Məhkəmə qərarları › İş №2(105)-920/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-920/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-920/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xırdalan şəhər 1 saylı Notariat Kontoruna qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2536/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2536/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi ilə X5 ilə “xxxx” MMC (indiki “xxxx” MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə vərəsələrin və miras payı sahiblərinin müəyyən edilməsi barədə Xırdalan şəhər 1 №-li notariat kontoru üzərinə öhdəlik qoyulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən narazı Ərizəçi apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2536/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizəsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ilə “xxxx” MMC (indiki “xxxx” MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə vərəsələrin və miras payı sahiblərinin müəyyən edilməsi barədə Xırdalan şəhər 1 saylı notariat kontoru üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulub. Belə ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında yerləşın “xxxx” MMC-dən 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən 1A ünvanında inşa edilən binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzilləri (cəmi 4 ədəd) almışdır. X5 29 oktyabr 2017-ci ildə vəfat etmiş və hüquqi varisi Ərizəçi Taptıq oğludur. İddiaçı Ərizəçi Taptıq oğlu “Notariat haqqında” Qanunun 57-ci maddəsinə görə “xxxx” MMC (indiki “xxxx” MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən, əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə dair müqavilələr üzrə hüquq və tələblərə dair Ərizəçi Taptıq oğlunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Xırdalan şəhər 1№-li Notariat Kontoruna müracət etmişdir. Notariat Kontoru tələbin rədd edilməsi barədə məktub ilə cavab vermişdir. Bu səbəbdən məhkəməyə müraciət etsə də, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticəilə razılaşmır və apelyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2536/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edir. Maraqlı şəxs Xırdalan şəhər 1 saylı Notariat Kontorunun notariusu Bahadur İslamov məktubla məhkəməyə mürciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddianın nümayəndə və vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 31.05.2008-ci il tarixli müqavilələrin surətindən görünür ki, “xxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 114,4 kv.m olan 5-ci blok, 47 saylı 3 otaqlı mənzili, ümumi sahəsi 97,7 kv.m olan 4-cü blok, 43 nömrəli 3 otaqlı mənzili, ümumi sahəsi 96,0 kv.m olan 4-cü blok, 42 nömrəli 3 otaqlı mənzili bir pay kimi payçı X2 vermişdir. İş materiallarında olan 23.07.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 133,6 kv.m olan 3-cü blok, 6 nömrəli 4 otaqlı mənzili bir pay kimi payçıya yəni, X2 vermişdir. İş materiallarında olan 31.05.2008-ci il tarixli, 15 saylı maliyyə arayışından görünür ki, “xxxx” MMC-yə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A saylı ünvanda inşa edilmiş binanın 5-ci blok, 47 saylı 3 otaqlı mənzilin pay dəyəri 54808 manat payçı X5 tərəfindən ödənilmişdir. İş materiallarında olan 31.05.2008-ci il tarixli, 17 saylı maliyyə arayışından görünür ki, “xxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 4-cü blok, 43 saylı 3 otaqlı mənzilin pay dəyəri payçı X5 tərəfindən 48068 manat ödənilmişdir. İş materiallarında olan 31.05.2008-ci il tarixli, 17 saylı maliyyə arayışından görünür ki, “xxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 4-cü blok, 42 nömrəli 3 otaqlı mənzilin pay dəyəri payçı X5 tərəfindən 47232 manat ödənilmişdir. İş materiallarında olan 23.07.2008-ci il tarixli,18 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 3-cü blok, 6 nömrəli 4 otaqlı mənzilin pay dəyəri payçı X5 tərəfindən 65731 manat ödənilmişdir. İş materiallarında olan A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 25.07.1967-ci ildə doğulmuş, atası X6, anası X3r. İş materiallarında olan AZ-İ № 901330 saylı ölüm haqqında şəhadətnamənin notarisuda təsdiqlənmiş surətindən görünür ki, X7 29.10.2017-ci il tarixdə vəat etmişdir. Müəyyən edilmişdir ki, ərizəçi mərhum anası X5 ilə “xxxx” MMC arasında bağlanmış müqavilələrə əsasən satılmış mənzillərə miras payının müəyyənləşdirilməsi və həmin mənzillərə hüququnun qeydiyyata alınması üçün notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Abşeron rayon 1 saylı notariat kontoruna müraciət etmiş, sonuncunun 18 may 2018-ci il tarixli, 1382 saylı məktubu ilə tərəflər arasında mübahisə bir sıra səbəblərə görə, o cümlədən daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən müsbət həllini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi qanunvericiliyə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Tərəflər arasındakı mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının mərhum anası X5 ilə “xxxx” MMC arasında bağlanmış müqavilələrə əsasən satılmış mənzillərə hüquq (mülkiyyət hüququ) dövlət qeydiyyatına alınmamışdır. Belə bir vəziyyətdə notarius tərəfindən həmin mənzillərə miras payı müəyyənləşdirilə və vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə əsasən notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinə əsasən hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə haqlı olaraq ərizəni təmin etməmişdir. Belə ki, ərizəçi dövlət qeydiyyatından keçməmiş mənzillərə dair vərəsələrin və miras payı sahiblərinin müəyyən edilməsini xahiş etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda qeyd edilən mənzillərin dövlət qeydiyyatına alınmasına dair sübutları ərizəçi məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2536/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar