Məhkəmə qərarları › İş №2(105)-904/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-904/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-904/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı qətnaməsindən Əsgərov Mətləb Abasqulu oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraatda yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Əsgərov Mətləb Abasqulu oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Əsgərov Mətləb Abasqulu oğlunun apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Əsgərov Mətləb Abasqulu oğlu Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamə onun maraqlarına toxunduğundan onu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmasını, işə qoşulmağı barədə qərar qəbul edilməsini, həmçinin iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən apellyasiya şikayətini aidiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11.02.2022-ci il tarixli, 2(060)-7020/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Əsgərov Mətləb Abasqulu oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə Əsgərov Mətləb Abasqulu oğlunu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanımaqla prosessual hüquq normalarının tələblərini pozmuş, onun prosessual statusunu düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Qeyd edilən maddələrin mənasına görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər öz təşəbbüsləri ilə işə qoşulmalı və iddia tələbi irəli sürməlidirlər. Əsgərov Mətləb Abasqulu oğlu hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin iş üzrə artıq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 364.2-cü maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 364.1-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən yuxarıda qeyd edilən hallara əhəmiyyət verməmiş, Əsgərov Mətləb Abasqulu oğlunu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etməklə mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Əsgərov Mətləb Abasqulu oğlunun apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı qətnaməsindən Əsgərov Mətləb Abasqulu oğlunun apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar