Məhkəmə qərarları › İş №2(105)-911/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-911/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-911/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı (cavabdeh) Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-159/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kooperativ binada mənzil tikintisi barədə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19494 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür.

2. Kooperativ binada mənzil tikintisi barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə “ünvan 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 561 manat olmaqla, cəmi 32000 manat pul ödəməklə inşa edib X1 təhvil verməyə dair öhdəlik götürmüşdür.

3. Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-2404/2018 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4409/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən məcburi çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün həmin şirkətlə 04 iyul 2007-ci il tarixdə rəsmi müqavilə bağlayaraq, 1-ci blok, 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan 1 otaqlı, 38 saylı mənzilin hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19494 manat pul ödəmiş, şirkətə heç bir borcu qalmamışdır. Həmin şirkətin rəhbərliyi, ona məxsus mənzili başqa müqavilə ilə iş üzrə cavabdehə satmaqla onunla 04 aprel 2019-cu il tarixdə müqavilə bağlamış, ondan 32000 manat pul almışdır. Bütün bunlara baxmayaraq, mənzilin ilk sahibi kimi kənarda qalaraq, cavabdeh həmin mənzili zəbt etmişdir və hazıradək orada yaşamaqda davam edir. Halbuki, o, öz hüquqlarının bərpası və mənzilin qaytarılması üçün illərdir məhkəmə instansiyaları keçməklə, mənzilin əsl sahibi kimi tanınmışdır. İlkin müqavilə bağladığı şirkət, yəni "xxxx" MMC sonradan 2013-cü ildə "xxxx" MMC ilə əvəz olunmuşdur. 15 may 2018-ci il tarixdə isə Abşeron Rayon Məhkəməsində işə baxılaraq onun iddia tələbi təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı ilə məhkəmə qətnaməsi qüvvədə qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işi yeni baxışa qaytarmış, son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiası təmin olunmuş, həmin mənzil onun sahibliyinə qaytarılmışdır. Qəbul olunmuş qərarın icrası zamanı məlum olmuşdur ki, ona məxsus mənzildə iş üzrə cavabdeh yaşayır, mənzilin təhvil verilməsi mərhələsində icra məmuru cavabdehin mənzildən çıxarılması səlahiyyətinin olmamasını bildirmiş, işin məhkəmə müstəvisində həll edilməsini tövsiyə etmişdir.

8. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə, ev 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 38 saylı mənzilə dair İddiaçı ilə "xxxx" ("xxxx" MMC) arasında imzalanmış 04 iyul 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh1 isə tələbini bununla əsaslandırmışdır ki, 04 aprel 2019- cu il tarixdə "xxxx" MMC ilə onun arasında kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı’’ (“ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mənzilin hər kv.metrinin dəyəri 561 manat həcmində müəyyənləşdirilməklə, ümumi dəyəri 32000 manat təşkil etmişdir. Mənzilin qeyd edilən məbləği onun tərəfindən tam şəkildə ödənilmiş, buna görə də 04 aprel 2019-cu il tarixdə MMC tərəfindən 93 nömrəli maliyyə arayışı verilmişdir. 2019- cu il tarixdə mənzil ona təhvil verilmişdir. 2019-cu il tarixdən etibarən həmin mənzili təmir edərək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən mənzilə dair İddiaçı "xxxx" MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(102)-2183/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, cavabdeh "xxxx" MMC rəhbərliyi tərəfindən ünvan 4 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 MMC-nin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(105)-459/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(102)-4409/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)- 260/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə mübahisələri ona məxsus mənzillə bağlı olmuş, lakin o, məhkəmə proseslərinin heç birinə cəlb edilməmişdir. Məhkəmələr onu işə cəlb etmədən onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərarlar qəbul etmişlər. Mənzil onunla MMC arasında müqavilə bağlandıqdan sonra məhz ona təhvil verilmiş, mənzili təmir etdirərək orada yaşamağa başlamışdır. Hazırda da həmin ünvanda yaşayır. İddiaçı iddiasının onun iştirakı olmadan təmin edilməsi onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına və mülkiyyətdən məhrum olunmasına gətirib çıxarmışdır. Məhkəmə onu işdə iştirak etməyə cəlb etməmiş, onun qanuni sahibliyində və istifadəsində olan mənzillə bağlı İddiaçı tərəfindən verilən iddiaya öz etirazını bildirmək və sübutlarını təqdim etmək hüququndan məhrum edilmişdir. Bu səbəbdən də o, İddiaçı ilə "xxxx" MMC (Fuad LTD) arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2007ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılmış, lakin İddiaçı tərəfindən mənzilin dəyərindən 14494 manat ödənilmişdir. Həmin hökmlə göstərilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddiası təmin olunaraq həmin mənzil üçün ona ödənilmiş 14494 manat pul vəsaitinin qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hökm 2015-ci il tarixdə çıxarılmış, o isə həmin mənzili hökm çıxarıldıqdan 3 il sonra, yəni 2019-cu ildə almışdır. Hökmlə təsdiq olunmuşdur ki, (səh. 19) İddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılsa da, İddiaçı tərəfindən mənzilin dəyərindən ödənilən 14494 manat binanın inşasına sərf edilməmiş, formal olaraq MMC ilə müqavilə imzalanmış, ödənilmiş pul vəsaiti şirkətin direktoru tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də İddiaçı pul vəsaitinin "xxxx" MMC-dən deyil, onun direktoru X2 tutulması müəyyən edilmişdir. Bütün bu hallar göstərir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1425/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e2(009)-1425/2023 saylı mülki iş İddiaçı X1 qarşı mənzilin boşaldılması və cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair 2(012)- 3338/2023 saylı mülki işlə əlaqəli olduğundan birləşdirilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.

11. İşdə olan kooperativ binada mənzil tikintisi barədə xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19494 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2007-ci il tarixli, 00712 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə müqaviləyə əsasən 19494 manat vəsait ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı mülki iddiaçı qismində tanınmışdır.

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4409/2021 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)- 2404/2018 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(105)-3502/18 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-2404/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" MMC-yə qarşı iddiası təmin edilmiş, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-378/2016 nömrəli iş üzrə 21 yanvar 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(105)-459/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək "xxxx" MMC rəhbərliyi tərəfindən ünvan 6 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3170/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

13. İşdə olan kooperativ binada mənzil tikintisi barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “ünvan 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 561 manat olmaqla, cəmi 32000 manat pul ödəməklə inşa edib X1 təhvil verməyə dair öhdəlik götürmüşdür.

14. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, X4 "xxxx" MMC-yə qeyd edilən mənzilə görə 32000 manat vəsait ödəmişdir.

15. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə X7 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə mülki iddialar təmin edilmiş və X3 14494 manat pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-159/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş binanın 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 iddiasının təmin edilməməsi, Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməkdən azad olunduğu 100 manat pulun Cavabdeh1 tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmetini "xxxx" MMC (hazırda “ünvan 7 ünvanında inşa olunmuş 1-ci blok, 8ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzilə dair İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə təşkil edir. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi, bu qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən mənzil İddiaçı məxsusdur və bu əmlak "xxxx" MMC tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan qətnamə ilə mübahisəli mənzilin İddiaçı məxsus olması müəyyən edilmişdir.

18. İşdən görünür ki, mübahisəli 38 saylı mənzil 04 aprel 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 satılmışdır, halbuki "xxxx" MMC (hazırda "xxxx" MMC) ilə İddiaçı arasında bağlanan müqavilə hazırda qüvvədədir, bu müqavilənin ləğv olunması haqqında razılaşma, həmin müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin mənzilin sahiblik və istifadə hüququ ilə yüklü olmasına baxmayaraq, yenidən Cavabdeh1 satılmasına dair 04 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsızdır, çünki həmin müqavilə ilə özgəninkiləşdirilən mənzil artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak hazırda nə "xxxx" MMC-nin, nə də Cavabdeh1 mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və Cavabdeh1 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edərək qaldırdığı hazırki tələbi əsassızdır.

19. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4409/2021 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Q.Ə.Məmmədov və zərər çəkmiş şəxslər M.C.Nəzərov, R.İ.Əjdərova və M.O.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı R.Ə.Hadıyev tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün 28 oktyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir. Göründüyü kimi, sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökmün qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmişdir. Başqa sözlə, hazırki iddianı qaldırarkən Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmünə istinad etməsi də əsassızdır.

20. Mübahisəli mənzil 04 aprel 2019-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsaslanmaqla Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır. Qüvvədə olan qanunvericiliyə görə maliyyə arayışı ciddi maliyyə hesabat blankı hesab olunmur, həmin mənzilin dəyərinin MMC-yə ödənilməsi barədə o, məhkəməyə kassa mədaxil orderini təqdim etməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli 38 saylı mənzilin Cavabdeh1 satılmasına dair 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edilməklə qaldırılmış hazırki iddia əsassızdır, çünki həmin müqavilə yalan əqd olaraq əhəmiyyətsizdir.

21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 337, 389.1, 390, 404.1, 404.2, 425.1, 646.1, 752.1, 752.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 76, 82.3, 88, 119.1, 119.2, 217.4, 218.3cü maddələrinin, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-159/2024 saylı qətnaməsinin ləğv edilərək, Cavabdeh1 iddiasının təmin edilməsi, İddiaçı iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı” (ünvan 8 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən 38 nömrəli mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mənzilin hər kv.m-nin dəyəri 561 (beş yüz altmış bir) manat həcmində müəyyənləşdirilməklə ümumi dəyəri 32.000 manat təşkil etmişdir. Mənzilin dəyəri olan 32.000 manat pul vəsaiti tam şəkildə ödənilmiş, buna dair MMC tərəfindən maliyyə arayışı verilmişdir. Cavabdeh1 mənzili tam şəkildə öz pul vəsaiti hesabına təmir etdirərək ailə üzvləri ilə birlikdə orada yaşayır. ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbəsində yerləşən 38 saylı mənzil 2019-cu il tarixdən etibarən onun və ailə üzvlərinin sahibliyində, istifadəsində və sərəncamındadır. Məhkəmə isə Pərvanə Mehtiyavanın həmin mənzili üzərində qannvericlik ilə təsbit edilmiş hüquqlarını pozmuşdur. Məhkəmə əqdin yalan olmasını bildirsə də, fikrini əsaslandıra bilməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən MMC-lər ilə bağlanmış mənzil tikintisinə dair müqavilələr üzrə mənzilin dəyərinin ödənildiyi halda şirkət tərəfindən maliyyə arayışı təqdim olunur. Həmin maliyyə arayışı mənzilin dəyərini ödənilməsini təsdiq edən sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir. Lakin nədənsə məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 00712 saylı maliyyə arayışının surətini sübut qimində nəzərə alaraq qətnamədə göstərir ki, İddiaçı "xxxx" MMC-yə müqavilə üzrə xx.xx.2007-ci il tarixli, 00712 saylı maliyyə arayışına əsasən 19494 manat pul vəsait ödəmişdir. Lakin Cavabdeh1 məhkəməyə təqdim etdiyi mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını isə qüvvədə olan qanunvericiliyə görə ciddi maliyyə hesabat blankı hesab olunmadığını və həmin mənzilin dəyərinin MMC-yə ödənilməsi barədə Cavabdeh1 məhkəməyə kassa mədaxil orderini təqdim etmədiyini bildirərək 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləni-əqdi yalan əqd olaraq qiymətləndirmişdir. Yəni məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi mənzilin dəyərinin ödənilməsinə dair xx.xx.2007-ci il tarixli, 00712 saylı maliyyə arayışının surətini sübut kimi qiymətləndirmiş, digər iddiaçıya Cavabdeh1 münasibətədə isə maliyyə arayışı ciddi sənəd hesab etməmişdir. Halbuki, Cavabdeh1 tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsini MMC tərəfindən verilmiş maliyyə arayışı, mənzilin tam təmir olunaraq orada yaşamasını isə məhkəməyə təqdim etdikləri mənzilə dair fotoşəkillər, işıq və suya dair qəbzlər, yerli baxış keçirilərkən mənzilin təmirli olması və illərdir Pərvanənin sahibliyində istifadəsində olması təsdiq edirdi. Bütün bu hallar 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış kooperativ binada mənzil tikintisi üçün müqavilə yalan əqd olmayaraq, tərəflər arasında həqiqi iradə ifadəsini əks etdirmiş və görünüş üçün və ya digər əqdi pərdələmək üçün bağlanmamasını təsdiq edir. Məhkəmə isə Cavabdeh1 ilə MMC arasında bağlanmış müqaviləni yalan ədq olduğunu göstərsə də, hansı araşdırma əsasında bu hüquqi nəticəyə gəlməsini qərarda əsaslandırmamışdır. Konstitusiya Məhkəməsinin qərarında da göstərilir ki, əqdin yalan olması üçün şağıdakı sadalanan əsas tərkib əlamətlərinə malik olmalıdır. 1. görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2. gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3. yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Lakin işin hallarından görünür ki, məhz əqdin yalan olması üçün yuxarıda qeyd edilən hər hansı bir hal Cavabdeh1 ilə "xxxx" MMC arasında imzalanmış müqavilə üzrə mövcud deyil. Əgər Pərvanənin əsl hüquqi niyyəti mənzil almaq deyildirsə və görüntü üçün müqavilə bağlamışdırsa niyə mənzilin alnması üçün şirkətə 32000 manat pul vəsaiti ödəmiş, mənzilin təmirinə isə 25.000 manatdan yuxarı pul vəsaiti sərf etmişdir? Əgər görüntü üçün müqavilə bağlanmış olsa idi Pərvanə tərəfindən mənzilin dəyəri olan 32000 manat pul vəsaiti ödənilməz, mənzilin təmiri üçün 25.000 manatdan yuxarı pul vəsaiti sərf edilərək təmir olunmazdı, illərdir mənzildə yaşayaraq, su işıq, qaz üçün pul vəsiti ödəməzdi. Məhkəmə isə bütün halları görməzdən gələrək maddi hüquq pozuntusuna yol verərək Mülki Məcəlləsinin 430.2-ci maddəsinə istinad edərək Cavabdeh1 iddia tələbini rədd etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə prosesual pozuntuya yol verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmünü nəzərə almamışdır. Halbuki, həmin hökm ilə MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılmış, lakin İddiaçı tərəfindən mənzilin dəyərindən 14494 manat ödənilmişdir. Həmin hökmlə göstərilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddiası təmin olunaraq həmin mənzil üçün ona ödənilmiş 14494 manat pul vəsaitinin qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hökm 2015-ci il tarixdə çıxarılmış, o isə həmin mənzili hökm çıxarıldıqdan 3 il sonra, yəni 2019-cu ildə almışdır. Hökmlə təsdiq olunmuşdur ki, (səh. 19) İddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılsa da, İddiaçı tərəfindən mənzilin dəyərindən ödənilən 14494 manat binanın inşasına sərf edilməmiş, formal olaraq MMC ilə müqavilə imzalanmış, ödənilmiş pul vəsaiti şirkətin direktoru tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də İddiaçı pul vəsaitinin "xxxx" MMC-dən deyil, onun direktoru X2 tutulması müəyyən edilmişdir. Həmin məhkəmə hökmündən Nəsimi Baıxşov tərəfindən apellyasiya şikayəti verilməmişdir. Abşeron Rayon Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da Cavabdeh1 Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası.

27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

30. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

32. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

33. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

35. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

38. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

40. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

41. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).

48. Hər hansı əqdin (o cümlədən mübahisələndirilən müqavilələrin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

49. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

50. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

51. Yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən "xxxx" MMC tərəfindən mübahisəli mənzil İddiaçı təhvil verilməlidir. Həmin qərarlarla müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən mənzil İddiaçı məxsusdur və bu mənzil "xxxx" MMC tərəfindən ona təhvil verilməlidir.

52. Lakin "xxxx" MMC həmin mənzilin İddiaçı sahiblik və istifadə hüququ ilə yüklü olmasına, bu barədə məhkəmə mübahisələrinin olmasına və bu halların ona bəlli olmasına baxmayaraq, mənzili xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 satmışdır.

53. Halbuki, həmin müqavilə bağlandığı zaman "xxxx" MMC və İddiaçı arasında daha əvvəl bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə qüvvədə olmuşdur. Bu hal cavabdeh "xxxx" MMC-yə məlum olsa da, mülki qanunvericiliyin tələbinə zidd olaraq İddiaçı ilə daha əvvəl bağlanmış həmin müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla xx.xx.2019-cu il tarixli müqaviləni bağlamış və mənzili Cavabdeh1 təhvil vermişdir. Hətta mənzilin İddiaçı təhvil verilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarıldığını bilsə belə, MMC mənzilin Cavabdeh1 tərəfindən təmirinə də şərait yaratmışdır.

54. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4409/2021 saylı qərarının surətindən həmçinin görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Q.Ə.Məmmədov və zərər çəkmiş şəxslər M.C.Nəzərov, R.İ.Əjdərova və M.O.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı R.Ə.Hadıyev tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün 28 oktyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir. Göründüyü kimi, sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökm qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmişdir.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə bağlanmış müqavilə həmin mənzilə dair xx.xx.2019-cu il tarixdə müqaviləni bağlamağa səlahiyyəti olmayan "xxxx" MMC tərəfindən mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsızdır və Cavabdeh1 bu müqaviləyə istinad edərək qaldırdığı iddiası da əsassızdır. Odur ki, Cavabdeh1 iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyəti üzrə əsaslı olmuşdur.

56. Beləliklə, işin araşdırılmış hallarına və iş üzrə tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 isə iddiasının təmin edilməməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

57. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-159/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar