Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-921/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Manaf oğluna qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4206/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4206/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim C.Səfiyeva) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-4206/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladı X9 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş, "xxxx" MMC-nin Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 01.09.2003-cü il tarixdə faktiki nikaha girməklə ailə qurmuş, nikahları 19.04.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 18.10.2006-cı ildə Arzu, 14.07.2009-cu ildə isə Hüseyn adlı övladları anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 15.09.2012-ci il tarixdə, Cavabdeh ailəliklə yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini sataraq, həmin evin pulundan "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsini almış və həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. Evin tikintisində, onun atası, qardaşı, qohumları da iştirak etmişlər. Onlar, həmin evin tikintisinə 100.000 manata qədər məbləğdə pul vəsaiti xərcləmişdir. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra, onlar, ailəlikcə köçərək, həmin evdə yaşamağa başlamışlar. Lakin həmin evə köçdükdən sonra, cavabdehin ailəyə münasibəti dəyişmişdir, O, ailəsi ilə maraqlanmamış, ailəyə baxmamışdır. Bu səbəbdən də onlar arasında olan münasibətlər korlanmışdır. 2017-ci ilin əvvəllərində isə, Cavabdeh evə başqa bir xanım gətirərək, həmin xanımla ailə qurduğunu deyərək, iddiaçını 2 azyaşlı övladı ilə birlikdə evdən qovaraq küçəyə atmışdır. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Cavabdeh iddiaçını evdən qovduqdan sonra, o, azyaşlı övladları ilə atasının H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 otaqlı mənzilinə köçərək, orada yaşamağa başlamışdır. Sonradan oğlu Hüseyn, cavabdeh ilə yaşamağa başlamış, o isə azyaşlı qızı ilə hələ dəatası evində yaşayır. Həmin mənzildə yaşamaqları qeyri-mümkündür. Belə ki, mənzil cəmi 3 otaqlıdır və həmin mənzildə 10 nəfər - atasıgil, qardaşının ailəsi yaşayır. Mənzil şəraiti acınacaqlı vəziyyətdədir. O, dəfələrlə Cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçərək orada yaşamağa cəhd göstərsə də, Cavabdeh onun azyaşlı övladı ilə həmin evə köçərək, orada yaşamaqlarına imkan vermir. Hətta, onun gəlin köçərkən apardığı və həmin evi tikdikdən sonra ora gətirdiyi cehiz əşyaları bu evdə qalmışdır və cavabdeh bu gün də həmin əşyalardan istifadə edir. O, hələ 2017-ci ildə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə inşa etdikləri evin dəyərinin onun payına düşən hissəsinin alınaraq ona verilməsini tələb etsə də, qeyd edilən fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları qeydə alınmadığından onun iddiası təmin edilməmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin fərdi yaşayış evinin onların cavabdehlə birgə nikahda olduqları dövrdə tikilməsi və onun azyaşlı övladları ilə qeyd edilən fərdi yaşayış evindən məcburi çıxarılmaları öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının azyaşlı övladı ilə birlikdə birgə nikah dövründə inşa etdikləri və iddiaçının da istifadə və yaşamaq hüququnun olduğu evə köçərək, həmin evdə yaşamaqlarına imkan vermədiyindən, məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, həmin evin tikintisi zamanı cavabdehlə nikahda olmuş, uzun müddət həmin evdə yaşamış iddiaçı olaraq onun, həmçinin azyaşlı övladı Arzunun da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni İddiaçı və azyaşlı övladının köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, azyaşlı Arzunun uşaq hüquqlarının pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Göstərilənlər əsasında iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır. O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, iddia əsaslı olmasına baxmayaraq onun təmin edilməməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, iddia tələbinin predmeti olan "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivi 10 saylı küçədə, 3 saylı 0,025 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi birgə nikah dövründə inşa edilmişdir. Qeyd olunan məsələyə məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Cavabdehlə ailə-nikah münasibətləri 2003-cü ildə yarandığından, həmçinin bu münasibətlər 2008-ci ildə rəsmiləşdirildiyindən, hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri tətbiq edilməli idi. Cavabdeh iddiaçının azyaşlı övladıyla birlikdə birgə nikah dövründə inşa edilmiş, iddiaçının istifadə və yaşamaq hüququnun olduğu evə köçərək, həmin evdə yaşamalarına imkan vermir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, həmin evin tikintisi zamanı cavabdehlə nikahda olmuş, uzun müddət həmin evdə yaşamışdır, həmçinin onun azyaşlı övladı Arzunun da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd olunanlar nəzərə alınmalı, apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə etdi ki, hazırda cavabdeh yenidən ailə quraraq başqa xanımla yaşayır, həmin evlilikdən bir uşaqları da var və onların bir evdə yaşaması qeyri-mümkündür. Onun niyyəti əslində heç də evə köçmə yox, cavabdeh tərəfindən onlara heç olmasa bir otaqlı mənzilin alınmasıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, iddiaçının əsil niyyəti heç də evə köçmək deyil, yəni iddia tələbi ilə uyğun gəlmir. Tərəflərin övladlarından biri, yəni Hüseyn atası ilə yaşayır. Cavabdeh qızının da qayğısına qalır, bütün tələbatını ödəyir. Ev 2012-ci ildə tikildiyindən, hüquq münasibəti də həmin dövrdə yaranmışdır. Tətbiq edilməli norma yeni Mənzil Məcəlləsinin müvafiq normaları olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 04.10.2012-ci il tarixli müqavilədən görünür ki, satıcı "xxxx" MMC “AAAF-PARK” yaşayış massivindəki 10saylı küçədə, 3 saylı, 0,025ha torpaq sahəsini 12500 manata Cavabdeh satmışdır. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhər, Sabunçu rayon qeydiyyat şöbəsində 19 aprel 2008-ci ildə, 378 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 18 oktyabr 2006-cı il təvəllüdlü X9 və 14 iyul 2009-cu il təvəllüdlü X8 adlı övladlarının yetkinlik yaşma çatana qədər anaları İddiaçı yanında qalması, 10 fevral 2017-ci il tarixdən etibarən, 18 oktyabr 2006-cı il təvəllüdlü X5 və 14 iyul 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşaq üçün 137 manat, ümumilikdə 234 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Yenə işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3938/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, “Mercedes Benz E270 CDİ” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhərindəki “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evində ½ hissəsdə pay hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. Yenə də işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-27/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhərindəki “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsinə görə ödənilən 12.500 manat pulun və həmin torpaq sahəsində inşa etdirdikləri 3 otaqdan ibarət fərdi yaşayış evinə və tikililərə görə xərclədikləri pulun 2/3 hissədə, yəni 74.999 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-121/2021 saylı qətnaməsindən görünür ki, 14.07.2009-cu il təvəllüdlü X3 anası İddiaçı alınaraq atası Cavabdeh verilməsi, cavabdeh İddiaçı 30.03.2021-ci tarixdən etibarən azyaşlı Hüseyn yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 1 (060)- 123\2018 saylı hökmündən görünür ki, şəxsi münasibətlər zəmnində İddiaçı anası tərəfindən Cavabdeh sağlamlığa az ağır vurmaya aid xəsarət yetirilmiş və o, AR Cinayət Məcələsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən 10.08.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 04.10.2012-ci il tarixli A(t)/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, “AAAF PARK” yaşayış massivindəki, 10 saylı küçəsində, 0.025 ha.torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evində aşağıdakı tərkibdə ailəsi ilə birlikdə qeydiyyatsız, faktiki olaraq yaşayır: Cavabdeh-xx.xx.1975, X4-04.08.1989-arvadı, X8-14.07.2009, X10- 16.11.2017, X6-09.07.2010. Yenə işə əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin 13.08.2021-ci il tarixli məktubundan məlum olur ki, hazırki iş üzrə tərəflər münaqişəli ailə kimi polisdə qeydiyyata alınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 01.09.2003-cü il tarixdə faktiki nikaha girməklə ailə qurmuş, nikahları 19.04.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 18.10.2006-cı ildə Arzu, 14.07.2009-cu ildə isə Hüseyn adlı övladları anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 15.09.2012ci il tarixdə, Cavabdeh ailəliklə yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini sataraq, həmin evin pulundan "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsini almış və həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsi ilə tərəflər araındakı nikaha xitam verilmişdir. Həmin vaxtdan iddiaçı digər ünvanda yaşayır. Tərəflər arasında qeyd olunan yaşayış evi ilə bağlı daha əvvəl də məhkəmə mübahisələri olmuş, İddiaçı iddiaları təmin edilməmişdir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər şeydən əvvəl mübahisəli yaşayış evinin hüquqi statusu müəyyən edilməlidir. Qeyd edildiyi kimi torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 04.10.2012-ci il tarixli müqaviləyə əsasən satıcı "xxxx" MMC “AAAF-PARK” yaşayış massivindəki 10 saylı küçədə yerləşən 3 saylı 0,025 ha torpaq sahəsini 12500 manata Cavabdeh satmış, onun tərəfindən həmin torpaq sahəsində yaşayış evi inşa edilmişdir. Cavabdeh həmin torpaq sahəsini özünə məxsus əvvəlki yaşayış evini sataraq almış və ev inşa etmişdir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, istər yaşayış evi, istərsə də yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh hüquqları rəsmi reyestrdə qeydə alınmamışdır. Bununla belə həmin torpaq sahəsinin yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş yaşayış massivində yerləşməsi, evin yerləşdiyi torpaq sahəsinin yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid olması, özbaşına tikinti olmaması, nəhayət həmin torpaq sahəsinin mülkiyyətçidən alqı-satqı yolu ilə dəyərini ödəməklə alınması işin mübahisəsiz halıdır. Eləcə də, daha öncə istinad olunan məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, hazırki torpaq sahəsinin alınması və evin tikilməsi üçün Cavabdeh nikaha girməmişdən əvvəl aldığı və yaşadıqları evi satmışdır. Qeyd edilən ev məhkəmə tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməmişdir. Başqa sözlə, Cavabdeh mübahisəli torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə dair “qanuni gözlənti” hüququ olan şəxsdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi Cavabdeh mübahisəli yaşayış evinin faktiki sahibidir. Başqa sözlə, daha öncə qeyd olunduğu kimi mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, mübahisəli əmlаkа sаhiblik edən şəxs kimi ona da mənsubdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə alınmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yuxarıda şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “qanuni gözlənti” hüququ olan hazırkı sahibin-mülkiyyətçisinin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı Cavabdeh münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Hazırkı iddia üzrə iddiaçının mübahisə predmetini təşkil edən daşınmaz əmlaka dair heç bir hüquqi bağlılığı qalmamışdır. Qeyd edildiyi kimi tərəflər arasında nikaha xitam verilmiş, 2017-ci ildən iddiaçı həmin evi tərk edərək yaşayış yerini dəyişmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə ki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının keçmiş ailə üzvü olaraq köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası, bu qənaətə gələrkən həmçinin o faktı da nəzərə alır ki, hazırki iddia tələbi iddiaçının əsil niyyətini əhatə etmir. Məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçı da özü də etiraf etdi ki, onun mübahisəli yaşayış sahəsinə köçmək fikri yoxdur. Onun niyyəti cavabdehdən ayrıca mənzil əldə etməkdir. Qeyd edildiyi kimi ailə münaqişəli ailə kimi polisdə qeydiyyata alınıbdır. Cavabdeh artıq yeni ailə qurub, bir uşaqları da doğulub. Mübahisəli evdə beş nəfər ailə üzvü, o cümlədən iddiaçı ilə birgə nikahdan doğulmuş oğlu Hüseynlə birlikdə yaşayır. Bu faktın özü də tərəflərin bundan sonra bir evdə yaşamasını mümkünsüz edən haldır. Bundan əlavə, işdən göründüyü kimi qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının köçmək istədiyi evlə bağlı qaldırdığı iddialar rədd edilib və həmin məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. İşdən həmçinin görünür ki, cavabdeh tərəf mübahisə üzrə iddia müddətinin tətbiqini xahiş edərək iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddianı qaldırarkən 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göründüyü kimi qanunverici ər-arvadın ümumi əmlakının bölünməsi halı üçün 3 illik müddət nəzərdə tutmuşdur. Hazırki halda isə mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Başqa sözlə, bu halda müddət ümumi iddia müddətinə aiddir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisə üzrə iddia digər əsaslar üzrə rədd edilməli olduğundan iddia müddətinin tətbiqinə zərurət də yoxdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. İşə baxan birinci instansiyası məhkəməsi ümumən düzgün hüquqi nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan normaya istinad etmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)- 4206/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)- 4206/2021 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Manaf oğluna qarşı evə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. İddiaçı iddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumları özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-921/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-921/2022
17.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver