Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-914/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə (iddianın yolverilməzliyinə görə icraata qəbuldan imtinaprosessual pozuntu) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(060)-2704/2024 nömrəli, qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X2 Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 11 saylı evin 26 saylı mənzilindən çıxmalarını və mənzilin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ə.Ələkbərov) 15 mart 2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qərardadı ilə AR MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzlik izah edilmiş və iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır.
3. Qərardaddan narazı qalan iddiaçı tərəf şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2704/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 29 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1222/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8556/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X6 və X3 qarşı mənzildən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnaməyə istinad edərək məhkəmə belə nəticəyə gəlib ki, əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.5, 263, 264, 268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan əsasla iddia ərizəsinin iddianın yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina etməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, həqiqətən də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1222/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8556/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X6 və X3 qarşı mənzildən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Lakin həmin qətnamənin əsaslandırma hissəsinə nəzər yetirdikdə, aydın olur ki, iddiaçının sözü gedən mənzilə dair hüquqmüəyyənedici sənədi (orderi) olmadığı üçün iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı Sumqayıt İnzibati məhkəməsində Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı sözü gedən mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddia ilə müraciət etmiş, onun iddiası təmin edilmiş və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında həmin mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Bu isə yeni haldır və yuxarıda qeyd olunan məhkəmə aktları ilə hazırki iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, eyni əsasla deyildir. İşə baxan məhkəmə isə bu hala əhəmiyyət verməmiş və əsassız qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024cü il tarixli, 2(060)-2704/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, hazırki iddia ərizəsinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb cavabdehlərin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədədir.
15. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş və ərizəçiyə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə təkrar baxılmasının yolverilməzliyi izah olunmuşdur.
16. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
17. Apellyasiya instansiya məhkəməsi ilk olaraq bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.
18. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur
19. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir
20. Təhlil edilən işin faktiki hallarından görünür ki, hazırkı iş üzrə tərəflər arasında əvvəllər də eyni tələb üzrə məhkəmə mübahisəsi olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1222/2020 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-8556/2019 nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir.
21. Sözügedən qətnamə (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1222/2020 nömrəli qətnaməsi) kollegiya tərəfindən ətraflı öyrənilərkən müəyyən edilmişdir ki, iddianın təmin olunmamasına əsas səbəb, həmin vaxt iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı olmuşdur (i/m səh. 5-9).
22. Bundan əlavə işə əlavə olunmuş sənədlərdən, konkret halda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1095/2023 nömrəli Qərarından müəyyən edilir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin olunaraq, Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur (i/m səh.22-24).
23. Yenə də iş materialları təhlil edilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 736 nömrəli Sərəncamı ilə (yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə) İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır (i/m səh.4).
24. Beləliklə, yuxarıda sadalanan ardıcıllıqdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsində Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddia ilə müraciət etmiş, sonda onun iddiası təmin edilmiş və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında həmin mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır.
25. Kollegiya bildirir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Bu halda ərizənin məhkəmə qaydasında baxılmalı olmaması aidiyyət qaydalarına müvafiq olaraq başqa orqanda həll edilməli olması deməkdir.
26. İzah olunur ki, eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnamə, qərardad) mövcud olarsa, ikinci icraatın başlanılması istisna edilir. Lakin iddiaçı başqa əsaslarla, tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Bu halda mütləqdir ki, yeni irəli sürülən əsas və yaxud tələb həmin xarakterli iddialar üçün alternativ (seçmə) əsas və predmet olmasın.
27. Göründüyü kimi hazırki iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, artıq əsaslar dəyişmişdir.
28. Məhkəmə kollegiyası sonda belə qənaətə gəlir ki, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında” birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır.
29. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların araşdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi də öz növbəsində iddianın mümkünlüyü ilə bağlı çəkişmə prinsipinə riayət edilməklə iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edildikdən sonra müvafiq qərar qəbul etməlidir.
30. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:
İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.