Məhkəmə qərarları › İş №2(105)-914/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-914/2025

07.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-914/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-15/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları

1. JN – 241A, Kod 41009048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Çaylı kəndində yerləşən 0.22 hektar torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. JN – 035A, Kod 41009048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Çaylı kəndində yerləşən 0.39 hektar torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Baxışov X2 Mehdi İsmixan oğluna bağladığı yolu açmağı, yolda tikilmiş tikilini sökməyi və gediş-gəliş yoluna mane olmamaqla bağlı pretenziya məktubu göndərərək 15 gün ərzində rəsmi şəkildə pretenziyaya münasibət bildirməyi təklif etmişdir.

4. 17 may 2021-ciil tarixli aktdan görünür ki, Şamaxı rayon 1-ci Çaylı kənd sakini X6 Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı ərazi şöbəsinə ünvanladığı ərizədə həmkəndliləri Balasən Ağakişiyev, Səməngül Nəbiyeva, Xalıq Manafov və Cavabdeh tərəfindən onun və qonşularının uzun illərdir istifadə etdikləri gediş-gəliş yolunu zıbt edərək metal torla hasarladıqlarının bildirir. Qeyd edilən məsələ ilə bağlı şikayətçi Nəbiyev Namət və şikayət ərizəsində adları çəkilən kənd sakinlərinin iştirakı ilə əraziyə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də sənəd üzrə (bələdiyyə xəritəsi və DVJ faylında) eni 5 metr olan gediş-gəliş yolunun bir hissəsi (5 metrlik yolun 3.5 metrlik hissəsi) Nəbiyeva Səməngül, Manafov Xalıq, Ağakişiyev Balasən və Cavabdeh tərəfindən zəbt edilmişdir.

5. Birinci Çaylı bələdiyyəsinin məktubundan görünür ki, Cavabdeh Şamaxı rayonu Birinci Çaylı kəndində özünəməxsus torpaq sahəsində yerləşən və mübahisəli yolun yaxınlığında olan evdə yaşayır. Sözü gedən torpaq sahəsində yaşamır, həmin torpaq sahəsinin ətrafında olan gediş-gəliş yolunun eninin əvvəllər neçə metr olması barədə onlarda heç bir məlumat yoxdur. Halhazırda həmin yerdə torpaq sahəsinin ən geniş hissəsi 3.5 metr, ən dar hissəsi isə 1,5 metrdir.

6. Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 14 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, nümayəndəlik işçilərinin iştirakı ilə əraziyə edilmiş baxış nəticəsində 17 may 2021-ci il tarixli aktda göstərildiyi kimi 5 metrlik yolun 3,5 metri Birinci Çaylı kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir.

7. AZ-İ № 536541 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Birinci Çaylı kəndində “Beyinə qansızma” səbəbindən vəfat etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 10/6429 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-41/2-1659/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlər (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən 0.22 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi naturada 0.20 ha təşkil edir. Mütəxəssis əsasən qeyd olunur ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün olmayıb. X3 və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Çaylı kəndində yerləşən 0.39 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən yerləşmə mövqeyi naturada həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada 0.38 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) əsasən naturada mübahisə predmeti olan yolun ən ensiz hissəsi 2,97 metrdir. Naturada həmin hissə 1,50 metr təşkil edir. Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən X3 və onun ailə üzvləri və yaxud digər vətəndaşlar tərəfindən yolun tutulub-tutulmamasını müəyyənləşdirmək mümkün olmadı. Torpaq sahəsinin və ya yolun zəbt olunubolunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Bundan əlavə kənd ərazisində ümumi istifadədə olan yollar bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Əlavə olaraq bildiririk ki, iddiaçının torpaq sahəsinə mövcud gediş-gəliş yollarının yerquruluşu planı DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) nəzərdə tutulan yolları göstərən sxem mütəxəssis rəyinə əlavə olunur.

9. İş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən gediş-gəliş yollarında tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin ümumi istifadəyə qaytarılmaqla gediş-gəliş yolunun açılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli qərarı ilə 0.22 ha torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir. Ərazini tor məftillə çəpərləyib. 70 ədəd meyvə ağacı əkib. Cavabdeh bacısının adına olan torpağı çəpərləyərək öz istifadəsinə götürmüş, çəpəri küçəyə sarı çıxararaq yolu zəbt etmiş, 6 metrlik yoldan cəmisi 1,5 metr yol qalıb. Bu səbəbdən o, torpaq sahəsinə avtomaşınla gedə bilmir. Tikinti materialları gətirib torpaq sahəsində hər hansı bir tikili tikə bilmir. Dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq etsə də Mehdi yolu açmır. Nəticədə o, evini tikə bilmir. Polisə də müraciət edib. Amma bir nəticəsi yoxdur. Məcbur olub məhkəməyə müraciət edib.

12. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-15/2025 nömrəli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh hazırda atasının mülkiyyətinə verilmiş torpaq sahəsində ev tikərək orada yaşayır. Mübahisəli yoldan gediş gəliş cavabdehin yaşadığı hissədə məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə gedişgəlişi üçün nəzərdə tutulan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikililər tikərək həmin sahəni dəmir torla hasarlamışdır. Mübahisəli yol DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) əsasən naturada ən ensiz hissəsi 2,97 metr olduğu halda, naturada həmin hissə 1,50 metr təşkil edir. Bu hal kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş yoldan gediş-gəlişi mümkünsüz edir, eləcə də iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlmək ən azından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Buna görə də məhkəmə hesab edib ki, iddia təmin edilməli iddiaçıya məxsus torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş tikililər cavabdehin hesabına sökülməli və həmin yol bərpa edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 240.1, 180.1, 180.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84-cü maddələri, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, JN – 035A, Kod 41009048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Çaylı kəndində yerləşən 0.39 hektar torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin ərazi ona mərhum atasından qalıb. Ərazidə uzun müddətdir ki, eyni qaydada yaşayıb istifadə edirlər. İddiaçı hazırkı iddianı sadəcə onunla aralarındakı anlaşılmazlıq səbəbindən qərəzli şəkildə qaldırıb. Halbuki onun ərazisinə 4 bir yerdən yol vardır. Bu 4 yerdən yol olduğiu halda hazırda onu çətin vəziyyətə salmaq üçün bu iddianı qaldırmışdır. İddiaçı 24 ildən çoxdur ki, həmin ərazinin heç bir mübahisəsini etməmişdir. Çünkü onun torpaq sahəsinə 4 müxtəlif yerdən yol vardır. Lakin sonradan onunla aralarında yaranmış mübahisəyə görə bu iddianı qaldırmışdır. İddiaçı öz hərəkətləri və davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməklə onun hüquq və azadlıqlarını pozmuşdur. Onun orpaq sahəsinə i yol yalnız həmin ərazidəndir. İş üzrə əldə edilmiş ekspert rəyidə müyyən edilmişdir ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün olmayıb. Həmin torpaq sahəsinin elektron baza xəritəsinə əsasən yerləşmə mövqeyi naturada həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, sənəd üzrə 0.39 ha torpaq sahəsi naturada 0.38 ha təşkil edir. X3 və onun ailə üzvləri və yaxud digər vətəndaşlar tərəfindən yolun tutulub-tutulmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin və ya yolun zəbt olunubolunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Bundan əlavə kənd ərazisində ümumi istifadədə olan yollar bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Açıq aşkar qeyd olunr ki, yolun kim tərəfindən tutulub tutulmaması müəyyən oluna bilmədi. Belə olan halda məhkəmə təkrar ekspertiza keçirtməli olduğu halda bu ekspertizanı keçirtməyərək qanunun tələblərini bir daha pozaraq sübutlara istinad etmədən öz mülahizəsinə uyğun qətnamə çıxarmışdır. Həmçinin yolun boşaldılması və ya yolda olan tikilin sökülməsi məsələsi birbaşa bələdiyyənin iddia qaldıra biləcəyi məsələdir. İddiaçının ümumi yola hansı subyektiv hüququnun olması müəyyən edilmədən məhkəmə iddianı təmin etmişdir. Bu hal bir daha sübut edir ki, qətnamə tam qanunsuz və əsassız çıxarılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Şamaxı Rayon Məhkəməsində icraat zaman ekspertiza təyin edilmiş, lakin koordinatlar olmaması səbəbindən torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçının torpaq sahəsinə 4 tərəfdən yol var, buna dair fotoşəkilləri də təqdim etmişdir. Ekspert rəyində göstərilmişdir ki, yolun tutulub-tutulmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmin ekspert rəyi, bundan başqa, bütün qonşuların izahatının əksini tapdığı, müstəntiq tərəfindən qəbul edilmiş qərar nəzərə alınmadan məhkəmə onun ziyanına qətnamə qəbul etmişdir. Halbuki o, iddiaçının torpaq sahəsinə gedən hər hansı yolu tutmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. İddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin izahatında qeyd etdiyi hallar həqiqətə uyğun deyildir. Mübahisəli ərazi ictimai yol olub. 2021-ci ildə polis şöbəsinə 2 qonşu olmaqla o və cavabdehin dayısı oğlu müraciət etmişlər və onlara məhkəməyə müraciət etmək hüququ izah olunub. Əraziyə baxış keçirilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin işçiləri, torpaq şöbəsinin əməkdaşları, polis əməkdaşları, icra, bələdiyyə nümayəndəsi tərəfindən məhlə yolunun 6 metr olması qeyd edilmişdir. Cavabdeh məhləyə gedən yoldan istifadə edə bilir, amma ona bağına daxil olmağa imkan vermir. Onun torpaq sahəsinə getmək üçün digər yerdən yol olsa da, həmin yollar heyvanları aparmaq üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, alternativ yoldan maşınla keçmək mümkün olsa da, bu yol açılsa, ona daha rahat olar. Buna görə cavabdeh tərəfdən mütləq yol açılmalıdır. İşə baxan məhkəmənin qəbul etdiyi qətnamə əsaslı və qanunidir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47 (3-cü hissə). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1 hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-15/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normasını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

27. İddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun cavabdeh tərəfindən istifadə edilməsi, tor çəpərlə hasarlanması, nəticədə mülkiyyətində olan torpaqdan istifadəyə maneə yaradılmasını bildirərək, həmin yolun açılmasını xahiş etmişdir.

28. İşin ekspert rəyi ilə müəyyən edilmiş halına görə Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlər (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən 0.22 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır.

29. - Belə ki, JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi naturada 0.20 ha təşkil edir. Mütəxəssis əsasən qeyd olunur ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün olmayıb.

30. - X3 və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Çaylı kəndində yerləşən 0.39 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən yerləşmə mövqeyi naturada həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada 0.38 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) əsasən naturada mübahisə predmeti olan yolun ən ensiz hissəsi 2,97 metrdir. Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən X3 və onun ailə üzvləri və yaxud digər vətəndaşlar tərəfindən yolun tutulub-tutulmamasını müəyyənləşdirmək mümkün olmadı. Torpaq sahəsinin və ya yolun zəbt olunub-olunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Bundan əlavə kənd ərazisində ümumi istifadədə olan yollar bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Əlavə olaraq bildiririk ki, iddiaçının torpaq sahəsinə mövcud gediş-gəliş yollarının yerquruluşu planı DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) nəzərdə tutulan yolları göstərən sxem mütəxəssis rəyinə əlavə olunur.

31. Yuxarıda qeyd olunan ekspert (o cümlədən mütəxəssis) rəylərindən görünür ki, həm iddiaçının, həm də cavabdehin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya və sahə uyğunsuzluğu olmaqla, şəhadətnamələrdə koordinatlar müəyyən edilməmiş, bu səbəbdən də mübahisəsi gedən yolun cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün deyildir.

32. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı iştirak etmiş iddiaçı bildirmişdir ki, ekspert rəyi ilə tanışdır. Cavabdeh onun torpaq sahəsinə gedən yola mane törədir. Eyni zamanda, ümumi yoldan istifadəyə də maneə yaradır. Onun digər hissələrdən torpaq sahəsinə alternativ yol olsa da, bu yoldan istifadə etmək ona daha rahatdır. Ona görə də yolun açılmasını xahiş edir.

33. Cavabdeh isə əksinə bildirir ki, sözügedən ərazi 1978-ci ildən bu vəziyyətdədir. İddiaçının başqa tərəfdən (dörd bir tərəfdən) alternativ yolu mövcuddur və daim həmin yoldan istifadə etmişdir. Sadəcə, son dövrlər qonşularla, o cümlədən də onunla prinsip apararaq hazırkı iddianı vermişdir.

34. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yolun zəbt olunmasını, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun cavabdeh tərəfindən istifadə edilməsini və bunun iddiaçının gediş-gəlişinə maneçilik törətməsini, üstəlik, iddiaçının cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna maneçilik törətməsinə dair verdiyi izahata əsaslanaraq iddianı təmin etmiş, lakin ekspert rəyini, eləcə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinə digər tərəflərdən gediş-gəliş yolunun mövcud olmasını nəzərə almamışdır. Halbuki ekspert rəyində mübahisəsi gedən yolun bələdiyyə mülkiyyətində olmaqla, hazırkı iş üzrə cavabdeh tərəfindən istifadə edilməsi qəti olaraq təsdiq edilməmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.

36. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Bu iddianın təmin edilməsinin əsas şərti həqiqətən də iddiaçının mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halının müəyyən edilməsidir. Dolayısı ilə, iddiaçının tələbinin əsasında duran faktiki əsaslardan biri də kənd sakini olaraq kənd ərazisində yerləşən və bələdiyyənin mülkiyyəti olan bütün ictimai yollardan istifadə hüququna malik olmasını, o cümlədən hazırda cavabdeh tərəfindən zəbt olunmuş yol ərazisindən də istifadə etmək hüququnun olmasına da istinad etmişdir.

38. İşin ekspert rəyinə əsasən müəyyən edilən hallarına görə isə iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tutulmayıb, iddiaçıya məxsus torpaq sahəsi hüdudlarında olan ictimai yolun məhz cavabdeh tərəfindən istifadə edilməsi (zəbt olunması) müəyyən edilmir. İddiaçının mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə ictimai yoldan savayı, digər tərəfindən də başqa gediş-gəliş yolu mövcuddur.

39. Göründüyü kimi, iddiaçının istinad etdiyi faktiki əsaslar ekspert rəyi ilə təkzib edilmiş, onun öz mülkiyyətində olan torpağa gedən yolun cavabdeh tərəfindən zəbt edilməməsi, üstəlik, onun digər yerdən torpağına gediş-gəliş yolunun olduğu müəyyən edilmişdir. Rəyin bu hissəsi mübahisələndirməmiş, nə də ki şübhə altına alınmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə alternativ gediş-gəliş yolun olması ekspert rəyi ilə yanaşı, həm də özünün və cavabdehin izahatları ilə təsdiq olunmuşdur

40. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən kollegiya belə qənaətə gəlir ki, iddiaçının öz mülkiyyətindən istifadəyə cavabdeh maneə törətmir. Başqa sözlə, iddiaçının irəli sürdüyü hal üzrə istinad etdiyi faktiki əsas (cavabdehin onun mülkiyyətinə maneə yaratması, yolu bağlaması və s.) ekspert rəyi ilə təsdiqini tapmamışdır.

41. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, digər sübutlar olmadığı halda, yalnız iddiaçı tərəfin izahatına əsasən iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-15/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar