Məhkəmə qərarları › İş №2(105)-938/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-938/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-938/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Süleymanova Almaz Məhərrəm qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Abşeron rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Teymurova Tahir Teymur oğluna verilən arayışdan görünür ki, İddiaçı Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi məcburi köçkün qəsəbəsində yerləşən ev 4, mənzil 88 ünvanında müvəqqəti məskunlaşmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, (103)-9860/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 2(005)-2688/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh ünvananmış xx.xx.2019-cu il tarixli, 1576\2019-3 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlayan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-320/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin edilməsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrində müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulması barədə xəbərdarlıq edilmişdir.

4. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdeh 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif edilmiş, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahiya alınması və həmin əmlakın üzərinə həbs qoyulması bildirilmiş, qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqanlara göndərilmiş, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsi qeyd edilmişdir.

5. xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan aydın olur ki, iş üzrə icraata başlanılmış, borclu Cavabdeh 5 gün müddətində icranın könüllü təmin edilməsi təklif olunmuş, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və ödənişlər pul məbləğinin 7% həcmində, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 11 manat, borclu hüquqi şəxsdən isə 55 manat miqdarında icra ödənişinin tutulması, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərində həbs qoyulması bildirilmiş, qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqanlara gömdərilmiş, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsi qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5057/2021 saylı qərardadından görünür ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860\2020 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5057/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmişdir.

7. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)- 177/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 606 saylı müqaviləyə əsasən 1900 manat əsas borc, 880 manat faiz borcu, 1000 manat cərimə borcu 0olmaqla, ümumillikdə 3780 manat və 606/1 saylı müqaviləyə əsasən 2838 manat əsas borc, 1275 manat faiz borcu, 1800 manat cərimə borcu olmaqla, ümumillikdə 5913 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-16/2-M-101881 nömrəli məktubdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən həmin nəqliyyat vasitəsinin digər şəxsin adında qeydiyyatda olmaqla, avtomobilə dair istifadə hüququnu nəzərdə tutan etibarnamə verilməsi barədə məlumat mövcuddur.Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı və ya saxlanılmasının məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyata keçirilməsi nəzərə alınaraq, məsələnin müsbət həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir.

9. Ağsu Rayon Məhkəməsinin 2(016)-507/2012 nömrəli qiyabi qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Usubalıyev Fariz Əlimirzə oğlu arasında bağlanmış 17 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Usubaliyev Fariz Əlimirzə oğlundan 3000 manat məbləğində əsas borc, 730 manat məbləğindəki faiz borcu, 1500 manat məbləğində cərimə olmaqla, cəmi 5230 manat məbləğində borc, ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur.

10. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2688/2015 nömrəli qətnamədəb görünür ki, “VAZ-2173” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil Dadaşov Kamil Tərlan oğlundan alınaraq Cavabdeh qaytarılmışdır.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Daxili İşlər Nazirliyi Yol Polisi İdarəsi qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.

12. xx.xx.2014-cü il tarixli Tapşırıq Müqaviləsinin məzmunundan aydın olur ki, İddiaçı "tapşırıq alan” və "tapşırıq verən" Bakı şəhəri QaraÇuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 9,mənzil 6-da yaşayanlar Cavabdeh və Məmmədova Vüsalə Rəhim qızı arasında tapşırıq müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə “Tapşırıq verən"-Cavabdeh və V.Məmmədova həmin müqavilə əsasında qanunvericilikdə göstərilən müddətlər ərzində məhkəmə qaydasında Bakı şəhərində fəaliyyət göstərən"xxxx" ASC-ti ilə bağlı olan bütün problemlərinin həllini ona tapşırmış, «Tapşırıq verən" və "tapşırıq alan" qarşılıqlı razılaşma əsasında əmək haqqı,nəqliyyat, telefon xərcləri, dövlət rüsumları və digər zəruri ödənişlər da daxil olmaqla həmin işi 10.000 (on min manat) AZN qiymətləndirilmiş, pul ödənişi "tapşırıq verən" tərəfindən "tapşırıq alana" müqavilədə göstərilən müddət ərzində ödənilməli, "Tapşırıq verən” razılaşdırılmış 10.000 (on min) AZN pulu işlər başa çatan günə qədər tam şəkildə "tapşırıq alana" ödəyə bilmədiyinə görə əvəzində Cavabdeh istifadəsində olan 90 NO-741 dövlət nömrə nişanlı "VAZ 21154" minik markalı avtomobili tapşırıq alanın istifadəsinə verir. “Tapşırıq verən" "tapşırıq alan"a həmin avotomaşını darə etmək üçün etibarnamə verməyi öz öhdəsinə götürür.Həmin avtomobillə bağlı bütün problemləri Cavabdeh həll etməlidir.(borclar,cərimələr,ödənişlər və s.).“Tapşırıq verən ” məhkəmə işləri başa çatdıqdan sonra bu müqavilənin əslini “tapşırıq alana” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə və DNK-da "tapşırıq alana" verilmiş etibarnamə heç bir halda birtərəfli qaydada dəyişdirilə və yaxud ləğv edilə bilməz.Bu müqavilə məhkəmə mübahisələri başa çatan gün və mübahisələr "tapşırıq verənin"lərin xeyrinə həll olunduqdan sonra qüvvədən düşür və tərəf ödədiyi pulu,yaxud verdiyi əmlakı geri tələb edə bilməz."Tapşırıq verən" müqavilədə göstərilən müddət ərzində müqaviləni birtərəfi qaydada pozarsa, yaxud öhdəliyini hər-hansı bir formada yerinə-yetirməzsə, yaxud qarşı tərəflə hər-hansı razılaşmaya gedərsə (barışıq razılaşması, iddiadan imitina, nümayəndədən imtina edərsə, bu mübahisədən hər-hansı bir formada çəkilərsə) dərhal "tapşırıq alana" ödənilməli -10.000 AZN pulu iki qat, yəni -20.000 (iyirmi min) AZN ödəməlidir, tərəflər arasında mübahisə yaranarsa qarşılıqlı razılaşma əsasında həli edilir, əks halda mübahisə məhkəmədə həll edilir.

13. xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, cavabdeh Məməmdov Səbuhi Mürvət oğlu tərəfindən İddiaçı istintaq, təhqiqat, prokurorluq, polis və bütun məhkəmə orqanlarında onu təmsil etməyi və bu tapşırığı yerinə yetirməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə xx.xx.2018-ci il tarixinədək verilmişdir. Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borcun və hüquqi yardım qarşılığında 59.500 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə tanış olduqda cavabdeh ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digər dövlət orqanlarında böyük problemləri olduğu üçün köməyə ehtiyacı olduğunu bildirmişdir. Cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusunda 7E/36- 21607 reyestr nömrəsi qeydi edilməklə xx.xx.2018-ci il tarixinədək etibarnamə vermişdir. Cavabdehin xeyli işləri görüldükdən sonra muzd-pul ödənilməsində problemlər yarandığına görə aralarında tapşırıq müqaviləsi bağlamaq qərarına gəlmişlər. Beləliklə, xx.xx.2014-cü ildə cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, K.İsmayılov küçəsi, 12a/26 nömrəli yaşadığı yataqxanada olmuş və arvadı Vüsalə Rəhim qızı Məmmədovanın iştirakı ilə tapşırıq müqaviləsi bağlanılmışdır. Tapşırıq müqaviləsinin şərtlərinə görə ilkin olaraq görüləcək işlərin qiyməti 10.000 manat qiymətləndirilmişdir. Pul ödənişi “tapşırıq verən” tərəfindən “tapşırıq alana” müqavilədə göstərilən müddətə ödənilməlidir. Həmin müqavilənin 3-cü bəndinə görə “tapşırıq verən” razılaşdırılmış 10.000 manat pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıqlar alana” ödəyə bilmədiyinə görə əvəzində **-NO-*** dövlət nömrə nişanlı “VAZ- 21154» minik markalı avtomobili tapşırıq alanın istifadəsinə vermişdir. Bununla belə cavabdeh həmin müqavilənin şərtlərini kobudcasına pozaraq, 2014-cü ilin may ayında avtomobili geri alaraq başqasına satmış və heç bir ödəniş etməmişdir. Həmin tarixlərdə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 154.000 ABŞ dolları borcu yaranmış, barəsində məhkəmə qətnamələri çıxarılmış və icra vərəqələri verilmişdir. Bu məhkəmə mübahisələri ilə bağlı xeyli işlər görülmüş, işlər 3 məhkəmə instansiyasınadək aparılmış, xərclər çəkilmişdir. Hazırda Cavabdeh Ləğv Prosesində Olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinə cəmi 6.800 manat borcu qalmışdır. Bundan başqa, Cavabdeh məhkəmə, icra və digər işlərini həll etmişdir. Cavabdeh arvadı Vüsalə Məmmədova ilə nikahın ləğvindən sonra icra işlərini, aliment barəsində olan axtarış və məcburi gətirmə işlərini, dostlarının və tanışlarının işlərini həll etmişdir. Cavabdehlə xx.xx.2018-ci il tarixdə aralarında qarşılıqlı razılaşma əsasında bağlanmış tapşırıq müqaviləsinin şərtlərinə görə nəticəsindən asılı olmayaraq ona 40.000 manat və 20.000 manat ödəməli idi. Buna baxmayaraq, Cavabdeh 2013-2023-cü illər ərzində ona cəmi 500 manat ödəniş etmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir (60.000-500=59.500). Keçən müddət ərzində dəfələrlə Cavabdeh ilə telefon əlaqəsi yaradaraq məhkəmədən kənar məsələni həll etmək istəsə də, bu məqsədi alınmamış, çünki cavabdeh ünvanı və telefonu dəyişmişdir. Buna görə də qayda və qanunlara uyğun olaraq qeydiyyatda olduğu ünvana pretenziya göndərərək 2 gün ərzində, ona borclu olduğu 59.500 manatı poçt vasitəsilə ünvanına göndərilməsini xahiş etmişdir. Əks halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən pulun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilsə də, heç bir cavab verilməmişdir. Buna görə də aidiyyatı üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ali təhsilli hüquqşunas olaraq 2017ci ilin dekabr ayınadək vətəndaşlara hüquq və digər xidmətlər göstərmiş, VÖEN-ni var, vergi ödəyicisidir. Göründüyü kimi Cavabdeh tapşırıq müqaviləsinin şərtlərinə əməl etməmiş, bu müddət ərzində zəhmət (muzd) haqqını ödəməkdən imtina etmişdir.

16. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin əsaslarına düzəliş etmədən iddia tələbini azaldaraq, Cavabdeh hüquq və digər xidmətlər görə 55.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsində gələcəkdə inşa ediləcək avtoyuma sexinin sxeminin çəkilməsi, sənədləşdirilməsi, sənədləri toplaması və ərizə tərtib edilərək göndərilməsi, eləcə də etibarnaməyə əsasən nümayəndəsi olduğu Əliyeva Sevil Şahmirazə qızının, İsmayılova Günay Səlahəddin qızının adından müəyyən hərəkətlər edilmiş və məsləhətlər verilmiş, şəhid ailəsi olduğuna görə mənzillə təmin olunmaq haqqında sənədləri toplayıb ərizəni yazaraq və ərizəni tərtib edərək Suraxanı RİHB-na göndərmiş və cavab almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə cavabdehin mülkiyyətində olan “Tofaş” markalı **-NJ-*** dövlət nömrə nişanlı saxlanılması üçün ərizəni tərtib edib göndərmiş, cavabdehin tanışı olan, etibarnaməyə əsasən nümayəndəsi olduğu Sadıqova Təhminə Oruc qızının ərindən miras qalmış **-ZH-*** dövlət nömrə nişanlı «Volkswagen Amarok” minik markalı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də onun adına sənədləşdirməsini təşkil etmişdir (avtomobilin sığortası onun adına olmuşdur).

18. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə tanış olduqda cavabdeh ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digər dövlət orqanlarında böyük problemləri olduğu üçün köməyə ehtiyacı olduğunu bildirmiş, cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusunda 7E/36-21607 reyestr nömrəsi qeydi edilməklə xx.xx.2018-ci il tarixinədək etibarnamə vermiş. cavabdehin xeyli işləri görüldükdən sonra muzd-pul ödənilməsində problemlər yarandığına görə aralarında tapşırıq müqaviləsi bağlamaq qərarına gəlmişlər. xx.xx.2014cü ildə cavabdehin yaşadığı yataqxanada olmuş və arvadı Vüsalə Rəhim qızı Məmmədovanın iştirakı ilə tapşırıq müqaviləsi bağlanılmışdır. Tapşırıq müqaviləsinin şərtlərinə görə ilkin olaraq görüləcək işlərin qiyməti 10.000 manat qiymətləndirilmiş, pul ödənişi “tapşırıq verən” tərəfindən “tapşırıq alana” müqavilədə göstərilən müddətə ödənilməli, həmin müqavilənin 3-cü bəndinə görə “tapşırıq verən” razılaşdırılmış 10.000 manat pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıqlar alana” ödəyə bilmədiyinə görə əvəzində **-NO-*** dövlət nömrə nişanlı “VAZ-21154» minik markalı avtomobili tapşırıq alanın” istifadəsinə verir. Cavabdeh həmin müqavilənin şərtlərini kobudcasına pozmuş, 2014-cü ilin may ayında avtomobili geri alaraq başqasına satmış və heç bir ödəniş etməmiş, həmin tarixlərdə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 154000 ABŞ dolları borcu yaranmış, barəsində məhkəmə qətnamələri çıxarılmış və icra vərəqələri verilmişdir. Hazırda Cavabdeh Ləğv Prosesində Olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinə cəmi 6800 manat borcu qalmışdır. Cavabdehlə aralarında cavabdehin borcu silindikdən sonra avtomobilin ona bağışlanması barədə razılaşma olmuş, nəqliyyat vasitəsini cavabdeh ona etibarnamə ilə sürmək üçün vermişdir. Cavabdehin bir çox işlərinə köməklik etmiş, bütün məhkəmələrdə cavabdehin işlərinə çıxmış, cavabdehin işlərinə çıxması ilə bağlı heç bir qətnamədə, qərardadda onun adı qeyd olunmamış, məhkəmədə cavabdeh tərəfindən işə çıxmasına dair aralarında ödənişlə bağlı order və müqavilə olmamışdır. Nümayəndəliklərin fəaliyyəti 2017-ci ildən dayandırılmışdır. İcra mərhələlərində cavabdehin bütün işlərini həll etmiş, cavabdeh savadsız orta təhsillidir. Cavabdeh ona verdiyi nəqliyyat vasitəsini 2014-cü ildə götürmüşdür. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi.

19. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmşdir ki, iddiaçı ilə məhkəmədə mübahisələri olmamışdır. İddiaçı ilə aralarında tapşırıq müqaviləsi olmuş, lakin iddiaçı onunla müqavilə bağladıqdan sonra həbs olunmuş, onun heç bir işini görməmiş və iddiaçı həbs olunduğu üçün gedib maşını götürmüşdür. İddiaçının ona belə bir müasibətinin olmasının səbəbi qaynı xəstə olmuş və pensiya düzəltməsi üçün iddiaçıya pul vermiş, lakin iddiaçı pensiyanı düzəldə bilmədiyindən qaynı 8-ci Polis Bölməsinə müraciət edərək pulunu iddiaçıdan geri alması olmuşdur.

20. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə öz aralarında 2014-cü il tarixdə tapşırıq müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə görə iddiaçı onun adından bütün yazışmaları aparmalı, iddiaçıya verdiyi etibarnamə əsasında onu məhkəmə və digər dövlət orqanlarında təmsil etməli olduğu halda, iddiaçı 2014-cü ildə başqa şəxslərə qarşı etdiyi dələduzluq əməlləri nəticəsində eşitdiyinə görə 5 il həbs edildiyindən müqavilədə göstərildiyi kimi onun hər hansı bir tapşırığını yerinə yetirməmiş, bütün məhkəmə və digər dövlət orqanlarında özü iştirak etmiş, aparılmış bütün yazışmalar onun özü tərəfindən icra edilmişdir. Yəni, iddiaçı ona hansısa bir hüquqi xilmət göstərməmişdir. 2019-cu ildə onun qayınına əlillik düzəltmək məqsədi ilə onun qayınanasından 2300 manat pul götürərək onları aldatmış və onlar pulu geri tələb etdiklərinə görə onların arasında mübahisə yaranmışdır. İddiaçının heç vaxt göstərmədiyi hüquqi xidmətə görə ondan 55.000 manat məbləğində pul istəməsi absurtdur və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

21. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülsarə Kərimova).

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 373.3, 777.1, 777.2, 778.1, 778.2, 778.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı apellyasiya şikayəti verib Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsinə görə mülki hüquq subyektləri bərabərdir. İşə baxan məhkəmə cavabdehə üstün hüququ tanınmış, heç bir əsas olmadan qanuni tələbini rədd edərək, qanunsuzluq etmişdir. Belə ki, məhkəmənin iddia tələbinin məhz hansı əsasa və sübuta görə rədd edilməsi aydın deyil, çünki qətnamə ümumi sözlərdən ibarətdir. Məhkəmə qətnaməsi ilə onun hüquqlarını pozaraq məhdudlaşdırmışdır. Cavabdeh heç bir əsas olmadan konstitision və mülki hüquqlarını pozaraq təxminən ona 20 il hüquq və digər xidmətlər göstərdiyi halda ona ödəniş etməmişdir. Məhkəmə sübutları əldə etmədən, işə qərəzli yanaşaraq hüquqlarını bərpa etmək əvəzinə qanunverciliyin mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Həmin sübutlar həmin məhkəımənin özündədir (arxivində).

25. Məhkəmə qətnaməsi ehtimallara və subyektiv mülahizələrə əsasən qəbul edilmişdir. Belə ki, cavabdehlə arasında da hüquq münasibəti ona notarial qaydada etibarnamə verdiyi və tapşırıq müqaviləsini bağladığı (imzaladığı) 2013-2014-cü il tarixindən yaranmışdır. Məhkəmə əsassız və qanunsuz qətnaməsində belə təsəvvür yaratmağa çalışmışdır ki, sanki cavabdehlə bir-biri ilə təsadüfən tanış olmuşlar və hüquq münasibətləri yaranmamışdır. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi əsas məqsədi əmlak istifadəsindən əmtəə satışından işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

26. Məhkəmə qətnaməsi bu maddi hüquq normasının tələbinə ziddir. Belə ki, iddia ərizəsində ayrıca qeyd etdiyi kimi onun ********** VÖEN-i var, yəni o vergi ödəyicisidir, dövlətə vergi ödəyir. Gördüyü işə görə pul alırsa, deməli qarşılıqlı razılaşma əsasında işlər görmək əvəzinə cavabdeh ona pul ödəməli idi. Qanunvercilklə nəzərdə tutulmuş müqavilələr (əmək müvqavilələr istisna olunmaqla) və başqa əqdər, habelə qanunverciliklə nəzərdə tutulsa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər-mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsasdır.

27. Mülki hüquqların müdafiəsi qanunverciliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydayla və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəmək, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun və borclunun vəzifəsini icrasını tələb etmək hüququ vardır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fizki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.

28. Tapşırıq müqaviləsinə görə tapışırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verərnin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki,bu şərtləşdirilmiş olsun vəya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. O ali təhsilli hüquqşünas olmaqla 1998-ci ildən 2017-ci ilin sonunadək vətəndaşlara hüquq xidmətləri göstərmişdir, qeyd etdiyi kimi VÖEN-i var. Cavabdehlə aralarında hüquq münasibətləri 2013-2014-cü ildən yaranmışdır. Belə olan halda iddia ərizəsini hansı əsasa görə rədd etmək olar?

29. Zəngilan Rayon Məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq, qanunsuz və əsassız məhkəmə qətnamə qəbul etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Zəngilan Rayon Məhkəməsi mühakimənin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən işə baxıb qanunsuzluq etmişdir. Məhkəmə onu dinləməmiş, cavabdehə suallar verilməsinə şərait, imkan yaratmamış, mülki iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hətta məhkəmə cavabdehə bildiriş göndərməmiş, onu məhkəmə iclasına dəvət etməmişdir. Məhkəmənin məqsədi-cavabdehlə sullarlar verilməsinə, mülki işin araşdırılmasına imkan verməmək və qarşı tərəfin qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək olmuşdur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllə də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Zəngilan Rayon məhkəməsi heç bir sübut və əsas olmadan iddianı rədd etmişdir.

30. Məhkəmə işin hallarını araşdırmadan öz əsassız mülahizəsini öz qətnaməsinə köçürmüşdür. Məhkəmə cavabdehin mübahisələndirilən iddia tələbinə münasibətdə ehtimallarını əsas götürmüşdür. Məhkəmə maddi hüquq normasının tətbiq edərkən hüquq münasibətlərinə faktları və dəlilləri əlaqəli təhlil etməmişdir. Bu ona dəlalət edir ki, məhkəmə tətbiq etdiyi maddi və prosessual hüquq normalarını qərəzli tətbiq etmişdir. Hər bir tərəf öztələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən və qətnamədən göründüyü kimi cavabdeh istinad etdiyi halları sübut edə bilmədiyi halda, məhkəmə iddianı təmin etməmiş, məhkəmənin “vəkillik” etməsi nəticəsində əsaslı tələbi rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarı tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qərar qəbul edə bilər. Zəngilan Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.

31. Zəngilan Rayon Məhkəməsi işə cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim etməyi halda, iddia ərizəsini təmin etməmiş və tələbi təmin edilməli olduğu halda iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Zəngilan Rayon Məhkəməsinin qatnaməsi hüquq və mənafeyinə, mövcud qanunlara tamamilə zidd və hüquq düşüncəsindən kənardır. Məhkəmə hakimi maddi hüquq norması olan 373-cü maddəsinə (ümumi iddia müddəti) istinad etmişdir. Halbuki aralarında ləğv edilməmiş xx.xx.2014-cü il tarixli tapşırıq müqaviləsi var. Bundan başqa, xx.xx.2013-cü il tarixli 5 il müddətinə verilmiş etibarnamə vardır. Məhkəmə ümumi iddia müddətini həmin müqaviləyəvə hüquq münasibətlərinə tətbiq etməklə maddi hüquq normasını və hüquqlarını pozmuşdur. Bununla da məhkəmənin maddi hüquq normasının tətbiqində səhv etdiyi sübut edilir. Belə ki, MM-də tapşırıq müqaviləsinin ləğv edilməsi qaydası göstərilmişdir. Mülki işdən göründüyü kimi qaydalara uyğun olaraq iddia ərizəsinə qədər cavabdeh tərəfə pretenziya verilmişdir. İşə mahiyyəti üzrə baxan hakim maddi və mülki prossesual hüquq normalarını kobudcasına pozmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməmişdir. Qətnamə ehtimallara əsasən qəbul edilmişdir. Məhkəmə cavabdeh tərəfin sözlərinə və öz subyektiv mülahizəsinə əsaslanmışdır. Belə ki, cavabdeh məhkəmənin iclaslarında iştirak etmədiyi halda, “izahatı” məhkəmə qətnaməsinə köçürülmüşdür. Göstərilənlər birmənalı olaraq qətnamənin ləğvi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

37. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

41. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

42. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

43. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

44. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

55. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

58. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

59. Apellyator şikayətin dəlillərində hüquqi və digər xidmətlərin göstərməsini, vergi odəyicisi olmasını, gördüyü işə görə qarşılıqlı razılaşma əsasında cavabdehin ona pulun ödənilməməsini göstərsə də, tapşırıq müqaviləsi əsasında razılaşdırılmış və ona tapşırılmış işin həyata keçirilməsi ilə bağlı öhdəliyin icra edilməsini sübuta yetirə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia təmin oluna bilməz.

60. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

62. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir.

63. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

64. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

65. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.

68. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

69. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-94/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar