Məhkəmə qərarları › İş №2(105)-923/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-923/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-923/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-5413/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş, bununla razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adını “Bakı Apellyasiya Məhkəməsi” qeyd etmiş, birinci instansiya məhkəməsi məhkəmənin adına diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən məhkəmənin adının səhv yazılmasını nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı səhv yazıldığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən vermiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar