Məhkəmə qərarları › İş №2(105)-908/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-908/2021

06.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-908/2021 06.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadından cavabdeh B.A.Xəlillinin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh A.B.Xəlilli şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadının ləğv edilərək, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114.5 kv.metr ölçülü fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Cavabdeh A.B.Xəlilli həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh A.B.Xəlilli verdiyi şikayəti onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsinin surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytararkən onun atası ilə eyni ünvanda yaşamsına istinad etsə də, həmin qərardadla da müəyyən olur ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin surətini almamışdır. Onun sərbəst şəkildə hüquqlarını müdafiə etmək hüququ olduğu üçün birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin surətini ona təqdim etməli olduğu halda təqdim etməmiş və sonradan rəsmi qaydada müraciət edib, qətnamənin surətini aldıqdan sonra apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti vaxtında verilmiş və prosessual müddət ötürülməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ata və oğul olaraq eyni ünvanda, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsi xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bundan başqa Cavabdeh1 sözügedən qətnamədən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli ərizəsinə baxılaraq Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(012)-4346/2019 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. Bütün bunlardan sonra Cavabdeh2 vaxtında məhkəməyə müraciət etməyərək, səkkiz aydan sonra hazırkı ərizə ilə müraciət etməsi açıq-aşkar qətnamənin icrasından yaynmağa xidmət edir və məhkəmə bu halı hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsinin surəti xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edilsə də, məhkəmə tərəfindən sözügedən qətnamənin rəsmi qaydada cavabdeh X3 təqdim edilməsi üçün heç bir tədbir görülməmiş və bu barədə iş materiallarında heç bir rəsmi sənəd (göndəriş məktubu və ya qəbz) mövcud deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin ata oğul olaraq eyni ünvanda qeydiyyatda olması və ya yaşaması halı məhkəmənin Azərbaycan Respublikası MPMnin 134.1.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə aktlarının rəsmi qaydada verilməsi vəzəfəsindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. X5 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, B.A.Xəlillinin xx xxxxxxx 2020-ci il tarixli müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsinin surəti xx xxxxxxx 2020-ci il tarixdə sonuncuya təqdim edilmiş və bundan sonra onun tərəfindən verilmiş apelyasiya şikayəti xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdeh A.B.Xəlillinin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsi halı ilə bağlı prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsindən cavabdeh A.B.Xəlillinin verdiyi apelyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh A.B.Xəlillinin verdiyi şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4346/2019 saylı qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4346/2019 saylı qətnaməsindən cavabdeh A.B.Xəlillinin apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Məhəmmədəli Rzayev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar