyəndə ona müxtəlif bahənələr gətirərək qaytaracağını bildirmişdir. Lakin hələdə ona məxsus olan 9000 manat dəyərində 45 baş qoyunu və 5000 manat əlbəəl verdiyi pulu qaytarmamış və beləliklə cavabdehlər ona ziyan vurmuşlar. O, dəyəri 9000 manat olan 45 baş qoyunu və 5000 manat pulu cavabdehlərə vermişdir.
7. Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.000 manat dəyərində 45 baş qoyun və Cavabdeh1 5.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və İddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 şərikli olaraq xırdabuynuzlu heyvanların alğı-satqısı ilə məşğul olmuşlar. İddiaçı Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 5 baş xırdabuynuzlu heyvan almış və Quba rayonu, Ağbil kənd sakini Asif adlı qəssaba satmışdır. Bir müddət sonra Cavabdeh2 iddiaçının 70 baş xırdabuynuzlu heyvanını oğurlaması ilə bağlı Quba RPŞ-nə müraciət etmişdir. Quba RPŞ-də aparılan araşdırmanın yekunlaşması məqsədi ilə, iddiaçı öz şəxsi təsərrüfatından 45 baş ana qoyunu Cavabdeh2 vermişdir. Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı tərəfindən ona verilən qoyunlar onun sürüsündən oğurlanan qoyunlar olmamış və heyvanların İddiaçı tərəfindən oğurlanmasını şəxsən görməmişdir. Cavabdeh2 sadəcə şübhələr əsasında oğurlanan qoyunların iddiaçı tərəfindən oğurlandığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X9 bildirmişlər ki, Cavabdeh2 iddiaçıya 5 baş qoyun satmış, onlar isə həmin heyvanları Zaur Manafova məxsus avtomobillə götürərək, İddiaçı təhvil vermişlər. Cavabdeh1 isə heyvan alğı-satqısının onun vasitəsi ilə həyata keçdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 məxsus xırdabuynuzlu heyvanların oğurlanması Quba RPŞ-də aparılmış araşdırma zamanı sübuta yetirilməmişdir. Lakin, iddiaçı 45 baş xırda buynuzlu heyvanı Cavabdeh2 vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, 9.000 manat dəyərində olan 45 baş qoyun cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.
9. Bundan başqa, iddiaçı Cavabdeh1 şəriki olduğu üçün heyvan alğı-satqısı ilə bağlı 5.000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh1 şərikli iş görmək adı ilə aldığı 5.000 manatı iddiaçıya qaytarmamış və ya onun əvəzində xırdabuynuzlu heyvan alıb verməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 5.000 manat məbləğində pul almadığını qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə də, təmin edilməli, Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 1091.1 – 1091.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus olan 78 baş qoyunu və şəriki Bahəddinə məxsus 29 baş qoyunu oğurlamaqla onun və həmin şəxsin mülkiyyət hüququna qəsd etmişdir. İddiaçı onlara məxsus qoyunları oğurlaması istər oğurluq kimi və ya istərsə də, onlardan nisiyə qoyun alıb sonra qaytara bilməməsi hər iki halda onun ona məxsus olan qoyunları ona qaytarma öhdəliyi yaranır. Buna görə də, iddiaçının ona verdiyi qoyunlar ondan apardığı 78 baş qoyunların 45 başı idi. ondan oğurladığı qoyunların yerdə qalan 33 qoyunu isə həmkəndlisi olduğu üçün ona güzəşt etmişdir. Hakim isə heç bir hərtərəfli araşdırma aparmadan onlara məxsus əmlakı talamış Elyar adlı şəxsə haqq qazandırır və onun iddiasını təmin edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. O, öz əmlakını Elyar adlı şəxsdən tələb etmiş və ondan oğurladığı qoyunlarının bir hissəsini onun qanunsuz sahibliyindən geri almışdır. Məhkəmə isə qanunsuz olaraq idiaçının ona qarşı irəli sürdüyü iddianı təmin etmişdir. Hansı ki, Qonaqkənd PB-də araşdırma apararkən İddiaçı verdiyi izahatında göstərir ki, iddiaçı, ondan 45 baş və Bahəddindən isə 20 baş qoyunu satmaq üçün nisyə almışdır. Həmin qoyunları satıb pulunu xərclədiyi üçün onların pulunu verə bilməmişdir. Lakin onlar qoyunlarının pulunu istəyəndə aralarında narazılıq olmuş və iş polisə düşmüşdür. Ona görə də, Mehrabdan nisyə aldığı və pulunu verə bilmədiyi 45 baş qoyunun əvəzinə ona öz şəxsi qoyunlarından 45 baş qoyun verir. Bahəddinə borclu olduğu 20 baş qoyunun əvəzinə ona Eldəniz özünə məxsus olan qoyunlardan 20 baş qoyun verir.
13. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı əvəzinə Bahəddin adlı şəxsə özünə məxsus olan qoyunlarından 20 baş qoyun vermişdir. Həmçinin Elyara kömək məqsədi ilə 1000 (min) manat pul da vermişdir. Məhkəmə isə qanunsuz olaraq iddiaçının ona qarşı irəli sürdüyü iddianı təmin etmişdir. Hansıki, Qonaqkənd PB-də araşdırma apararkən İddiaçı verdiyi izahatında göstərir ki, o, Mehrabdan 45 baş və Bahəddindən isə 20 baş qoyunu satmaq üçün nisyə almışdır. Həmin qoyunları satıb pulunu xərclədiyi üçün onların pullarını verə bilməmişdir. Lakin Mehrab və Bahəddin qoyunlarının pulunu istəyəndə aralarında narazılıq olmuş və iş polisə düşmüşdür. Ona görə də o, Mehrabdan nisyə aldığı və pulunu verə bilmədiyi 45 baş qoyunun əvəzinə ona öz şəxsi qoyunlarından 45 baş qoyun verir. Bahəddinə borclu olduğu 20 baş qoyunun əvəzinə isə Eldəniz özünə məxsus olan qoyunlardan 20 baş qoyun verir. İddiaçı 2021-ci ilin sentyabr ayında Quba RPŞ-nin Qonaqkənd PB-də yazdığı izahatında bunları yazmışdır. Həmçinin onun Elyarın əvəzinə Bahəddinə 20 baş qoyun verməyini və kömək məqsədi ilə 1000 (min) manat pul verməyimi Bahəddin və orada olan hər kəs təsdiq edə bilər. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə məhkəmə baxışı zamanı işin bütün hallarını qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan RespulikasıMPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Birinci instansiya Məhkəməsi isə prosessual normaların bu tələblərinə riayət etməmiş və işin hallarını tam araşdırmadan və işdə olan sənədlərlə bağlı gercəyin meydana çıxması ilə bağlı araşdırmaların aparılması zəruri olduğu halda heç bir arşdırma aparmamış və nəticədə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. İş üçün əhəmiyyət kəsb edən zəruri sənədləri sorğu verərək gətizdirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, onlar İddiaçıla əvvəllər şərikli iş görmüşdür. O, Elyara məxsus qoyunları görməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh Mehrabın qoyunlarını Elyar adlı şəxs oğurlayıb, üstü açılandan sonra polisə verdiyi izahatında etiraf edib ki, 45 baş qoyunu cinayət işi açılmaması üçün qaytaracaqdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, Eldənizlə şərikli heyvan alqı-satqısı ilə məşğul olmuşdur. O, Eldənizə 5000 manat pul vermişdir ki, Mehrabdan qoyunları alsın. Sonuncu dəfə Mehrab Eldənizə 5 quzu satmış, o da həmin quzuları Asif adlı qəssaba satmışdır. Mehrabın atası həmin 5 quzunu Asifin həyətində görüb, Mehrabdan soruşanda isə o, xəbəri olmadığını bildirib. Atası bununla bağlı polisə məlumat verib və gəlib onun 45 baş qoyununu seçib aparıb. Onun Mehraba borcu olmayıb.
19. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edirək bildirmişdir ki, Mehrabın qoyunları İddiaçı olmayıb. İddiaçıya təzyiqlər olduğu üçün o da məcbur olub öz qoyunlarından verib. Hesab edir ki, apellyasiya şikayətləri tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Mülki Prosessual Məcəllə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişlər.
23. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
25. Mübahisələndirilən iddia tələbindən müəyyən edilir ki, tələb iki hissədən ibarət olmaqla iki ayrı cavabdehə yönəlmiş və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyan barədədir.
26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
28. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
30. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan apellyasiya kollegiyası qeyd edir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir tutarlı sübutla təstiq olunmamışdır.
32. İddianın Cavabdeh2 aid 45 baş heyvanın dəyəri olan 9000 min manat pulun verilməsi ilə bağlı kollegiya qeyd edir ki, göstərilən sayda heyvanın iddiaçı tərəfindən konkret olaraq Cavabdeh2 atasına verilməsi halı iş materialları ilə təkzib edilməsə də, həmin heyvanların verilməsində iddiaçının məqsədi yuxarıda qeyd olunan şikayət üzrə cinayət işinin xitam edilməsi olmuşdur. Yəni qeyd olunan heyvanlar iddiaçı tərəfindən cavabdehə könüllü şəkildə, heç bir təzyiq olmadan verilmişdir. Lakin iddiaçı sonradan onun əməlində hər hansı cinayət əlaməti olmadığını dərk etdiyindən və heyvanların əbəs yerə cavabdehə verildiyinin fərqində olduğundan, sonuncudan heyvanların dəyərini tələb etmişdir ki, artıq bu hal özlüyündə iddianı qeyri-müəyyən etməklə, sonuncu tərəfindən sübut edilmədiyindən bu formada iddianın təmin edilməsini məhkəmə kollegiyası ağlabatan mühakimə hesab etmir. Yəni qeyd olunan sayda heyvanlar cavabdehə dəyəri ödənilmədən verilsə də, cavabdeh həmin heyvanları özünün oğurlanan heyvanlarının əvəzində qəbul etmiş və iddiaçı həmin anda onun şikayətdən imtinası ilə kifayətlənmiş, heyvanların dəyəri olaraq cavabdehdən hər hansı məbləğ tələb etməmişdir.
33. Məhkəmə kollegiyası bu qənaətə iddia ərizəsi, iş materialları və tərəflərin izahatları əsasında gəlir, eyni zamanda qeyd edir ki, bu halı təkzib edəcək hər hansı sübut iş materiallarında mövcud deyildir. (məsələn cavabdehə heyvanların sonuncunun hədə qorxusu əsasında verilməsini sübut edəcək dəlil, yaxud bu barədə hüquq mühafizə orqanlarına rəsmi müraciət və s).
34. İddia tələbinin digər cavabdeh Eldəniz Hacıyevdən 5 min manat pulun ona qaytarılması ilə bağlı hissəsində də kollegiya iddianı əsaslı hesab etmir. Belə ki, iddia tələbi bu hissədə də heç bir əsaslı sübutla təstiq olunmamışdır. Qeyd olunan borc münasibətinin mövcudluğu barədə tərəflər arasında hər hansı yazılı formada müqavilə, sadə formada tərtib edilmiş iltizam iş materiallarında mövcud deyildir. İddia bu hissədə yalnız iddiaçının formal şifahi izahatı ilə əlaqələndirilmiş, cavabdeh isə iddianı qətiyyətlə rədd etmiş belə bir borcun olmadığını bildirmişdir. Bu formada iddia tələbinin təmin edilməsi mülki məhkəmə icraatı qaydasında ədalət mühakiməsini həyata keçirən məhkəmənin qərarını ədalət, qanunçuluq, sübutların mötəbərliyi kimi zəruri prinsiplər baxımından kölgə altına sala bilər.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
37. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir
39. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin.. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi və pul tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.