Məhkəmə qərarları › İş №2(105)-923/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-923/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-923/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-1871/2022 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, 29 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-1871/2022 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmişdir:

1. Sumqayıt şəhəri, mikrorayon-4, ev 6/15-də yerləşən 3 otaqdan ibarət 29 saylı mənzil, həmin mənzilə dair verilmiş xx.xx.1988-ci il tarixli, 2163 nömrəli order əsasında Cavabdeh və İddiaçı adına özəlləşdirilsin və hər ikisinin adı qeyd edilən mənzilə dair dövlət reyestrindən çıxarış əldə edilsin.

2. Mənzil özəlləşdirildikdən sonra 2 ay müddətində tərəflərdən hər hansı birinin təşəbbüsü əsasında satılsın və satıldıqdan sonra əldə olunan pul məbləğinin 50 faizi İddiaçı, 50 faizi isə Cavabdeh verilsin.

3. Tərəflər mənzil satılıb və pul məbləği bu sazişin 2-ci bəndində göstərildiyi kimi bölüşdürüldükdən sonra gələcəkdə bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəkələrini öhdəlik kimi öz üzərlərinə götürürlər. İddiaçı Cavabdeh qarşı iddiaçının Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülməyi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, barışıq sazişinin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-1871/2022 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)- 1871/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(060)-1871/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1871/2022 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1871/2022 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1871/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Emin Abdullayev) Şikayət onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilməsə də, müvafiq icra vərəqəsi və qərardad icra üçün İdarəyə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində Daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qəradad ləğv olunmalı və barışıq sazişinə dair ərizənin təmin edilməməsi haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə icra İdarəsi xx.xx.2022-ci il tarixli 18305/46 nömrəli və xx.xx.2022-ci il tarixli 21996/46 nömrəli məktublarla 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(060)-1871/2022 nömrəli icra vərəqəsinin və qərardadının icra olunmasını İdarədən tələb etmiş, bununla əlaqədar aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15-də yerləşən 3 otaqdan ibarət 29 saylı mənzil Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə qərardadında iddia predmetindən kənar tələblərin tərəflər arasında razılaşma qaydasında təsdiq edilməsi, müvafiq mənzilə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici təqdim edilmədən, müvafiq ünvanda texniki inventarlaşdırma işləri aparılmadan, mənzilin iddiaçı və cavabdehin adlarına özəlləşdirilməsi və hər ikisinin adı qeyd edilən mənzilə dair dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı sazişin təsdiq edilməsi, maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuş, sözügedən qərardad tam və düzgün əsaslandırılmamış və nəticədə hər hansı mötəbər sübut olmadan qanunsuz olaraq iddiaçı və cavabdehin tələblərinin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15-də yerləşən 3 otaqdan ibarət 29 saylı mənzilin Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla özəlləşdirilməsi və mənzilə dair tərəflərin adına dövlət reyestrindən çıxarış əldə edilməsi ilə qanunsuz olaraq onların mülkiyyət hüquqları tanımışdır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanunazidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışı zamanı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və bildirdi ki, məhkəmə 2 saylı Sumqayıt Ərazi İdarəsini işə cəlb etmədən İdarənin üzərinə çıxarışın verilməsi öhdəliyini qoymuşdur. Mübahisə isə mənzilə köçürmə ilə bağlı olmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və bildirdi ki, barışıq sazişini səhvən imzalamışdır, elə niyyəti olmamışdır, onu sazişi bağlamağa məcbur etmişlər. X9 əlildir. Şamilova Rəna onunla yaşayır, onun da mənzildə payı vardır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mənzilə köçürülmə ilə bağlı mübahisə olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmiş, Sumqayıt şəhəri, mikrorayon-4, ev 6/15-də yerləşən 3 otaqdan ibarət 29 saylı mənzil, həmin mənzilə dair verilmiş xx.xx.1988-ci il tarixli, 2163 nömrəli order əsasında Cavabdeh və İddiaçı adına özəlləşdirilməsi və hər ikisinin adı qeyd edilən mənzilə dair dövlət reyestrindən çıxarış əldə edilməsi, mənzil özəlləşdirildikdən sonra 2 ay müddətində tərəflərdən hər hansı birinin təşəbbüsü əsasında satılması və satıldıqdan sonra əldə olunan pul məbləğinin 50 faizi İddiaçı, 50 faizi isə Cavabdeh verilməsi, tərəflər mənzil satılıb və pul məbləği bu sazişin 2-ci bəndində göstərildiyi kimi bölüşdürüldükdən sonra gələcəkdə bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəkələrini öhdəlik kimi öz üzərlərinə götürmələri, İddiaçı Cavabdeh qarşı iddiaçının Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülməyi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İlk öncə məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında X7 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məhkəmə qətnaməsinin surətinin verilməsi barədə xx.xx.2022-ci il tarixli və maraqlarına toxunan şəxs qismində cəlbetməyə dair xx.xx.2022-ci il tarixli ərizələr mövcuddur. Həmin ərizələrdə X7 bildirmişdir ki, sözügedən mənzildə o da yaşayır və mənzilin verilməsi barədə xx.xx.1988-ci il tarixli, 2163 saylı orderdə onun da adı var. Bu isə onu göstərir ki, hazırki işdə bacısı Cavabdeh və qardaşı oğlu iddiaçı Şünasi Şamilov məhkəməni aldadaraq onun barəsində məlumat verməmişlər. Nəticədə onun maraqlarıma toxunan hal olduğunu bilməyən məhkəmə hazırkı məhkəmə aktını qəbul edilmişdir. Bu iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi onun öz hüquqlarının bərpa olunmasına maneə yaradır. Belə ki, artıq həmin mənzil 1/2 hissədə iddiaçı ilə cavabdehin arasında bölünmüş, bu mənzilə hüququ olan şəxs olaraq qanunla qorunan hüquqları pozulmuşdur. Lakin həmin məhkəmə prosesinə cəlb olunmadığından öz iradəsini ifadə edə bilməmiş və hazırda da hüquqlarının bərpa olunmasını məhkəmədən xahiş etmək istəyəndə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının olması ona bu işdə mane olur. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə görə, “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən X5 ərizəsinin dəlilləri nəzərə alınmaqla araşdırma aparılmalı, həmin dəlillərə qiymət verilməli olduğu halda, məhkəmə ümumiyyətlə həmin ərizələrə heç bir münasibət bildirməmişdir. Bundan başqa, şikayətçinin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə müvafiq qərardadla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə çıxarış verilməsi öhdəliyi qoymaqla qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.4cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara alır : “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-1871/2022 nömrəli qərardadı ləğv edilsin. 2(060)-1871/2022 nömrəli iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar