Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-932/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, maneələrin aradan qaldırılması, neqator iddia) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X5 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-381/2024 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 28A nömərli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. xx.xx.2008-ci il tarixli fərdi yaşayış evinin daşınmaz əmlakın texniki pasportundan müəyyən olunur ki, ünvan 1 ünvandakı evə texniki pasport işlənmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçı X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M- 0612-8/2023 saylı məktubundan müəyən olunur ki, iddiaçının Xaçmaz şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Ona görə də ərizəsinin icrası mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Dilvər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 tərəfindən Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28A ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.03 ha torpaq sahəsinin və onun üzərində inşa etdirdiyi yaşayış evinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə edilməsinə törədilən maneələrin aradan qaldırılması və cavabdehə bu cür maneələrin törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı Dilvər qızı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 48,7 kv.m yaşayış, 28,7 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin daşınmaz əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat tarixi xx.xx.2008-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 302013TJÖ6168-10301, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 18 fevral 2008-ci il tarixli, reyestr nömrəsi **********68-10301 olan daşınmaz əmlakın texniki pasportu mövcuddur. Sözü gedən yaşayış evi 1976-cı ildə inşa edildiyindən köhnəlmiş, ona görə də o, 2021-ci ildə həmin evin yarısını sökərək boşaldılmış ərazidə yeni iki mərtəbəli yaşayış evi inşa etdirmişdir. Hazırda yeni inşa edilmiş evdə cavabdeh olan oğlu Əlbaba ailəsi ilə birlikdə yaşayır, o, isə köhnə evin sökülməmiş qalan hissəsində yaşayır. Yeni tikilmiş yaşayış evinə dair hüquqlarının dövlət reyestrində qeydə alınıb həmin evə çıxarışın və texniki pasportun hazırlanması üçün o, rəsmi ərizə ilə İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin nümayəndəsi yaşadığı ünvana gələrək torpaq sahəsini və evi müayinə etmək istədikdə (ölçüləri götürmək) cavabdeh olan oğlu X9 və arvadı buna mane olmuşlar və nümayəndəni evin içərisinə buraxmamışlar. Ona görə də 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev xx.xx.2023-cü il tarixli, 3- 21-3-34/2-M-0612-8/2023 saylı məktubla cavab vermişdir ki, onun Xaçmaz şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Ona görə də ərizəsinin icrası mümkün olmamışdır. Beləliklə, cavabdehin 5 saylı ünvan 4 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.03 ha torpaq sahəsinin və onun üzərində inşa etdirdiyi yaşayış evinin müayinə edilməsinə törədilən maneələr nəticəsində o, həmin daşınmaz əmlaka dair hüquqlarını dövlət reyestrində qeydiyyata aldıra bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh X5 İddiaçı Dilvər qızının ona qarşı torpaq sahəsində və yaşayış evində ölçmə işləri aparılmasına törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, cavabdeh iddianı qəbul etməyərək, etirazında qeyd etmişdir ki, tikdiyi evin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşmüş, əsas hissəsi isə anasının adına olan torpaq sahəsinə düşmüşdür. Torpaq sahəsi anasının adına olduğuna görə o, vəziyyətdən sui-istifadə edərək, evin özü tərəfindən tikildiyini göstərmişdir. Halbuki onun elə bir qazancı yoxdur ki, hazırda dəyəri 80-100 min manat olan yaşayış evi tikdirsin. Həmin ev onun tərəfindən tikilmişdir və tikildiyi vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Göstərilənlərə əsasən qərar qəbul edilərkən ərizəsində qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-381/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, MH seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Dilvər qızına məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28A ünvanda 0.03 ha torpaq sahəsində və onun üzərində yerləşən yeni tikilmiş fərdi yaşayış evində ölçmə-baxış işlərinin keçirilməsinə cavabdeh X9 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir (hakim Nərmin Abiyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84 və 111-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3, 9-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh X9 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-381/2024 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətiyyən qətnamə ilə razı deyil. İddia ərizəsinə qarşı verdiyi etirazda göstərmişdir ki, iddiaçı - anası İddiaçı iddiasını onunla əsaslandırır ki, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 48.7 kv.m yaşayış, 28.17 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur, hüququnu təsdiq edən xx.xx.2008-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-10301, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2008-ci il tarixli texniki pasportu mövcuddur. Yaşayış evi 1976-cı ildə inşa edildiyindən köhnəlmiş ona görə də, 2021-ci ildə həmin evin yarısını sökərək boşaldılmış ərazidə yeni iki mərtəbəli yaşayış evi inşa etmişdir. Yeni inşa edilmiş evdə o, ailəsi ilə, köhnə evin sökülməmiş hissəsində isə özü yaşayır. Yeni tikilmiş yaşayış evinə hüquqlarını dövlət reyestrində qeydiyyata aldıraraq müvafiq sənədlərin hazırlanması üçün Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, ərazidə işlərin aparılmasına maneəçilik törətdiyinə görə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.1979-ci ildə Xaçmaz şəhərində doğulmaqla valideynlərinə məxsus ünvan 5 ünvanda daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Həmin ev 1976-cı ildə inşa edilmiş evdir və evin nömrəsi onun şəxsiyyət vəsiqəsində göstərildiyi kimi Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi, 28-dir. Qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən 1976-cı ildə tikilmiş yaşayış evinin sol tərəfdən bir hissəsi sökülməmişdən əvvəl torpaq sahəsində küçə istiqamətindən həyətə girdikdə sağ tərəfdə bacısı X8 üçün yaşayış evi inşa edilmişdir. Köhnə evin bir hissəsi söküldükdən sonra həyətə girdikdə sol tərəfdə o özü üçün yaşayış evi inşa etmişdir. Ailəsi ilə birlikdə yeni inşa etdiyi evdə yaşayır. Eyni ilə bacısı X8 da yeni inşa edilmiş digər evdə yaşayır və hazırda anası İddiaçı bacısı Nəzakətlə birlikdə yaşayır. Köhnə evin sökülməmiş hissəsində isə kirayəçi yaşayır. Onun inşa etdiyi yaşayış evinin bir hissəsi anasının mülkiyyətində olan 0.03 ha torpaq sahəsindən kənara çıxmaqla bələdiyyə torpağında yerləşir. Evin inşa edildiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə torpağında yerləşdiyinə görə həmin torpağa mülkiyyət sənədi almaq mümkün deyildir. Hazırda anası İddiaçı ona qarşı torpaq sahəsində və yaşayış evində ölçmə işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılmasına dair iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, 1976-cı ildə inşa etdirmiş, bir hissəsi sökülmüş yaşayış evinə anası İddiaçı adına xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********8-10301 reyestr nömrəli seriya MH № ******* saylı çıxarış işlənmiş, çıxarışda həmin evin ünvanı 28A göstərilmişdir. Halbuki həmin tikili 1976cı ildə inşa edilmiş, bacısı X3 adına həyətə girdikdə sağ tərəfdə inşa edilmiş yeni tikilinin ünvanı isə 28 göstərilmişdir. Göründüyü kimi çıxarışlar işlənilərkən səhvə yol verilmiş, 1976-cı ildə tikilmiş köhnə tikilinin ünvanı ünvan 6.Fərzəliyev küçəsi, 28A göstərilmiş, bacısının adına işlənmiş çıxarışda isə onun ünvanı səhvən ünvan 7lideynlərinə məxsus evdə qeydiyyatda olsa da, hazırda belə anlaşılır ki, güya bacısı X4 məxsus yeni tikilmiş yaşayış evində daimi pasport qeydiyyatındadır. Halbuki bacısının adına tikilmiş yeni yaşayış evi 2010-cu ildən sonra tikilmiş və daha sonra adına çıxarış işlənmişdir. Təbii ki, o həmin evə pasport qeydiyyatına düşə bilməzdi. Adına verilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, o ünvan 5 ünvanda, yəni valideynlərinə məxsus 1976-cı ildə inşa edilmiş yaşayış evində daimi pasport qeydiyyatındadır. Anası tərəfindən tikilməsi göstərilən sonradan tikilmiş bir mərtəbəli zirzəmili yaşayış evini anasının razılığı ilə o inşa etmişdir. (anası evin ikimərtəbəli olmasını göstərmişdir). Tikdiyi evin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşmüş, əsas hissəsi isə anasının adına olan torpaq sahəsinə düşmüşdür. Torpaq sahəsi anasının adına olduğuna görə o, vəziyyətdən suiistifadə edərək evin özü tərəfindən tikildiyi göstərmişdir. Halbuki onun elə bir qazancı yoxdur ki, hazırda dəyəri 80-100 min manat olan yaşayış evi tikdirsin. Həmin ev onun tərəfindən tikdirilmişdir və tikildiyi vaxtdan ailəsi ilə birlikdə orada yaşayır.
11. Bundan əlavə məhkəməyə təqdim etdiyi və qətnamədə də adı göstərilən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5087/2023 saylı qərardadı ilə X1 rayon Polis şöbəsinə qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvandakı evindən ailə üzvləri olmayan X9 və onun övladları xx.xx.2015-ci il təvəllüdlü X12y və xx.xx.2016-cı il təvəllüdlü X2 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün hesab edilməmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçı ilə üçüncü şəxslər fərqli ünvanlarda yaşasalar da, qeydiyyat ünvanları eyni göstərilir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri- müəyyənliyə yol verildiyini göstərir. İş materiallarında olan MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində 0.03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli fərdi yaşayış evinin daşınmaz əmlakın texniki pasportundan müəyyən olunur ki, ünvan 8 ünvandakı evə texniki pasport işlənmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən müəyyən olunmuşdur ki, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində 0.03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 48,7 kv.m yaşayış, 28,7 kv.m köməkçi sahədən ibarət 28A nömrəli fərdi yaşayış evinin bir hissəsi sökülərək, həmin ərazidə yeni iki mərtəbəli yaşayışn evi tikilmişdir və bu hal cavabdeh tərəfindən də etiraf olunduğuna görə, işin mübahisəsiz halı hesab edilir. Cavabdeh qeyd olunan yeni yaşayış evinin onun tərəfindən inşa edildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə yazılı etirazını versə də, buna dair heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yeni tikilmiş yaşayış yaşayış evinə dair hüquqlarının dövlət reyestrində qeydə alınması və həmin evə çıxarışın və texniki pasportun hazırlanması zəruri olduğundan, bununla bağlı torpaq sahəsində və yaşayış evində ölçmə işləri aparılmasına maneələrin törədilməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5087/2023 saylı qərardadında göstərilir ki, iddiaçının izahatından və qeyd edilənlərdən görsənir ki, iddiaçı ilə üçüncü şəxslər fərqli evlərdə yaşasalar da, qeydiyyat ünvanları eyni görsənir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri-müəyyənliyə yol verildiyini göstərir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı digər hüquq müdafiə vasitələri seçə bilər, fərqli mənzillərə eyni ünvan verilməsi ilə bağlı məsələsinin dəqiqləşdirilməsi, texniki səhvlik olduğu halda müvafiq düzəliş edilməsi və ya yeni fərqli ünvan verilməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edə bilər”. Lakin iddiaçı tərəf Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 21(118)- 5087/2023 saylı qərardadında göstərildiyi kimi mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman yol verilmiş qeyri-müəyyənliyi aradan qaldırmadan iddia qaldırmışdır.
12. Qətnamədən də göründüyü kimi iddiaçının məqsədi onun doğulduğu vaxtdan yaşadığı evi 28A ünvan adı ilə qeydiyyata aldırmaq və doğulduğu vaxtdan yaşadığı həmin evdən onu pasport qeydiyyatından çıxarmaqla evdən qovmaqdır.
13. Məhkəmə ona müvafiq kömək göstərmək əvəzinə qətnamədə göstərmişdir ki, guya onun doğularaq boya-başa çatdığı və qeydiyyatda olduğu yaşayış evi 28 deyil, 28Adır. Belə çıxır ki, 28A ünvandakı ev əvvəl tikilib, 28 ünvandakı ev isə sonradan tikilmişdir.
14. Xaçmaz Rayon Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(118)-5087/2023 saylı qərardadında göstərilən hala əhəmiyyət verməmiş, ünvanların verildiyi zaman və qeydiyyat aparılan zaman qeyri-müəyyənliyə yol verilməsi barədə gəldiyi nəticəni nəzərə almamışdır və bunun səbəbini araşdırmamışdır
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayəti cavabdeh X9 tərəfindən verilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-381/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Beləliklə, işin hallarından görünür ki, hazırkı iddia tələbi İddiaçı Dilvər qızına məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin və üzərində inşa edilmiş 28A nömrəli fərdi yaşayış evinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması ilə bağlıdır.
39. Kollegiya qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdur.
40. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.
41. Qətnaməni mübahisələndirilən cavabdeh X9 isə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin maddi normaların tətbiqində və təfsirində səhvə yol verdiyini bildirərək ona istinad etmişdir ki, o, X9 faktiki ünvan 10 ünvanında yaşasa da, pasport qeydiyyatına ünvan 11da qeydə alınmışdır. Cavabdeh hesab edir ki, mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri-müəyyənliklərə yol verilmişdir.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
43. Göründüyü kimi, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsində 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 28A nömərli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin mübahisəsiz hallarından isə görünür ki, cavabdeh məhz çıxarışda qeyd olunan ünvanda yerləşən evə mülkiyyət hüququnun həyata keçirilməsində iddiaçıya maneələr yaradır.
44. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası izah edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-381/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.