Məhkəmə qərarları › İş №2(105)-928/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-928/2023

05.06.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-928/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Xüsusi təyinatlı yaşayış sahəsinin 6/14 saylı, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Cavabdeh1 və 3 nəfərdən ibarət ailə üzvləri (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş 6 nömrəli binada 14 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir.

2. MKİS-in mühəndisi X5, sahə nəzarətçiləri X6 və X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə MKİS-in nəzarətində olan “Gənclər” şəhərciyində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı bina 6 mənzil 14 ünvanında xüsusi təyinatlı müqavilə əsasında yaşayan Cavabdeh1 mənzili kirayə verərək özü başqa ünvanda yaşayır.

3. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir.

4. Apellyasiya icraatı zamanı “Elektron məhkəmə” informasiya sisteminin tətbiqindən istifadə olunaraq cavabdehlərin əmlak vəziyyəti yoxlanılmış, bu zaman cavabdehlərdən Cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanda 108.80 kv.m, ünvan 2 ünvanda isə 104.7 kv.m. ibarət mənzillərin olması müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək (sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək) Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsinə verilmiş Abşeron rayonu, Mehdabad qəsəbəsi, “Gənclər” şəhərciyi, 6 saylı binada yerləşən 14 nömrəli mənzilə dair 07 yanvar 2021-ci il tarixli 6/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmayan Cavabdeh4 ilə birgə və qeyrilərinin həmin mənzildən çıxarılması və 6/14 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə, həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 07 yanvar 2021-ci il tarixli 6/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 və ailə üzvləri Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksində məcburi köçkünlər üçün inşa edilmiş 3 nömrəli binada 69 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan Abşeron rayonu Mehdiabad qəsəbəsi Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinin mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və bunun qanunsuz olduğu bildirilmişdir. Cavabdeh1 və onun ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilib, Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində 6 nömrəli binadakı 14 nömrəli mənzilə dair 07 yanvar 2021-ci il tarixli 6/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmayan Cavabdeh4 ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi 6 saylı binadakı 14 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Qubadlı rayonundan məcburi köçkündür. O, və onun 3 nəfərlik ailə üzvləri iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 6/14 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş 6 nömrəli binada 14 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Lakin aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin mənzil təyinatına uyğun istifadə edilmir. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarla müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə MKİS-in nəzarətində olan “Gənclər” şəhərciyində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı bina 6 mənzil 14 ünvanında xüsusi təyinatlı müqavilə əsasında yaşayan Cavabdeh1 mənzili başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirmədiyindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2, 17.3.2, 91.1.5, 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1-cü maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu qənaətə gəlmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1, o cümlədən onun ailə üzvləri tərəflər arasında imzalanmış müqavilənin 2.4.2; 2.4.3; 2.4.9; 4.1 və 4.3-cü maddələrinin tələblərini pozmuş, iddiaçının isə həmin müqavilənin 5-ci maddəsinə əsasən hazırki iddianı qaldırmaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə yetkinlik yaşına çatmayan Cavabdeh4 mübahisəli yaşayış sahəsindən çıxarılmalı, bu yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, o cümlədən Cavabdeh2 mülkiyyətində bir neçə mənzilin olmasını (ailənin zəruri yaşayış sahəsinə ehtiyacının olmamasını) nəzərə alır. Göründüyü kimi, məhkəmə iddia tələbində göstərilməyən əsasları müəyyən edərək, qətnamə çıxarmışdır. Şəxsin mülkiyyətində başqa yaşayış sahəsinin olması ona mənzil ayrılarkən yoxlanılmalı olan və mənzilə ehtiyacı olan şəxs hesab edilməməsinə əsas verən hal ola bilər. Hazırki iddia tələbinin əsası bu deyildir. Tələb guya mənzilin başqa şəxsə kirayəyə verilməsinə əsaslanır ki, bu da iş materialları ilə sübuta yetirilmir. İddiaçının təqdim etdiyi sübut hazırki iddianın təmin olunması üçün yetərli sübut deyildir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edirək bildirmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar mötəbər sübut hesab oluna bilməz. Belə ki, həmin aktlarda iddiaçı hüquqi şəxsin tabeliyində işləyən əməkdaşlardan başqa heç kim imza etməmiş, akta foto və video çəkiliş əlavə olunmamış, guya həmin mənzildə yaşayan kirayəçinin şəxsiyyəti müəyyən edilməmişdir. Halbuki, həmin aktın mötəbər sübut hesab olunması üçün akt kənar şəxslərin də imzası ilə təsdiq olunmalı, habelə, kirayədə qalan şəxslərin şəxsiyyəti müəyyən olunmaqla onların da izahatlaı alnmalı, bu mümkün olmazdısa foto və video çəkilişdən istifadə etməklə, iddianı sübuta yetirə bilərdilər. Bu mümkün deyildir, çünki belə bir hal olmayıb, cavabdeh Məmmədov Əlisəfa mənzilini heç kimə kirayə verməyib, övladının təhsili ilə əlaqədar olaraq bir müddət Bakı şəhərində özü kirayədə yaşamağa məcbur olub, hazırda isə mübahisə predmeti olan mənzildə yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

14. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında izahat vermiş iddiaçı tərəfin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə, həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 07 yanvar 2021-ci il tarixli 6/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 və ailə üzvləri Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksində məcburi köçkünlər üçün inşa edilmiş 3 nömrəli binada 69 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan Abşeron rayonu Mehdiabad qəsəbəsi Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

15. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf (onların nümayəndəsi) səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

16. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 17. Mənzil fondu 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur

Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar

98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 101. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

18. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”: 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

19. 15 avqust 2013-ci il tarixli, 230 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri:

Kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyatorun əsas dəlili ondan ibarətdir ki, məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, o cümlədən Cavabdeh2 mülkiyyətində bir neçə mənzilin olmasını (ailənin zəruri yaşayış sahəsinə ehtiyacının olmamasını) nəzərə alır. Göründüyü kimi, məhkəmə iddia tələbində göstərilməyən əsasları müəyyən edərək, qətnamə çıxarmışdır. Şəxsin mülkiyyətində başqa yaşayış sahəsinin olması ona mənzil ayrılarkən yoxlanılmalı olan və mənzilə ehtiyacı olan şəxs hesab edilməsinə əsas verən hal ola bilər. Hazırki iddia tələbinin əsası bu deyildir. Tələb guya mənzilin başqa şəxsə kirayəyə verilməsinə əsasılanır ki, bu da iş materialları ilə sübuta yetirilmir. İddiaçının təqdim etdiyi sübut hazırki iddianın təmin olunması üçün yetərli sübut deyildir.

24. Kollegiya şikayətin həmin dəlillərini əsassız sayır.

25. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, cavabdehlər Qubadlı rayonundan məcburi köçkündürlər. Onlar iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 6/14 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş 6 nömrəli binada 14 nömrəli 2 otaqlı mənzillə təmin edilmişlər. Sözügedən mübahisəli mənzil xüsusi təyinatlı mənzil olmaqla, müvəqqəti yaşamaq üçün cavabdehlərin sahibliyinə və istifadəsinə verilmişdir.

26. Aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin mənzil təyinatına uyğun istifadə edilmir. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarla müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə MKİS-in nəzarətində olan “Gənclər” şəhərciyində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı bina 6 mənzil 14 ünvanında xüsusi təyinatlı müqavilə əsasında yaşayan Cavabdeh1 mənzili başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır.

27. Eyni zamanda işə əlavə olunmuş 25 mart 2022-ci il tarixli, xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir.

28. Bundan əlavə apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanda 108.80 kv.m, ünvan 2 ünvanda isə 104.7 kv.m. ibarət mənzillər mövcuddur. Buradan da belə qənaətə gəlinir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv ediləcəyi halda, cavabdehlər heç də yaşayış yerinin olmaması məhrumiyyəti ilə üzləşmirlər.

29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(012)-309/2023 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar